Məhkəmə qərarları › İş №e-2-1(112)-1532/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1532/2025

23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1532/2025 23.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdı̇ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh vergi orqanının xx.xx.2024-cü il tarixli, **********006500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi və həmin qərar əsasında “təsdiqlənməmiş azalma” xanasında qeyd olunmuş 15043,48 manat məbləğin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh vergi orqanının xx.xx.2024-cü il tarixli, **********006500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən fərdi sahibkar İddiaçı (VÖEN:**********) kameral vergi yoxlaması ilə 2021-ci ilin gəlir vergisi üzrə 35058,90 manat əlavə vergi məbləği hesablanmışdır. Həmçinin vergi orqanı tərəfindən şəxsi hesab vərəqəsinin “təsdiqlənməmiş azalma” xanasında qanunsuz olaraq 15043,48 manat əks olunmuşdur. Hesablamanın əsası kimi, xərclərin bir hissəsinin (151 min 115 manat) qəbul edilməməsi olmuşdur. İddiaçı fərdi sahibkar kimi fəaliyyət göstərir və onun 2021-ci il üzrə də əsas fəaliyyəti elektrik-məişət mallarının satışından ibarət olmuşdur. 2021-ci il üzrə iddiaçı elektron qaimə-fakturalar ilə ümumulikdə 210.272,71 (210 min 272 manat) məbləğində mal təqdim etmişdir. Buna baxmayaraq, iddiaçı zəruri mal-materialların alınmasını “Sədərək” Ticarət Mərkəzindən və digər qeyri-rəsmi olan bu tipli yerlərdən həyata keçirmiş, bu səbəbdən də alınmış mal-materialların bir hissəsinə dair hər hansı rəsmi təsdiqedici sənədləri mövcud olmamışdır. Belə ki, iddiaçının qeyd olunan gəlirin əldə edilməsi ilə bağlı çəkdiyi 177102 (177 min 102 manat) xərclərin (şərti rentabellik norması tətbiq olunmaqla müəyyən edilmiş) 151.115 manat olan hissəsi (malların dəyəri üzrə) sənədlərlə təsdiq olunmadığından vergi orqanı tərəfindən qəbul edilməmişdir. Hesablanmış vergi məbləği həddindən artıq çoxdur və reallığı əsk etdirmir. Belə ki, alınmış malların alış sənədləri təqdim edilməsi mümkün olmasa da, faktiki olaraq həmin mallar alınmışdır və onların alınmasına xərc çəkilmişdir. Vergi ödəyicisinin müvafiq hesabat dövrü üzrə fəaliyyətində vergitutma obyektinin müəyyənləşdirilməsi məqsədilə təqdim edilmiş malların alınmasını təsdiqləyən xərc sənədlərinin olmadığı halda, cavabdeh gəlir (mənfəət) vergisini müvafiq əlaqəli məlumatlar, o cümlədən vergi ödəyicisinin gəlirləri barədə rəsmi məlumatlar əsasında, eləcə də onun gəlir və ya xərclərini müəyyən etmək mümkün olmadığı hallarda, müvafiq icra hakimiyyəti orqanı kimi Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydalar (şərti rentabellik norması) əsasında hesablamalı idi. Lakin vergi orqanı vergi ödəyicisinin xərclərini müəyyən etmək üçün mümkün vasitələrindən istifadə etməmişdir. Vergi ödəyicisinin xərclərini müəyyən etmək mümkün olmadığı hallarda gəlirin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli Qərarı təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na istinad etmək hüququnu təmin etməmişdir. Vergi orqanı iddiaçının gəlirlərini müəyyən etmək üçün qanunvericiliyin istinad edilən normalarının tələblərinə əməl etməmişdir. Vergi Məcəlləsinin müvafiq maddələrinin və Nazirlər Kabinetinin 55 saylı qərarının tələbinə uyğun olaraq şərti rentabellik norması tətbiq edilməklə müəyyən edilən dövriyyəyə uyğun olaraq 2021-ci ilin gəlir vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim edilmişdir. Lakin vergi orqanı qeyd olunan bəyannamə üzrə hesablamanı qəbul etməmişdir. Vahid məhkəmə təcrübəsini əks etdirən Ali Məhkəmənin 26 aprel 2023-cü il tarixli 2-1(102)- 586/2023 nömrəli qərarın 8-ci bəndində göstərilmişdir ki, “qanunvericilik vergi ödəyicisinin gəlirini birbaşa müəyyən etmək mümkün olmadıqda mənfəətin hesablanması qaydasını müəyyən etmiş, lakin cavabdeh vergi orqanı iddiaçının xeyrinə olan bu qaydanı tətbiq etməkdən imtina edərək, iddiaçının gəlirinə nisbətdə kəskin fərqlənən xərcini nəzərə almaqla mənfəət vergisi hesablayaraq əlverişsiz inzibati akt qəbul etmişdir”. Göründüyü kimi, artıq vergi ödəyicisinin xərc sənədləri olmadığı halda Nazirlər Kabinetinin qərarı ilə şərti rentabellik norması əsasında vergilərin hesablanması praktikası vahid məhkəmə təcrübəsində öz əksini tapmışdır. Təsdiqlənməmiş azalma ilə bağlı bildirilmişdir ki, şəxsi hesab vərəqəsinin aşağı hissəsində qanunsuz olaraq mövcud olan “təsdiqlənməmiş azalmalar” xanasında 15043,48 manat məbləği əks olunmuşdur. Vergi qanunvericiliyində “təsdiqlənməmiş azalma” ifadəsi yoxdur və vergi orqanınına təqdim olunan bəyannamələri qəbul etməmək kimi bir hüquq yalnız Vergi Məcəlləsinin 72.6-cı maddəsində sadalanan hallarda mümkündür. Həmin normanın ilk cümləsi isə digər hallarda vergi orqanı əməkdaşlarına hətta məsuliyyət müəyyən edir: Vergi orqanı tərəfindən vergi hesabatının onun barəsində kameral vergi yoxlaması aparıldıqdan sonra və ya hər hansı digər hərəkətlərin həyata keçirilməsi ilə qəbul edilməsinin şərtləndirilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Həmçinin, Vergi Məcəlləsinin 72.5-ci maddəsinin 2-ci cümləsinə görə, dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Göründüyü kimi, qanunverici imperativ şəkildə vergi ödəycisi tərəfindən təqdim olunan bəyannamənin 72.6-cı maddədə sadalanan hallar istisna olmaqla qəbul edilməli olduğunu müəyyən etmişdir. Vergi orqanı həmin bəyannamə göstəriciləri ilə razı olmadığı halda Vergi Məcəlləsinin 37.2-ci maddəsinə uyğun olaraq 30 və ya 60 iş günü ərzində araşdırma aparıb yenidən kameral qaydada hesablama həyata keçirə bilər. Lakin təqdim olunmuş bəyannamə üzrə yuxarıda, yəni “Vergilər üzrə vərəqə” hissəsində əks olunan məbləği öz daxili yanaşmalarına uyğun şəkildə şəxsi hesab vərəqəsinin aşağısında yerləşdirdikləri əsassız təsdiqlənməmiş azalma xanasına əlavə edə bilməzlər. Vergidən süni şəkildə yayınmanın qarşısını almaq məqsədilə olsa belə, həmin müddət Məcəllənin 37.2-ci maddəsi ilə müəyyən olunmuş müddəti aşa bilməz və mütləq şəkildə bəyannaməyə münasibət bildirilərkən həmin xanadakı məbləğ silinməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndə-vəkili məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək iddia tələbinin həcmini artırmış və Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********891900 “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarının da ləğv edilərək İddiaçı riskli vergi ödəyiciləri siyahısından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə qeyd olunan ərizə icraata qəbul edilmişdir. İddianın dəyişdirilməsinə dair ərizədə göstərilmişdir ki, İddiaçı (VÖEN: **********) xx.xx.2023-cü il tarixli, **********891900 “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1-ci, 2.1.3-cü və 3.1.1-ci yarımbəndlərinə əsasən riskli vergi ödəyicisi hesab olunmuşdur. İddiaçının riskli vergi ödəyicisi hesab edilməsinin əsası kimi qeyd olunan Meyarların 3.1.1-ci yarımbəndi qeyd olunmuşdur. Meyarların 3.1.1-ci bəndinə riskli əməliyyat kimi, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsinin aşkar edilməsi qeyd edilmişdir. Vergi orqanı bu qənaətə gələrkən qaydaların normalarını səhv tətbiq etmişdir. Belə ki, vergi orqanı vergi ödəyicisinin xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cəmi 311 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “plastik boru, led lampa" satışında qeyd olunsa da, elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən malların müəyyən edilməməsini əsas gətirərək istinad edilən normalara əsasən iddiaçını riskli vergi ödəyicisi hesab etmişdir. Göründüyü kimi, hazırkı işdə normada qeyd edilən hallar müəyyən edilmir. Qeyd edilən hal o zaman mövcud ola bilərdi ki, iddiaçının təqdim etdiyi elektron qaimə-fakturalarda satışında “plastik boru, led lampa " göstərilməsinə baxmayaraq, aldığı və ya idxal etdiyi mallar “plastik boru, led lampa " deyil, başqa mal olsun. Hazırkı işdə mövcud vəziyyətin yaranmasına səbəb, iddiaçının alışında (idxalında) ümumiyyətlə hər hansı malın göstərilməməsi olmuşdur. Buna səbəb isə, iddiaçının məhsul aldığı vergi ödəyicilərinin elektron qaimə təqdim etməmələri olmuşdur (aldığı mallar kənd təsərrüfatı malları olduğundan əksər hallarda həmin malların sənədlə alınması qeyri-mümkün olmuşdur.) İddiaçı hesab edir ki, bu əsasla vergi ödəycisinin fəaliyyətinin riskli hesab edilməsi əsassızdır. Həmin meyarların 2.1.3-cü maddəsinə əsasən idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Bununla bağlı bildirilmişdir ki, İddiaçı (VÖEN: **********) Səməd Vurğun küçəsi ev 73 ünvanında yerləşən (Təzə bazar) təsərrüfat subyekti (mağazası) **********-14001 kod ilə vergi orqanında qeydiyyata alınmışdır. Daha sonra Təzə bazarın sökülməsi nəticəsində bir müddət yeni ünvana daşınma ilə bağlı yeni mağazanın ucota qoyulması 6-7 ay yubanmışdır. Həmin müddət aralığında da İddiaçı riskli vergi ödəyici hesab edilmiş və fəaliyyət göstərməsi qeyri-mümkün hala gəlmişdir. Buna görə də 2023-cü ilin dekabr ayında fəaliyyətini dayandırmış və bununla bağlı vergi orqanına arayış təqdim etmişdir. Göründüyü kimi vergi ödəyicisinin riskli hesab edilməsinə əsas olan hallar əsassız olmuşdur. Həmçinin vergi orqanının qərarı imzasız və möhürsüz olmaqla yanaşı, qərar elektron imza ilə təsdiq edilməmişdir. Buna görə də iddia müddətinin başlanması üçün qanunla nəzərdə tutulmuş hüquqi hadisə-inzibati aktın təqdim və ya elan olunması baş verməmişdir. Qeyd olunan mövqe Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-1223/2022 nömrəli qərardadında əks olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh vergi orqanı tərəfindən iddiaya dair təqdim edilmiş yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin araşdırılması zamanı 175294,5 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********124100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2021-ci il mənfəət vergisi bəyannaməsi üzrə 35058,9 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli, **********006500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. Həmçinin, fərdi sahibkar İddiaçı (VÖEN: **********) tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə ümumi dəyəri 311.759,79 manat olan plastik boru, led lampa və digər mallar təqdim edildiyinə baxmayaraq, həmin malların alışı baza məlumatları (elektron qaimə-fakturalar, idxal, alış aktı) ilə müəyyən edilməmişdir. Həmçinin, araşdırma zamanı vergi ödəyicisinin aktiv təsərrüfat subyekti olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 saylı qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 3.1.1 və 2.1.3-cü bəndlərinə əsasən vergi ödəyicisinin fəaliyyəti riskli hesab olunmuş və müvafiq olaraq “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********891900 nömrəli qərar çıxarılmışdır. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsində "Kameral yoxlanılmalı məbləğ” sətrindəki mövcud olan 15 043,48 manat məbləğ 2022-ci il üçün təqdim edilmiş Gəlir vergisi bəyannaməsinin kameral vergi yoxlaması ilə əlavə hesablanmış məbləğin xx.xx.2023-cü il tarixində, 2021-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsinin kameral vergi yoxlaması ilə əlavə hesablanmış məbləğin isə xx.xx.2024-cü il tarixində ləğv edilməsinin təsdiq edilməməsi nəticəsində yaranmışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh vergi orqanı tərəfindən dəqiqləşdirilmiş iddia tələbinə dair məhkəməyə təqdim olunan əlavə yazılı münasibətdə (etirazda) iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə mübahisələndirilən qərarla bağlı aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi hal riskli əməliyyatlar olaraq qiymətləndirilir. Həmin Meyarların müddəalarına əsasən, İddiaçı fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı xx.xx.2020-xx.xx.2022-ci il tarixlərdə təqdim edilmiş qaimə-fakturalar üzrə satışında 311.759,8 manat dəyərində "plastik boru, led lampa" və digər adlı malların qeyd olunduğu müəyyən edilmişdir (qaiməfakturalar barədə məlumat ilkin etiraza əlavə edilmişdir). Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında və idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmiş və vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli, **********616200 “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Meyarların 2.1.1- ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2023-cü il tarixli **********891900 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Araşdırma zamanı, vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alınmadığı müəyyən edilmişdir. Həmçinin, riskli hesab edilən elektron qaiməfakturalarn ləğv edilmədiyi və təqdim edilmiş elektron qaimə-fakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarılmadığı aşkar edilmişdir. Qeyd edilir ki, riskli vergi ödəyicisi statusunu daşıyan vergi ödəyicilərindən, habelə əmtəəsiz və riskli əməliyyatlar apararaq vergidən yayınan vergi ödəyicilərindən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə olunmuş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia düzgün cavabdehə qarşı yönəldilmiş, aidiyyət qaydalarına əməl edilməklə təqdim edilmiş, iddiaçı hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli, **********891900 saylı qərarının ləğv edilməsi hissəsində iddia tələbinin mümkün sayılmaması ilə bağlı təqdim etdiyi vəsatətə münasibətdə qeyd edir ki, sözügedən qərar elektron üsulla iddiaçıya çatdırılmış olsa da, qərarın gücləndirilmiş elektron imza vasitələrindən istifadə edilməklə imzalanması, həmçinin kriptoqrafik kod olmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı dəlil təqdim edilmədiyindən, vergi orqanının mübahisələndirilən inzibati aktının qanunla nəzərdə tutulmuş qaydada iddiaçıya təqdim edilməsi sübuta yetirilmir (Bax: Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 15(102)-108/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı). Odur ki, məhkəmə iddia müddətinin ötürülmədiyi qənaətinə gəlir və hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndə-vəkili iddianı müdafiə edərək, iddia ərizəsində və dəqiqləşdirilmiş iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat vermiş və tələbin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli, **********891900 nömrəli qərarından görünür ki, vergi ödəyicisi İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. -İqtisadiyyat yanında Dövlət Vergi Xidmətinin **********9 nömrəli arayışından bildirilmişdir ki, bu arayış İddiaçı (VÖEN **********) ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmasını təsdiq edir. Təsərrüfat subyektinin adı: Mağaza. Kodu: **********-14001. Uçota alınma tarixi: xx.xx.2020-ci il. -“X1” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli bildirişin məzmunundan görünür ki, ünvan 2 ünvanında yerləşən Təzə Bazar ticarət mərkəzində nəzərdə tutulan yenidənqurma və təmir-tikinti işləri ilə əlaqədar olaraq ticarət mərkəzinin 31 oktyabr 2020ci il tarixindən fəaliyyətini dayandıracağı və həmin tarixdən ticarət obyektinin ayrılması haqqında İddiaçıla bağlanmış müqaviləyə xitam veriləcəyi və 2020-ci ilin sentyabr və oktyabr ayları üçün ödənişlərdən azad ediləcəyi və 31 oktyabr 2020-ci il tarixindən ticarət obyektinin boşaldılaraq təhvil verilməsi barədə xəbərdar edilmişdir. Bildiriş İddiaçı tərəfindən qəbul edilmişdir. -İddiaçı vergi orqanına təqdim etdiyi arayışın məzmunundan görünür ki, **********- 14001 kodu ilə təsərrüfat subyektinin (obyektinin) ləğvi barədə vergi ödəyicisi tərəfindən qərar qəbul edilmişdir. Qərarın ləğv tarixi: xx.xx.2020, ləğv səbəbi: təsərrüfat subyekti (obyekti) söküldükdə (yandıqda) və ya həmin təsərrüfat subyektindən (obyektindən) istifadəni mümkünsüz olan digər hallar baş verdikdə. -“Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim olunması barədə” **********124100 nömrəli məkubdan görünür ki, İddiaçı vergi nəzarətinin həyata keçirilməsi üçün bütün zəruri məlumatların və sənədlərin təqdim edilməsi tələb edilmişdir -Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********006500 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanılması barədə” qərarından görünür ki, təqdim edilmiş bəyannamədə 151115,99 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilməsi ilə əlaqədar vergi ödəyicisinə 2021-ci ilin hesabat dövrü üzrə 35.058,90 manat əlavə vergi məbləği hesablanmışdır. -Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavab məktubundan görünür ki, iddiaçının vergi orqanına ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən fəaliyyəti xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü tarixədək dayandırılması vergi orqanı tərəfindən təmin edilmişdir. Beləliklə, iddiaçı hazırkı tələbi üzrə iki qərarı mübahisələndirir:

1. riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli, **********891900 nömrəli,

2. kameral vergi yoxlaması nəticəsində 2021-ci ilin hesabat dövrü üzrə əlavə vergi məbləği hesablanması barədə xx.xx.2024-cü il tarixli, **********006500 nömrəli. Məhkəmə hesab edir ki, iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə cavabdeh vergi orqanın qərarı qanunazidd olmadığından iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: -13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar hesab edilir. -13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Hazırkı halda iddiaçı ümumiyyətlə riskli vergi ödəyicisi hesab edilməsi barədə vergi orqanının qərarını doğru hesab etmir və onun hüquqi marağı həmin qərarın ləğv edilməsi yolu ilə riskli vergi ödəyicisi siyahısından çıxarılmasına, başqa sözlə, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırılmasına yönəldiyindən məsələyə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 noyabr 2024-cü il tarixli 486 nömrəli Qərarı ilə 2.1.1-ci, 2.1.2-ci və 2.1.3-cü yarımbəndləri yeni redaksiyada verilmiş, 3-cü hissəsi ləğv edilmişdir) uyğun hüquqi qiymət verilməlidir. Həmin Meyarlardan: -2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); -3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə. Cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı belə əsaslandırılmışdır ki, 2020-2022ci illər ərzində vergi ödəyicisi tərəfindən e-qaimə əsasında təqdim edilmiş cəmi dəyəri 311.759,8 manat olan "plastik boru, led lampa" və digər adlı mallar təqdim edildiyinə baxmayaraq, müvafiq malların alışı baza məlumatları (elektron qaimə-fakturalar, idxal, alış aktı) ilə müəyyən edilməmişdir. Həmçinin vergi ödəyicisinin aktiv təsərrüfat subyekti yoxdur. Qeyd olunanları nəzərə alaraq vergi ödəyicisinin təqdimetmə əməliyyatları riskli hesab edilir. Qeyd edilənlərə əsasən AR NK-nın xx.xx.2020-ci il tarixli, 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicilərinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1, 2.1.3 və 3.1.1-ci yarımbəndinə uyğun olaraq risk meyarı müəyyən edilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı elektrik-məişət mallarının satışı ilə məşğul olan fərdi sahibkardır. İddiaçı tərəfindən 2020-2022-ci illərdə 311759,8 manat məbləğində malların təqdim edildiyi işin mübahisəsiz hallarındandır. Lakin işin araşdırılan halları ilə iddiaçının müvafiq dövrdə vergi orqanında qeydiyyatda olan, yaxud icarəyə götürdüyü anbarı, təsərrüfat subyekti olmadığı təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan sənədlərdən və tərəflərin izahatlarından müəyyən edilmişdir ki, vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixdə, **********-14001 kodu ilə İddiaçı adına ünvan 1 ünvanında yerləşən “Təzə Bazar”da təsərrüfat subyekti (mağaza) uçota alınmış, sonradan “Təzə Bazar”ın sökülməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixdə təsərrüfat subyektinin ləğvi barədə qərar qəbul edilmişdir. Bundan sonra iddiaçının adına başqa təsərrüfat subyektinin uçota alınmamışdır. Yuxarıda istinad olunan Meyarların 2.1.3-cü bəndində əsasən isə ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı və ya digər təsərrüfat subyekti olmadıqda vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Həmçinin iddiaçı satdığı malların sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən mallar olmadığını etiraf etdiyindən və bu halın əksini təsdiq edən hər hansı sübut əldə edilmədyindən həmin əməliyyatlar 2.1.3-cü yarımbənddəki istisnaedici şərtin təsirinə düşmür. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi üçün qanunvercilikdə nəzərdə tutulmuş meyarlardan ən azı birinə (2.1.3) cavab verən şəxs olduğundan cavabdeh vergi orqanının xx.xx.2023-cü il tarixli qərarı əsaslı olmuşdur. Məhkəmə cavabdehin Meyarların 2.1.1 və 3.1.1-ci yarımbəndlərinə istinad etməsinə dair dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının aldığı malların alışını təsdiq edən sənədlər olmadığı halda, satdığı mallarla arasındakı çeşid fərqinin hansı qaydada müəyyən edildiyi və nədə ifadə olunduğu əsaslandırılmadığından iddiaçı Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs kimi qəbul edilə bilməz. İddianın təmin edilən hissəsinə gəldikdə məhkəmə hesab edir ki, iddiaçıya kameral vergi yoxlaması nəticəsində 2021-ci ilin hesabat dövrü üzrə əlavə vergi məbləği hesablanması barədə xx.xx.2024-cü il tarixli, **********006500 nömrəli qərar əsaslı deyil və ləğv edilməlidir. Belə ki, iddiaçının 2021-ci il üçün təqdim etdiyi dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə araşdırma aparılarkən vergi orqanı tərəfindən 151.115,99 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmiş və xərclərin tərkibindən çıxarılmışdır. Qeyd olunan hesablama ilə əlaqədar xx.xx.2024-cü il tarixli **********006500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmiş və nəticədə iddiaçıya 35.058,90 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçı hesab edir ki, vergi qanunvericiliyinin hesabat dövrü qüvvədə olan Vergi Məcəlləsinin 67.14, 83.9-cu maddələrinin tələblərinə və ya AR Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli qərarında nəzərdə tutulmuş qaydaları tətbiq edilməklə (şərti rentabellik forması tətbiq etməklə) hesablama aparmalı və təqdim olunmuş malların maya dəyərini xərcdən çıxmalı idi. Azərbaycan Respublikasının Vergi Məcəlləsindən: -3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. -12.3. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. -14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. -14.3. Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: 14.3.6. (01 yanvar 2024-cü il tarixədək qüvvədə olan redaksiya) vergi ödəyicisi tərəfindən vergi nəzarəti tədbiri zamanı malların (işlərin, xidmətlərin) təqdim edilməsinə (alınmasına) dair sənədlər təqdim edilmədikdə (mövcud olmadıqda). -14.4. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. -36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər -37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. -67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. -67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. -67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. -67.14. (Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 5 dekabr 2023-cü il tarixli, 1033-VİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə ləğv edilmişdir) Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. -83.9. (Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 5 dekabr 2023-cü il tarixli, 1033-VİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə ləğv edilmişdir) Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. -108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Normaların tələbindən göründüyü kimi, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (kameral vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və.s) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və.s), analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatlarından istifadə etməklə, yaxud təqdim olunmuş malların bazar qiyməti nəzərə alınmaqla əsasında hesablamaq hüququ vardır. Lakin cavabdeh iddiaçının vergisini müəyyən edərkən Vergi Məcəlləsinin 67-ci maddəsinin ona verdiyi imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma verməmiş, beləliklə də vergi ödəyicisinin təqdim edilmiş mallarının maya dəyərini ümumiyyətlə nəzərə almamış, ancaq həmin malların satışından əldə edilmiş vəsaiti iddiaçının gəliri kimi hesablamaqla iddiaçıya əlavə gəlir vergisi hesablamış, bununla da iddaçıya münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir. Halbuki, VM-in 67.14-cü maddəsində qeyd olunurdu ki, bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. VMin 83.9-cu maddəsinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Həmçinin “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələblərinə uyğun olaraq vergi orqanı inzibati icraat zamanı (indiki halda kameral vergi yoxlamasının aparılması və müvafiq qərar qəbul edilməsi zamanı) işin hallarını obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 47.1ci maddəsinə əsasən, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“İnzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi). Qeyd olunmalıdır ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2, 53.3 və 54.0.1-ci maddələri). Göstərilənlərə əsasən, vergi orqanı iddiaçının xərclərini Vergi Məcəlləsinin mübahisəli dövrdə qüvvədə olan müvafiq normalarına əsasən hesablamaq əvəzinə tam şəkildə sildiyindən, mübahisələndirilən xx.xx.2024-cü il tarixli, **********006500 nömrəli qərara əsasən hesablanmış əlavə vergi məbləğinin düzgünlüyü öz təsdiqini tapmır. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İddia tələbinin “təsdiqlənməmiş azalma”nın silinməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edilir ki, vergi qanunvericiliyində şəxsi hesab vərəqəsində aparılacaq əməliyyatlara münasibətdə “təsdiqlənməmiş azalma” və ya “kameral yoxlanılmalı məbləğ” kimi hüquq institutları nəzərdə tutulmamışdır. Belə olan halda, vergi ödəyicisinin təqdim etdiyi bəyannamələrdə əksini tapan göstəricilərə şəxsi hesab vərəqəsində bu şəkildə müdaxilə edilməsinin məqsədi və mahiyyəti təhlil olunmaqla, iddiaçıya münasibətdə doğurduğu nəticələrdən çıxış edilməlidir. Bu mənada, sözügedən hərəkətlər iddiaçının vergi öhdəliyinə təsir edən xarakterlidir, həmin hərəkətlər ona münasibətdə bəyannamə məlumatlarının nəzərə alınmamasını, həmçinin əlavə vergi öhdəliyinin yaranmasına gətirib çıxarır. Belə ki, Vergi Məcəlləsinin 72.5-ci maddəsinin 2-ci cümləsinə görə, dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Göründüyü kimi, qanunverici imperativ şəkildə vergi ödəycisi tərəfindən təqdim olunan bəyannamənin 72.6-cı maddədə sadalanan hallar istisna olmaqla qəbul edilməli olduğunu müəyyən etmişdir. Vergi orqanı həmin bəyannamə göstəriciləri ilə razı olmadığı halda Vergi Məcəlləsinin 37.2-ci maddəsinə uyğun olaraq 30 və ya 60 iş günü ərzində araşdırma aparıb yenidən kameral qaydada hesablama həyata keçirə bilər. Lakin təqdim olunmuş bəyannamə üzrə yuxarıda, yəni “Vergilər üzrə vərəqə” hissəsində əks olunan məbləği öz daxili yanaşmalarına uyğun şəkildə şəxsi hesab vərəqəsinin aşağısında yerləşdirdikləri əsassız təsdiqlənməmiş azalma xanasına əlavə edə bilməzlər. Vergidən süni şəkildə yayınmanın qarşısını almaq məqsədilə olsa belə, həmin müddət Məcəllənin 37.2-ci maddəsi ilə müəyyən olunmuş müddəti aşa bilməz və mütləq şəkildə bəyannaməyə münasibət bildirilərkən həmin xanadakı məbləğ silinməlidir. Göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********006500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilməli və iddiaçının şəxsi hesab vərəqəsində "Kameral yoxlanılmalı məbləğ” sətrindəki mövcud olan 15 043,48 manat məbləğin silinməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. İPM-in: -58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********006500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ləğv edilsin. İddiaçının şəxsi hesab vərəqəsində "Kameral yoxlanılmalı məbləğ” sətrindəki mövcud olan 15.043,48 manat məbləğin silinməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar