Məhkəmə qərarları › İş №e-2-1(112)-1555/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1555/2025

20.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1555/2025 20.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1946-cı il təvəllüdlüdür və xx.xx.2008-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli, məktubunda göstərilmişdir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinin xx.xx.2008-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən sizə həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və hazırda ödənişi 423,23 manat olmaqla davam etdirilir. Pensiya işinizdə olan sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrləriniz, o cümlədən xx.xx.1964-cü il tarixindən xx.xx.1969-cu il tarixinədək təhsil aldığınız illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 41 il 1 ay 4 gün sığorta stajınız və xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınan 35,39 manat (2008-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyanızın məbləği yenidən hesablanmış və pensiyanızın məbləğində (423,23 manat) dəyişiklik olmamışdır. Qeyd olunanlara əsasən bildiririk ki, əmək pensiyanızın məbləği qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. İddia tələbi, iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əvvəlki pensiyanın bərpa edilməsi və pensiyadan tutulmanın dayandırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilatın hərəkətlərinin qanunsuz hesab edilməklə əvvəlki pensiyanın bərpa edilməsi və pensiyadan tutulmanın dayandırılması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı (nümayəndəsi və vəkili vasitəsilə) iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, cavabdeh təşkilatın hərəkətlərinin qanunsuz hesab edilməklə əvvəlki pensiyanın bərpa edilməsi və pensiyadan tutulmanın dayandırılması öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İşin yuxarıda sadalanan faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ayrı-ayrı illərdə olmaqla aşağıdakı idarələrdə və vəzifələrdə işləmişdir. X7 İdarəsi nəzdində Qarabağ Rayon Neft Kəməri İdarəsi, X7 İdarəsinin əmri ilə 26 Bakı Komissarının prekazkaz stansiyası, X7 İdarəsinin əmri ilə X11 İdarəsi, Baş Maddi Texniki Təchizat Komitəsinin Azərmeta Snabzbıtının sort satışı, X5 ərzində Bakı Montaj Quraşdırma İdarəsi, Azturbaprovotstroy Trestinin SMU 2, Azqazremstroytresi nəzdində Texniki Təchizat İdarəsi, X1 2 Koperativi, Azəricarekomunaltəsərrüfat birliyinin nəzdində istehsalat quraşdırma müəssisəsi, Assasiya Şüvəlan nəzdində istehsalat quraşdırma müəssisəsi və s. təhsil müddəti də hesablanmaqla ümumilikdə 41 il 1 ay 4 gün sığorta stajı var. ƏƏSMN DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-M208013/2081 saylı sosial ödəniş üzrə artıq ödənilmiş vəsaitin aşkar edilməsi haqqında məktubu ilə ona vaxtilə təyin edilmiş əmək pensiyasının qanunauyğunluğuna baxılması məqsədi ilə inzibati icraatın keçirilməsi zərurəti yarandığı, pensiya hüququna yenidən baxılmasına əsas olan müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün 15 gün ərzində ünvan 1 ünvanında olan Mərkəzi Filiala gəlməsi və ya yazılı qaydada mülahizələrinin təqdim edilməsi xahiş edilmiş, həmin məktubda ARDNŞ-in “Neft Kəmərləri İdarəsinin” arxivində saxlanılan 2004-2005-ci illərə aid əmək haqqı cədvəllərində və əmr kitablarında İddiaçı adının qeyd olunmadığı, həmin dövrə aid orta aylıq əmək haqqı nəzərə alınmaqla xx.xx.2008-ci il tarixində yaşa görə əmək pensiyası təyin edildiyi, xx.xx.2008-ci il tarixindən xx.xx.2023-cü il tarixədək əmək pensiyası üzrə ödənilən məbləğin əsassız ödənilmiş vəsait hesab edildiyi bildirilmişdir. O, aylıq 1000 manat pensiya aldığı halda həmin məktubdan sonra pensiyası 380 manata endirildi. 2004-2005-ci illərə aid əmək haqqı cədvəllərində və əmr kitablarında adının olmaması və yalnız xx.xx.2008-ci il tarixindən xx.xx.2023-cü il tarixədək əmək pensiyası üzrə ödənilən məbləğin əsassız ödənilmiş vəsait hesab edildiyi halda pensiyanın birdən birə 620 manat azaldılmasının qanunsuz olduğundan Arbitrium Vəkil Bürosuna yaxınlaşıb vəkil Nümayəndə1la bu məsələnin hüquqi əsaslarının dəqiqləşdirilməsini tələb edərək pensiyasının 620 manat azaldılmasının hüquqi əsasları barədə rəsmi məlumat əldə etmək istəmişdi. Həmin zaman vəkili tərəfindən cavabdehə sorğu verilərək ona hansı əsaslarla nə qədər məbləğdə pensiya təyin edildiyi, sonradan hansı əsasla artırıldığı və azaldıldığı, 2004-2005-ci illərə aid əmək haqqı cədvəllərində və əmr kitablarında adının olmadığı təqdirdə ona nə qədər artıq kapital və ya staj hesablandığı, bu səbəbdən nə qədər artıq vəsait ödəndiyi, 2004- 2005-ci illərə aid əmək haqqı cədvəllərində və əmr kitablarında adının olmadığı halda kim və hansı sənədlə adına əlavə staj və ya kapital qeyd etdiyi, 2004-2005-ci illər hesablanmadığı təqdirdə onun neçə illik əmək stajı və nə qədər kapitalı olduğu, xx.xx.2023-cü ildə pensiyanın azaldılmasının hüquqi əsası barədə rəsmi məlumat təqdim edilməsinin təmin edilməsini xahiş etsə də cavabdeh heç bir sorğuya cavab verməmiş, onu mərkəzə dəvət edərək müraciətinə cavab verəcəkləri vədi ilə hüquqi savadının olmadığından və yaşı ilə əlaqədar qulağının zəif eşitməsi və deyilənləri başa düşməkdə çətinlik çəkdiyindən nə sənəd olduğunu bilmədən aldadaraq bir neçə sənədə imza atdırdılar. Lakin ona heç bir cavab vermədilər. Bir müddət sonra isə artıq hər ay pensiyanın azaldığını anladıqda yenidən vəkilə müraciət etdi və bu zaman ona verilmiş kağızı vəkilə göstərdikdə akta qol çəkdirildiyini və pensiyadan tutmaya qol çəkdirildiyini öyrəndi. Bütün bunlar isə tamamilə qanunsuz və əsassız olmuş və güvənməli olduğu dövlətinin əməkdaşlarının onun hüquqi savadının olmamağından sui istifadə etməsi ilə mümkün olmuşdur. İlk öncə onu qeyd edir ki, ona xx.xx.2008-ci ildə yaşa görə əmək pensiyası təyin edilmişdi. O, heç vaxt heç kimə müraciət edib pensiyanın artırılmasını və ya bunu saxta yolla etməsini xahiş etməmişdir və bu hal olduğu təqdirdə həmin şəxs tapılmalı və cəzalandırılmalı olduğu halda belə bir fakt da mövcud olmamışdır. İkincisi isə həqiqətən belə bir fakt olmuş olsaydı və saxta sənəd düzəldən şəxs cəzalanmış olsaydı və ona artıq pensiya ödəndiyi müəyyən edilsəydi belə qanunvericiliyin tələbinə əsasən ondan yalnız son 3 ilə görə artıq ödəmə tutula bilərdi ki, cavabdeh onu aldadaraq həm pensiyanı qanunsuz azaltmağa, həm də kifayət qədər artıq məbləğdə pul tutulmasına nail olmuşdur ki, bütün bunlar da tamamilə qanunsuz və əsassızıdır. Bu səbəbdən cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və əvvəlki pensiyanın bərpa edilməsi və tutmanın dayandırılması barədə qərar qəbul edilməlidir. Cavabdehin etirazları: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına xx.xx.2023-cü il tarixdə müraciət edərək, ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. İddiaçının müraciətinə aidiyyəti üzrə baxılmış və inzibati orqanın xx.xx.2024- cü il tarixli 3- 17-1/2-M-112925/2024 nömrəli məktubu ilə iddiaçıya pensiyasının məbləğinin qanunvericiliyin tələblərinə uyğun hesablandığı bildirilmişdir. Bildirilir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2008ci il tarixdə qüvvədə olmuş tələblərinə əsasən ons həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının pensiya işində olan sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1964-cü il tarixdən xx.xx.1969-cu il tarixədək təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 41 il 01 ay 04 gün mübahisələndirilməyən sosial sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan 35,39 manat (2008-ci il tarixə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanmışdır. Qeyd etməyi zəruri hesab edirlər ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri İdarəsi”nin arxivində saxlanılan 2004-2005-ci illərə aid əməkhaqqı cədvəllərində və əmr kitablarında iddiaçının adının qeyd olunmadığı halda, həmin dövrə aid orta aylıq əmək haqqı nəzərə alınmaqla ona xx.xx.2008-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilib. Bu səbəbdən xx.xx.2008-ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı əmək pensiyası üzrə əsassız məbləğ ödənilmişdir. Bununla bağlı iddiaçıya xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-208013/2023 nömrəli dəvət məktubu ünvanlanmış, xx.xx.2024-cü il tarixli akt tərtib edilmiş və iddiaçının yazılı razılığı alınmışdır, (inzibati icraat materialları təqdim edilmişdir) Ümumilikdə inzibati orqan iddiaçının artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bu hal Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirilir. Bu münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Sosial müavinətlərin təyin edilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İstinad olunan Qanunun 82.3-cü maddəsinə əsasən, tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 1. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 2. pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; 3. inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1817/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023cü il tarixli qərarında da qeyd edilmişdir ki, Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh orqan “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsaslanaraq İddiaçı hər ay artıq ödənilmiş pul məbləğinin tutulmasına dair sərəncamı qəbul etməkdə haqlı olmuşdur. Həmin normanın tələbinə görə, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən organın qərarı əsasında, razılığı olmadıgda məhkəmə qaydasında tutulur. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının pensiyasının üzərinə hesablanmış əlavənin ödənilməsinin dayandırılması ilə bağlı iddiaçı məlumatlandırılmış və o, artıq aldığı məbləğin pensiyadan hissə-hissə tutulması ilə bağlı ərizə ilə Cavabdeh Qəbələ rayon şöbəsinə müraciət etmişdir. Eyni zamanda cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslanıdırılmışdır ki, aşağıda qeyd olunan əsaslara görə iddiaçının təqdim etdiyi sənədlərdə saxtalaşdırılma mövcuddur: İ.X8 Kəmərləri İdarəsinin xx.xx.2008ci il tarixli əməkhaqqı arayışına əsasən 2004-2005-ci illər üzrə 290,80 manat orta aylıq əməkhaqqı əsasında xx.xx.2008-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Xidməti araşdırma zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin arxivində saxlanılan 2004-2005-ci illərə aid əmək haqqı cədvəllərində və əmr kitablarında İddiaçı adı qeyd olunmayıb. Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı 41 il 1 ay 4 gün sığorta stajına uyğun olaraq yaşa görə əmək pensiyası yenidən hesablanmışdır. Aşağıda qeyd olunan əsaslara görə iddiaçının təqdim etdiyi sənədlərdə saxtalaşdırılma mövcuddur: əmək kitabçasındakı qeydlərə əsasən iddiaçı xx.xx.1998-ci il tarixində “Şüvəlan” İstehsalat Quraşdırma müəssisəsinə işə qəbul olunmuş və xx.xx.2004-cü il tarixində işdən azad olunmuşdur. xx.xx.2005-ci il tarixində isə "xxxx" X4 işə daxil olmuş və xx.xx.2006-cı il tarixində işdən azad olunmuşdur. Göründüyü kimi, iddiaçının əmək kitabçasında 2004-2005-ci il tarixlərdə X9 İdarəsində işləməsi ilə bağlı hər hansı qeyd mövcud ola bilməz. Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli qarşılıqlı yoxlama aktına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin arxivində saxlanılan 2004-2005-ci illərə aid əməkhaqqı cədvəllərində və əmr kitablarında İddiaçı adı qeyd olunmamışdır. Tərəflərindən ARDNŞ Neft Kəmərləri İdarəsinə sorğu göndərilmiş və xx.xx.2025- ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, idarənin arxivinə baxış keçirilən zaman İddiaçı 2004- 2005-ci il tarixlərində NKİ X9 İdarəsində işlədiyini təsdiq edən sənədlərdə (işə daxilolma, işdən azad edilmə, məzuniyyətə çıxma, məzuniyyətdən qayıtma əmrləri və həmin illərə aid əməkhaqqı cədvəllərində) onun adı aşkar edilməyib. Eyni zamanda, qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2008-ci il tarixində 2004-2005-ci illər üçün əmək haqqı barədə verilən arayışdakı imzalarla bağlı NKİ X9 İdarəsinin sabiq rəisi Nizami Qafarovla və sabiq baş mühasibi Sunaxanım Zeynalova ilə aparılan telefon danışığı zamanı həmin imzaların onlara məxsus olmadığı, saxta olduğu qeyd edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və ya nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini və xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası öhdəliyin icrası haqqında iddia olmaqla mümkünlük şərtlərinə cavab verir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İlk öncə qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməklə əvvəlki pensiyanın bərpa edilməsi və pensiyadan tutulmanın dayandırılmasına nail olmaqdan ibarətdir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş sənədlərdən görünür ki: - Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyasının xx.xx.2008-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2008-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. - Dövlət Neft Şirkəti Neft Kəmərləri İdarəsinin xx.xx.2008-ci il tarixli 10 nömrəli əmək haqqının aylar üzrə məbləği barədə arayışdan görünür ki, İddiaçı 2004-2005-ci illərdə müvafiq məbləğlərdə əmək haqqı almışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən sizə xx.xx.2008-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilərək xx.xx.2023-cü il tarixindən məbləği 380,60 manat müəyyən edilib. Hazırda əmək pensiyanızın ödənişi aydınlaşma statusu ilə dayandırılıb. Məlumat üçün bildiririk ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının (bundan sonra - Mərkəzi Filial) “Əsasnamə”sinə əsasən Mərkəzi Filial tərəfindən mütəmadi olaraq ümumi əsaslarla ödənişi həyata keçirilən sosial ödəniş işlərinin qanunvericiliyə uyğunluğu yoxlanılır. Xidməti araşdırma zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri İdarəsi”nin arxivində saxlanılan 2004-2005-ci illərə aid əmək haqqı cədvəllərində və əmr kitablarında adınız qeyd olunmadığı halda, həmin dövrə aid orta aylıq əmək haqqı nəzərə alınmaqla sizə xx.xx.2008-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilib. Bu səbəbdən xx.xx.2008ci il tarixindən xx.xx.2023-cü il tarixinədək sizə əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilir. Bildiririk ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, sizə vaxtilə təyin edilmiş əmək pensiyasının qanunauyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Bu səbəbdən “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququnuza yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilməsi üçün 15 gün müddətində Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, ev 143 ünvanında yerləşən Mərkəzi Filiala gəlməyiniz və ya yazılı qaydada öz mülahizələrinizi təqdim etməyiniz xahiş olunur. Göstərilən müddət ərzində mülahizələrinizin təqdim edilməməsi barənizdə müvafiq inzibati aktın qəbul edilməsini istisna etmir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X6 əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçının pensiyası yenidən hesablanaraq 380.60 manat məbləğində müəyyən edilmişdir. Qərarın qeyd hissəsində göstərilmişdir – pensiyanın təyin olunmasında əsas götürülən orta aylıq əmək haqqı “X9 idarəsi”-də qarşılıqlı yoxlanıldı və təsdiqini tapmadı. Pensiya 41 il 1 ay staj əsasında yenidən hesablandı. xx.xx.2008-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək ümumilikdə artıq ödənilmiş 70647,87 manat artıq ödəmə nəzərə alınsın. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X6 əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarının qeyd hissəsində göstərilmişdir ki, vətəndaşın xx.xx.2023-cü il tarixli razılığına əsasən artıq ödəmə hər ay 15 % olmaqla pensiya məbləğindən tutulsun. - SOCAR-ın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə X12 Filialının direktoru cənab Abuzər Mütəllimova ünvanlanan xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, İdarənin arxivinə baxış keçirilən zaman İddiaçı 2004-2005-ci il tarixlərində NKİ X9 İdarəsində işlədiyini təsdiq edən sənədlərdə (işə daxilolma, işdən azad edilmə, məzuniyyətə çıxma, məzuniyyətdən qayıtma əmrləri və həmin illərə aid əməkhaqqı cədvəllərində) onun adı aşkar edilmədi. Eyni zamanda nəzərinizə çatdırırıq ki, İddiaçı xx.xx.2008-ci ildə 2004-2005-ci illər üçün əmək haqqı barədə verilən arayışdakı imzalarla bağlı NKİ X9 İdarəsinin sabiq rəisi Nizami Qafarovla və sabiq baş mühasibi Sunaxanım Zeynalova ilə aparılan telefon danışığı zamanı həmin imzaların onlara məxsus olmadığını, saxta olduğunu qeyd etdilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1. əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Maddə 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Maddə 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Maddə 39.3.Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. İlk öncə qeyd edilməlidir ki, işin faktiki hallarına görə iddiaçıya Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri İdarəsi”ndə işlədiyi 2004-2005-ci illərə aid orta aylıq əmək haqqı nəzərə alınmaqla ona xx.xx.2008-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2023-cü il tarixinədək ödənilmişdir, lakin sonradan iddiaçının qeyd edilən dövrdə həmin müəssisədə işləmədiyi və əmək haqqı almadığı müəyyən edildiyindən, yenidən inzibati icraat aparılmış və iddiaçı barəsində xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 2004-2005-ci illərdə "xxxx" X2 və "xxxx" X3 müxtəlif vəzifələrdə çalışmış, həmin dövrdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri İdarəsi”ndə işləməmiş, lakin orada işləməsinə dair həmin illərə aid orta aylıq əmək haqqı barədə arayış təqdim etməklə ona müvafiq məbləğdə əmək pensiyası təyin edilməsinə nail olmuşdur. Cavabdeh tərəfindən bununla bağlı inzibati icraat haqqında qanunvericiliyin tələblərinə əməl edilməsinə hüquqi qiymət verilməsi üçün məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh qurum tərəfindən tərtib olunmuş və iddiaçı tərəfindən də imzalanmış xx.xx.2023-cü il tarixli Aktda qeyd olunmuşdur ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən vətəndaş İddiaçı (bundan sonramaraqlı şəxs) yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üçün inzibati icraat başlanılıb. Həmin Qanunun 21.2-ci maddəsinin tələblərinə uyğun olaraq maraqlı şəxs xx.xx.2023-cü tarixli 3-17-1/2-M-208013/2023 nömrəli məktubla Mərkəzi Filiala dəvət olunub. Maraqlı şəxs xx.xx.2023-cü il tarixində Mərkəzi Filiala gəldi və aşağıda imza edən vəzifəli şəxslər tərəfindən qəbul edildi. Maraqlı şəxsə vaxtilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neft Kəməri İdarəsi”nin arxivində saxlanılan 2004-2005-ci illərə aid əmək haqqı cədvəllərində və əmr kitablarında adı qeyd olunmadığı halda həmin dövrə aid orta aylıq əmək haqqı nəzərə alınmaqla xx.xx.2008-ci il tarixindən yaşa görə pensiya təyinatının həyata keçirildiyi bildirildi. Həmçinin əmək pensiyasının verilməsinə uyğun olmayan hallar aşkar edildikə təyin edilmiş əmək pensiyasının ödənişinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmalı olduğu, bununla əlaqədar olaraq ona əmək pensiyasının təyin edilməsi haqqında inzibati qərarın ləğv olunacağı və yaranacaq artıq ödənilmiş vəsaitin büdcəyə bərpası məqsədilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlərin görüləcəyi barədə ətraflı məlumat verildi. Daha sonra maraqlı şəxsin yuxarda qeyd olunanlarla bağlı mülahizələri dinlənildi. İddiaçı xx.xx.2023-cü il tarixli aktda ona artıq ödənilmiş vəsaitin pensiyadan 15% tutulmasına etiraz etmədiyini qeyd etmişdir. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Konkret halda, inzibati orqan “İnzibati icraat haqqında” Qanunun (icraatın aparılması və dinləmə hüququnun təmin edilməsi) və maddi hüquq normasının (əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısının razılığı ilə qərar əsasında) tələblərinə uyğun tutulsa da, o cümlədən tutulan məbləğin əmək pensiyasına münasibətdə faiz nisbəti “Əmək pensiyaları haqqında” Qanunun 39.2-ci maddəsinə uyğun olmaqla (15%) qeyri-mütənasib deyil və əmək pensiyaçısını böyük zərərə məruz qoymur) tələblərinə uyğun davransa da, artıq ödənilmiş məbləğ əmək pensiyaçısından son üç il üçün tutulmalı olduğu halda cavabdeh artıq ödəməni bütün dövr üçün, yəni xx.xx.2008-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr üçün hesablamışdır. Halbuki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Məhkəmə hesab edir ki, artıq ödənilmiş vəsaitin tutulmasına razılıq ərizəsi mövcud olduğu təqdirdə sonradan əmək pensiyasından tutulmaya razılıqdan imtina ərizəsinin verilməsi cavabdeh orqanın “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli qərarının tam ləğv edilməsini tələb etmək, eləcə də tutulmuş vəsaitin geri qaytarılması üçün hüquqi əsas yaratmır. Belə ki, inzibati orqanın qərar çıxarılan zaman qanunazidd davranışı olmamışdır. İddiaçının artıq ödənilmiş vəsaitin tutulmasına dair razılıq ərizəsi onun iradəsini əks etdirmiş, həmin ərizənin hədə, təsir və ya digər formada iradəyə təsir edəcək şəraitdə yazıldığı müəyyən olunmamışdır. Digər tərəfdən, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizə (artıq ödənilmiş vəsaitin tutulması barədə razılıq) iddiaçının qanunsuz olaraq artıq ödənilmiş pul vəsaitin mövcudluğu barədə məlumatı olduğunu təsdiqləyir (2004-2005-ci illərdə NKİ X9 İdarəsində işləmədiyi halda, həmin dövrə aid əmək haqqı alması barədə arayış təqdim edilmişdir) və qanunvericiliyə əsasən bu halda (inzibati aktın qanunsuz olduğunu bildiyi halda) şəxsin (iddiaçının) etimadın qorunması hüququna istinad etməsi istisna edilmişdir. Belə ki, məhkəmə qeyd edir ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş «bona fides» prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca "bona fides", yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada - “qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan sui-istifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həm də hüquqdan sui-istifadənin yolverilməzliyi hüququn ümumi prinsipləri olduğuna görə, apellyasiya instansiya məhkəməsi hazırkı iş üzrə “etimadın qorunması prinsipinə və etimadın qorunması hüququnu istisna edən halların mövcud olmadığına istinad edərkən həm də qeyd edilənləri nəzərə almamışdır. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olub-olmadığı “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.2-ci maddəsinin tələbi və «bona fides» prinsipi ilə bağlı qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.6.2-ci maddəsi ilə səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda şəxs etimadın qorunması hüququna istinad edə bilməz. Həmin Qanunun 67.7-ci maddəsində isə göstərilmişdir ki, bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Beləliklə, işin xüsusi halları nəzərə alındıqda iddiaçı etimadın qorunması hüququna istinad etməklə artıq ödənilmiş pul vəsaitinin tutulmasının bütünlükdə qanunsuz hesab edilməsini tələb edə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərar qismən, yəni artıq ödəmənin xx.xx.2008-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək olan dövr üçün hesablanması hissəsində ləğv edilməli, qalan hissədə (xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr üçün) qüvvədə saxlanılmalıdır. Eyni zamanda yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh təşkilatın hərəkətlərinin qanunsuz hesab edilməklə əvvəlki pensiyanın bərpa edilməsi və pensiyadan tutulmanın dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində əsassızdır və təmin olunmamalıdır. İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə proses iştirakçılarının əməllərində cinayət əlamətləri olmadığından cavabdehin xüsusi qərardad çıxarılması barədə vəsatəti təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli qərarı qismən, artıq ödənilmiş pensiya məbləğinin xx.xx.2008-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək olan dövr üçün hesablanması hissəsində ləğv edilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar