Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-15430/2023 22.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədəcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya qarşı müharibə veteranı statusu və vəsiqəsinin verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə mümkünlük məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranı statusu və vəsiqəsinin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddianın mümkünlüyü məsələsi məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddiaçının nümayəndəsi və vəkili ilə müzakirə edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddiaçının nümayəndəsi və vəkili verdiyi izahatında cavabdehin düzgün seçildiyini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş, “İnzibati orqanların Təsnifatı”nın 4.1.1-ci bəndində Müdafiə Nazirliyinin idarə, şöbə və xidmətlərinin də inzibati orqan kimi təsbit edildiyini bildirərək işə mahiyyəti üzrə baxılması xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) Məhkəmə qeyd edir ki, iddianın yönəldiyi cavabdeh Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya inzibati orqan deyildir. İddiaçının nümayəndəsinin və vəkilinin istinad etdiyi “İnzibati orqanların Təsnifatı”nın 4.1.1-ci bəndində Müdafiə Nazirliyinin idarə, şöbə və xidmətləri inzibati orqan kimi təsbit olunmuşdur. Tələbin yönəldiyi komissiyanın isə müharibə veteranı statusu və vəsiqəsi verilməsi kimi inzibati akt qəbul etmək səlahiyyəti yoxdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin: 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir; 1-ci hissəsinin “Qeyd”inə əsasən, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir; Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Əsasnamənin tələbindən göründüyü kimi, tələbin yönəldiyi komissiya, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi zamanı rəyi verən orqandır. Müharibə veteranı adı və vəsiqəsi Müdafiə Nazirliyinin qəbul etdiyi qərar (inzibati akt) əsasında verilir. Ona görə də, hazırkı tələb müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya qarşı deyil, Müdafiə Nazirliyinin özünə yönəlməlidir. İnzibati məhkəmələrdə oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu yöndədir. Yuxarıda sadalanan hallara əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində cavabdeh qismində göstərdiyi qurum inzibati orqan olmadığından işə inzibati qaydada baxılması mümkün deyildir. Odur ki, iddiaçının tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün hesab edilə bilməz. Məhkəmə iddiaçıya hüquqi yardımla bağlı qeyd edir ki, iddiaçı cavabdeh qismində Azərbaycan Respublikasının Müdafiə Nazirliyini göstərməklə yaşayış yeri üzrə Sumqayıt İnzibati Məhkəməsinə iddia tələbi ilə müraciət edə bilər. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-15430/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-15430/2023
22.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver