Məhkəmə qərarları › İş №e-2-1(112)-15194/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-15194/2025

18.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-15194/2025 18.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi üzərində hüquqların qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar bağ massivi A-10, B-9 saylı, 0.1 ha torpaq sahəsinin və üzərində yerləşən 143.8 kv.m fərdi yaşayış evinin onun adına xüsusi mülkiyyət hüququ ilə dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən ünvan kimi – “Səbail rayonu, M.Hüseyn döngəsi 1, ev 3, mənzil 15” ünvanı, ***-***-**-** mobil əlaqə nömrəsi qeyd edilmişdir. İş üzrə məhkəmə tərəfindən xx.xx.2025, xx.xx.2025, xx.xx.2026-cı il tarixlərinə məhkəmə hazırlıq iclasları təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçının iddia ərizəsində göstərilən ünvana məhkəmə bildirişi göndərilmiş, həmçinin iddiaçının iddia ərizəsində qeyd etdiyi mobil nömrəyə “SMS” xəbərdarlıq göndərilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iddiaçı iştirak etmədiyindən məhkəmə iclası xx.xx.2025-ci il tarixə təxirə salınmış və məhkəmə tərəfindən iddiaçının elektron kabinetinə xx.xx.2025-ci il tarixdə məhkəmə icraatından yayınmanın nəticələri barədə hüquqi yardım məktubu ünvanlanmış, 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınacağı təqdirdə, iddianın geri götürülmüş sayılacağı barədə xəbərdarlıq edilmiş, həmçinin “AZEMİS” “Elektron məhkəmə” informasiya sistemi kabinetə yerləşdirilmiş və SMS xəbərdarlıq göndərilmişdir. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixində keçirilən iclasda iddiaçı iştirak etmədiyindən məhkəmə iclası xx.xx.2026-cı il tarixə təxirə salınmış və məhkəmə tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixdə məhkəmə icraatından yayınmanın nəticələri barədə hüquqi yardım məktubu ünvanlanmış, 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınacağı təqdirdə, iddianın geri götürülmüş sayılacağı barədə xəbərdarlıq edilmiş, həmçinin “AZEMİS” “Elektron məhkəmə” informasiya sistemi kabinetə yerləşdirilmiş və SMS xəbərdarlıq göndərilmişdir. Hüquqi yardım məktubunun qəbul edillməsinə dair xəbərnamə iş materiallarına əlavə edilmişdir. İPM-in 62.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarını şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. İPM-in 20.1-ci maddəsinə görə müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Qeyd olunan maddənin məzmunundan görünür ki, iddiaçının iddia tələbinin geri götürülmüş sayılmasını qanunvericilik məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq məhkəmə icraatından yayınması ilə şərtləndirir. “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır. Məhdudiyyətin mütənasibliyinə gəldikdə isə qeyd olunmalıdır ki, qanunverici bu meyarın tələblərini nəzərə alaraq iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Belə ki, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: - məhkəmənin iddiaçıdan konket olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); - tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; - tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); - tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Məhkəmənin bu meyarlara cavab verən tələbinin irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılır. İPM-in 20.3-cü maddəsinə əsasən məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra – MPM) müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Bundan başqa qeyd olunmalıdır ki, hazırkı iddia ərizəsi məhkəməyə elektron kabinet vasitəsi ilə verilmişdir. İnzibati Prosessual Məcəllənin 9-1.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İddiaçının (və vəkilinin) elektron kabineti var və məhkəmə tərəfindən aparılan bütün prosessual hərəkətlərdən (məhkəmə iclasının təyin edilməsi, təxirə salınması və s.) məlumatlı olur və imzalanan prosessual sənədlər iddiaçının elektron kabinetinə yüklənir. Bundan başqa iş materiallarından müəyyən edilir ki, iddiaçı inzibati icaatdan da yayınmış, hazırkı tələbi ilə bağlı cavabdehə müraciət etməmiş, məhkəmə göstərişinə əsasən də iddia ətləbinin predmeti olan daşınmaz əmlaka cavabdeh İdarənin mütəxəssisləri tərəfindən baxış keçirilməsinə şərait yaratmamışdır. Məhkəmə tərəfindən imzalanan iclasın vaxtı və yeri barədə məhkəmə bildirişlərində 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınacağı təqdirdə, iddianın geri götürülmüş sayılacağı barədə xəbərdarlığın məzmununu əks etdirən İPM-in 55.3-cü maddəsi qeyd edilmişdir. Məhkəmənin iddiaçını məcburi qaydada məhkəmə icraatına cəlb etmək kimi bir səlahiyyəti və vəzifəsi yoxdur. İddia tələbinin məhkəməyə verilməsi və müdafiə edilməsi dispozitivlik prinsipinə əsasən iddiaçının üzərinə düşür. Əks halda məhkəmə icraatının qeyri-müəyyən vaxta uzadılmasına, məhkəmə iclasının dəfələrlə təxirə salınmasına və icraatda iş yükünün əsassız artmasına səbəb olar. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığından, onun iddiası geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında İPM-in 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərarının 2-ci bəndində belə qənaətə gəlinmişdir ki, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Həmçinin, iddiaçıya izah olunur ki, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması onun yenidən məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prossesual Məcəllənin 55.3, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi üzərində hüquqların qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə təqdim edildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar