Məhkəmə qərarları › İş №e-2-1(112)-14931/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-14931/2025

09.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-14931/2025 09.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə qarşı «ortofotonun və ekspert rəyinin təqdim edilməsi» tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “Şinçi” bağlar massivində yerləşən 67 və 66 saylı bağ sahələrinin ortofoto planlarını ekspertiza materialı kimi Bakı Apellyasiya Məhkəməsinə (İş № 2(103)-1693/2025) təqdim etməsi və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101-ci maddəsində nəzərdə tutulmuş müddətlərin pozulması səbəbindən, cavabdehlərin Bakı Apellyasiya Məhkəməsi 2(103)- 1693/2025 saylı işin kağız daşıyıcısı üzərində olan variantını və həmin iş üzrə 15 aprel 2025-ci il tarixli qərardada əsasən hazırlanmalı olan ekspertiza rəyini dərhal məhkəməyə təhvil verməsi öhdəliyinin cavabdehlərə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 30 iyun 2025-ci il tarixində göstərilən cavabdehlərə (poçt izləmə trekləri: SS967090594AZ və SS967090603AZ) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “Şinçi” bağlar massivi 67 və 66 saylı bağ sahələrinin ortofotoplanlarının (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 noyabr 2019-cu il tarixli, №448 saylı Qərarı ilə təsdiq edilmiş qaydaya əsasən) ekspertiza materialları kimi Bakı Apellyasiya Məhkəməsinə (İş № 2(103)-1693/2025) təqdim olunmasını xahiş etmişdir. Lakin müraciət “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq cavabsız buraxılmışdır. Bakı Apellyasiya Məhkəməsi 15 aprel 2025-ci il tarixli qərardadı ilə (İş № 2(103)-1693/2025) göstərilən bağ sahələri üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin etmişdir. Ekspertiza predmeti əsasən 67 saylı bağ sahəsi olsa da, məhkəmənin qərardadı ilə 66 saylı bağ sahəsi də ekspertiza predmetinə daxil edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101-ci maddəsinin tələblərinə baxmayaraq, cavabdehlər məhkəmənin tapşırıqlarını yerinə yetirməmişlər. Belə ki, 2025-ci ilin aprel ayından yalnız 24 iyul 2025-ci il tarixində sahələrə vizual baxış keçirilmiş, lakin ekspertiza rəyi hazırlanmayaraq fəaliyyət dayandırılmışdır. Bundan əlavə, cavabdehlər məhkəmə işinin kağız daşıyıcısı üzərində olan variantını Bakı Apellyasiya Məhkəməsindən alaraq geri qaytarmamışlar. Bu səbəbdən məhkəmə prosessual fəaliyyəti davam etdirə bilmir. Oxşar hərəkətlər cavabdehlər tərəfindən daha əvvəl Xəzər Rayon Məhkəməsinin (İş № 2(003)- 113/2024) və Suraxanı Rayon Məhkəməsinin (İş № e-2(010)-187/2025) ekspertiza qərardadlarının icrasında da müşahidə olunmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddianın mümkünlük məsələsinin müzakirə edilməsi üçün məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər (nümayəndələri) üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək bildirdi ki, tələbi müdafiə edir və təmin edilməsini xahiş edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qeyri-mümkün hesab edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt– inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İPM-in 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarında qeyd edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” (1.1-2.1-ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. X1 11-ci bəndində göstərilmişdir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). Məhkəmə yuxarıda göstərilən normalara istinadən qeyd edir ki, inzibati hüquq mübahisələrinin əsas subyekti qismində inzibati (publik funksiyaları həyata keçirən) orqan çıxış edir. İnzibati prosessual qaydada baxılan mübahisənin tərəflərindən biri mütləq qaydada inzibati orqandır. İnzibati orqanların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda konkret olaraq göstərilmişdir. Hazırda iddiaçı tərəfindən iş üzrə cavabdeh qismində göstərilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi isə həmin təsnifatda inzibati orqan kimi nəzərdə tutulmamışdır. Məhkəmə həmçinin bildirir ki, iddia ərizəsinin məzmunundan və məhkəmə iclasında verdiyi izahatından məlum olmuşdur ki, iddiaçının narazılığı tərəf olduğu 2(103)-1693/2025 saylı mülki iş üzrə apellyasiya baxışı zamanı məhkəmə tərəfindən təyin edilmiş mühəndistexniki ekspertizasının nəticəsi olaraq ekspert rəyinin və həmin iş üzrə mübahisə predmeti olan, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “Şinçi” bağlar massivində yerləşən 67 və 66 saylı bağ sahələrinin ortofoto planının məhkəməyə təqdim edilməməsi ilə bağlıdır. Ali Məhkəmənin qeyd olunan Plenum Qərarında həmçinin vurğulanır ki, “iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.” (5.1. 5.2. 5.3. 6.1 və 6.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsindən: -47.2. İşdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüquq -78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. -97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. -101.1. Ekspert ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu gündən 1 ay, bu Məcəllənin 172.1.1-ci maddəsində nəzərdə tutulmuş işlərə münasibətdə isə 10 gündən gec olmayaraq yazılı formada rəy verir, onu öz imzası ilə təsdiq edir və dərhal məhkəməyə göndərir. Bu Məcəllənin 172.3-cü maddəsində nəzərdə tutulmuş işlərə münasibətdə isə ekspert rəyi 3 günədək müddətdə verilir. -101.3. Ekspert rəy verilməsi üçün əlavə tədqiqat materiallarının təqdim edilməsinə zərurət olduğunu müəyyən etdikdə, ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu vaxtdan 5 gündən gec olmayaraq bu barədə məhkəməyə vəsatət göndərir. Vəsatətdə tələb olunan tədqiqat materiallarının dəqiq və tam siyahısı göstərilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən tələb kimi irəli sürülmüş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1693/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının icra olunması, ekspert rəyinin, ortofoto görüntüsünün təqdim edilməsi və sairə xüsusatlar həmin məhkəmə icraatında araşdırılmalı, əldə edilməsi mümkün olan məsələlərdir. Başqa sözlə, istinad olunan prosessual qanunvericilik normalarına uyğun olaraq məhkəmə ekspertizasının təyin edilməsi, müvafiq rəyin təqdim edilməsi, sübutların təqdim edilməsi, tələb olunmasına vahid icraat daxilində, eyni məhkəmə tərəfindən baxılmalı olduğundan göstərilən tələbə ayrıca inzibati məhkəmə icraatında qiymət verilməsi yolverilməzdir. Habelə, iddiaçı hazırkı məqsədinə nail olmaq üçün sözügedən sübutların tələb olunması ilə bağlı məhkəməyə vəsatət təqdim edə bilər. Beləliklə, aparılmış araşdırma ilə məhkəmə belə qənaətə gəlir ki, iddiaçının cavabdehlərə qarşı irəli sürülmüş maddi-hüquqi tələbinin mövcudluğu müəyyən edilmədiyindən iddiaçının konkret halda hüquqi müdafiəyə konkret halda hüquqi müdafiəyə ehtiyacı yaranmamışdır və o, hazırkı iddia ilə qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almamışdır. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Şərh olunanlara əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar