Məhkəmə qərarları › İş №e-2-1(112)-15477/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-15477/2025

27.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-15477/2025 27.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ünvanında yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına dövlət qeydiyyatına alınması və mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 222 nömrəli, xx.xx.1989-cu il tarixli qərarına əsasən X3 Sovxozunda fərdi yaşayş evinin tikintisi üçün 0,10 ha torpaq sahəsi İddiaçı adına ayrılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin torpaq sahəsinin üzərində olan hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina olunması barədə bildirişinə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2025-ci il tarixli müraciətimizə baxılmış və nəticə etibarilə torpaq sahəsi xx.xx.1989-cu il tarixli qərarda ayrılan torpaq sahəsinən kənarda yerləşməklə, sənaye, nəqliyyat və digər təyinatlı torpaqlar kateqoriyasına aid torpaq olduğu, həmçinin əraziyə dair başqa müraciətlərin olduğu üçün imtina edildiyi bildirilmişdir. Qeyd edilən imtina əsassızdır. Belə ki, vətəndaşa qərar əsasında torpaq sahəsi ayrılmışdır. Hazırda həmin torpaq sahəsini özəlləşdirmək və çıxarış almaq niyyətindədir. Cavabdeh orqanın qarışıqlığa yol verdiyini, qeyd edilən torpaq sahəsinin qərar əsasında ayrılmış torpaq sahəsi daxilində yerləşdiyinə əmindir. Belə ki, vətəndaş 36 ildir ona ayrılan torpağı tanımaması inandırıcı bir məsələ deyil. Torpaq sahəsinə iddiaçının iştirakı ilə yenidən baxış keçirilməli və koordinatlar dəqiqliklə müəyyənləşdirilməlidir. Bu zaman, torpaq sahəsinin Abşeron Rayon XDS qərarı ilə ayrılan torpaq sahəsində yerləşdiyi məlum olacaqdır. Bundan başqa həmin ərazi hal hazırda Sabunçu rayon inzibati ərazi hüdudlarında yerləşir. Qeyd edilən torpaq sahəsi hal-hazırda onun istifadəsindədir. Qonşuları həmin torpaq sahələrinə çıxarışlar əldə ediblər. Bu baxımdan daşınmaz əmlak üzərində hüquqlarını həyata keçirə bilməsi üçün zəruri tədbirlərin görülməsinin təmin edilməsini xahiş edir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı müvafiq iddia tələbi ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********70 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Abşeron rayon XDS İK-nın 222 saylı, xx.xx.1989-cu il tarixli qərarında qeyd edilmiş 4,0 ha torpaq sahəsindən kənarda yerləşir. Həmçinin qeyd olunan torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla yol kənarı ərazidir. Bundan əlavə İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən göstərilən torpaq sahəsinin hasarlanmayan ümumi ərazidə yerləşdiyi müəyyən edilmişdir. Əlavə olaraq, qeyd olunan torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən müraciət olunmuş ərazinin hüdudları daxilində yerləşir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-38970/2025 **********70 nömrəli məktubla imtina edilmişdir.

8. Abşeron rayon XDS İK-nın 222 saylı, xx.xx.1989-cu il tarixli qərarına əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün 0.10 ha torpaq sahəsi ayrılmışdır.

9. Abşeron rayon Dövlət Arxivi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-4-1RA-2/Q- 721/35/25 nömrəli məktubla Abşeron rayon XDS İK-nin 04 sentyabr 1989-cu il tarixli, 222 nömrəli “Abşeron Meyva tingiliyi sovxozunda fəhlə və mütəxəssislərə fərdi yaşayış evi tikintisi və icazə verilməsi haqqında” qərarından arxiv çıxarışı təqdim edilmişdir.

10. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli, 5-18/2-H-204-091/2025 nömrəli məktubla Abşeron rayon XDS İK-nin 222 №-li 04 sentyabr 1989-cu il tarixli əmrinə əsasən X2 tərəfindən ayrılmış 1000,0 kv.m torpaq sahəsinin yerləşmə sxemi təsdiq edilərək iddiaçıya göndərilmişdir.

11. Məhkəmənin sorğusuna əsasən Abşeron rayon Dövlət Arxivi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-48-1RA/2-1051/25 nömrəli məktubla Abşeron rayon XDS İK-nin 04 sentyabr 1989-cu il tarixli, 222 nömrəli “Abşeron Meyva tingiliyi sovxozunda fəhlə və mütəxəssislərə fərdi yaşayış evi tikintisi və icazə verilməsi haqqında” qərarından arxiv çıxarışı məhkəməyə təqdim edilmişdir.

12. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyəti tərəfindən xx.xx.2025-ci il tarixli 5-18/2-3133/2025 nömrəli məktubla İddiaçı ayrılmış torpaq sahəsinə təsdiq edilmiş yerləşmə sxeminin və sxemin verilməsinə əsas olmuş sənədlərin surəti məhkəməyə təqdim edilmişdir.

13. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 29 oktyabr 2025-ci il tarixli 3-21-3-30/2-51013/2025 nömrəli məktubla bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Abşeron rayon XDS İK-nın 222 saylı, xx.xx.1989-cu il tarixli qərarında qeyd edilmiş 4,0 ha torpaq sahəsindən kənarda yerləşir. Həmçinin, qeyd olunan torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla, yol kənarı ərazidir. Bundan əlavə, İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən göstərilən torpaq sahəsinin hasarlanmayan ümumi ərazidə yerləşdiyi müəyyən edilmişdir. O cümlədən, torpaq sahəsi digər şəxsin müraciəti olmuş ərazinin hüdudları daxilində yerləşir. Bundan əlavə daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə(baxış) aktını və ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ: İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

15. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

17. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

18. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

19. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

24. Məhkəmə gəldiyi nəticəni aşağıdakılar ilə əsaslandırır:

25. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.

29. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

30. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil və faktiki olaraq iddiaçının istifadəsindədir. Azərbaycan SSR-nin Abşeron rayon XDS İK-nin xx.xx.1989-cu il tarixli “X2 sovxozunda fəhlə və mütəxəssislərə fərdi yaşayış evi tikintisi və icazə verilməsi haqqında” 222 nömrəli qərarına əsasən İddiaçı yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında X2 sovxozunun xx.xx.1989-cu il tarixli 98 nömrəli əmri təsdiq edilmiş, İddiaçı 0,10 hektar torpaq sahəsinin ayrılması qərara alınmışdır. Torpaq sahəsinin ayrılmasına dair sənədin etibarsız hesab edilməsi iş materiallarına əsasən müəyyən edilmir, həmin sənədlərin mötəbərsizliyi cavabdeh tərəfindən sübut olunmamışdır, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil.

31. X2 sovxozunun xx.xx.1989-cu il tarixli 98 nömrəli əmri ilə İddiaçı ayrılmış 0,10 hektar torpaq sahəsinin yerləşmə sxemi Abşeron rayon XDS İK tərəfindən tərtib edilmişdir.

32. Məhkəmə qeyd edir ki, hazırkı işdə iddiaçının adına tərtib edilmiş torpaq sahəsinə dair yerləşmə sxemi Azərbaycan SSR-nin Abşeron rayon XDS İK-nin xx.xx.1989cu il tarixli 222 nömrəli qərarı ilə tamamlanmaqla iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən ilkin sübutu təşkil edir.

33. Cavabdehin digər dəlilləri ilə bağlı - torpaq sahəsinin sənaye, nəqliyyat, rabitə və digər təyinatlı olmaqla dövlət mülkiyyətində olan torpaqlara aid olmasına və torpaq sahəsinin 4.0 ha torpaq sahəsindən kənarda yerləşməsinə münasibətdə məhkəmə qeyd edir ki, daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından müəyyən edilmişdir ki, mübahisələndirilən torpaq sahəsinin 1 tərəfi yol, 2 tərəfi isə qonşuların ərazisidir. Bundan əlavə iş materiallarında olan eyni hüquqi və faktiki hallara söykənən işlər üzrə qəbul edilmiş məhkəmə qərarlarından və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlardan müəyyən edilmişdir ki, iddiaçının qonşuluğunda yerləşən torpaq sahələri üzərində hüquqlar artıq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Odur ki, məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsi ilə bərabər digər yaşayış sahələrinin də yerləşdiyi ərazinin sənaye təyinatlı torpaq sahəsinin olması və 4.0 ha torpaq sahəsindən kənarda yerləşməsi ilə bağlı cavabdehin dəlilləri ağlabatan deyildir və bu hal iddiaçıya münasibətdə əsas konstitusion hüquqlardan olan bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməlidir. Bundan əlavə iş materiallarında olan digər sənədlərdən müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinə dair hazırda hər hansı bir fiziki və ya hüquqi şəxsin müraciəti yoxdur, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin torpaq sahəsi ilə bağlı müraciəti isə cavabdehin özü tərəfindən təmin edilməmişdir.

34. Torpaq Məcəlləsinin: Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi

1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları.

3. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir.

35. Məhkəmə nəzərə alır ki, iş materiallarında qeyd edilən ərazidəki (yaşayış məntəqələri) torpaq sahələrinin təyinatının sənaye təyinatına keçirilməsinə dair hər hansı məlumat yoxdur və torpaq sahəsinin “yaşayış məntəqələri torpaqları” kateqoriyasına aid olması işin mübahisəsiz halıdır.

36. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

37. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

38. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

41. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

42. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ünvanında yerləşən 0.10 ha torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar