Məhkəmə qərarları › İş №e-2-1(112)-15042/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-15042/2023

21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-15042/2023 21.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsi” qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun həyat yoldaşına sərəncam əsasında bağ sahəsi ayrılmış, bunun əsasında da order verilmişdir. Həmçinin, plan və ölçü hazırlanmış DTXK tərəfindən uçota alınmışdır. Həmin sahənin sənədləşdirilməsi ilə bağlı müraciət edilmiş, müraciətin təminindən heç bir əsas olmadan imtina edilmişdir. İddiaçı qeyd edir ki, bağ sahəsi onun faktiki istifadəsindədir, hasarlama işləri aparılmış, ev tikintisinə icazə verilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ümumi ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından torpaq sahəsinin yerləşməsində uyğunsuzluq yaranmışdır. Sahənin bir hissəsi digər bağların ərazisinə uyğun gəlir. Torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən koordinatlar faktiki vəziyyətlə uyğunsuzluq təşkil edir. Bundan əlavə, orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Bu səbəbdən də müraciətin təmini mümkün olmamışdır. İddiaçı 15 dekabr 2023-cü il tarixdə iddia tələbinə dəqiqləşmə ərizəsi təqdim etmişdir. Məhkəmənin iddia tələbinin növbəti dəfə dəqiqləşdirilməsinə dair hüquqi yardımına uyğun olaraq 20 dekabr 2023-cü il tarixli növbəti dəqiqləşmə ərizəsi məhkəməyə təqdim edilərək X1 məxsus olmuş Ləhiş bağlar sahəsi 6080a ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsindən imtinanın əsassız hesab edilməsi, əmlakın G.Niftəliyeva məxsus olması haqqında arayışın (çıxarışın) və torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddia tələbi “Ləhiş bağlar sahəsi 6080a ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə mülkiyyət hüququnun X1 məxsus olması haqqında arayışın (çıxarışın) və torpaq sahəsinin plan və ölçüsünün iddiaçıya verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Bundan əlavə, məhkəmə onun da qeyd edilməsini zəruri hesab edir ki, hazırkı növ işlər üzrə vəfat etmiş şəxsə hüququn məxsus olması haqqında arayış (çıxarış) verilməsi barədə iddia tələbləri üzrə plan və ölçü sənədinin də verilməli olması bir qayda olaraq tələb edilmir. Lakin, hazırkı iş üzrə həmin tələblə də müraciət edilmişdir ki, məhkəmə hesab edir ki, göstərilən tələbə münasibətdə də məhkəmə qiymətləndirilməsinin aparılması mümkündür. Məhkəmə, həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, həmin tələbə də qiymət verilməsi, istər qərarın düzgün icrası, istərsə də arayış (çıxarış) verilməsi prosedurunun düzgün həyata keçirilməsi baxımından da əhəmiyyətlidir. Belə ki, hər hansı hüququn mərhum şəxsə məxsus olması haqqında arayış (çıxarış) verilməsinə dair iddia təmin edilsə belə, məhz konkret olaraq hansı torpaq sahəsinin və ya bağ sahəsinin,hətta fərdi yaşayış evi və mənzilin hüquqlarının kimə məxsus olması onunla bağlı tərtib edilmiş texniki sənədlərdə öz əksini tapır. Adıçəkilən texniki sənədlər koordinatlar, ölçü və s ilə bağlı zəruri məlumat daşıyıcısı kimi qiymətləndirilir ki, bu zaman hansı əmlakın məxsusluğu haqqında ziddiyyətli halların aradan qaldırılması, konkretliyin müəyyən edilməsi zamanı əhəmiyyət daşıyır. Əks halda təkcə arayışın (çıxarışın) verilməsi texniki sənədlərlə əhatələnmədən, yəni konkret hansı ölçüdə hansı koordinatlar və s daxilində texniki sənədlərdə əks olunan məlumatlar olmadan əmlaka aidiyyəti müəyyən edilmədən müraciətin təmini məhkəmə qərarının icrası gedişində çətinlik yaranır. Mövcud məhkəmə təcrübəsi də göstərir ki, cavabdeh tərəfindən məxsus olma haqqında arayışların verilməsindən sonrakı prosedur üzrə vərəsə əmlakı öz adına keçirməyə çalışarkən məxsus olma haqqında arayışın verilməsinə dair imtina əsaslarının təkrarlanaraq vərəsəyə də həmin imtina verilməsi hallarına rastlaşılır ki, həmin hal qərarın icrası gedişində izah ərizələri və ya yeni iddia tələbinə baxılması ilə aradan qaldırılır. Halbuki, həmin halların aradan qaldırılması vasitəsi kimi texniki sənədlərin də arayış (çıxarış) birgə verilməsi prosessual qənaət prinsipi baxımından, konkretlik baxımından əhəmiyyətlidir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: İmtina məktubunda qeyd edilmişdir ki, ümumi ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından torpaq sahəsinin yerləşməsində uyğunsuzluq yaranmışdır. Sahənin bir hissəsi digər bağların ərazisinə uyğun gəlir. Torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən koordinatlar faktiki vəziyyətlə uyğunsuzluq təşkil edir. Bundan əlavə, orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Qərardan çıxarışdan görünür ki, G.Niftəliyeva bağ sahəsinin ayrılması qərara alınmışdır. Orderdən görünür ki, 0,12 ha ölçüdə 6080a bağ sahəsinin həmin sərəncam əsasında G.Niftəliyeva ayrılması orderdə öz təsdiqini tapmışdır. DTXK-nin plan və ölçü sənədindən görünür ki, adıçəkilən həmin qərar və order əsasında 6080 a ölçüdə bağ sahəsinin plan və ölçü sənədi tərtib edilərək DTXK tərəfindən təsdiq edilmişdir. Həmin sənəddə sənəd üzrə 1200 kv.m ilə yanaşı əlavə 387 kv.m torpaq sahəsinin də istifadə edildiyi göstərilmişdir. Notariat ofisinin məktubundan görünür ki, vəfat etmiş G.Niftəliyevin vəfatı ilə əlaqədar iddiaçının müraciəti əsasında vərəsəlik işi açılmış, vərəsələrin dairəsi müəyyən edilmişdir. Məhkəmə sorğusuna əsasən iddia olunan torpaq sahəsinin şərq qonşuluğunda mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına əsas olmuş sənədlərdən görünür ki, bağ sahələri eyni hüquqmüəyyənedici sənədlər əsasında rəsmiləşdirilmişdir. Müayinə aktından görünür ki, hüquqmüəyyənedici sənəd üzrə 1200 kv.m torpaq sahəsi hasar daxilindədir. Bir mərtəbəli ev və həyət tikililəri mövcuddur. Faktiki torpaq sahəsi 1573 kv.m təşkil edir. Bağ sahəsinə plan və ölçü tərtib edilmişdir. Həmin plan və ölçüdə əlavə istifadədə olan sahə qərb hissədə, yerli baxış zamanı isə vətəndaş əlavə istifadə edilən sahənin qərb hissəsində deyil, şimal hissədə olduğunu bildirdi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Hazırkı iş üzrə qeyd olunan hüquqmüəyyənedici sənədlər mövcuddur. Belə ki, qərardan və orderdən görünür ki, G.Niftəliyevə torpaq sahəsi ayrılmış, həmin qərara uyğun olaraq da order verilərək bağ sahəsinin həmin şəzaə verilməsi öz təsbitini tapmışdır. Məhkəmə hesab edir iki, mərhum şəxsin mübahisələndirilən əmlak üzərində mülkiyyət hüquqları yaranmış, lakin bu hüquqlar onun tərəfindən reallaşdırıla bilinmədiyindən, hazırki halda əmlakın mülkiyyət hüququnun mərhum şəxsə məxsus olması haqqında arayış verilməlidir. Cavabdehin imtina dəlillərindən biri də göründüyü kimi torpaq (bağ) sahəsinin ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsini mümkünsüz hesab etməsinin əsası kimi bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi göstərilmişdir. Uyğunsuzluqda onunla bağlıdır ki, ümumi ərazidə hasarlanma işlərin sxematik xəritəyə uyğun aparılmamış, nəticədə sahənin bir hissəsi digər bağların ərazisinə uyğun gəlmişdir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.0.20-ci maddəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Bəhs edilən maddələrin normalarından aydın olur ki, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Bu zaman nəzərə alınmalıdır ki, ümumi ərazinin hasarlanma işlərin sxematik xəritəyə uyğun aparılmaması iddiaçının təqsir sferasından kənardır. Aydın məsələdir ki, bütün bağ sahələri üzrə hasarlanma işlərinin aparılmasına nəzarət etmək fərdi bir şəxsin məsuliyyət dairəsinə daxil ola bilməz. Nə qədər ki, iddia olunan bağ sahəsi hasarlanmış, həmin sahədə tikili mövcud olmaqla, iddia edən şəxsin faktiki istifadəsindədir, yuxarıda adıçəkilən hasarlanmanın sxematik xəritəyə uyğun aparılmaması, digər bağların ərazisinə uyğun olma formal imtina əsası qismində qiymətləndirilməli, ümumi hasarlanma işlərinin düzgün aparılmaması iddia olunan bağ sahəsininin rəsmiləşdirilməsinə maneə olmamalıdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1415/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020 -cu il tarixli qərarında qeyd olunmuşdur ki, “hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir.” Bu mövqeyi həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2826/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli; 2- 1(102)-1537/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli; 2-1(102)-2030/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli; 2-1(102)-69/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da nümayiş olunmuşdur. Göründüyü kimi formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlərdə cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi “bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi” göstərilsə də, bu istiqamətdə cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Digər imtina dəlili isə göründüyü kimi torpaq sahəsinin DTXK tərəfindən təsdiq edilmiş plan və ölçü sənədində göstərilən koordinatlarının faktiki vəziyyətlə uyğunsuzluğu ilə bağlıdır. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, həmin imtina verilən zaman nəzərə alınmamışdır ki, hazırkı mübahisə 1200 kv.m torpaq sahəsinə hüquqların dövlət qeydiyyatına alınması ilə bağlıdır. Doğrudur istər müayinə aktından, istərsə də adıçəkilən plan və ölçü sənədindən görünür ki, 1200 kv.m torpaq sahəsi ilə yanaşı əlavə torpaq sahəsi də istifadə edilməkdədir ki, cavabdehin imtina və etiraz dəlillərində iddia olunan torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatlarla uyğunsuzluğu da məhz sənəd üzrə olan 1200 kv.m torpaq sahəsi ilə bağlı yox, məhz əlavə torpaq sahəsi ilə bağlı olmuşdur. Belə ki, müayinə aktında qeyd edilmişdir ki, Faktiki torpaq sahəsi 1573 kv.m təşkil edir. Bağ sahəsinə plan və ölçü tərtib edilmişdir. Həmin plan və ölçüdə əlavə istifadədə olan sahə qərb hissədə olduğu göstərilmiş, yerli baxış zamanı isə vətəndaş əlavə istifadə edilən sahənin qərb hissəsində deyil, şimal hissədə olduğunu bildirmişdir. Göründüyü kimi uyğunsuzluq əlavə torpaq sahəsinin qərb, yoxsa şimal hissədə yerləşməsi ilə bağlı olmuşdur ki, cavabdeh nəzərə almamışdır ki, hazırkı iddia 1200 kv.m torpaq sahəsinə hüquqların qeydiyyatı ilə bağlı olub, əlavə torpaq sahəsi ilə bağlı olmamışdır. Odur ki, həmin əlavə sahənin şimal,cənub,şərq,qərb və s istiqamətlərə yerləşməsi hazırkı halda müraciətin təminindən imtina əsası qismində qiymətləndirilməməlidir. Nə qədər ki, tələb 1200 kv.m torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı ilə bağlıdır və əlavə sahənin hazırkı mərhələdə sənədləşdirilməsi tələb edilmir, əlavə sahə ilə bağlı ehtimal olunan hər hansı uyğunsuzluq müraciətin təminindən imtina əsası qismində qiymətləndirilə bilməz. Göründüyü kimi faktiki olaraq iddia olunan 1200 kv.m torpaq sahəsinin koordinatları ilə plan və ölçüdə məhz 1200 kv.m sənəd üzrə olan torpaq sahəsinin koordinatları arasında hər hansı bir uyğunsuzluq mövcud olmamışdır. Hətta, uyğunsuzluq mövcud olsaydı belə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin hal uyğunsuzluğa görə müraciətin təminindən imtina əsası yox, uyğunsuzluğun səlahiyyətli orqan kimi cavabdeh tərəfindən aradan qaldırılması üçün əsas ola bilərdi. Halbuki, hazırkı hal üzrə hər hansı uyğunsuzluq belə mövcud olmamışdır. Bundan əlavə, orderin nüsxəsinin aşkar edilməməsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, orderin arxiv nüsxəsinin cavabdehdə aşkar edilməməsi də iddiaçının təqsir sferasına aid deyildir. Halbuki, cavabdeh nəzərə almamışdır ki, həmin orderin verilməsinə əsas olmuş qərar mövcuddur, qüvvədədir və iddia olunan torpaq sahəsinin ayrılması faktını təsdiq etmişdir. Bundan əlavə, DTXK tərəfindən də plan və ölçü sənədi tərtib edilərkən həmin orderə istinad edilmişdir ki, həmin order və qərar ləğv edilməmiş, dəyişdirilməmiş olduğundan hüquqi nəticə yaradan, əsaslılığına şübhə yaratmayan inzibati aktdır. Hüquqi nəticəsi də mülkiyyət hüquqlarının realizəsi ilə bağlıdır. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-255/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mübahisələndirilən bağ sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir. Cavabdeh tərəfindən həmin torpaq sahəsinin digər hüquqi və fiziki şəxslərin adına reyestrdə qeydiyyata alınması, eləcə də iddiaçıya ayrılmış bağ sahəsinin digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi barədə məhkəməyə hər hansı sübut təqdim ediməmişdir. Qeyd olunan müqavilənin nüsxəsinin idarənin arxivində aşkar edilməməsi, həmin müqavilənin etibarlılığını şübhə altına alan digər əsasların müəyyən olunmadığı təqdirdə, iddiaçının müqaviləyə əsaslanan hüququnun qeydiyyata alınmasından imtina üçün yetərli əsas sayıla bilməz. Ali Məhkəmənin 2-1(102)-1612/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında da qeyd edilmişdir ki, İddiaçı tərəfindən təqdim olunmuş icarə müqaviləsinin cavabdehin arxivində aşkar olunmaması barədə imtina əsasları formal xarakterlidir. Bu mövqeyi həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-988/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında da nümayiş olunmuşdur. Doğrudur həmin işlər üzrə torpaq sahəsi ilə bağlı müqaviləsinin nüsxəsinin idarənin arxivində aşkar olunmaması ilə bağlı qiymətləndirmə aparılmışdır, lakin məhkəmə hesab edir ki, təkc icarə müqaviləsinin arxivdə aşkar olunmaması yox, torpaq sahəsinə dair verilmiş orderin idarənin arxivində aşkar olunmaması ilə bağlı olmasına münasibətdə həmin mövqedən fərqli mövqeyin tətbiqinə hər hansı zərurət mövcud deyildir. Məhkəmə, həmçinin hazırkı iddianın təmini üçün əsas olan xüsusi bir halın da qanunvericilik müddəalarına əsaslanmaqa qeyd edilməsini zəruri hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Belə ki, məhkəmə sorğularına cavab məktubundan görünür ki, iddiaçının ətrafında olan torpaq sahələri yaşayış məntəqələri torpaqları olmaqla oxşar növ sənədlər əsasında başqa şəxslərin mülkiyyətindədir və həmin torpaq sahələrinə dair cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar təqdim edilmişdir. Bu isə o deməkdir ki, eyni hüquqmüəyyənedici sənədə malik olan şəxslərdən bəzilərinə çıxarışlar təqdim edilir, mülkiyyət hüquqları dövlət qeydiyyatına alınır, lakin iddiaçının müraciətinin təminindən imtina edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı iş üzrə mövcud sənədlərə əsasən gözlənilən mülkiyyət hüquqları iddiaçı tərəfindən yox, vəfat etmiş şəxs tərəfindən reallaşdırıla bilməmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınmasına əsaslar mövcud olsa da, yəni mövcud hüquqmüəyyənedici sənədlər olsa da, həmin hüququn reallaşdırılmasından əvvəl şəxsin ölümü təbii haldır ki, həmin hüququn itirilməsi əsası qismində çıxış etmir. Yuxarıda adıçəkilən Qanunun 22.2-ci maddəsində də müəyyən edilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi vərəsə kimi iddiaçı tərəfindən torpaq sahəsinin mərhuma məxsus olması haqqında arayışın qeydiyyat orqanına təqdim edilməsi hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın vərəsəliklə bağlı sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi əsası qismində çıxış edir. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Ləhiş bağlar sahəsində yerləşən 0,12 ha ölçüdə 6080a bağ sahəsinə mülkiyyət hüququnun X1 məxsus olması haqqında arayışın (çıxarışın) və torpaq sahəsinin həmin şəxsin adına plan və ölçüsünün İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar