Məhkəmə qərarları › İş №e-2-1(112)-1488/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1488/2023

19.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1488/2023 19.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ.İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı “DOST” Mərkəzinə müraciət etmiş, ərizə və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) göndərilmişdir. Cavabdeh **********4 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, təqdim olunan sənədlərin surətlərinə əsasən iddiaçının sığorta stajı (xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğu dövr) 18 il 7 ay təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əmək kitabçasında xx.xx.1992-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın sözügedən qurumda xx.xx.2022-ci il tarixdə keçirdiyi monitorinqin nəticəsinə əsasən əmək kitabçasının surətində qeyd olunmuş "xxxx" ASC-də xx.xx.1992-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək o, öz hesabına məzuniyyətdə olmuşdur. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı il tarixdə Bakı şəhərində anadan olmuş, 1972-ci ildən əmək fəaliyyətinə bağlamış, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. Bundan sonra müxtəlif təşkilatlarda davamlı və fasiləsiz olaraq əmək fəaliyyətini davam etdirmişdir. Sonuncu rəsmi iş yeri xx.xx.1977-ci il tarixdən xx.xx.1998-ci il tarixədək BBTİ 7 saylı Tikinti Mexanizasiya İdarəsində (hazırkı adı Bakı İxtisaslaşdırılmış Mexanizasiya-7 ASC) avtoçilingər vəzifəsində işləmiş və sonda öz xahişi ilə işdən azad olunmuşdur. Bütün bunlar əmək kitabçasında əks olunmuşdur. 2022-ci ilin may ayında işlədiyi illərin sosial sığorta stajına əlavə edilməsi ilə bağlı müraciət etsə də, cavabdehin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə xahişi təmin edilməmişdir. Bununla da onun qanunla qorunan pensiya hüquqları kobud şəkildə pozulmuşdur. Əmək kitabçası ilə 25 ildən çox iş stajının olması öz təsdiqini tapdığından həmin dövr yaşa görə əmək pensiyasının təyin edilməsində sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Cavabdeh məhkəməyə təqdim etdiyi **********6 nömrəli, 22 dekabr 2022-ci il tarixli iddiaya yazılı etirazında imtina məktubunda göstərilən əsaslara istinad etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərinə cavab verməsini yoxlayaraq hesab edir ki, iddia mümkün iddiadır. Çünki qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış iddiaçının ona pensiya təyin edilməsi üçün hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur. İnzibati orqanla arasında yaranmış bu mübahisə inzibati hüquq münasibətlərindən yaranan mübahisədir. İddiaçının məhkəməyə müraciət etdiyi tarixə qüvvədə olan İPM-in 8.1-ci maddəsinə əsasən iddia ərizəsi cavabdehin olduğu yer üzrə düzgün olaraq Bakı İnzibati Məhkəməsinə verilmişdir. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl hazırkı tələblə inzibati orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə, məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həm istinad olunan normaya, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.2-ci maddəsinə əsasən 1 iyul 2021 - 30 iyun 2022-ci il üzrə kişilərə pensiya təyin edilməsi yaşı 65 yaşdır. Beləliklə, qeyd olunan normalardan görünür ki, 2021-ci ilin avqust ayı üzrə kişilərə yaşa görə əmək pensiyası aşağıdakı şərtlər mövcud olduğu təqdirdə təyin edilir: 1) 65 yaşına çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuş, onun 65 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuşdur. Göründüyü kimi, İddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etdiyi tarixdə artıq 65 yaşı tamam olmuşdur. Deməli, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan birinci şərt, yəni yaş tələbi ödənilir. İkinci şərtə gəldikdə, məhkəmə qeyd edir ki, cavabdehin məhkəməyə təqdim etdiyi etirazdan görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Belə olan halda aydın olur ki, iddiaçının sığorta stajından asılı olmayaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Deməli, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun azı 25 il sığorta stajı olmalıdır. İşdə olan iddiaçıya məxsus 21 may 1973-cü il tarixli əmək kitabçasına, ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı xx.xx.1972-xx.xx.1972-ci il tarixlərdə Mərkəzi tədriskurs kombinatında təhsil almış, xx.xx.1973-xx.xx.1973-cü il tarixlərdə Azərbaycan SSR Sənaye Tikinti Nazirliyi 41 saylı Tİ-də suvaqçı-rəngsaz, xx.xx.1973-xx.xx.1974-cü il tarixlərdə 46 saylı Tİ-də 2-ci dərəcəli suvaqçı-rəngsaz, xx.xx.1974-xx.xx.1974-cü il tarixlərdə Bakı Baş Tikinti İdarəsi 7 saylı Tikinti Mexanizasiya İdarəsində qarajda 1-ci dərəcəli çilingər vəzifəsində işləmişdir. İddiaçı xx.xx.1974-cü ildən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.1977-xx.xx.1981-ci il tarixlərdə Bakı Baş Tikinti İdarəsi 7 saylı Tikinti Mexanizasiya İdarəsində avtoçilingər vəzifəsində, xx.xx.1981xx.xx.1988-ci il tarixlərdə həmin İdarədə birinci dərəcəli mexanik vəzifəsində işləmişdir. xx.xx.1988-xx.xx.1988-ci il tarixlərdə “Azərbaycan Mənzillərə Texniki Xidmət” Təmir İstehsalat Birliyinin Buraxılış -Sazlama İdarəsində təchizat üzrə mühəndis işləmiş, xx.xx.1988-xx.xx.1988-ci il tarixlərdə Bakı Baş Tikinti İdarəsi 7 saylı Tikinti Mexanizasiya İdarəsində dördüncü dərəcəli avtoçilingər, xx.xx.1988-xx.xx.1998-ci il tarixlərdə həmin İdarədə mexanik vəzifəsində işləmişdir. İşdə olan ВТ seriyalı, 044050 nömrəli 11 mart 1981-ci il tarixli diplomun surətindən görünür ki, iddiaçı 1973-cü il tarixdə Bakı Politexnikumuna daxil olmuş və 1981-ci ildə həmin texnikumun “Avtomobil nəqliyyatının istismarı” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət ixtisas komissiyasının 24 fevral 1981-ci il tarixli qərarı ilə ona texnik-istismarçı ixtisası verilmişdir. İşdə olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli Arayışına əsasən, İddiaçı həqiqətən BBTİ 7 saylı Tikinti Mexanizasiya İdarəsinə xx.xx.1977-ci il, əmr № 2/c Birinci dərəcəli avtoçilingər vəzifəsinə işə qəbul edilmişdir və xx.xx.1988-ci il tarixdə Əmr №01/c ilə işdən çıxmışdır. İkinci dəfə xx.xx.1988-ci ildə Əmr №26/c dördüncü dərəcəli avtoçilingər vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1998-ci ildə Əmr №15/c işdən çıxmışdır. BBTİ 7 saylı Tikinti Mexanizasiya İdarəsi Əmlak Nazirliyinin 05 oktyabr 2020-ci il tarixində 65 nömrəli sərəncamı ilə özəlləşərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinə dəyişdirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Göstərilən normaların tələblərinə əsasən iddiaçının əmək fəaliyyəti, təhsil və hərbi xidmət dövrü onun sığorta stajına daxil edildikdə müəyən olunur ki, iddiaçının 65 yaşının tamam olduğu tarixə cəmi 25 il 7 ay 10 gün ümumi iş stajı olmuşdur. Deməli, iddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan ikinci tələbi ödəmişdir. İşdən görünür ki, cavabdeh bu halı qəbul etməmiş, öz hesabına məzuniyyədə olmasına istinad edərək iddiaçının işlədiyi xx.xx.1992-xx.xx.1998-ci illərdəki dövrü sosial sığorta stajına daxil etməmiş, bu zaman müəssisədə xx.xx.2022-ci il tarixdə keçirdiyi monitorinqin nəticələrinə istinad etmişdir. Belə ki, işdə olan 14 fevral 2022-ci il tarixli Aktdan görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X2, daxili nəzarət və monitorinq departamentinin mütəxəssisləri və "xxxx" ASC-nin İdarə heyətinin Sədrinin iştirakı ilə İddiaçı 1988-1998-ci illərdə "xxxx" ASC-də işləməsi faktı qarşılıqlı araşdırılmış, araşdırma zamanı müəyyən edilmiş ki, "xxxx" ASC-də saxlanılan əmək haqqı hesablamaları cədvəllərinə əsasən İddiaçı xx.xx.1992-ci ilə qədər əmək haqqı hesablanmışdır. xx.xx.1992-ci ildən xx.xx.1998-ci ilə qədər öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. Araşdırma əmək haqqı hesablamaları cədvəllərinə əsasən aparıldı. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmır və qeyd edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində qeyd edilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. İddiaçının hüququnun yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra - Qaydalar) 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə, Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. İşin yuxarıda istinad olunan hallarından məlum olur ki, cavabdehin qəbul etmədiyi iddiaçının "xxxx" ASC-də xx.xx.1992-xx.xx.1998-ci illərdə işlədiyi dövrlər onun əmək kitabçasında öz əksini tapmış, həmin qeydlər müvafiq vəzifəli şəxs tərəfindən imzalanmış və möhürlə təsdiq olunmuşdur. Bundan başqa, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 05 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, ASC-nin arxivində Aparat işçilərinin 1992-ci il Tabel cədvəlindən görünür ki, İddiaçı 1992-ci il avqust ayınadək işləmişdir, lakin 1992-ci ilin sentyabr ayından 1998-ci il tarixinə qədər olan müddətdə işləməsi haqqında heç bir sənəd yoxdur. ASC-nin arxivində 1992-1998-ci ildə Nəzərovun öz hesabına məzuniyyətdə olması haqqında da heç bir sənəd yoxdur. ASC-nin arxivində 1992-1998-ci il tarixli əmək haqqı cədvəllərində Nəzərova aid heç bir sənəd yoxdur. Göründüyü kimi, iddiaçının xx.xx.1992-xx.xx.1998-ci illərdə öz hesabına məzuniyyətdə olması barədə iddiaçının işlədiyi müəsissədə heç bir məlumat olmamışdır. İddiaçıya ödənilən əmək haqqı cədvəllərinin olmaması isə onun hələ əmək haqqı almaması və öz hesabına məzuniyyətdə olması demək deyildir. Belə ki, 14 fevral 2022-ci il tarixli Aktda iddiaçının xx.xx.1992-ci ildən xx.xx.1998-ci ilə qədər öz hesabına ödənişsiz məzuniyyətdə olduğu göstərilsə də, müəssisənin xx.xx.2023cü il tarixli məktubunda iddiaçının 1992-ci ilin avqust ayına kimi işlədiyi qeyd edilmişdir. Həmçinin işdə olan 7 nömrəli Bakı İxtisaslaşdırılmış Mexanizasiya İdarəsinin xx.xx.1992-ci il tarixli 80-K nömrəli əmrindən görünür ki, İddiaçı növbəti məzuniyyətə buraxılmış, işə çıxma tarixi xx.xx.1992-ci il müəyyən edilmişdir. İşdə olan xx.xx.1992-ci il tarixli əmrdən isə görünür ki, iddiaçı 5 gün işə çıxmadığına görə ona töhmət elan edilmişdir. Göründüyü kimi, azı 1992-ci ilin oktyabr ayına kimi iddiaçının əmək fəaliyyətinə dair sənədlər işlədiyi müəssisənin arxivində mövcud olmuşdur. Bundan əlavə, 7 nömrəli Bakı İxtisaslaşdırılmış Mexanizasiya İdarəsinin xx.xx.1998ci il tarixli 15/C saylı əmrindən görünür ki, iddiaçı xx.xx.1998-ci il tarixdən öz xahişi ilə işdən azad olunmuş, 1998-ci ildə istifadə etmədiyi məzuniyyətə görə ona son haqq-hesab ödənilmişdir. Göründüyü kimi, iddiaçı işləmişdir ki, onun barəsində 1998-ci ildə tərtib edilmiş şəxsi hesab vərəqəsində 54 gün ödənilməmiş məzuniyyət günlərinə görə əmək haqqı hesablanmışdır. Beləliklə, işin istinad olunan halları ilə iddiaçının 1992-1998-ci illərdə öz hesabına məzuniyyətdə olması təkzib edildiyindən, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövrlər iddiaçının əmək kitabçasında qeyd edildiyindən, iddiaçının işləməsi barədə qeydlərin cavabdehdə şübhə doğurması barədə həmin inzibati orqan tərəfindən hər hansı mötəbər sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, həmin dövrlər də iddiaçının sığorta stajına daxil edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. ƏPQ-nin: - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. - 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. - 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə, sadalananlara əsasən iddiaçının xx.xx.2021-ci il tarixdə 65 yaşı tamam olduğundan və onun həmin tarixə 25 ildən artıq sığorta stajına malik olması tam sübuta yetirildiyindən, məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2021-ci il tarixə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir (iddiaçı tələb kimi imtinanın etibarsızlığını qeyd etsə də, iddia ərizəsindən görünür ki, o həmin imtinanın qanuna uyğun olmadığını nəzərdə tutmuşdur). Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin olunsun. İddiaçı 65 yaşının tamam olduğu 23 oktyabr 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar