Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1518/2024 25.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Maştağa bələdiyyəsinə qarşı “zərərin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Maştağa bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2007-ci il tarixi icarə müqaviləsinə əsasən ona Ləhiş bağlar Massivində ayrılmış 12 sot torpaq sahəsində tikilmiş evin sökülməsi nəticəsində dəymiş 50.000 (əlli min) manat ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2007-ci il tarixi İcarə Müqaviləsinə əsasən ona Ləhiş bağlar Massivində 12 sot torpaq sahəsi xx.xx.2017-ci il tarixə qədər icarəyə verilmişdir. Həmin torpaq sahəsində iki mərtəbə və mansarddan ibarət fərdi yaşayış evi tikərək, ümumilikdə 50.000 (əlli min) manata yaxıın pul xərcləmişdir. Fərdi yaşayış evi tikib başa çatdırdıqdan sonra məlum olmuşdur ki, Maştağa Bələdiyyəsi tərəfindən ona ayrılmış 0,12 ha torpaq sahəsi keçmiş X9 və X11 bağlar sahəsindəki 25 nömrəli Kooperativ tərəfindən 47 saylı orderlə xx.xx.1992-ci il tarixdə X5 verilmişdir. X7 ona qarşi iddia qaldıraraq qanunsuz tikilmiş fərdi yaşayiş evinin sökülməsini tələb etmiş və Sabunçu rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə iddiaçının iddia tələbi təmin edilmiş və onun tərəfindən inşa edilmiş fərdi yaşayış evindən çıxarılmaqla, həmin evin sökülməsini qət edilmişdir. Məhkəmənin adıçəkilən qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilmiş, inşa elədiyi evdən çıxarılmaqla həmin ev sökülərək tamamilə yarasız hala salınmışdır. Ona dəymiş ziyana səbəb Maştağa Bələdiyyəsi tərəfindən fərdi evin tikintisi üçün qeyd olunan ünvanda qanunsuz olaraq icarə hüququ əsasında torpaq sahəsinin ayrılması olmuşdur. Bu səbəbdən hesab edir ki, ona dəymiş ziyan Bələdiyyə tərəfindən tam ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq xx.xx.2022-ci il tarixdə o cavabdeh təşkilata məktub ilə müraciət edərək, Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2007-ci il tarixi İcarə Müqaviləsinə əsasən ona Ləhiş bağlar Massivində ayrılmış 12 sot torpaq sahəsində tikilmiş evin sökülməsi nəticəsində dəymiş 50.000 (əlli min) manatın ziyanın ödənilməsini tələb etmişdir. Lakin cabdeh təşkilat xx.xx.2022-ci il tarixli 108 saylı cavab məktubunda Maştağa Bələdiyyəsi ona, əmlakına hər-hansi bir ziyan (zərər) vuramamışdır. Sözügedən torpaq sahəsi məhz bağçılıqla məşğul olmaq məqsədi ilə ona 10 il müddətinə icarəyə verilmiş, orda hər-hansi sənədsiz (qanunsuz) yaşayış evi və ya qeyri-yaşayış tikilinin tikilməsinə (inşasına) bələdiyyə tərəfindən ona icazə (səlahiyyət) verilmədiyini bildirərək, ona dəymiş ziyanın ödənilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Maştağa bələdiyyəsi tərəfindən xx.xx.2023cü il tarixdə iddia tələbinə yazılı münasibətdə bildirilmişdir ki, xx.xx.2007-ci il tarixdə 66 saylı müqavilə sənədinə əsasən İddiaçı adına 10 il müddətinə, 1200 kv.m torpaq sahəsində bağçılıqla məşğul olmaq məqsədilə Nardaran qəsəbəsinin inzibati əraziləri hüdudlarında olan “Ləəc" bağlar massivində orada bələdiyyə olmadığından Maştağa Bələdiyyəsində sənədləşmə işi aparılmışdır. İddiaçı həmin torpaq sahəsini Nardaran qəsəbə sakini X1 alaraq onun vasitəsilə də bütün işləri aparmışdır. Bundan sonra X8 adlı vətəndaş iddia ilə məhkəməyə müraciət edərək torpaq sahəsinin ona məxsus olduğu üçün həmin sahəni zəbt etmiş İddiaçı inşa etdiyi tikilini sökərək oranı müvafiq qanunauyğun qayda da iddiasına müvəffəq olmuşdur. Bununla əlaqədar vətəndaş İddiaçı polis, prokurorluq, icra hakimiyyəti, məhkəmə və digər əşkilatlara müraciət etmişdir. Belə ki, İddiaçı 2014-cü il tarixdə eyni məzmunlu ərizə ilə sabiq 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə cavabdehlərin qanunsuz əməlləri nəticəsində ona yetirilmiş xüsusilə külli miqdarda - 46830 manat məbləğində ziyan və 100000 manat məbləğində mənəvi ziyanı cavabdehlər (Sabunçu rayon Maştağa Bələdiyyəsi və Sabunçu rayon İcra Şöbəsi) tutularaq ona ödənilməsi, sökülmüş bağ evin həmin “Ləəc" bağ massivində bərpa edib darvazanı yerinə quraşdıraraq ona təhvil verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin məhkəmə xx.xx.2014-cü il tarixdə 2-1(82)- 3707/2014 saylı həmin inzibati iş üzrə iddianın mümükün sayılmaması barədə müvafiq Qərardad qəbul etmişdir. İddiaçı həmin vaxt sabiq bələdiyyə sədri mərhum İlqar Qurbanovdan da şikayət etmişdir. Şikayətlərində göstərmişdir ki, güya ondan pulu mərhum İlqar Qurbanov almışdır. Göstərdiyi bütün faktlar Prokurorluq və Polis orqanlarından ətraflı araşdırılaraq cinayət faktı aşkar edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3. maddəsində təsbit olunmuşdur ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətanaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirmir və yenidən sübut edilmir. İddiaçı Sabunçu rayon Məhkəməsinə verdiyi hazırki iddia 2014-cü ildə sabiq 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə, 2017-ci ilin sentyabr - oktyabr aylarında Sabunçu rayon Məhkəməsinə verdiyi iddia və 2020-ci ildə 2-1(112)4907/2025 saylı işlə Bakı İnzibati Məhkəməsi ilə eyni məzmunludur. Hər dəfə cavabdehləri tam və ya qismən dəyişdirmiş və həmçinin ziyanın miqdarını dəyişdirməklə iddia ərizələrini Məhkəmələrə təqdim etmişdir. Onun iddiaları əsassız olduğundan məhkəmələrdə təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 261.4. maddəsində təsbit edilmişdir ki, “İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir". Azərbaycan Respublikasının mülki Məcəlləsinin 1096-cı maddəsində göstərilir ki, "Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəktsizlikdir). Qanuna əsasən ayrı qayda nəzərdə tutulmadıqda və ondan ayrı qayda irəli gəlmədikdə dəymiş ziyanın əvəzini ödəmək vəzifəsi qoyula bilməz. Bu maddələri qeyd etməklə bildiririk ki, Maştağa Bələdiyyəsi birbaşa və ya hər hansı digər dolayı formada zərər vurmamışdır. Ona görə də iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixli torpaq icarəsi müqaviləsindən görünür ki, icarəyə verən Bakı şəhəri Sabunçu rayonu Maştağa bələdiyyəsi Ləhic bağ massivində yerləşən ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsini İddiaçı icarəyə verir. İcarəyə verilmiş torpaq sahəsinin təyinatı bağçılıq, müqavilə üzrə illik icarə haqqı 60 manat təşkil edir. İcarə müqaviləsi xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər müddətə bağlanır. İş materiallarına əlavə edilmiş Sabunçu rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(008)-064/2013 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, iddiaçı X3 istifadəsində 47 nömrəli order əsasında verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0.12 ha torpaq sahəsi olan 5835 saylı bağ sahəsində inşa edilmiş fərdi yaşayış evindən cavabdeh İddiaçı çıxarılması və İddiaçı tərəfindən özbaşına tikilən fərdi yaşayış evi cavabdehin hesabına sökülməsi qərara alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli, **********76 nömrəli məktubla göndərilmiş torpaq sahəsinin texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, baxış zamanı iddiaçı mişar daşı ilə hasar daxilində olan, darvazası açıq olan (darvazanın 1 qapısı sınıq olan) bağ sahəsini göstərib. Göstərilən yer 5841 saylı Ləhiş bağ sahəsi olmaqla **********46 reyestr nömrəsi ilə qeydiyyatdan keçib. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-35-1/2-1903/2024 nömrəli Sabunçu rayonu, Maştağa bələdiyyəsinin xx.xx.2007-ci il tarixli müraciət məktubu və həmin məktuba cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2007-ci il tarixli 18/03-8/5931 nömrəli məktubunun təsdiq edilmiş surətindən görünür ki, Vət. İddiaçı torpaq sahəsinin ayrılması barədə müraciətiniz Memarlıq və şəhərsalma baş idarəsində araşdırılmışdır. Qeyd olunan sahə bələdiyyənin ərazisinə aid olmadığından xahişinizi yerinə yetirmək mümkün deyil. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli, **********81 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 66 nömrəli qərarı ilə İddiaçı adına Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi 1200 kv.m ölçülü torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənəd idarənin arxivində aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının xx.xx.2024-cü il tarixli, 3-48-2F/2-1349/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Sabunçu Rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 66 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Lakin Sabunçu Rayonu Maştağa Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2007-ci il tarixli 66 saylı protokolu Dövlət Arxivinin Bakı filialında mövcuddur. Həmin protokolda İddiaçı torpaq sahəsi ayrılması barədə heç bir məlumat yoxdur. Odur ki, məlumat üçün həmin protokolun təsdiq edilmiş kserosurəti 6 (altı) vərəqdən ibarət Sizə təqdim edilir. Protokola cizgi sxem, alqı-satqı aktı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyləri əlavə edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 3-21- 3-60/2-1527/2024 nömrəli məktubunda bildirilmişdir ki, Mərkəzin arxivində aparılmış araşdırma zamanı Sabunçu rayonu Maştağa bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 66 nömrəli Qərarı ilə İddiaçı 1200 kv.m torpaq sahəsinin ayrılmasına dair məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Sabunçu rayonu Maştağa bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 103 nömrəli məktubunda qeyd edilmişdir ki, Aparılan araşdırma zamanı konkret olaraq İddiaçı bağçılıqla məşğul olmaq məqsədilə 1200 kv.m. həcmində olan torpaq sahəsinin ayrılması barədə hər-hansı bələdiyyə qərarın (inzibati aktın) olması aşkar edilməmişdir. Bununla belə nəzərinizə çatdırırıq ki, xx.xx.2007-ci il tarixli bağçılıqla məşğul olmaq məqsədilə Torpaq icarəsi müqaviləsinin tələblərinə zidd olaraq iddaçı İddiaçı həmin yerdə qeyri-qanuni olaraq fərdi yaşayış evi tikmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bələdiyyələrlə İş Baş İdarəsinin xx.xx.2024cü il tarixli 3-16/2-12609/2024 nömrəli məktubda qeyd edilmişdir ki, Sabunçu rayonu Maştağa bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 66 saylı qərarı Bələdiyyələrlə iş baş idarəsində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınsa da, həmin qərarda Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 1200 kv.m ölçülü torpaq sahəsinin X12 ayrılması barədə məsələ göstərilməmişdir. Bakı şəhəri Sabunçu rayonu Maştağa bələdiyyəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 101 nömrəli məktubunda bildirilmişdir ki, müraciətə əsasən Maştağa Bələdiyyəsi 17 iyul 2007-ci il tarixdə 66 saylı müqaviləyə əsasən Ləhic bağlar massivində bağçılıqla məşğul olmaq məqsədilə 1200 kv.m torpaq sahəsi 10 il müddətinə Sizə icarəyə verilmişdir. Nəzərinizə çatdırırıq kı, 2014-cü ildə eyni məzmunlu ərizəsilə sizə yazılı cavab verilmişdir Odur kı, aidiyyəti üzrə Siz də 2 saylı Bakı İnzıbati İqtisad Məhkəməsinə iddia ərizəsilə müraciət etmişdir 25 dekabr 2014-cü il tarixli Məhkəmə Qərarları ilə iddianız mümkün sayılmamışdır. Bunları sonra eyni məzmunlu iddia ərizəsilə aidiyyəti üzrə ümumi məhkəməyə Sabunçu rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 29 yanvar 2018-ci ıl tarixli Qətnaməsi ilə Sizin cavahdehlər X10 və X6 qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. Həmin qərardan Apellyasıvaya şikayət verdiyim üçün 16 yanvar 2019-cu il tarixdə Apellyasiya İnstansiyası Məhkəməsi birinci instansiya Məhkəməsinin 2(008)-452/2018 saylı iş üzrə qətnaməsini dəvişdirilmədən saxlanılması barədə Qətnamə qəbul etmişdir. Qəbul edilmiş məhkəmə qərarları qanuni qüvvəyə minmişlər. Bildiririk ki, X13 əmlakını/a hər hansı bir ziyan (zərər) vurmamışdır. Belə ki, yuxarıda göstərildiyi kimi sözügedən torpaq sahəsi məhz bağçılıqla məşğul olmaq məqsədilə Sizə 10 il müddətinə icarəyə verilmişdir. Orda hər hansı sənədsiz (qanunsuz) yaşayış evi və ya qeyri-yaşayış tikilinin tikilməsinə (inşasına) bələdiyyə tərəfindən Sizə icazə (səlahiyyət) verilməmişdir. Odur ki, Sizə vurulmuş maddi ziyan (zərərlə) bağlı ödənişlər edilməsinə borclu deyilik. Ona görə də ərizənizin müsbət həll edilməsi mümkün deyildir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia inzibati orqanın hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. İşin yuxarıda sadalanan hallarından görünür ki, iddiaçı Maştağa Bələdiyyəsinin xx.xx.2007-ci il tarixi icarə müqaviləsinə əsasən istifadəsinə verilmiş Ləhiş bağlar Massivində 0.12 ha torpaq sahəsində tikdiyi evin sökülməsi nəticəsində dəymiş zərərin ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddia qaldırmaq imkanı Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ abzasında, eləcə də “İnzibati icraat haqqında” Qanunda aydın şəkildə təsbit olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Beləliklə, hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, qanunvericiliyin normalarını pozan əməl hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayıla bilər: -törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; -törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; -ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Beləliklə, müəyyən olunur ki, məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Hazırkı işdən görünür ki, Sabunçu rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(008)-064/2013 saylı qətnaməsinə əsasən iddiaçı X3 47 nömrəli order əsasında ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0.12 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evindən İddiaçı çıxarılması və həmi evin İddiaçı hesabına sökülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvvəsini almış, qətnamə ürə tələblər icra icraatında icra olunmuş, sözügedən ev sökülmüşdür. İddiaçının hazırkı cavabeh qismində qoyduğu Maştağa Bələdiyyəsindən zərərin ödənilməsi tələbinin əsasında Maştağa Bələdiyyəsi ilə bağlanmış xx.xx.2007-ci il tarixli torpaq icarəsi müqaviləsi çıxış edir. İş materialarından görünür ki, Maştağa Bələdiyyəsi ilə bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsinin nüsxəsi arxivə təhvil verilməmiş, həmin müqavilədə adıçəkilən 17.7.2007-ci il tarixli 66 saylı bələdiyyə qərarı dövlət arxivinə təhvil verilməmişdir. Dövlət arxivində, Bələdiyyələrlə İş mərkəzində qeydiyyatdan keçən eyni tarixli protokolda isə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 1200 kv.m ölçülü torpaq sahəsinin X12 ayrılması barədə məsələ öz əksini tapmamışdır. Bundan əlavə qeyd edilməlidir ki, iş üzrə torpaq sahəsinin bağlar massivi olduğu, torpaq ayrılarkən Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin hələ xx.xx.2007-ci il tarixdə sahənin bələdiyyənin ərazisinə aid olmadığı və bu baxımdan torpaq sahəsinin ayrılması barədə müraciətə müsbət cavab verilmədiyi müəyyən olunmuşdur. Xüsusən qeyd edilməlidir ki, iddiaçının istinad etdiyi hüquqmüəyyənedici sənədxx.xx.2007-ci il tarixli torpaq icarə müqaviləsi adından göründüyü kimi torpaq sahəsindən əvəzli qaydada müvəqqəti istifadəni nəzərdə tutmuş, müavilədə torpaq sahəsinin yalnız bağçılıqla məşğul olmaq üçün ayrıldığı qeyd edilmişdir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Torpaq icarəsi haqqında” Qanunun 12-ci maddəsinə əsasən torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Beləliklə, sözügedən müqavilə əsasında iddiaçı torpaq sahəsindən əvəzli qaydada istifadə etmiş, torpaq sahəsi iddiaçının müvəqqəti sahiblik və istifadəsində olmuş, torpaq sahəsi iddiaçının bilavasitə mülkiyyətinə ayrılmamış və torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə ayrıldığı müəyyən olunmamışdır. Torpaq sahəsi üzərində icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Məhkəmə hesab edir ki, bələdiyyə ilə bağlanmış torpaq icarəsi müqaviləsi torpaq sahəsinin mülkiyyətə ayrılması barədə olmamaqla, fərdi yaşayış evinin tikintisi üçün deyil, yalnız bağçılıqla məşğul olmaq məqsədilə ayrıldığından, həmin məqsədə xidmət etməyən, eləcə də həmin torpaq sahəsində bələdiyyənin hər hansı icazə və səlahiyyəti olmadan iddiaçı tərəfindən fərdi yaşayış evi tikildiyindən və həmin tikilinin məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında icra icraatında söküldüyündən bununla da fərdi evin sökülməsi nəticəsində cavabdehin hərəkətləri ilə bilavasitə iddaçıya zərər vurulması halı, eləcə də cavabdehin hərəkərləri ilə tələb edilən zərər arasında səbəbli əlaqə mövcud deyildir. İddiaçının bu halda torpaq sahəsinin onun istifadəsində olduğu müddətdə ödədiyi icarə haqqı və digər ödənişlərin cavabdehdən tələb etmək hüququ yaranmış olsa belə hazırkı iddiasında iddiaçının tələbi qeyd edilən ödənişlərin geri ödənilməsi deyil, yalnız fərdi evin sökülməsi ilə dəymiş zərərin ödənilməsindən ibarət olmuşdur. İş üzrə isə bələdiyyənin hərəkətləri ilə isə qeyd edilən kontekstdə iddiaçıya zərər vurduğu bilavasitə öz təsdiqini tapmamışdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia olunan əmlakla bağlı cavabdeh tərəfindən bilavasitə iddiaçıya zərər vurulduğunu təsdiq edən sübutlar təqdim edilmədiyindən iddiaçının cavabdeh qismində qoyduğu inzibati orqandan zərərin ödənilməsi tələbinin təmini üçün də hüquqi v faktiki əsaslar mövcud deyildir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Maştağa bələdiyyəsinə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-1518/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1518/2024
25.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver