Məhkəmə qərarları › İş №e-2-1(112)-15260/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-15260/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-15260/2025 02.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclasının katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mövcud tikilmiş vəziyyətdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Parkovaya küçəsində yerləşən 3 saylı evin 5 saylı mənzili üzrə İddiaçı adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ barədə qeydiyyat aparılmasına və həmin mənzilə münasibətdə İddiaçı adına mülkiyyət hüququ barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş **********45-05101- 093010 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Parkovaya küçəsində yerləşən 3 saylı evin 5 saylı mənzili üzrə İddiaçı adına xüsusi mülkiyyət hüququ barədə qeydiyyat aparılmışdır. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin 341 nömrəli 14 noyabr 2022ci il tarixli sərəncamına əsasən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Parkovaya küçəsində yerləşən 3 saylı evin 5 saylı mənzilinin təsdiq olunmuş layihə əsasında yenidən qurulmasına razılıq verilmiş və mənzilin yenidən qurma layihəsi təsdiq edilmişdir. "xxxx" MMC tərəfindən 2022-ci ildə qeyd olunan mənzilin yenidən qurma layihəsi tərtib olunmuşdur və həmin layihə əsasında sözügedən mənzildə yenidən qurma işləri aparılmışdır. İddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən aidiyyəti sənədlər təqdim edilməklə, xx.xx.2025-ci il tarixli ərizə ilə cavabdehə müraciət olunaraq mövcud tikilmiş vəziyyətdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Parkovaya küçəsində yerləşən 3 saylı evin 5 saylı mənzili üzrə İddiaçı adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ barədə qeydiyyat aparılmasına və həmin mənzilə münasibətdə İddiaçı adına mülkiyyət hüququ barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən iddiaçının tələbinin yerinə yetirilməsindən əsassız olaraq imtina olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alsaq, cavabdehin imtinası qanuna ziddir və iddiaçının hüquqları pozulmuşdur.

3. Cavabdeh iddiaçının müraciətinə imtina məktubunda qeyd edilmişdir ki, mənzildə aparılmış yenidənqurma işləri ilə bağlı müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş qəbul komissiyasının aktı təqdim edilməmiş və təqdim edilmiş layihə müvafiq yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra - razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 26.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdınlmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, mənzildə aparılmış yenidənqurma işləri ilə bağlı müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş qəbul komissiyasının aktı təqdim edilməmiş və təqdim edilmiş layihə müvafiq yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmamışdır. Həmçinin iddiaçı tərəfindən mənzilə texniki baxış keçirmək və çöl-ölçmə işlərinin aparılması üçün şərait yaradılmamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 26.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1- ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edilir.

5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Park küçəsi, ev 3 mənzil 5 19,86 kv.m təşkil edir ki, xx.xx.2022-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır.

6. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının “Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Parkovaya küçəsində yerləşən 3 saylı evin İddiaçı məxsus 5 saylı mənzilin yenidən qurulmasına dair” xx.xx.2022-ci il tarixli 341 nömrəli sərəncamına əsasən: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Parkovaya küçəsində yerləşən 3 saylı evin 5 saylı mənzilin təsdiq olunmuş layihə əsasında yenidən qurulmasına razılıq verilsin. Mənzilin yenidən qurma layihəsi təsdiq edilsin. Tikinti işləri aparılarkən ərazinin sanitar təmizliyinə riayət edilsin.

7. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Park küçəsi, ev 3, 5 saylı mənzilin müayinə aktının təsdiq edilmiş surətləri təqdim edilmişdir.

8. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək, edən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

10. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

11. İddia tələbi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.

12. İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.

13. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

14. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

15. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

16. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd.

18. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. 26.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. 26.2. Qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir.

19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”

20. İddia tələbi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Parkovaya küçəsi, ev 3 ünvanında yerləşən və xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan 5 saylı mənzilin faktiki sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır.

21. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, mənzildə aparılmış yenidənqurma işləri ilə bağlı müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş qəbul komissiyasının aktı təqdim edilməmiş və təqdim edilmiş layihə müvafiq yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmamışdır.

22. Məhkəmə cavabdeh inzibati orqanın dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 341 nömrəli sərəncamında qeyd edilmişdir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Parkovaya küçəsində yerləşən 3 saylı evin 5 saylı mənzilin təsdiq olunmuş layihə əsasında yenidən qurulmasına razılıq verilsin, mənzilin yenidən qurma layihəsi təsdiq edilsin.

23. Göründüyü kimi Sabunçu rayon İcra Hakimiyyəti iddiaçının təqdim etdiyi layihə əsasında yenidənqurma işlərinin aparılmasına icazə vermişdir.

24. Cavabdehin etirazının digər dəlili - iddiaçı tərəfindən mənzilə texniki baxış keçirmək və çölölçmə işlərinin aparılması üçün şərait yaradılmamasıdır.

25. Bununla bağlı qeyd edilməlidir ki, məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş mənzilin müayinə (baxış) aktına əsasən mənzilin faktiki sahəsi 466.2 kv.m təşkil etməsi qeyd edilmişdir. Göründüyü kimi cavabdehin bu dəlili də əsassızdır.

26. Məhkəmə cavabdehin mənzildə aparılmış yenidənqurma işləri ilə bağlı müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş qəbul komissiyasının aktının təqdim edilməməsinə münasibətdə qeyd edir ki, Sabunçu Rayon İcra Hakimiyyəti iddiaçının təqdim etdiyi layihəni təsdiq etmiş, onun əsasında yenidən qurulma işlərinin aparılmasına icazə vermiş. Qəbul komissiyasının aktının cavabehə göndərilməməsi iddiaçının məsuliyyəti ilə əhatə olunmur.

27. Səlahiyyətli qurumun (inzibati orqanın) qərarı (sərəncamı) ilə mənzilin yenidən qurulmasına icazə verilmiş, həmin inzibati akt aparılmış inzibati icraatın nəticəsini əks etdirir (o cümlədən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə cavab verməsini), həmin akt qüvvədədir, ləğv edilməyib, geri çağırılmayıb. Həmin sərəncamın qəbul edilməsi ilə bağlı məsuliyyəti də məhz (buna səlahiyyətli olan) yerli icra hakimiyyəti (Sabunçu RİH) daşıyır. Belə olan təqdirdə, cavabdeh inzibati orqanın vəzifəsi isə (icra hakimiyyəti orqanlarının vahidliyi prinsipindən çıxış edərək) həmin sərəncam əsasında yaranmış hüququn qeydiyyatını aparmaqdır.

28. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.

29. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi: Xidmətin vəzifələri: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

30. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq.

31. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

32. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

33. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

34. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

36. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən və xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan mənzil üzərində mövcud vəziyyətdə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar