Məhkəmə qərarları › İş №e-2-1(112)-1553/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-1553/2024

14.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-1553/2024 14.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, üçüncü şəxs X3 nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakı ilə, İddiaçı firmasının cavabdeh Bakı şəhəri Səbail bələdiyyəsinə (üçüncü şəxslər X7 və X8 cəlb olunmaqla) qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı firması cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri Səbail bələdiyyəsinə qarşı cavabdeh Bakı şəhəri Səbail bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 743 saylı sərəncamının ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair X4 və X3 adlarına aparılmış qeydiyyatların ləğv olunması öhsəliyinin qoyulması tələbini irəli sürərək Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tərəf sonradan məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhər Səbail Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 743 nömrəli sərəncamının ləğv edilməsi öhdəliyinin cavabdeh Bakı şəhər Səbail Bələdiyyəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmiş və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin prosessual iştirakına xitam verilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Baçşısının xx.xx.2004-cü il tarixli 632 saylı razılıq məktubu və İddiaçı firmasının müraciəti nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 115 saylı sərəncamı ilə Səbail rayonu, Salyan şossesi, “Şahinbağ” yaşayış sahəsinin şimal-şərq hissəsində kotec tipli evlərin layihələndirilməsi və tikintisi üçün 3,0 ha (30000 kv.m) torpaq sahəsi icarə əsasında 49 il müddətinə İddiaçı firmasının istifadəsinə verilmiş, firma ilə Bakı şəhər İcra Hakimiyyəti arasında xx.xx.2005-ci il tarixli 0565 saylı icarə müqaviləsi bağlanmış, xx.xx.2005-ci il tarixli qəbzlə 5910604,32 AZM (1182,12 AZN) ödəniş edilmiş, xx.xx.2004-cü il tarixli 11655 saylı inşaat pasportu, torpaq sahəsinin xx.xx.2004-cü il tarixli 04/174 saylı ayrıc aktı və cizgisi, xx.xx.2006-cı il tarixli 2328 saylı torpaq sahəsinin kadastr planı, kotec tipli evlərin baş planının eskizi tərtib edilmiş, layihə Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2007-ci il tarixli 18/04-322 saylı məktubu ilə razılaşdırılmışdır. Bakı şəhəri Səbail bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 743 saylı sərəncamı ilə Səbail rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən 1200 kv.m (0,12 ha) torpaq sahəsinin alqı-satqı qaydasında X4 adına sənədləşdirilməsi qərara alınmış və həmin torpaq sahəsi ******* saylı xx.xx.2016-cı il tarixli çıxarışaəsasən onun adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin vəkil sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubuna (məktub xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir) əsasən, qeyd edilən torpaq sahəsini xx.xx.2020-ci il tarixli alqısatqı müqaviləsinə əsasən X8 əldə etmiş, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə onun adına qeydiyyata alınmaqla müvafiq çıxarış verilmiş və hazırda mülkiyyətindədir. Araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən 0,12 ha torpaq sahəsi tamamilə İddiaçı firmasının istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Ona görə də, aşağıda qeyd edilən dəlillərə əsasən həmin torpaq sahəsinin X4 adına sənədləşdirilməsinə dair cavabdeh Bakı şəhəri Səbail bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 743 saylı sərəncamı qanunsuz və əsassız olduğu üçün ləğv edilməli və digər cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə bu torpaq sahəsi ilə bağlı X4 və X3 adlarına aparılmış qeydiyyatların ləğv olunması öhdəliyi qoyulmalıdır. Belə ki: 1. Bələdiyyənin bu torpaq sahəsinə dair sərəncam vermək səlahiyyəti olmamışdır, çünki həmin vaxt (2005-ci ildə) torpaq sahəsi bələdiyyə deyil, dövlət mülkiyyətində olan torpaqlara aid olmuşdur. 2. Həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətində olsa idi belə, onun xüsusi mülkiyyətə verilməsi zamanı qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Lakin hazırkı halda mübahisə predmeti olan torpaq sahəsinə münasibətdə müvafiq bələdiyyə qərarı qəbul edilməmiş, yalnız təkbaşına sərəncam verilmiş, həmin sərəncam müvafiq nəzarət orqanına göndərilməmiş, tərəflər arasında müqavilə bağlanmamış vəmüvafiq icra hakimiyyəti orqanının rəyi alınmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X7 və X8 üçüncü şəxs qismində hazırkı iş üzrə məhkəmə icraatına cəlb edilmişdirlər. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə göndərilmişdir. Üçüncü şəxs X3 nümayəndəsi (vəkili) yazılı münasibət təqdim edərək, iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Bildirilmişdir ki, irəli sürülmüş iddia tələbi mübahisələndirmə haqqında iddialara aid edilməklə bələdiyyə mülkiyyətində olan 1200 kvadrat metr torpaq sahəsinin üçüncü şəxsin adına sənədləşdirilməsi barədə Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli, 744 nömrəli sərəncamının ləğvindən ibarət olmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikaısnın İnzibati-Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni mübahisələndirilən qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin,təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 30 iyun 2011-ci il tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda,1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Başqa sözlə, iddiaçı istinad edilən qərarın mübahisələndirilməsi imkanını 30 iyun 2011-ci il tarixədək itirmişdir. 30 iyun 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 30 iyun 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, yuxarıda qeyd etdiyim kimi, qüvvədə olan İnzibati-Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İddiaçı iddia müddətini "iki dəfə buraxmışdır". Orucov Tural ona məxsus torpaq sahəsinin zəbt olunmasına dair xx.xx.2020-ci il tarixində Səabil rayon Polis İdarəsinə müraciət etmiş, iş üzrə cavabdeh olan təşkilatın rəsmiləri həmin müraciət əsasında ifadə və izahatlar vermiş, topaq sahələrinə dair mübahisə onlara məlum olmuşdur. Qanunsuz zəbt etməyə mülki mübahisə kimi qiymət verildiyindən X9 rayon Məhkəməsinə İddiaçı Firmasına qarşı «torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması» tələbinə dair mülki iddia qaldırmış, iddia bütün məhkəmə instansiyalarında təmin edilmişdir. Artıq X9 rayon Pİ-nə müraciət etdikdə iddiaçı "xxxx" firması mübahisədən xəbərdar idi və ya xəbərdar olmalı idi. İddiaçı 2020-ci ilin avqusta ayından sonra təxminən 3 il keçməklə iddia belə bir qanunsuz iddia qaldırmasını mümkünsüz etmişdir. Qeyd olunanlardan belə nəticə hasil olur ki, inzibati orqanların 30 iyun 2011-ci ilədək qəbul edilmiş qərarlarının (sərəncamlarının) ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin qərarların mübahisələndirilməsi imkanı aradan qaxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən də mümkün sayılmamalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi və digər üçüncü şəxs üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi (vəkili) elektron ərizə təqdim edərək məhkəmə iclasında iştirak edə bilməyəcini bildirmişdir. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X3 nümayəndəsi (vəkili) Nümayəndə2 yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın mümkün sayılmamasını xahiş etdi. İş üzrə keçirilmiş əvvəlki məhkəmə iclaslarında iddiaçının nümayəndəsi və vəkilinin iştitrakı ilə iddianın mümkünlüyü məsələsi müzakirə edilmiş, tərəflərin fikri dinlənilmişdir. Həmin iclaslarda iddiaçının nümayəndə-vəkili Nümayəndə1 iddia müddətini ötürmədiklərini bildirmiş və iddianın mümkün sayılaraq mahiyyəti üzrə baxılmasını və təmin edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Oxşar müddəa İnzibati Prosessual Məcəllənin qüvvəyə minməsinə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsində də öz əksini tapmışdı. Həmin maddəyə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. Hazırkı iddia ilə mübahisələndirilən məsələ hazırda qüvvədə olan İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki, yəni 01 yanvar 2011-ci ilə qədərki dövrə aiddir. İddiаçının öz hüququnun pozulduğunu bildiyi vаxt qüvvədə olаn və ümumi (publik) hüquq münаsibətlərindən əmələ gələn işlər üzrə icrааtı tənzimləyən Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin İİ yаrımbölməsinin müddəаlаrınа görə, mаrаqlı şəxs müvаfiq icrа hаkimiyyəti orqаnının və yerli özünüidаrə orqаnının, sаir orqаn və təşkilаtlаrın, onlаrın vəzifəli şəxslərinin qərаrı, hərəkəti (hərəkətsizliyi) ilə əlаqədаr mübаhisə qаldırа bilər (296.1-ci mаddə) Şəxs özünün hüquq və аzаdlığının pozulduğu bаrədə onа məlum olаn gündən qаnundа bаşqа müddət müəyyən edilməyibsə, 1 аy müddətində ərizə ilə məhkəməyə mürаciət etmək hüququnа mаlikdir (həmin Məcəllə 298-ci mаddə). Formalaşmış məhkəmə təcrübəsinə əsasən, xx.xx.2011-ci ilədək qəbul edilmiş inzibati aktlar şəxsin özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində mübahisələndirilə bilər (MPM-in xx.xx.2011-ci ilədək qüvvədə olan 298-ci maddəsi - şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir). Lakin qeyd olunan iddialar üzrə 01 aylıq müddət tələbinin MPM-in 298-ci maddəsinə əsasən tətbiq edilməsi üçün, “məlum olma” halı da baş verməlidir. Məlum olduğu gün dedikdə, şəxsin hüquqlarının pozulduğunu həm bildiyi, həm də bilməli olduğu an əsas götürülməlidir. Bilməli olduğu anın müəyyənləşdirilməsi baxımından şəxsin ondan tələb olunan minimal ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməsi, eləcə də aradan keçən kifayət qədər zaman əsas götürülməlidir. Eyni zamanda qeyd edilməlidir ki, mübahisə açan tərəf qanunvericilik aktlarının (MPM-in 298-ci maddəsi) verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də sözügedən aktları mübahisələndirə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Bu hüquqi mövqedən çıxış edərək məhkəmə qeyd edir ki, iddiaçının hazırı iddia tələbi ilə mübahisələndirdiyi inzibati akt (Bakı şəhər Səbail Bələdiyyəsinin 743 nömrəli sərəncamı) xx.xx.2005-ci il tarixə aiddir. Göründüyü kimi mübahisələndirilən sərəncam İnzibati Prosessual Məcəlləsi qüvvəyə minməsindən əvvəl qəbul edilmiş və məhkəmə qaydasında mübahisələndirilməmişdir. Mübahisə predmeti olan qərarın iddiaçıya məlum olma tarixi konkret müəyyən olunmasa da, iddiaçıya Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 115 saylı sərəncamı ilə kotec tipli evlərin layihələndirilməsi və tikintisi üçün icarə əsasında 49 il müddətinə icarəyə verilmiş, xx.xx.2004-cü il tarixdə inşaat pasportu, xx.xx.2004-cü il tarixdə ayrıc aktı və cizgisi, xx.xx.2006-cı il tarixdə kadastr planı, kotec tipli evlərin baş planının eskizi tərtib edilmiş torpaq sahəsinə dair sonrakı müddətdə başqa şəxsin (üçüncü şəxsin) istifadəsində olması barədə məlumatsız olması mümkünsüzdür. Məhkəmə, iddianın mümkünlük cəhətdən müddət ilə bağlı şərtin ödənilmədiyini, onun həmin inzibati aktdan uzun müddət məlumatlı olması ilə əlaqələndirir. Məhkəmə araşdırması zamanı nə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı, nə də Azərbaycan Respublikası Səbail Bələdiyyəsi tərəfindən verilmiş sorğuya cavab məktubları əsasında sözügedən Sərəncamın nüsxəsi müəyyən olunmamışdır. Lakin nəzərə alınmalıdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunan sənədlər əsasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Bakı şəhəri Səbail Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli, 743 №-li Sərəncamı ilə Səbail rayonu, Salyan şossesi 32 ünvanında 1200 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vətəndaş X4 adına sənədləşdirilmiş, daha sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-156/2014 nömrəli, 06 mart 2014-cü il tarixli qərarının icrası nəticəsində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən onun adına plan-ölçü sənədi verilmiş, sonradan torpaq sahəsinin mülki əqdlər əsasında özgəninkiləşdirilməsi həyata keçirilmiş və son olaraq X3 xüsusi mülkiyyət hüquqlarının qeydiyyatı aparılmışdır. Göründüyü kimi Azərbaycan Respublikası Bakı şəhəri Səbail Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli, 743 №-li Sərəncamının mövcudluğunu təsdiq edən qanuni qüvvəsini almış məhkəmə qərarı mövcuddur. Məhkəmə qeyd edir ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsidndə nəzərdə tutulan 30 günlük iddia müddətini də ötürmüşdür. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 avqust 2020-ci il tarixli qərarından görünür ki, torpaq sahəsinin mülkiyyətçisi Tural Orucovun nümayəndəsi (vəkili) Səbail RPİ-nin 41-ci Polis Bölməsinə qarşı şikayət ilə müraciət etmiş, araşdırma zamanı İddiaçı firmasının hüquqlarını müdafiə edən X2 öz ifadəsində mübahisəli torpaq sahəsinin firmanın istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyünü və həmin sahənin Səbail bələdiyyəsinin sərəncamı ilə ayrıldığını bildirmişdir. Bundan sonra, yəni 2020-ci ildə İddiaçı firması X1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın əsasını təşkil edən Səbail bələdiyyəsinin 2004-cü il tarixli, 873 nömrəli sərəncamını mübahisələndirsə də, X6 münasibətdə eyni iddianı bundan təxminən 3 (üç) il sonra- xx.xx.2023-cü ildə Göründüyü kimi iddiaçı mübahisələndirilən Sərəncamın mövcudluğundan, ən geci 2020-ci ildə məlumatlı olduğu halda, məhkəməyə iddia müddətini ötürdükdən sonra müraciət etmişdir. Digər obyektiv arqument kimi isə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 22/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi əsas gətirilir. Belə ki, X8 İddiaçı firmasına qarşı “torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması” ilə bağlı iddia ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə çəkişməsi zamanı təyin olunmuş ekspertiza tədqiqatına əsasən X3 mülkiyyətində olan torpaq sahəsi ilə İddiaçı firmasının istifadəsində olan torpaq sahəsinin sərhədlərinin üst-üstə düşdüyü müəyyən olunmuş, eyni zamanda ekspert rəyində Azərbaycan Respublikası Bakı şəhəri Səbail Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli, 743 №-li Sərəncamına da istinad olunmuşdur. Göstərilən bu hal İddiaçı firmasının sözügedən bələdiyyə Sərəncamının mövcudluğundan mülki məhkəmə icraatı zamanıda məlumatlı olduğunu təsdiq edir. Məhkəmə, qüvvədə olan qanunvericiliyin və bu qəbildən olan işlər üzrə formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, mübahisələndirilən inzibati aktın 1 yanvar 2011-ci il tarixədək qəbul edilməməsi və iddiaçının həmin inzibati aktdan məlumatlı olması, inzibati aktın yeni qanuna görə mübahisələndirilməsi imkanını istisna edir. Odur ki, iddia tələbi müddət ilə bağlı şərtə cavab vermədiyindən mümkün sayılmamalıdır. Analoji mübahisə ilə bağlı qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1377/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Formalaşmış məhkəmə təcrübəsinə əsasən, xx.xx.2011-ci ilədək qəbul edilmiş inzibati aktlar şəxsin özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində mübahisələndirilə bilər (MPM-in xx.xx.2011-ci ilədək qüvvədə olan 298-ci maddəsi - şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir). Lakin qeyd olunan iddialar üzrə 01 aylıq müddət tələbinin MPM-in 298-ci maddəsinə əsasən tətbiq edilməsi üçün, “məlum olma” halı da baş verməlidir. Məlum olduğu gün dedikdə, şəxsin hüquqlarının pozulduğunu həm bildiyi, həm də bilməli olduğu an əsas götürülməlidir. Bilməli olduğu anın müəyyənləşdirilməsi baxımından şəxsin ondan tələb olunan minimal ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməsi, eləcə də aradan keçən kifayət qədər zaman əsas götürülməlidir. Eyni zamanda qeyd edilməlidir ki, mübahisə açan tərəf qanunvericilik aktlarının (MPM-in 298-ci maddəsi) verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də sözügedən aktları mübahisələndirə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Odur ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-182/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında əks olunan mövqeyi aşağıdaki formada ifadə olunmuşdur: “İddiaçı cavabdehin üçüncü şəxsə torpaq sahəsi ayrılmasına dair 27 dekabr 2006cı il tarixli, 229 nömrəli qərarını mübahisələndirir. İddiaçıya görə həmin torpaq sahəsinin üçüncü şəxsin istifadəsində olmasını 2020-ci ilin aprel ayında bilmişdir. Nəzərə alınmalıdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisələndirilən qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 30 iyun 2011-ci il tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Odur ki, inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin qərarların mübahisələndirilməsi imkanı aradan qaxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.” Göründüyü kimi kassasiya instansiya məhkəməsi adıçəkilən məhkəmə qərarlarında oxşar mövqeyidən çıxış edərək, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş və məhkəmə qaydasında mübahisələndirilməyən inzibati aktlar üzrə “məlum olma” vaxtını nəzərə alaraq, həmin tarixədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanını aradan qalxdığını, belə iddiaların mümkünlük şərtlərinə cavab verməməsi əsası ilə mümkün sayılmamalı olması mövqeyini nümayiş etdirmişdir. Eyni zamanda, nəzərə alınmalıdır ki, İPM-in: 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; 24.6-cı maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Nəzərə alınmalıdır ki, prosessual müddətin bərpa edilməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, prosessual müddətin bərpa edilməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə,hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. İnzibati hüquq münasibətlərini tənzimləyən qanunvericilik müddətin bərpa edilməsi barədə ərizənin təqdim edilməsini istisna edən hal kimi ərizənin müddətin buraxılmasından 1 il keçməsi ilə şərtləndirir. Hazırkı iş üzrə iddiaçının hüququnun pozulduğunu bildiyi vaxtdan artıq 1 ildən çox müddət keçdiyindən, iş üzrə iddia müddətin bərpa edilməsi barədə ərizənin verilməsi istisna olunur. Aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürüldüyündən iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar