Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1509/2024 08.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və plan-ölçünün verilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və plan-ölçünün verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, Bakı ŞİH Başçısı aparatının Abadlaşdırma və Park - X6 Departamenti X2 və İstismarı Birliyi ilə bağlanmış 15038 nömrəli müqavilə əsasında Bakı şəhəri, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 2145 nömrəli bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. Qeyd olunan sənəd əsasında iddiaçı mülkiyyətində olan torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə reyestrdən çıxarışın verilməsi ilə bağlı 1 noyabr 2022-ci il tarixdə cavabdeh “Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh 7 dekabr 2022-ci il tarixli məktubda bildirmişdir ki, torpaq sahəsinə texniki baxış keçirmək və çöl-ölçü işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Halbuki, cavabdehin inzibati orqanın əməkdaşları tərəfindən iddiaçı ilə əlaqə saxlanılmamışdır. 21 dekabr 2022-ci il tarixdə iddiaçı eyni məzmunlu məktub ilə yenidən cavabdehə müraciət etmişdir. 18 yanvar 2023-cü il tarixdə cavabdehin nümayəndələri tərəfindən torpaq sahəsinə baxış keçirilmişdir. Təəssüflər olsun ki, baxış keçirildikdən sonra, cavabdeh tərəfindən İddiaçıya heç bir məlumat verilməmişdir (nə yazılı, nə şifahi qaydada). 13 mart 2023-cü il tarixdə iddiaçı növbəti dəfə cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh bu ərizəyə cavab olaraq 10 aprel 2023cü il tarixli məktubla ona bildirmişdir ki, hüquqmüəyyənedici sənədlərin əsli Əmlak Xidmətləri Məkanına, təqdim ediləcəyi təqdirdə qeyd olunan məsələyə qanunamüvafiq qaydada, baxılacaqdır. İddiaçı həmin cavab məktubuna uyğun olaraq 2023-cü ilin may ayında adıçəkilən İdarəyə müraciət etmiş, 125 manat məbləğində dövlət rüsumu ödəmiş və ona bildirilmişdir ki, sənədlərə baxıldıqdan sonra daşınmaz əmlaka dair reyestrdən çıxarış iddiaçıya təqdim ediləcəkdir. Nəhayət, 30 may 2023-cü il tarixli **********12 saylı məktub ilə cavabdeh iddiaçıya daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqn imtinasını belə əsaslandırmışdır ki, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin bir hissəsinin bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə əsasən digər bağların ərazisinə uyğun gəldiyi müəyyən edilmişdir. Odur ki, müvafiq torpaq sahələri arasında, arxiv cizgisinə uyğun olaraq, keçid yolu nəzərə alınmaqla, notariat qaydasında, təsdiq edilmiş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur. Hesab olunur ki, cavabdehin bu imtinası əsassızdır. Bakı ŞİH X2 və İstismarı Birliyi ilə bağlanmış 15038 nömrəli müqavilə əsasında ayrılmış Bakı şəhəri, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 2145 nömrəli bağ sahəsinə dair reyestrdən çıxarışın verilməsi və plan-ölçünün tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 4 avqust 2023-cü il tarixli məktubunda bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə bağlı 17 noyabr 2022-ci il, 29 dekabr 2022-ci il, 25 mart 2023-cü il və 2 may 2023-cü il tarixli ərizələrlə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin bir hissəsinin bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə əsasən digər bağların (2145a və 2146 saylı bağ sahələri) ərazisinə uyğun gəldiyi müəyyən olunmuşdur. Odur ki, müvafiq torpaq sahələri arasında arxiv cizgisinə uyğun olaraq, keçid yolu nəzərə alınmaqla notariat qaydasında təsdiq edilmiş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur. İdarənin mütəxəssisləri tərəfindən sözügedən daşınmaz əmlaka keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsinin faktiki ölçüsü 0.1026 ha təşkil edir. İdarənin arxivində mövcud olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-476/2008 saylı iş üzrə 25 noyabr 2008-ci il tarixli qətnaməsi ilə Mərdəkan bağlar sahəsində yerləşən 2145 və 2146 saylı bağ sahələri arasında mövcud sərhəd hasarının sökülməsi, həmin hasar 2146 saylı bağ sahəsinə doğru, 2146 “A” saylı bağ sahəsi tərəfdən 12.2 m istiqamətdə, 83.0 m uzunluğunda, 2146 saylı bağ sahəsini yol tərəfdən əhatə edən hasarın küncünə bitişik sərhəd hasarın çəkilməsi və qonşuluqda yerləşən 2146 “A” saylı bağ sahəsi ilə həmsərhəd hasarından 41.1 m ara məsafədə 2145 saylı bağ sahəsinin daxilində digər sərhəd hasarı çəkilməsi və belə bölgü zamanı yaranmış 2145 “A” saylı bağ sahəsinə yol tərəfdən girişçıxış üçün qapı açılması qərara alınmışdır. Müvafiq məhkəmə qətnaməsi ilə İdarə üzərinə öhdəlik qoyulmamışdır. Qeyd olunanlara əsaslanaraq, İPM-in 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasənm məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsinin məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirilməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçının Bakı ŞİH Başçısı aparatının X2 və İstismarı Birliyi ilə bağlanmış 15038 saylı müqavilə ilə ayrılmış Bakı şəhəri, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 0,12 ha sahəsi olan 2145 nömrəli bağ sahəsi üzərində hüququnun qeydiyyata alınması barədə reyestrdən çıxarışın verilməsi və bağ sahəsinə dair plan-ölçünün tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdiriməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə dair dövlət reyestrindən ayrı-ayrı müvafiq çıxarışlar verilmişdir, bağ sahəsinə çəkilmiş hasar daxilində onun ölçüsü 0,12 ha-dan azdır. İddianın təmin olunması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianın təmin olunmamasını xahiş etdi. O, göstərilən torpaq sahəsinin sənəd üzrə 0.12 ha olduğunu, lakin faktiki ölçüsünün 0.1026 ha təşkil etdiyini, Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarı ilə İdarənin üzərinə öhdəlik qoyulmadığını bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, Bakı ŞİH başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 30 dekabr 2003-cü il tarixli 15038 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən sahəsi 0,12 ha olan 2145 nömrəli bağ sahəsi İddiaçı istfadəsinə verilmişdir. İddiaçı həmin bağ sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması ilə bağlı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, 1) göstərilən torpaq sahəsinin bir hissəsinin bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə əsasən digər bağların (2145a və 2146 saylı bağ sahələri) ərazisinə uyğun gəlir, müvafiq torpaq sahələri arasında arxiv cizgisinə uyğun olaraq, keçid yolu nəzərə alınmaqla notariat qaydasında təsdiq edilmiş bölgü sxeminin təqdim olunması məqsədəuyğundur; 2) bağ sahəsinin faktiki ölçüsü 0.1026 ha təşkil edir; 3) İdarənin arxivində mövcud olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-476/2008 saylı mülki iş üzrə 25 noyabr 2008-ci il tarixli qətnaməsi ilə Mərdəkan bağlar sahəsində yerləşən 2145 və 2146 saylı bağ sahələri arasında mövcud sərhəd hasarının sökülməsi, və s. qərara alınsa da, həmin qətnaməsi ilə İdarə üzərinə öhdəlik qoyulmamışdır. İddiaçı hazırda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinasını mübahisələndirir. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Xəzər rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 2.0.1-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin fəaliyyət istiqamətlərinə aiddir, 3.1.16-cı və 3.1.20-ci bəndlərinə görə isə, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq qurumun vəzifələrinə daşınmaz əmlaka, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv, kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək qurumun vəzifələri sırasına daxildir. İnzibati orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPM-in 8.1.1-cü maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Xəzər rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: «İnzibati icraat haqqında» Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinin (Keçid müddəaları) dördüncü hissəsinə görə bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinə görə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: (2.3.1) torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri əsasında aradan qaldırılması; (2.3.2) torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; (2.3.3) torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; (2.3.4) ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; (2.3.5) ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 2.0.1-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin fəaliyyət istiqamətlərinə aiddir, 3.1.16-cı və 3.1.20-ci bəndlərinə görə isə, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq qurumun vəzifələrinə daşınmaz əmlaka, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv, kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək də daxildir. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair müqavilələr bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Bakı ŞİH başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 30 dekabr 2003-cü il tarixli 15038 nömrəli müqavilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 2145 nömrəli sahəsi bağ sahəsinin iddiaçının qanuni istifadəsinə verilməsini təsdiqləyən aktdır və müqavilədə əks olunan məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən əlavə sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, habelə müqavilə ləğv edilmədiyindən və etbarsız sayılmadığından, bu sənəd mötəbər sübut kimi qiymətləndirilir. Lakin müvafiq bağ sahəsinin ölüçüsü ilə bağlı xüsusatlara gəldikdə, məhkəmə diqqətə çəkir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Belə olan halda, məhkəmənin qənaətinə görə İddiaçı həmin bağın qanuni istifadəçisi kimi onun yerləşdiyi 0,1026 ha torpaq sahəsinin üzərində «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən mülkiyyət hüququ əldə etmişdir. Hazırkı işin hallarına görə isə, hazırkı iddiaçının müvafiq bağ sahəsinə hüququnun mövcudluğu ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsinə əsaslanır və onun təqdim etdiyi hüquqmüəyyənedici sənəd də bu maddədə nəzərdə tutulan “müqavilə”dir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinasında göstərilən dəlillərlə bağlı məhkəmə qeyd edir ki, bağın yerləşdiyi torpaq sahəsinin bir hissəsinin bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisinə əsasən digər bağların (2145a və 2146 saylı bağ sahələri) ərazisinə uyğun gəlməsi və keçid yolu nəzərə alınmaqla notariat qaydasında təsdiq edilmiş bölgü sxeminin təqdim olunması zərurəti iddiaçının iradəsindən asılı olan hal deyil və bu qəbildən olan uyğunsuzluğun mövcud olduğu halda, belə halın aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinə, «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 3-cü bəndinə (3.1.20) görə birbaşa hazırkı cavabdeh inzibati orqanın səlahiyyətlərinə aiddir. Bundan başqa, bağ sahəsi ilə əlaqli müvafiq mülki məhkəmə icraatında baxılan iş üzrə məhkəmə qətnaməsində (Apellyasiya Məhkəməsinin 2(103)-476/2008 saylı iş üzrə 25 noyabr 2008-ci il tarixli qətnaməsi) iddiaçının iddia etdiyi bağ sahəsi ilə bağlı hazırkı cavabdeh inzibati orqanın üzərinə öhdılik qoyulmaması ayrıca inzibati icraat çərçivəsində bağ sahəsinin hüququn qeydiyyata alınmasına maneə kimi çıxış edə bilməz. Bağ sahəsinin ölçüsünə gəldikdə isə, məhkəmə qeyd edir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2145 nömrəli bağ sahəsinin 0,1026 ha ölçüdə hissəsi hazırda iddiaçının qanuni istifadəsində olduğundan, həmin hissəyə onun hüququ yaranmış olur. Odur ki, məhkəmə hesab edir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunvericiliə, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 15, 17-ci maddələrinin tələblərinə ziddir və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində yerləşən 2145 nömrəli bağ sahəsinin (0,1026 ha ölçüdə) mülkiyyətçisi kimi İddiaçı hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Məhkəmə həmçinin qeyd edir ki, torpaq sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü”nün verilməsini birmənalı şəkildə nəzərdə tutur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisindəki 2145 nömrəli bağ sahəsi (sahəsi 0,1026 ha olmaqla) üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi və torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin ediməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 52, 58.7, 68, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisindəki 2145 nömrəli bağ sahəsi (sahəsi 0,1026 ha olmaqla) üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi və torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin ediməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №e-2-1(112)-1509/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1509/2024
08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver