Məhkəmə qərarları › İş №e-2-1(112)-15126/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-15126/2025

12.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-15126/2025 12.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X2) “torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən, ümumi sahəsi 710 kv. metr olan torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə X2 məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, M.Ə.Rəsulzadə Bələdiyyəsinin 18 dekabr 2006-cı il tarixli qərarı ilə iddiaçının 1997-ci ildən inşa etdiyi fərdi yaşayış evinin yerləşdiyi 760 kvadratmetr torpaq sahəsinin alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilməsi qərara alınmışdır. Qərarın icrası ilə əlaqədar həmin tarixdə Bələdiyyə ilə iddiaçı arasında torpaqların alqı-satqısına dair akt təsdiq edilmiş, torpaq sahəsinin yerləşdiyi ərazinin planı iddiaçıya təqdim edilmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdehin nimtinası əsassızdır. Belə ki, torpaq sahəsinin faktiki vəziyyətinin sənəddə qeyd olunan sahədən az olması iddiaçının hüquqlarının qeydə alınmasından imtina üçün əsas ola bilməz. Çünki, iddiaçı sənəd üzrə deyil, faktiki istifadəsində olan torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasını cavabdehdən xahiş etmişdir. Cavabdehin nümayəndələri evə baxış keçirmədən səhv nəticəyə gəlmişlər. Belə ki, təqdim edilən layihə evin tikintisi tam başa çatdıqdan sonra mövcud vəziyyətə uyğun hazırlanmışdır. İmtina üçün qanunvericilikdə qeyd edilən halların heç biri mövcud olmadığı halda cavabdeh iddiaçının tələbindən imtina etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin yerləşmə cizgisində dəqiq istinadlar, perimetrik ölçülər qeyd olunmamış, yerləşmə cizgisində bələdiyyə qərarına istinad olunmamışdı. Bundan başqa, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyəti torpaqlarına aiddir. Həmçinin, torpaq sahəsinin bir hissəsi (62 m²) su xəttinin mühafizəsində yerləşir. Torpaq sahəsinin ölçüsündə 50 m² azalma var. Elektron kadastr məlumatlarına əsasən iddia olunan ərazinin bir hissəsinə (36 kv.m) bələdiyyə sənədi ilə digər şəxsin - X1 müraciəti daxil olmuşdur. Fərdi yaşayış evinə münasibətdə isə müayinə aktına əsasən evin daxilində cüzi ölçü fərqləri vardır. Həmçinin layihədə mansard mərtəbəsində göstərilən köməkçi sahələrdən biri hola qatılmış, arakəsmə divarı mövcud deyildir Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 273 saylı qərarı və ona əlavə edilmiş sənədlərin Dövlət Arxivində mövcud olan nüsxələri məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 273 saylı qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 760 kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə iddiaçıya ayrılması qərara alınmışdır. Torpaqların alqı-satqısına dair akta əsasən Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi sözügedən torpaq sahəsini iddiaçıya satmışdır. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 812 saylı, xx.xx.2000-ci il tarixli Sərəncamına uyğun olaraq M.Ə.Rəsulzadə qəsəbəsinin 501,26 ha torpaq sahəsi M.Ə.Rəsulzadə bələdiyyəsinin mülkiyyətinə təhvil verilmişdir. Odur ki, M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli iclasının 12 nömrəli protokolunun 273 saylı qərarına əsasən alqı-satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə verilmiş M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsində olan və 1997-ci ildə inşa etdiyi fərdi yaşayış evinin yerləşdiyi 760 kv.m. torpaq sahəsi Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 812 saylı sərəncamına əsasən M.Ə.Rəsulzadə bələdiyyəsinə ayrılmış ərazinin hüdudları daxilində yerləşir. Qərar hazırda qüvvədədir. Bununla bağlı sənədlər Dövlət Arxivinin Bakı filialına təhvil verilmişdir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubu ilə torpaq sahəsi və onunla qonşuluqda yerləşən torpaq sahələrinə adir müvafiq sənədlərin təsdiq edilmiş surəti, ortofoto görüntüsü və müayinə aktı məhkəməyə təqdim edilmişdir. Cavabdehin təqdim etdiyi xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən sözügedən torpaq sahəsinin hüquq müəyyənedici sənəd üzrə ölçüsü 760 kv.m, faktiki ölçüsü isə 710 kv.metr təşkil edir. Həmçinin, torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ümumi sahəsi və yaşayış sahəsi hüquq müəyyənedici sənəd üzrə (müvafiq olaraq) 852 kv.m, 227.8 kv.m və faktiki (müvafiq olaraq) 862.4 kv.m, 228.1 kv.m. təşkil edir. Üçüncü şəxs tərəfindən verilən notarial qaydada təsdiq edilmiş xx.xx.2025-ci il tarixli yazılı ərizəyə əsasən üçüncü şəxs ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair hər hansı tələbinin olmadığını və gələcəkdə də olmayacağını, iddianın təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli məktubundan göstərilmişdir ki, 9-cu mikrorayon, C.Cabbarlı küçəsi ünvanında torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin xidmət sahəsinə aid kommunikasiya xətlərinin, su anbarı və nasos stansiyalarının mühafizə zonasında yerləşmir. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (139-1.1.1). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (8.0.1.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, iddiaçı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 273 saylı qərarına əsasən alqı-satqı yolu ilə ona ayrılan torpaq sahəsi və üzərində inşa etdiyi fərdi yaşayış evinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istəyir. Cavabdehin imtinasının əsası ondan ibarət olmuşdur ki, torpaq sahəsinin yerləşmə cizgisində dəqiq istinadlar, perimetrik ölçülər qeyd olunmamış, yerləşmə cizgisində bələdiyyə qərarına istinad olunmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə dövlət mülkiyyəti torpaqlarına aiddir. Torpaq sahəsinin bir hissəsi (62 m²) su xəttinin mühafizəsində yerləşir. Torpaq sahəsinin ölçüsündə 50 m² azalma var. İddia olunan ərazinin bir hissəsinə (36 kv.m) bələdiyyə sənədi ilə digər şəxsin - X1 müraciəti daxil olmuşdur. Fərdi yaşayış evinə münasibətdə isə müayinə aktına əsasən evin daxilində cüzi ölçü fərqləri vardır. Həmçinin layihədə mansard mərtəbəsində göstərilən köməkçi sahələrdən biri hola qatılmış, arakəsmə divarı mövcud deyildir. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilmişdir ki, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələsi bələdiyyələrin iclaslarında həll edilir (144.İ. 6). Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir (145.İ). Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (145. İİ.). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək bələdiyyələrin səalhiyyətlərinə aiddir (4.0.1). Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur (6.2). Göründüyü kimi Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 273 saylı qərarı və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialında mövcuddur və sorğu əsasında məhkəməyə təqdim edilmişdir. Beləliklə, iddiaçının tələbinin əsasını təşkil edən sənəd mötəbərdir. İlk öncə qeyd edilməlidir ki, cavabdehin iddiaçının tələbindən imtina əsasları onun tələbinin təmin edilməməsi üçün əsas deyildir. Belə ki, torpaq sahəsinin yerləşmə cizgisində dəqiq istinadlar, perimetrik ölçülərin qeyd olunmaması və yerləşmə cizgisində bələdiyyə qərarına istinad olunmaması müvafiq orqanın səlahiyyətləri daxilində həll etməli olduğu məsələlərdir və bunda iddiaçının heç bir təqsiri olmadığı üçün həmin hallar onun ziyanına şərh edilə bilməz. Digər tərəfdən, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin məhkəmə sorğusuna cavab məktubunda müvafiq bələdiyyə qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2000ci il tarixli, 812 saylı sərəncamına əsasən M.Ə.Rəsulzadə bələdiyyəsinə ayrılmış ərazinin hüdudları daxilində yerləşməsi göstərilmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsi bələdiyyə ərazisi daxilində yerləşir və həmin sahənin dövlət mülkiyyətində olması barədə cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, cavabdeh torpaq sahəsinin bir hissəsinin (62 m²) su xəttinin mühafizəsində yerləşdiyini bildirsə də, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin müvafiq məktubunda mübahisəli torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin xidmət sahəsinə aid kommunikasiya xətlərinin, su anbarı və nasos stansiyalarının mühafizə zonasında yerləşmədiyi bildirilmişdir. Bunun əksi isə cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Cavabdeh, iddia olunan torpaq sahəsinin ölçüsündə 50 m² azalma olduğunu bildirsə də, iddia tələbi iddiaçı tərəfindən dəqiqləşdirilərək 760 kv.m yox, 710 kv.m olaraq qeyd edilmiş və həmin ölçüdə torpaq sahəsi üzərində iddiaçı mülkiyyət hüquqlarının qeydə alınmasını xahiş etmişdir. Cavabdehin digər bir imtina əsası isə iddia olunan ərazinin bir hissəsinə (36 kv.m) bələdiyyə sənədi ilə digər şəxsin - X1 müraciətinin daxil olması ilə bağlıdır ki, həmin şəxs də məhkəmə tərəfindən üçüncü şəxs kimi cəlb edilmişdir. Məhkəməyə təqdim edilən üçüncü şəxs tərəfindən verilən notarial qaydada təsdiq edilmiş xx.xx.2025-ci il tarixli yazılı ərizəyə əsasən üçüncü şəxs ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair hər hansı tələbinin olmadığını və gələcəkdə də olmayacağını, iddianın təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Həmçinin, sonuncu imtina əsasına münasibət bildirilməlidir ki, fərdi yaşayış evinin aşkar edilmiş ölçü fərqləri cüzi xarakter daşıyır və evin ümumi konstruktiv təhlükəsizliyinə, funksional təyinatına və yaşayış üçün yararlılığına təsir etmir. Eləcə də, mansard mərtəbəsində köməkçi sahənin hola birləşdirilməsi tikilinin təyinatını dəyişdirmir, şəhərsalma və tikinti normalarının kobud pozuntusu kimi qiymətləndirilə bilməz və sonradan aradan qaldırıla bilən texniki xarakterli dəyişiklikdir. Bu cür fərqlər fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. Göründüyü kimi mübahisəli torpaq sahəsi qanuni əsaslarla iddiaçıya ayrılmış və üzərində inşa etdiyi fərdi yaşayış evi ilə birlikdə uzun illər iddiaçının qanuni sahibliyində və mübahisəsiz istifadəsində olmuşdur. Daşınmaz əmlaka hər hansı digər şəxsin müraciəti yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki,hamı qanun və inzibati orqan qarşısında bərabərdir (12.1.). İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (12.2.). İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır (12.3.). İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir (12.4.). İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.1.). İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (13.2.). Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.3.). İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur (13.4.). Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz (13.5.). Məhkəmə sorğusu əsasında iddiaçının torpaq sahələri ilə qonşuluqda yerləşən torpaq sahələri və həmin torpaq sahələri üzərində yerləşən tikililərə dair dövlət qeydiyyatı üçün əsas olan sənədlər məhkəməyə göndərilmişdir. Həmin sənədlərdən görünür ki, iddiaçının torpaq sahəsi ilə qonşuluqda yerləşən ərazilərdə bir neçə şəxsə Bakı şəhəri, M.Ə.Rəsulzadə Bələdiyyəsinin qərarı ilə torpaq sahələri ayrılmış və həmin qərarlar əsasında həmin şəxslərin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından imtina olunmuşdur. İddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş bərabərlik və etimad prinsipləri əsas götürülməklə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasında imtina üçün cavabdehin göstərdikləri səbəblər əsaslı hesab edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasında imtina üçün hər hansı əsas mövcud deyildir. Fərdi yaşayış evinə gəldikdə isə qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçıya bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən tərtib edilmiş plan-cizgidən görünür ki, həmin vaxt artıq torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdi. Eyni zamanda fərdi evin memarlıq-planlaşdırma bölməsindən də görünür ki, evin hündürlüyü 12 metrdən azdır. Belə olan halda həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə keçməsi avtomatik olaraq həmin fərdi ev üzərində də onun mülkiyyət hüququnun qeydə alınması üçün əsas yaratmış olur. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 710 kv.m torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 710 kv.m torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrı və Reyestri publik hüquqi şəxsinə) həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar