Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1548/2025 21.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “şəxsiyyət vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1977-ci il tarixində Azərbaycan Respublikası, Şəki rayonunda anadan olmuşdur. İddiaçıya 7 may 1994-cü il tarixdə Sovet Sosialist İttifaqı vətəndaşlığına dair pasport verilmişdir. Həmçinin, iddiaçıya 15 yanvar 2002-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən ümumvətəndaş pasportu verilmişdir. İddiaçı 14 oktyabr 2004-cü il tarixdə nikaha daxil olmuş və buna dair Şəki rayonu Kiş kənd icra nümayəndəliyi tərəfindən nikah haqqında şəhadətnamə təqdim edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 08 avqust 2019-cu il tarixli ******* nömrəli Arayışına əsasən iddiaçının Azərbaycan Respublikası vətəndaşı olduğu müəyyən edilmişdir. İddiaçı 2019-cu ildə şəxsiyyət vəsiqəsi almaq üçün sənədlərini toplayıb Şəki ASAN xidmət mərkəzinə təqdim etmiş, lakin sənədin hazır olmasına bir neçə gün qalmış ölkəni tərk etməli olduğu üçün şəxsiyyət vəsiqəsini ala bilməmiş və ASAN Xidmət mərkəzində olan AR DİN-in məsul şəxsi ölkəyə qayıtdıqdan sonra istənilən vaxt şəxsiyyət vəsiqəsini ala biləcəyini iddiaçıya bildirmişdir. İddiaçı 2022-ci ildə ASAN Xidmətə yaxınlaşıb sənədini istədikdə ona bildirilmişdir ki, müvafiq sənədləri yenidən toplayıb ASAN Xidmətə təqdim etdiyi təqdirdə ona şəxsiyyət vəsiqəsi veriləcək. İddiaçı həmin sənədləri toplayıb sözügedən quruma təqdim etsə də ona şxəsiyyət vəsiqəsi verilməmiş və heç bir səbəb də göstərilməmişdir. Daha sonra iddiaçı 2024-cü ilin aprel ayında Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini əldə etmək üçün ASAN Xidmət Mərkəzində AR DİN-in müvafiq əməkdaşına müraciət etmişdir. Lakin, həmin əməkdaş onun sənədlərinə baxdıqdan sonra onları qəbul etməkdən və ona şəxsiyyət vəsiqəsi verməkdən imtina etmişdir. İmtinaya dair konkret olaraq heç bir əsas göstərməmişdir. Buna görə dəİddiaçı xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə ərizə ilə müraciət edərək (ərizəyə bütün lazımi sənədlər əlavə edilmişdir) onaAzərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh orqanın cavab məktubunda qeyd edilmişdir ki, “Sizə ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı vəsatətiniz üzrə aparılmış zəruri yoxlamaların nəticəsi barədə qəbulda olarkən qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin məsul əməkdaşı tərəfindən məlumat verilmişdir”. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1977-ci il tarixdə Şəki rayonunda anadan olmuşdur. Nikah haqqında şəhadətnamədən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü X4 ilə X5 arasında xx.xx.2004-cü il tarixdə nikah bağlanmışdır. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticələrinə dair arayışdan görünür ki, onun “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir. P0871492 nömrəli ümumvətəndaş pasportundan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü X3 xx.xx.2002-ci il tarixdə Daxili İşlər Nazirliyi tərəfindən ümumvətəndaş pasport verilmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba qeyd olunmuşdur ki, iddiaçıya ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı vəsatəti üzrə aparılmış zəruri yoxlamaların nəticəsi barədə qəbulda olarkən qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin məsul əməkdaşı tərəfindən məlumat verilmişdir. Sənədləşdirmə prosedurunda dəyişiklik olduğu halda ona məlumat veriləcəkdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü X2 ilk dəfə ölkə ərazisində şəxsiyyəti təsdiq edən hər hansı bir sənədlə təmin olunması barədə məlumat müəyyən edilməmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələri Baş İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, X4 xx.xx.2002-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən P0871492 nömrəli ümumvətəndaş pasportu ilə təmin olunmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (bundan sonra—şəxsiyyət vəsiqəsi). (-) Maddə 4. Şəxsiyyət vəsiqəsinin verilməsi Şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciətindən ən geci 10 gün keçənədək verilir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi üçün zəruri olan sənədlərin X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər vətəndaşdan tələb edilmir. Belə sənədlərin X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. 5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır. Bu maddənin ikinci hissəsində göstərilən hallardan biri baş verdikdən sonra vətəndaş və ya onun qanuni nümayəndəsi şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün bir ay müddətində vəsiqəni verən orqana özü və ya vətəndaşın qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs vasitəsilə müraciət etməlidir. 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında həyata keçirilir. 15 yaşı tamam olmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsində onun fotoşəkli yerləşdirilir, lakin şəxsi imzası göstərilmir. 15 yaşı tamam olmamış vətəndaşdan əl-barmaq izləri götürülmür, habelə ona verilən şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına vətəndaşın ailə vəziyyəti, boyu, gözlərinin rəngi, hərbi vəzifəsi və bu Qanunun 3-cü maddəsinin ikinci hissəsinin altıncı-səkkizinci abzaslarında göstərilən məlumatlar daxil edilmir. Fotoşəkilə dair tələblər, şəxsiyyət vəsiqəsini verən orqanın iş qrafiki haqqında məlumatlar, vəsiqənin verilməsi və dəyişdirilməsi üçün tələb olunan sənədlərin siyahısı və ödənilməli olan dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanının rəsmi internet saytında və vəsiqəni verən yerli qurumlarının binalarının qarşısında hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilməlidir. Qeyd: 2018-ci il sentyabrın 1-dək verilən şəxsiyyət vəsiqələri vətəndaş 25, 35, 50 yaşına çatanadək və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişilənədək, yaxud şəxsiyyət vəsiqəsi itənədək, yararsız hala düşənədək və ya vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Əsasnamənin: 1.1. Bu Əsasnamə "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi məqsədi ilə, şəxsiyyət vəsiqəsinin verilməsi, dəyişdirilməsi, müvəqqəti alınması, təhvil verilməsi, qüvvədən düşmüş hesab edilməsi və məlumatların şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına (çipə) daxil edilməsi, həmin məlumatların dəyişdirilməsi və istifadəsi qaydalarını müəyyən edir. 2.1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. 2.2. Vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi 2.2-1. 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti ilə bu Əsasnamənin 2.2-ci və 2.23-cü bəndlərində nəzərdə tutulmuş sənədlər əsasında həyata keçirilir. 2.2-2. 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi üçün vətəndaşın əl-barmaq izləri götürülmür, həmçinin gözlərinin rəngi və boyu haqqında tibbi arayış tələb olunmur. 2.2-3. 15 yaşı tamam olmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsində onun fotoşəkli yerləşdirilir, lakin şəxsi imzası göstərilmir. 2.2.3. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa); 2.2.4. vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış; 2.2.5. dövlət rüsumunun ödənilməsi barədə sənəd; 2.2.6. ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd. 2.5. Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək zərurəti yarandıqda, vəsiqə verən orqan şəxsin bu Əsasnamənin 2.2-ci bəndində nəzərdə tutulan sənədlərinin surətlərini və "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı barədə məlumatları təsdiq edən rəsmi sənədini (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə) araşdırılmaq üçün dərhal Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə göndərməlidir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həmin sənədlərə 10 gün müddətində baxaraq vəsiqə verən orqana şəxsin Azərbaycan Respublikasının vətəndaşı sayılıb-sayılmaması barədə yazılı cavab verir. Şəxs Azərbaycan Respublikasının vətəndaşı sayıldıqda, ona bu Əsasnamə ilə müəyyən edilmiş qaydada şəxsiyyət vəsiqəsi verilir (şəxsiyyət vəsiqəsinin verilməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin cavab məktubu vəsiqə verən orqana daxil olduğu andan hesablanır). 2.6. Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunmuş şəxsə şəxsiyyət vəsiqəsi verilərkən, vəsiqə verən orqanın məsul əməkdaşı onun Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunduğuna dair məlumatları İAMAS-da toplanılan məlumatlar əsasında yoxlayır. Belə ki, “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 3. Azərbaycan Respublikası vətəndaşının pasportu Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir. Pasport hər bir Azərbaycan Respublikası vətəndaşına bu Qanunla müəyyən edilmiş qaydada verilir və bütün ölkələrə getmək üçün etibarlıdır. Pasportun ümumvətəndaş, xidməti və diplomatik tipləri vardır. Pasportların təsvirini, spesifikasiyasını və nümunəsini müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Pasport Azərbaycan Respublikasının mülkiyyətidir, onun vətəndaşdan alınması və ya girov götürülməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna olunmaqla qəti qadağandır. Hər bir vətəndaş pasportu möhkəm saxlamağa borcludur. Pasport itdikdə vətəndaş pasport verən dövlət orqanlarına, belə hadisə xaricdə baş verərsə, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna dərhal məlumat verməlidir. Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə belə vətəndaşları qısa müddət ərzində Azərbaycan Respublikasına qayıtmaq hüququ verən sənədlə təmin edirlər. Vətəndaş öldükdə onun pasportu, habelə etibarlıq müddəti qurtarmış pasport müvafiq dövlət orqanına təhvil verilir. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi onun ölkə daxilində şəxsiyyətini təsdiq edən əsas rəsmi sənəddir. Qanunvericiliyin müvafiq müddəaları şəxsiyyət vəsiqəsinin verilməsi üçün tələb olunan hüquqi əsasları müəyyən etmişdir və əgər şəxs ilk dəfə bu sənədlə təmin olunursa, onun şəxsiyyətini təsdiq edən ilkin sənədlərdən biri doğum haqqında şəhadətnamə hesab olunur. İş materiallarından göründüyü kimi, cavabdeh orqan iddiaçının şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı müraciətini təmin etməmişdir. Halbuki, məhkəmə araşdırması nəticəsində iddiaçının Azərbaycan Respublikasının vətəndaşı olmasını təsdiq edən yetərli hüquqi sənədlərin mövcudluğu müəyyən edilmişdir. Bu qənaət birinci onunla formalaşır ki, iddiaçının doğumunu təsdiq edən doğum haqqında şəhadətnaməsi olmuşdur. Hətta o da nəzərə alınmalıdır ki, iddiaçı əvvəllər Azərbaycan Respublikası tərəfindən verilmiş ümumvətəndaş pasportu ilə təmin olunmuşdur ki, bu da onun vətəndaşlıq statusunun rəsmi təsdiqi kimi çıxış edir. Həmin pasportun hal-hazırda qüvvədə olmaması hüquqi vəziyyəti dəyişmir və iddiaçının vətəndaşlıq hüququndan irəli gələn digər hüquqlarının tanınmasına mane olmur. Bundan əlavə, nəzərə alınmalıdır ki, ümumvətəndaş pasportunun verilməsi prosesi zamanı Azərbaycan Respublikasının müvafiq dövlət orqanları iddiaçının vətəndaşlığını tanımış və onu ölkədən kənarda Azərbaycan Respublikası vətəndaşı kimi identifikasiya etmək məqsədilə rəsmi sənədlə təmin etmişlər. Belə olan halda, həmin şəxsə ölkə daxilində onun hüquqi statusunu təsdiq edən şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilməsi inzibati orqanın fəaliyyətində hüquqi ziddiyyətlərin mövcudluğunu göstərir. Məhkəmə əlavə olaraq vurğulayır ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş və iddiaçının Azərbaycan Respublikasının vətəndaşı olmasını təsdiqləyən arayışın özü belə şəxsiyyət vəsiqəsinin verilməsi üçün yetərli hüquqi əsas təşkil edir. Çünki, Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2013-cü il tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun tətbiqi barədə Əsasnamənin 2.5-ci bəndinə əsasən, əgər şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilibsə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən ona şəxsiyyət vəsiqəsi verilməlidir. Hüquqi yanaşma baxımından aydın görünür ki, iddiaçının təqdim etdiyi sənədlər onun Azərbaycan Respublikasının vətəndaşı olduğunu birmənalı şəkildə sübut edir və bu, müvafiq inzibati orqan üçün şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyini yaradır. Belə olan halda, cavabdeh inzibati orqan tərəfindən şəxsiyyət vəsiqəsinin verilməməsi qanunvericiliyin tələblərinə zidd olmaqla, iddiaçının hüquqlarına əsassız müdaxilə təşkil edir. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №e-2-1(112)-1548/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1548/2025
21.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver