Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-15186/2024 13.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra – İddiaçı) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin **********166550 nömrəli xx.xx.2024-cü il tarixli Səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, cavabdehin xx.xx.2022-ci il tarixli **********166471 saylı “Səyyar vergi yoxlaması keçirilməsi haqqında” qərarına əsasən “X2” MMC üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama dekabr 2019- noyabr 2022-ci illəri əhatə etmişdir. Yoxlamanın nəticəsi olaraq cəmiyyətin barəsində **********166550 nömrəli xx.xx.2024-cü il tarixli “Səyyar vergi yoxlaması” haqqında akt tərtib etmişdir. Həmin akta əsasən 916 916.5 manat əlavə vergi hesablanılmış, 458 498.26 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan səyyar vergi yoxlaması aktı çoxsaylı maddı və prosesual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdehin xx.xx.2022-ci il tarixli **********166471 saylı “Səyyar vergi yoxlaması keçirilməsi haqqında” qərarına əsasən “X2” MMC üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən səyyar vergi yoxlaması təyin edilmişdir. Növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi əsası kimi qeyd edilmişdir ki, “Vergi orqanlarında mövcud uçot-baza məlumatlarına əsasən bəyan edilmiş iqtisadi məlumatların bazarda bərabər iqtisadi göstəriciyə malik olan, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, istehsalı, işlərin görülməsi və xidmətlərin göstərilməsi fəaliyyətini göstərən analoji vergi ödəyiciləri ilə müqayisədə daha az olması; risk(lər)in təsviri - Vergi orqanlarında mövcud uçot-baza məlumatlarına əsasən 2019-cu ildə xərclər çıxılmaqla əldə edilmiş 234387,43 manat mənfəət, bərabər iqtisadi göstəriciyə malik olan, eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi fəaliyyətini göstərən digər analoji vergi ödəyicilərinin bəyan etdiyi mənfəət göstəricilərindən daha az olduğu müəyyən edilmişdir.) Qeyd olunan mövqe səyyar vergi yoxlamasının özündə təkzib olunmuşdur. Beləki, aktın 10-cü səhifəsində qeyd olunur ki, VM-nin 67.2-ci maddəsinə əsasən analoji fəaliyyət ilə məşğul olan vergi ödəyicilərinin müəyyənləşdirilməsi barədə müvafiq idarəyə xx.xx.2023-cü il tarixli **********383600 nömrəli məktub ilə müraciət edilmiş və həmin idarənin xx.xx.2023cü il tarixli **********76300 saylı məktubuna əsasən analoji fəaliyyət ilə məşğul olan vergi ödəyicisinin müəyyən edilmədiyi bildirilmişdir. Yəni ki, inzibati orqan tərəfindən özü özünü təkzib etməklə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi əsasları şübhə altına alınmışdır. Digər tərəfdən isə yalnız 2019-cü il üzrə mənfəətin digər vergi ödəyicilərinə nisbətdə az göstərilməsi iddia olunsa da, qərarda nəzərdə tutulmayan 2020 və 2021-ci illərin mənfəət vergisi, həmçinin digər tədiyyələr üzrə də yoxlama aparılmışdır ki, bu da maddənin tələbinə və mövcud məhkəmə təcrübəsinə ziddir. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-1801/2024 saylı qərarında qeyd edilmişdir ki, “46. Yəni, əgər inzibati orqan mənfəətin (gəlirin) gizlədilməsi ilə bağlı mənbəyi bəlli olan məlumat əsasında növbədənkənar səyyar vergi yoxlaması təyin edibsə, birmənalı olaraq yalnız konkret vergitutma obyektinin gizlədilmiş dövrü üzrə mənfəət (gəlir) vergisi yoxlanıla bilər”. İş materialları ilə müəyyən olunur ki, cavabdehin xx.xx.2023-cü il tarixli qərarına əsasən yoxlama müddəti 30 gün müddətinə uzadılmışdır. Lakin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, qeyd olunan qərar reyestrdə 4 gün sonra xx.xx.2024-cü il tarixində qeydiyyata alınmışdır. İş materialları ilə müəyyən olunur ki, cavabdehin xx.xx.2024-cü il tarixli qərarına “Səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddətinin uzadılması haqqında” qərar qəbul edilmiş və aktın tərtibi müddəti 30 gün uzadılmışdır. Qeyd olunan qərar ekspertizanın keçirilməsi və mütəxəssis tərəfindən rəy verilməsi zərurəti ilə əsaslandırılmışdır. Göründüyü kimi, həmin qərara əsasən faktiki oaraq yoxlama aparılmışdır. Lakin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, qeyd olunan qərar reyestrdə ümumiyyətlə qeydiyyata alınmışdır. Nəzərə alınmalıdır ki, yoxlama xx.xx.2022-ci il tarixdə başlanmışdır. Yoxlama müddətində cavabdeh 13 dəfə yoxlamanın dayandırılması barədə, 2 dəfə yoxlama müddətinin uzadılması barədə, 1 dəfə isə (05.02.202ü-cü il tarixdə) aktın tərtibi müddətinin uzadılması, 1 dəfə isə əlavə yoxlama tədbirlərinin keçirilməsi haqqında(xx.xx.2024-cü il tarixli) barədə qərarlar qəbul etmişdir. Yoxlama müddətinin uzadılması, yoxlamanın dayandırılması və əlavə yoxlama tədbirlərinin keçirilməsi haqqında barədə qərarlar Reyestrə daxil edilsə də, aktın tərtibi müddətinin uzadılması barədə qərar Reyestrə daxil edilməmişdir. Səyyar vergi yoxlaması aktına əsasən müəyyən olunur ki, təqdim edilmiş sənədlər əsasında müəssisənin gəlirləri dəqiqləşdirilmiş, ikili mövqe nümayiş etdirilərək, həmin sənədlər gəlirin əldə olunması ilə bağlı xərc kimi qəbul edilməmişdir. Beləki, mal, iş və xidmətlərin əldə olunması ilə bağlı 2019-cu il ərzində e-qf üzrə 12 369 588.87 manat, dəyərində, 2020-ci il ərzində e-qf üzrə 10 411 634.24 manat dəyərində, 2021-ci il ərzində isə e-qf üzrə 3.130.135,02 manat dəyərində mal, iş və xidmətlər əldə etmişdir. Qeyd olunanlarla bağlı olaraq bildiririk ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş xərc sənədləri mövcud olduğu halda və sorğulara cavab olaraq müvafiq izahatlar verildiyi halda şərti rentabellik tətbiq edilməklə mənfəət vergisinin hesablanılması qanunverciliyə ziddir. Cavabdeh tərəfindən iddia tələbinə yazılı münasibət təqdim olunmuşdur. Etiraza əsasən, iddiaçı tərəfindən qeyd olunan aktın mübahisələndirilməsi qanunvericiliyin tələblərinə ziddir. Çünki sözügedən akt inzibati akt hesab edilmir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” İşdən görünür ki, iddiaçının hazırki mübahisələndirdiyi məsələ cavabdeh tərəfindən qəbul edlmiş **********166550 nömrəli xx.xx.2024-cü il tarixli Səyyar vergi yoxlaması aktının etibarsız hesab edilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Vergi Məcəlləsinin 38, 39 və 49-cu maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlaması aktı özü-özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul edir. Göründüyü kimi, səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirildiyi akt hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir (başqa sözlə, hüquqi nəticə yaratmır), vergi məsuliyyətinin yaranması üçün vergi orqanının rəhbərinin (rəhbərin müavini) bu barədə qərarı tələb olunur. Vergi Məcəlləsinin 49-cu maddəsində isə vergi orqanının rəhbərinə (rəhbərin müavini) həm məsuliyyətə cəlbetmə, həm də məsuliyyətə cəlbetməmə barədə, həm də həmin maddədə nəzərdə tutulan digər qərarlardan birini qəbul etmə imkanı verilir. Belə olan halda isə, yalnız vergi orqanının rəhbərinin (rəhbərin müavini) vergi ödəyicisini vergi məsuliyyətinə cəlb etmə barədə qərarı ilə vergi ödəyicisi vergi məsuliyyətinə cəlb edilə bilər ki, bu da onu deməyə əsas verir ki, məhz həmin qərar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmış olur. Qeyd edilənlərə əsasən, istər növbəti, istərsə də növbədənkənar səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirildiyi akt vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadığından inzibati akt hesab edilmir və inzibati məhkəmə icraatında müstəqil surətdə mübahisələndirilə bilməz. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №e-2-1(112)-15186/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-15186/2024
13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver