Məhkəmə qərarları › İş №e-2-1(112)-15322/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-15322/2025

08.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-15322/2025 08.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “daşınmaz əmlak üzərində xüsusi mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “daşınmaz əmlak üzərində xüsusi mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və texniki pasportun verilməsi” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ev 21-in (Xətai prospektə baxır) mansard hissəsində yerləşən 260 kv. m.-lik, 4 otaqlı fərdi yaşayış evi üzərində onun mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Sonradan iddiaçı xx.xx.2025-ci il tarixdə nümayəndəsi və vəkili vasitəsilə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, "xxxx" Mənzil Tikinti Kooperativi (bundan sonra – "xxxx" MTK) tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 21 ünvanında inşa edilmiş yaşayış binasının mansard mərtəbəsində yerləşən ümumi sahəsi 174.3 kv. m. olan 4 otaqlı mənzil üzərində onun xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ) üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 21 ünvanında yerləşən yaşayış binasının mansard hissəsində yerləşən 260 kv.m. mənzili "xxxx" MTK-dan almışdır. xx.xx.2021-ci il tarixdə “Dərhal “MTK tərəfindən borcunun olmaması barədə maliyyə arayışı da verilmişdir. Həmçinin, müvafiq dövlət orqanları tərəfindən sözügedən ünvanda yerləşən binanın istismara icazə verilmişdir. Qeyd edir ki, həmin binada yaşayan sakinlərin bir neçəsinin Bakı İnzibati Məhkəməsinə etdikləri müraciət əsasında çıxarışın verilməsi barədə iddiaları ötən ilin noyabr ayının 6-sı və 7-də təmin edilmişdir. xx.xx.2021-ci il tarixdə "xxxx" MTK ilə bağladığı müqavilə əsasında "xxxx" MTK-ya 156.000 AZN məbləğində nağd ödəniş etmiş və bunun müqabilində Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti ev 21-in mansard sahəsindən 260 kv.m.-lik, 4 otaqlı mansard sahəsini almışdır. Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 21 ünvanında yerləşən yaşayış binasının mansard hissəsində yerləşən 260 kv.m. mənzilə çıxarış ala bilməmişdir. Həmin binanın digər sakinlərinə isə çıxarış verilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-12648/2024 saylı Qərarı ilə onun Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 21 ünvanında yerləşən yaşayış binasının mansard hissəsində yerləşən 3 otaqlı 233 kv.m. və 3 otaqlı 218 kv.m. olan mənzillər üzərində mülkiyyət hüquqlarını qeydiyyata alaraq, çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi bildirilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsi ilə cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): Yazılı etiraz onunla əsaslandırılmışdır ki, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman mansard mərtəbənin ünvan 1 ünvanda inşa edilmiş 112 mənzilli yaşayış binasına dair Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 1 saylı Bakı Ərazi İdarəsinə elektron qaydada göndərilmiş 017 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində texniki mərtəbə kimi nəzərdə tutulduğu, qeyd olunan mərtəbədə faktiki olaraq 5 (beş) ədəd mənzilin düzəldildiyi, 5 (beş) ədəd mənzilin istismara icazə sənədində qeyd olunan mənzillərin ümumi say tərkibinə daxil olmadığı müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, bununla bağlı DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx/xx-02438 saylı, xx.xx.2022-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar ünvan 1 ünvanda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) tərəfindən inşa edilmiş yaşayış binasının istismara hazırlığı barədə Fövqəladə Hallar Nazirliyinin rəyi tərtib edilərkən, binanın 18-ci mərtəbəsinin üzərindəki sahənin mənzillərə bölünməsi barədə məlumat təsdiq edilmədiyindən, qeyd olunan yaşayış sahələri binaya dair tərtib edilmiş rəydə öz əksini tapmadığı bildirilmişdir. Həmçinin qeyd olunmuşdur ki, məzilin ümumi sahəsi 174.3 kv. m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: xx.xx.2025-ci il tarixdə keçirilən şifahi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: "xxxx" MTK və iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat ofisində təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçı "xxxx" MTK-ya 156.000 AZN məbləğində nağd ödəniş etmiş və bunun müqabilində Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 21-in mansard sahəsindən (Xətai prospekti tərəfə) 260 kv.m.-lik 4 otaqlı mansard sahəsini almışdır. "xxxx" MTK-nın xx.xx.2025-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 202/166 nömrəli Maliyyə arayışının surətindən müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 210-un mansard sahəsindən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 260 kv. m. mansard sahəsi almış və həmin müqaviləyə uyğun olaraq daşınmaz əmlakın dəyərini tam ödəmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli **********91 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, “...İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman mansard mərtəbənin Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 21 sayl ünvanda inşa edilmiş 112 mənzilli yaşayış binasına dair Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 1 saylı Bakı Ərazi İdarəsinə elektron qaydada göndərilmiş 017 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində texniki mərtəbə kimi nəzərdə tutulduğu, qeyd olunan mərtəbədə faktiki olaraq 5 (beş) ədəd mənzilin düzəldildiyi, (beş) ədəd mənzilin istismara icazə sənədində qeyd olunan mənzillərin ümumi say tərkibinə daxil olmadığı müəyyən edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, bununla bağlı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikinti X1 Agentliyinin xx/xx-02438 saylı, xx.xx.2022-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 529 nömrəli Fərmanının icrası ilə əlaqədar ünvan 1 ünvanda "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış binasının istismara hazırlığı bərədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəyi tərtib edilərkən, binanın 18-ci mərtəbəsinin üzərindəki sahənin mənzillərə bölünməsi barədə məlumat təsdiq edilmədiyindən, qeyd olunan yaşayış sahələrinin binaya dair tərtib edilmiş rəydə öz əksini tapmadığı bildirilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-55677/2025 nömrəli məktubu ilə təqdim edilmiş; - xx.xx.2025-ci il tarixdə tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətin əks etdirən müayinə (baxış) aktı”nda göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 21 ünvanında yerləşən 4 otaqlı mənzilin (mansard) ümumi sahəsi hüquqmüəyyənedici sənəd üzrə 260 kv.m. və faktiki olaraq 174.3 kv.m. təşkil edir. Sözügedən mansard istismara icazədə texniki mərtəbə kimi nəzərdə tutulub. Faktiki olaraq həmin mərtəbədə sonradan 5 ədəd mənzil düzəldilib, həmin mənzillərin razılaşdırılmış layihəsi və texniki mərtəbənin yaşayış sahəsi kimi istismar olunan, mansard mərtəbəyə çevrilməsinə dair sənədlər idarəyə təqdim edilməmişdir. Yeni düzəldilmiş mənzillər istismara icazədə binada yerləşən mənzillərin ümumi sayının tərkibinə daxil edilməmişdir. Həmin mənzillərin 4 ədədi MQS-də qeydiyyata alınmışdır. Mənzillərin daxili divarları tam inşa edilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmilş “Hüquqların Dövlət qeydiyyatı haqqında”: - xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 21 mənzil 46 (yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 41, M8, m4) ünvanında yerləşən 92.1 kv.m. mənzil üzərində X2 xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. - xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən 134,7 kv.m. mənzilin paylı – 3/2 hissəsi üzərində X4 xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. - xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 21 (yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, giriş 41, M19, m1) ünvanında yerləşən 141.6 kv.m. mənzil üzərində iddiaçının xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. - xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 21 (yeni qaydalarla: AZ 1008, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, giriş 41, M19, m2) ünvanında yerləşən 145.3 kv. m. mənzil üzərində iddiaçının xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-35-1/2- 3318/2025 №-li cavab məktubu ilə təqdim edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, 21 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus yaşayış binasının Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 529 nömrəli Fərmanına uyğun olaraq verilmiş Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019-ci il tarixli 017 nömrəli istismara icazə sənədinin təsdiq edilmiş surətindən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixdən "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 21 ünvanında yerləşən 18 mərtəbəli yaşayış binasının istismarına icazə verilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçı ilə "xxxx" Mənzil-Tikinti Kooperativi arasında Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev № 21-in mansard sahəsindən (Xətai prospekti tərəfə) 174,3 m2-lik, 4 otaqlı mansard sahəsinin alınması ilə bağlı xx.xx.2021-ci il tarixli müqavilələr imzalanmış, mənzilin dəyəri tam ödənilmişdir. İddiaçı həmin müqavilələr əsasında mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmiş, cavabdeh orqan mansard mərtəbənin ünvan 1 ünvanda inşa edilmiş 112 mənzilli yaşayış binasına dair Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 1 saylı Bakı İdarəsinə elektron qaydada göndərilmiş 017 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində texniki mərtəbə kimi nəzərdə tutulduğu, qeyd olunan mərtəbədə faktiki olaraq 5 (beş) ədəd mənzilin düzəldildiyi, 5 (beş) ədəd mənzilin istismara icazə sənədində qeyd olunan mənzillərin ümumi say tərkibinə daxil olmadığını və ünvan 7 ünvanda "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış binasının istismara hazırlığı barədə Fövqəladə Hallar Nazirliyinin rəyi tərtib edilərkən, binanın 18-ci mərtəbəsinin üzərindəki sahənin mənzillərə bölünməsi barədə məlumat təsdiq edilmədiyindən, qeyd olunan yaşayış sahələri binaya dair tərtib edilmiş rəydə öz əksini tapmadığını əsas gətirilməklə tələbin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı, cavabdehin imtinası isə əsassızdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. İddiaçının MTK ilə bağladığı müqavilə əsasında daşınmaz əmlak əldə etməsi və həmin mənziln pay haqqını tam olaraq ödəməsi, nəticə etibarı ilə iddiaçının həmin mənzilə dair hüquqmüəyyənedici sənədə malik olması işin mübahisələndirilməyən hallarıdır. İddiaçının hüquqmüəyyənedici sənədlərə malik olmasını cavabdeh də mübahisələndirmir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Hazırda mübahisə, iddiaçı tərəfindən həmin mənzillərin mansard mərtəbəsi kimi, cavabdeh tərəfindən isə texinki mərtəbə kimi qiymətləndirilməsindən yaranmışdır. Məhkəmə qeyd edir ki, iddia tələbinin və cavabdehin imtinasının əsaslılığın yoxlanılması üçün iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi daşınmaz əmlakın fatkiki olaraq mansard, yaxud texniki mərtəbə kimi nəzərdə tutulması və istifadə edilməsi müəyyən edilməlidir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş 2-1(112)- 12648/2024 saylı iş üzrə (İddiaçı DƏDKR 1 saylı ünvan 8 ünvanında yerləşən yaşayış binasının mansard hissəsində yerləşən 3 otaqlı 233 kv.m-dən və 3 otaqlı 218 kv.m-dən mənzillər üzərində mülkiyyət hüquqlarını qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi üzrə) qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarı ilə işin müəyyən olunmuş hallarından görünür ki; İddia predmetini təşkil edən daşınmaz əmlakla eyni mərtəbədə yerləşən xüsusi mülkiyyət hüququ ilə iddiaçının adına qeydə alınmış daşınmaz əmlakın yerləşdiyi mərtəbə texniki mərtəbə deyil, mansard mərtəbəsi kimi nəzərdə tutulması və istifadə olunması iş materiallarında olan aşağıda sadalanan mötəbər sənədlərlə təsdiqini tapmışdır: 1) Tərəflər arasında bağlanmış müqavilələr; İddiaçı ilə MTK arasında bağlanmış müqavilələrdə alınmış sahələr texniki mərtəbə deyil, manasrd kimi qeyd edilmişdir; 2) Azərbaycan Respublikası FHN Tikintidə Təhüləkisliyə Nəzarət X6 Qrupunun xx.xx.2011-ci il tarixli, 177 №li rəyi; Həmin rəydən görünür ki, ünvan 9 ünvanında 1 girişli 18 mərtəbəli (+mansarda, 1-ci mərtəbəsi 2 səviyyəli, zirzəmi mərtəbəsi – yeraltı qaraj) yaşayış binası (sifarişçi "xxxx" MMC) yaşayış binasının yükdaşıyan konstruksiyalarının dayanıqlılıq tələblərini ödəməsi barədə rəy verilmişdir. Həmin rəydən görünür ki, binanın 18 mərtəbəsindən əlavə mansard mərtəbəsi də nəzərdə tutulmuşdur; 3) Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin "xxxx" MMCnin rəhbərinə ünvanladığı xx.xx.2009-cu il tarixli, 18/4-447 № li məktubu; Həmin məktubun məzmunundan müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2002-ci il tarixli, 529 saylı sərəncamı, 11156 saylı inşaat pasportu, memarlıq-planlaşdırmasının eskiz həlli xx.xx.2003-cü il tarixli, 18/04-288 saylı işçi layihəsinin memarlıq hissəsi, xx.xx.2004-cü il tarixli, 18/04-619 saylı məktublarla razılaşdırılmış Nərimanov rayonu, Xətai pr., 777-ci məhəllədə inşa edilmiş yaşayış binasənən 1-ci mərtəbəsinin 2-ci səviyyənin (antresol) təşkil edilməsi, 2-ci mərtəbədə yaşayış sahəsinin qeyri-yaşayışla əvəzlənməsi, mərtəbələrdə edilmiş dəyişikliklər və əlavə mansard mərtəbəsinin tikintisi ilə əlaqədar təqdim edilmiş layihə sənlədlərinə baxılaraq razılaşdırılmışdır; 4) İş materiallarında olan iddia predmetini təşkil edən daşınmaz əmlakların fotoşəkilləri; Təqdim edilən fotoşəkillərdən qeyd edilən yaşayış sahələrinin hündürlüyü, ölçüsü, layihələndirilməsi həmin sahələrin texniki mərtəbə deyil, mansard mərtəbəsi kimi nəzərdə tutulduğu və istifadə edildiyi açıq-aydın görünür; 5) Yaşayış binasının təsdiq edilmiş eskiz layihəsi. Qeyd edilən layihədə mansard mərtəbəsinin planı layihələndirilmiş və təsdiq edilmişdir. Göründüyü kimi, istinad edilən sübutlarla müəyyən edilir ki, iddiaçı tərəfindən mülkiyyət hüququnun qeydə alınması tələb olunan sahələr texniki mərtəbə deyil, mansard sahəsidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.15-ci maddəsinə görə, mansarda mərtəbəsi – binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahədir. Məhkəmə qeyd edir ki, mansard sahəsi ilə texniki mərtəbənin fərqləndirilməsi üçün aşağıdakı meyarlar nəzərə alınmalıdır.

1. Təyinat və Funksionallıq Mansard mərtəbəsi: • Yaşayış və ya ofis kimi istifadə üçün nəzərdə tutulur. • Çox vaxt dekorativ və komfortlu yaşayış sahəsi kimi planlaşdırılır. • Hündürlüyü və tavan forması yaşayış standartlarına cavab verməlidir.

Texniki mərtəbə: • Texniki avadanlıqların (istilik, su təchizatı, ventilyasiya, elektrik naqilləri və s.) yerləşdirilməsi üçün nəzərdə tutulur. • Yaşayış üçün istifadə edilmir və adətən minimal interyerə malikdir.

2. Memarlıq və Dizayn Mansard mərtəbəsi: • Adətən çardaq və ya yamaclı dam altında yerləşir. • Damın forması otaqların ölçülərini və dizaynını müəyyən edir. • Pəncərələr (tez-tez mansard tipli) əlavə olunur ki, işıqlandırma və havalandırma təmin edilir.

Texniki mərtəbə: • Çox vaxt düz və standart dam konstruksiyasına malik olur. • İşıqlandırma və ya estetik elementlərə xüsusi diqqət yetirilmir. • Dizayn funksional məqsədlər üçün sadə saxlanılır.

3. Qanunvericilik və Tələblər Mansard mərtəbəsi: • Yaşayış sahəsi kimi planlaşdırıldıqda, yanğın təhlükəsizliyi, istilik izolyasiyası və digər tikinti normalarına cavab verməlidir. • Hündürlük standartlarına uyğun olmalıdır (ən az 2,5 m).

Texniki mərtəbə: • Xüsusi yaşayış normalarına uyğun tələblər tətbiq edilmir. • Əsas tələblər yalnız texniki avadanlıqların təhlükəsiz və effektiv işləməsinə yönəlib.

4. İstifadə perspektivləri Mansard mərtəbəsi: • Əmlak dəyərini artırır və yaşayış sahəsini genişləndirir.

Texniki mərtəbə: • Əmlak dəyərinə birbaşa təsir etmir. • Bütün binanın texniki vəziyyətinin təmin olunmasına xidmət edir.

5. İstismar Şəraiti Mansard mərtəbəsi: • Daha yaxşı istilik və səs izolyasiyasına malik olur, çünki yaşayış sahəsi üçün nəzərdə tutulur.

• Texniki mərtəbə: • Nisbətən soyuq və ya isti ola bilər, çünki istifadə məqsədi yaşayış deyil. Qeyd edilən meyarlar nəzərə alındıqda iş materiallarında olan fotoşəkillər və digər sübutlar tədqiq edilərkən iddia tələbinin premdetini təşkil edən daşınmaz əmlakların texniki mərtəbə deyil, yaşayış sahəsi olması öz təsdini tapır. Qanunvercilikdə isə, mansarda mərtəbəsinin yaşayış sahəsi kimi istifadə edilməsi üçün heç bir qadağa nəzərdə tutulmamışdır (Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.15-ci maddəsi). Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, iddiaçının çoxmənzilli yaşayış binasında olan yaşayış sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 21 ünvanında inşa edilmiş yaşayış binasının mansard mərtəbəsində yerləşən ümumi sahəsi 174.3 kv. m. olan 4 otaqlı mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar