Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-14997/2025 23.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “sərəncamların ləğv olunması və s.” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin iddiaçıdan 5853,56 manat vergi ödənişi tələbi üzrə hərəkətlərinin qanunsuz hesab edilməsi, 07 mart 2023-cü il tarixli **********A nömrəli, 24 iyun 2025-ci il tarixli, **********2A nömrəli sərəncamların ləğv olunması, iddiaçıdan tutulmuş 1134 manatın və tutulduğu gündən ödənildiyi günədək hər gün üçün 0,1 faiz məbləğində faizlərin ödənilməsi barədə qərar, qanun pozuntularına yol vermiş şəxslər barədə tədbir görülməsi haqqında xüsusi qərardad çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə vəsatət verərək cavabdehin əsl cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz olunmasına dair qərardad qəbul edilməsi xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçıya qarşı cavabdeh tərəfindən hər hansı hərəkət(lər) həyata keçirilməmişdir və iddiaçı vergi ödəyicisi qismində ********** VÖEN-lə Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi uçotuna alınmışdır. İddiaçı cavabdehin vəsatətinə qarşı yazılı etiraz təqdim edərək vəsatətin təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hazırki iddianın verilməsinə əsas olan qanunsuz hərəkətlərə məhz cavabdeh tərəfindən yol verilmiş, pulun tutulması barədə sərəncamlar həmin İdarə səlahiyyətli orqan kimi göstərilməklə banka göndərilmişdir. İddiaçının hesabından silinmiş pul vəsaiti də cavabdeh tərəfindən alınmışdır və təkrar sərəncam da onun tərəfindən qoyulmuşdur. İddia ərizəsinə əlavə olunmuş etiraz məhz cavabdehə sifarişli poçtla göndərilmiş, lakin idarə tərəfindən etiraza reaksiya verilməmişdir. Cavabdehin sərəncamlarından və hərəkətlərindən Dövlət Vergi Xidmətinə verilmiş inzibati şikayətə də qanunla müəyyən olunmuş qaydada baxılmamış və reaksiya verilməmiş, o cümlədən Baş İdarə tərəfindən inzibati şikayətə etiraz olmamışdır. Vəsatəti Baş İdarənin cavabdehlikdən kənarlaşmaq cəhdi kimi qiymətləndirir və qanunsuz hərəkətlərin davamı hesab edir. İddiaçının razılığı olmadan hazırda cavabdehin dəyişdirilməsi yolverilməzdir. Məhkəmə iclasında iddianın mümkünlüyü ilə bağlı məsələləri tərəflərlə müzakirə edildi. İddiaçı cavabdehin əsl cavabdehlə əvəz olunmasına razı olmadığını işə mahiyyəti üzrə baxılaraq məhkəmə baxışına keçirilməsini və mahiyyəti üzrə qərar qəbul edilərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaçının Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi uçotunda olduğunu bildirərək hazırkı iddia tələbinə cavabdeh verməli olan qurumun cavabdeh İdarə olmadığını bildirdi. Məhkəmə iddia ərizəsini, tərəflərin izahatlarını və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) ... İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd) İddia tələbindən göründüyü kimi, iddiaçının tələbi bir neçə hissədən ibarətdir:
1. iddiaçıdan 5853,56 manat vergi ödənişi tələbi üzrə hərəkətlərin qanunsuz hesab edilməsi;
2. 07 mart 2023-cü il tarixli **********A nömrəli, 24 iyun 2025-ci il tarixli, **********2A nömrəli sərəncamların ləğv olunması;
3. iddiaçıdan tutulmuş 1134 manatın və tutulduğu gündən ödənildiyi günədək hər gün üçün 0,1 faiz məbləğində faizlərin ödənilməsi;
4. qanun pozuntularına yol vermiş şəxslər barədə tədbir görülməsi haqqında xüsusi qərardad çıxarılması; Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkünlük şərtini ödəmir: 1) iddiaçının hüquqlarının və qanunla qorunan mənafelərinin ehtimal edilən pozulması ilə bağlı iş üzrə cavabdeh İdarəyə müraciətinin olmaması; Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. İddia tələbinin 1-ci və 3-cü hissələri ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçının inzibati orqana müraciəti mövcud deyildir. Belə ki, iş matereallarından müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə sərəncamın əsassız hesab edilməsi və sair məzmunda müraciət məktubu vardır, lakin iddiaçı tərəf məktubun cavabdehə göndərilməsi barədə sübut (poçt qəbzi və s.) məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəfindən iş matereallarına əlavə edilmiş poçt qəbzinin surətindən isə müəyyən edilir ki, müraciət məktubu cavabdehə deyil, İqtisadiyyat Nazirliyini yanında Dövlət Vergi Xidmətinə göndərilmişdir. Məhkəmə tələbin 2-ci hissəsi ilə bağlı qeyd edir ki, cavabdehin mübahisələndirdiyi Sərəncamların cavabdeh tərəfindən qəbul edilməsi sübuta yetirilməməklə həmçinin mübahisələndirilən Sərəncamlar inzibati akt deyildir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. İnzibati akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. Mübahisələndirilən və bank hesabına pulun tutulması ilə bağlı qoyulmuş Sərəncamlar yuxarıda sadalanan əlamətlərin hamısına malik deyildir. Məhkəmə ümumiyyətlə qeyd edir ki, hazırkı iddia tələbinə cavabdeh qurum Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi olmamaqla, iddiaçı tərəfindən hüquqlarının cavabdeh İdarə təərfindən pozulması əsaslandırılmamışdır. Belə ki, elektron məhkəmə informasiya sistemindən və İnternet Vergi İdarəsindən əldə edilmiş məlumatlardan müəyyən edilir ki, iddiaçı vergi ödəyicisi kimi, ********** nömrəli VÖEN-lə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi uçotundadır və dövlət büdcəsinə ödənilməmiş 3601,17 manat vergi borcu vardır. İddiaçı tələbini cavabdeh Milli Gəlirlər Baş İdarəsinə qarşı yönəltməsinin əsası kimi iddia ərizəsinə əlavə edilmiş iddiaçının bank hesabına 5853, 56 manat məbləğində Sərəncamın qoyulması barədə sənədlərə istinad edir. Həmin sənədlərdən müəyyən edilir ki, Sərəncamın qoyulmasına əsas dövlət büdcəsinə olan borc qeyd edilmiş, pulun köçürələcəyi hesab nömrəsi kimi A17CTRE******************** qeyd edilmişdir, İnternet vergi İdarəsindən əldə edilmiş “Dövlət xəzinədarlıq orqanlarında olan vergi və digər büdcə daxilolmalarının köçürülməli olduğu xəzinə hesablarının rekvizitləri barədə məlumat”dan müəyyən edilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin hər ikisinin hesablaşma hesabı eyni, yəni A17CTRE******************** hesabıdır. Məhkəmə qeyd edir ki, iddiaçı vergi ödəyicisi kimi Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsində vergi uçotunda olduğundan, dövlət büdcəsinə ödənilməmiş borcu olduğundan, həmçinin iddiaçının bank hesablarına qoyulmuş sərəncamların dövlət büdəcinsə ödənilməmiş borcunu olmasına görə qoyulduğundan, iddiaçının hüquqi marağı uçotda olduğu vergi orqanına qarşı, yəni Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı həmin borcun yaranması ilə bağlı hərəkətləri və ya qərarı mübahisələndirməkdir. Hazırda isə iddiaçı iddia tələbinə cavabdeh verməli olmayan quruma qarşı hüquqi marağına uyğun olmayan iddia növündən istifadə etmişdir. Məhkəmə tələbin 4-cü hissəsi ilə bağlı qeyd edir ki, tələbin həmin hissəsi də mümkün iddia deyil. Belə ki, İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4-ci maddəsinə əsasən, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi, prosessual qanunvericiliyə görə iddia tələbində qoyulmasından asılı olmayaraq, işə baxan məhkəmə müvafiq halları aşkar etdikdə xüsusi qərardad qəbul edir. Başqa sözlə, iddia tələbindən asılı olmayaraq bu məhkəmənin səlahiyyətindədir. Bu baxımdan, “xüsusi qərardadın qəbul edilməsi” barədə tələbə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə iclasında iddiaçıya iddia tələbinə dəqiqləşmə verməsi və cavabdehi əvəz etməsi təklif edilsə də, iddiaçı tələbini olduğu kimi müdafiə etmiş, məhkəmənin hüquqi yardımından istifadə etməkdən imtina etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Bəhlul Cəlalov