Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-14876/2025 12.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “zərərin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Bakı Şəhər Cavabdeh xx.xx.2024-cü il tarixli, 5-12/2-Ə-68-162/2024 saylı əsassız imtinası ilə əlaqədar əmlakından qeyri-yaşayış obyekti kimi istifadə hüququnun məhdudlaşdırılması nəticəsində hal-hazırki ana qədər aylıq icarə haqları hesablanmaqla ünvan 1 ünvanında yerləşən 1 saylı mənzil üzrə 92,560 AZN, 2 saylı mənzil üzrə 67,876 AZN, 9 saylı mənzil üzrə 119,303 AZN, cəmi 279,739 AZN zərər, bundan əlavə cəmi məbləğə hesablanmaqla bu dövr ərzində inflyasiya indeksasiyası nəzərə alınmaqla 22,463 AZN, mənəvi zərər olaraq isə 50,000 AZN olmaqla cəmi 352,202 AZN (üç yüz əlli iki min iki yüz iki manat) məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı İnzibati məhkəməsinin № e-2-1(112)- 8901/2024 saylı xx.xx.2024-cü il qərarına əsasən iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən 1, 2 və 9 saylı mənzillərin qeyri yaşayış sahəsinə keçirilməsinə dair onun adına müvafiq sərəncam, bildiriş, qəbul komissiyasının aktı, texniki rəy və təsdiq edilmiş sxem də daxil olmaqla tələb olunan sənədlərin hər bir mənzil üzrə ayrı-ayrılıqda verilməsi öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1788/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Bakı İnzibati Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli, 2- 1(112)-8901/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Cavabdeh ona xx.xx.2024-cü il tarixli, 5-12/2-Ə-68- 162/2024 saylı imtina cavab məktubu ilə əsassız imtinası nəticəsində əmlakından qeyri-yaşayış obyekti kimi istifadə hüququ məhdudlaşdırılmış və bunun nəticəsində ona külli miqdarda zərər dəymişdir. Bununla əlaqədar müstəqil qiymətləndiricinin xx.xx.2025-ci il tarixli rəyi əlavə edilir və qeyd edilir ki, həmin imtina məktubundan hal-hazırki ana qədər aylıq icarə haqları indeksasiya olunmaqla müvafiq olaraq ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış 1, 2, 9 saylı sahələri üzrə müvafiq olaraq 1 saylı mənzil üzrə 92,560 AZN (doxsan iki min beş yüz altmış manat), 2 saylı mənzil üzrə 67,876 AZN (altmış yeddi min səkkiz yüz yetmiş altı manat), 9 saylı mənzil üzrə 119,303 AZN (yüz on doqquz min üç yüz üç manat), ümumilikdə isə cəmi 279,739 AZN (iki yüz yetmiş doqquz min yeddi yüz otuz doqquz manat) real olaraq zərər dəymişdir. Bundan əlavə bütün bu dövr ərzində itirdiyi 16 ayda 5 faiz inflyasiya indeksasiya nəzərə alınmaqla, təxminən 22 463 AZN olmuşdur ki, yekunda 302,202 AZN (üç yüz iki min iki yüz iki manat) ümümilikdə zərər dəymişdir. Həmçinin bu proseslərin bu qədər uzanması, ona qarşı olan ədalətsiz davranış, məhkəmə proseslərinin uzun çəkməsi ona dərin mənəvi iztirablarla nəticələnmiş və sağlamlığına pis təsir göstərmişdir. Bu zərəri isə təqribi 50,000 AZN dəyərində qiymətlərdirir. Nəzərə alaraq ki, icra hakimiyyəti hələ də məhkəmə qərarını icra etməməkdədir və səhlənkarlıq göstərir, bu zərər hal-hazırda da artmaqda davam edir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olduğu məhkəmə qaydasında sübut edildiyi və həmin dövr real zərər olaraq iddiaçı olaraq ona əks olunduğu üçün və müstəqil ekspertin rəyi də bu halı təsdiq etdiyi üçün İcra hakimiyyəti və onun məsul əməkdaşlarının səhlənkarlığı və laqeydliyi nəticəsində vurulmuş zərər təmin edilməli və qarşılanmalıdır. Əlavə olaraq qeyd etmək istəyir ki, müvafiq binada onunla qonşu olanlara mənzillərindən qeyri-yaşayış sahəsi kimi istifadə etmək üçün şərait yaradılmış müvafiq sərəncam və çıxarışlar verilmiş, lakin o, eyni sənədləri cavabdeh inzibati orqana müraciət etsə də ona qanunsuz olaraq imtina verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqan tərəfindən iddiaya yazılı münasibət məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Hazırkı işdən müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8901/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 1, 2 və 9 saylı mənzillərin qeyri yaşayış sahəsinə keçirilməsinə dair onun adına müvafiq sərəncam, bildiriş, qəbul komissiyasının aktı, texniki rəy və təsdiq edilmiş sxem də daxil olmaqla tələb olunan sənədlərin hər bir mənzil üzrə ayrı-ayrılıqda verilməsi öhdəliyi Bakı şəhəri Cavabdeh üzərinə qoyulmuşdur. Sözügedən qərar qanuni qüvvəsini almış, lakin qərar inzibati orqan tərəfindən icra edilməmişdir. İddiaçı hazırki iddiasında sözügedən qərarın icra olunmadığı müddətdə ona dəyən ziyana görə maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə zərərin ödənilməsi məsələsinə o halda baxıla bilər ki, iddiaçı barəsində qəbul olunmuş Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8901/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı icra edilmiş olsun. Nə qədər ki, sözügedən qərarın icrasına nail olunmamışdır, iddiaçının hüquqi marağı ilk növbədə sözügedən qərarın icrasına nail olmaqdan, daha sonra yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirildiyi və bu barədə reyestrdə qeydlər aparılaraq iddiaçının həmin sahədən qeyri-yaşayış sahəsi kimi qanunla nəzərdə tutulmuş qaydada istifadə etmək (məsələn, icarə obyekti olaraq əmlakı təsərrüfat subyekti olaraq icarəyə vermək və gəlir əldə etmək və s.) mümkün olduğu və bu halları sübut etdiyi halda iddiaçının hazırkı tələb kimi əldə çıxmış fayda şəklində zərərin tələb edilməsi ilə bağlı mübahiə qaldırmaqdır. Həmçinin, məhkəmə qeyd edir ki, hazırkı zərərin ödənilməsi iddiası üzrə gəlinəcək nəticə birinci məhkəmə qərarının icrasına cavabdeh inzibati orqanı məcbur etməyə xidmət etməməlidir. Belə ki, qanuni qüvvəyə minmiş qərarın icrası İPM-nin 116.2-ci maddəsinin tələbinə uyğun olaraq qərarı qəbul etmiş məhkəmə tərəfindən qərarının icrası qaydasında təmin edilir, bunun üçün əlavə iddia qaldırmağa zərurət yoxdur. Beləliklə, iddiaçının hüquqi marağı qanuni qüvvəyə minmiş məhkəmə qərarının tam şəkildə icrasına nail olmaqdan ibarət olduğundan iddia tələbinə hüquqi maraq da müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-14876/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-14876/2025
12.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver