Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1568/2025 05.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın qismən ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 5 fevral 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.2014-cü il tarixdə 1 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar olması səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. X1: V Sinif – Psixi pozğunluqlar və davranış pozğunluqları => F99-Əlavə dəqiqləşdirmə olmadan psixiki pozğunluq. Diaqnozun mətni: Emosional davamsız tipli şəxsiyyət pozuntusu. qeyd edilmişdir. İddiaçıya xx.xx.2015-ci il tarixdə 1 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar olması səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. X1: V Sinif – Psixi pozğunluqlar və davranış pozğunluqları => F50-F69-Yetkin yaşlarda təsadüf olunan şəxsiyyət və davranış pozğunluqları => F60.3- şəxsiyyətin..., Diaqnozun mətni: Şəxsiyyətin emosional davamsız pozuntusu, tez-tez təkrarlanan davamlı dekompensasiyalarla və özünü kəsmələrlə qeyd edilmişdir. İddiaçıya xx.xx.2016-cı il tarixdə 5 il müddətinə eyni əsaslarla hərbi xidmət dövrü ilə əlaqədar olması səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçının əlillik vəziyyətinə Bakı 11 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 2749003AAELF nömrəli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Şəxsiyyətin emosional davamsız pozğunluğu, Şəxsiyyətin emosional davamsız tip pozuntusu, tez-tez təkrarlanan dekompensasiya halları. Anamnezində KBT. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müayinəyə ehtiyacın olması- Səbəb: “İxtisaslaşdırılmış əlavə müayinə və müalicəyə ehtiyac var” səbəbi ilə Mərkəzə geri göndərilmişdir. İddiaçının əlillik vəziyyətinə Bakı 11 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli 2749003AAFPR nömrəli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Əsas Diaqnoz F60.3 Şəxsiyyətin emosional davamsız pozğunluğu. Şəxsiyyətin emosional davamsız tip pozuntusu, tez-tez təkrarlanan dekompensasiya halları. Anamnezində KBT. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması – Səbəb: Diaqnoz və ağırlıq dərəcəsinin dəqiqləşdirilməsi üçün ixtisaslaşdırılmış klinikda əlavə müayinə və müalicə olunmasına ehtiyac var. İddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli X2 xx.xx.2023-cü il tarixli Q00155587SFP nömrəli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Şəxsiyyətin emosional davamsız tip pozuntusu, şəxsiyyətin emosional-davamsız tip pozuntusu, tez-tez təkrarlanan dekompensasiya hallar, anamnezində KBT. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: “Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Cavabdehin 3-17-4/3-3-3047/2024 №-li, 30 aprel 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 2749003AAFPR nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2006-cı il tarixli 1474 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Özünükəsmələr və özünəxəsarət yetirmələrlə müşayiət olunan şəxsiyyətin orta dərəcəli emosional davamsız pozuntusu. Sol bazunun ön-yan səthinin, sağ əlin İ barmağının yan səthinin, sol saidin ön səthinin dəri çapıqları” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri şiddətli baş ağrılarından, əsəbilikdən, konfilktə meyllilikdən olmuşdur. Baş ağrılarının 2-3 gün çəkdiyini, üzünün, bədəninin sol tərəfli keyidiyini, medikamentoz preparatlardan Finlepsin, Fenazepam qəbul etdiyini bildirmişdir. Baxış zamanı sağ bilək və baş barmaqda səthi köhnə kəsik izləri müşahidə olunmuşdur. Psixi statusu zamanı şəxsiyyət dəyişikliyi əlamətləri aşkar olunmamışdır. 2 Saylı X2 xx.xx.2022xx.xx.2022-ci il tarixli 1317/22 nömrəli Xəstəlik Tarixindən çıxarışında diaqnoz "Şəxsiyyətin emosional-davamsız tip pozuntusu, tez-tez təkrarlanan dekompensasiya halları, anamnezində KBT” qeyd olunsa da, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Hərbi şəhadətnamədə 2004-cü il tarixindən xəstə olduğu qeyd olunsa da, təqdim olunan stasionar müalicə sənədləri yalnız 2021 və 2022-ci illəri əhatə etmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və xx.xx.2023-cü il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda qeyd edilən hallarına istinadən tələb onunla əsaslandırılmışdır ki, ona MHHK-nın 06.02.06-cı il və xx.xx.2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş hərbi xidmətdə olan zaman hərbi xidmət dövründə qazandığı xəstəliklə bağlı HTM-nin arayışı təqdim edilmişdir. HHK-nın qərarına əsasən özünükəsmələr və özünəxəsarət yetirmələrlə müşayiət olunan mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli nevrotik vəziyyət, sol bazunun ön-yan səthində, sağ əlin birinci barmağının yan səthində saidin ön səthində dəri çapıqları, vegetativ damar distoniyası diaqnozu qoyulmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasının qərarı ilə hərbi xidmət dövrü ilə əlaqədar şəxsiyyətin emosional davamsız pozuntusu, tez-tez təkrarlanan davamlı dekompensasiyalarla və özünü kəsmələrlə, emosional davamsız tipli şəxsiyyət pozuntusu diaqnozu əsasında ona ikinci dərəcəli əlillik təyin edilmişdir. O, 2007-ci ildən 2021-ci ilədək əlilliklə bağlı pensiya almışdır. 2021-ci ildən isə əlillik ilə əlaqədar ona pensiyanın verilməsi dayandırılmışdır. Etdiyi müraciətlərə baxmayaraq TSEK-in xx.xx.2023-cüil tarixli qərarı ilə əlillik təyin edilməmişdir. Cavabdeh inzibati orqanın qərarı ilə razı deyil. Belə ki, hal-hazırda səhhətindəki problem davam edir və o, bu gün də həmin xəstəliklərdən əziyyət çəkir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2 və 2.2.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı bildirir ki, əvvəla iddiaçıya əlillik təyin edilməsindən imtina barədə cavabdehin xx.xx.2024-cü il tarixli qararın iddiaçıya hansı tarixdə verilməsinə dair cavabdeh hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, prosessual müddətin ötürülməsi qənaətinə gəlmək üçün ilk öncə müddətin axımının başlanması anını müəyyən etmək lazımdır. Cavabdeh isə həmin qərarı iddiaçıya hansı tarixdə təqdim edilməsinə dair hər hansı sübut təqdim edə bilmir. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2121/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü iİ tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “…qeyd olunan arayışda iddiaçının xx.xx.2020-ci il tarixdə müayinə olunduğu bildirilsə də, həmin sənədin rəsmi qaydada iddiaçıya hansı tarixdə təqdim edilməsi ilə bağlı iş materiallarında sübut yoxdur. İddiaçı isə belə nəticədən məlumatlı olmadığını və ona müddətsiz ikinci dərəcəli əlillik təyin edildiyini gözlədiyini bildirmişdir. Bundan başqa, iddiaçı ona müddətsiz ikinci dərəcəli əlillik təyin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli ərizələrlə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu müraciəti xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana rəsmi qaydada çatdırılmasına baxmayaraq, cavabdeh hərəkətsizlik göstərərək iddiaçının müraciətinə münasibət bildirməmiş, bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi arayışın iddiaçıya hansı tarixdə rəsmi qaydada təqdim edilməsi ilə bağlı iş materiallarında sübut olmadığından, iddiaçı rəsmi qaydada cavabdeh inzibati orqana ərizə ilə müraciət etdiyindən, lakin cavabdeh hərəkətsizlik göstərdiyindən və iddiaçı müddət ötürmədən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia mümkün iddiadır və apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaya mahiyyəti üzrə baxılaraq müvafiq qərar qəbul edilməlidir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçıya xx.xx.2014-cü il tarixdə 1 il müddətinə “Emosional davamsız tipli şəxsiyyət pozuntusu” diaqnozu ilə ikinci dərəcəli əlillik təyinatı aparılmışdır. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2015-ci il tarixdə 1 il müddətinə “Şəxsiyyətin emosional davamsız pozuntusu, tez-tez təkrarlanan davamlı dekompensasiyalarla və özünü kəsmələrlə” diaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2016-cı il tarixdə 5 il müddətinə eyni diaqnoz ilə əlillik təyin edilmişdir. xx.xx.2021-ci ildə göndəriş əsasında cavabdeh iddiaçıya əlillik təyin edilməsindən imtina etmiş, imtinaya əsas kimi əlavə müayinəyə ehtiyacın olması -“İxtisaslaşdırılmış əlavə müayinə və müalicəyə ehtiyac var” göstərilmişdir. xx.xx.2022-ci il tarixli göndəriş əsasında cavabdeh iddiaçıya eyni əsasla əlillik təyin edilməsindən imtina etmişdir. Daha sonra xx.xx.2023-cü ildə göndəriş əsasında cavabdeh iddiaçıya əlillik təyin edilməsindən imtina etmiş, imtinaya əsas kimi “Diaqnoz öz təsdiqini tapmaması - Diaqnoz əlillik əlaməti təyin etmir” göstərilmişdir Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı məhkəməyə hazırkı iddianı vermişdir. İddiaçının əyani müayinəsinin nəticəsində, diaqnozun öz təsdiqini tapmaması əsası ilə əlillik təyinatı aparılmamışdır. İddiaçı hazırda cavabdehin xx.xx.2024-cü il tarixli qərarını mübahisələndirir və son göndəriş, yəni xx.xx.2023-cü il tarixli göndəriş əsasında ona əlillik təyin edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı, cavabdehin imtinası əsassızdır. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, iddiaçının son göndərişdə olan diaqnozu ilə ona əvvəllər əyin edilmiş əlilliyin diaqnozları eynidir. Şəxsiyyətin emosional davamsız tip pozuntusu) və iddiaçıya sonuncu dəfə xx.xx.2016-cı il tarixdə 5 il müddətinə (xx.xx.2021-ci ilədək) hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1637/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətini mümkünsüz sayaraq qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir. Bu zaman iddiaçının dəyişməyən xəstəliyi, habelə ötən müddət ərzində xəstəliyinin ağırlaşması, eyni zamanda, iddiaçıya həmin diaqnoz əsasında müvafiq əlillik dərəcəsinin artıq bir neçə dəfə təyin olunduğu da cavabdeh tərəfindən nəzərə alınmalıdır”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi. Məhkəmə cavabdehin imtinası, yəni iddiaçıda olan diqaqnozun əlillik təyinatın əsas verməməsi ilə bağlı qeyd edir ki, hazırkı işin hallarından müəyyən edillir ki, iddiaçının müraciətinə əsasən xx.xx.2023-cü il tarixli göndəriş əsasında baxılmış və “Şəxsiyyətin emosional davamsız tip pozuntusu, şəxsiyyətin emosional-davamsız tip pozuntusu, teztez təkrarlanan dekompensasiya hallar, anamnezində KBT” diaqnozu qoyulmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-psixiatrik ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X3 ekspertlərinə həvalə edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli 2855 saylı rəydə qeyd edilmişdir ki, Yoxlanılan şəxs İddiaçı hal-hazırda “ŞƏXSİYYƏTİN EMOSİONAL-DAVAMSİZ TİP POZUNTUSU” F.60.3 aşkar olunur. Bunu iş materialları, anamnestik məlumatlar (yeniyetmə yaşlarından xasiyyətcə əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ‘‘Lənkəran Şəhər Psixiatriya Xəstəxanası”da Şəxsiyyətin emosional davamsız tip pozuntusu. Tez-tez təkrarlanan dekompensasiya halları. Anamnezində KBT” xx.xx.2024-cü il tarixli 2855 saylı rəy - İddiaçı diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (əhvali-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Yoxlanılan şəxs İddiaçı “şəxsiyyətin emosional-davamsız tip pozuntusu” müəyyən edilir. Cavabdehin əyani müayinə nəticəsindən görünür ki, cavabdeh iddiaçının instrumental müayinəsini deyil, əyani müayinəsini apararaq iddiaçıda olan diaqnozun əlillik təyinatına əsas verməməsi qərarına gəlmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, TSEK-in iddiaçıya diaqnoz əlillik əlaməti təyin etməməsi əsası ilə əlilliyin təyin olunmasından imtina barədə əyani müayinənin nəticəsi olaraq qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarı lazımi qaydada, şəxsin xüsusi halları ilə əlaqələndirilməklə əsaslandırılmamış, göndərişdə göstərilmiş diaqnozlar müvafiq tibbi sənədlərə istinadla deyil, ümumi ifadələrdən istifadə edilməklə inkar olunmuşdur. Əyani müayinənin nəticəsində qəbul edilən qərarlara münasibətdə nəzərə alınmalıdır ki, sözügedən müayinələr şəxsin sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirildiyi barədə nəticəyə gəlməyə imkan verən şəkildə aparılmalıdır. Bu zaman çıxarılan qərarlar şəxsin hərtərəfli, funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələrinə, mütəxəssislərin ətraflı obyektiv məlumatlarına, aparılmış müalicə tədbirləri və onların səmərəliliyinə, klinik proqnozlara əsaslanmalıdır. Bu nöqteyinəzərdən, məhkəmə əyani müayinənin nəticə hissəsi ilə kifayətlənməyərək, prosedurun özünün müvafiq diaqnostik müayinə metodları əsasında aparılıbaparılmadığı halından çıxış etməklə, həmin metodologiyanın şəxsin sağlamlığının real və obyektiv vəziyyətini qiymətləndirməyə uyğun qənaətinə gəlir. Belə ki, iddiaçı “ŞƏXSİYYƏTİN EMOSİONAL-DAVAMSİZ TİP POZUNTUSU” xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyin iddiaçıda olması ekspert rəyi və digər tibbi sənədlərlə müəyyən edilir. Cavabdeh isə, əyani müayinə apararkən belə nəticəyə gəlmişdir ki, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri şiddətli baş ağrılarından, əsəbilikdən, konfilktə meyllilikdən olmuşdur. Baş ağrılarının 2-3 gün çəkdiyini, üzünün, bədəninin sol tərəfli keyidiyini, medikamentoz preparatlardan Finlepsin, Fenazepam qəbul etdiyini bildirmişdir. Baxış zamanı sağ bilək və baş barmaqda səthi köhnə kəsik izləri müşahidə olunmuşdur. Psixi statusu zamanı şəxsiyyət dəyişikliyi əlamətləri aşkar olunmamışdır. 2 Saylı X2 xx.xx.2022-xx.xx.2022-ci il tarixli 1317/22 nömrəli Xəstəlik Tarixindən çıxarışında diaqnoz "Şəxsiyyətin emosional-davamsız tip pozuntusu, tez-tez təkrarlanan dekompensasiya halları, anamnezində KBT” qeyd olunsa da, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır”. Məhkəmə qeyd edir ki, iddiaçıda olan xəstəliklər 2004-cu ildən yaranmış, iddiaçıya ilk dəfə 2007-ci il tarixdə əlillik təyin edilmiş, 2014-cü il tarixdən 2021-ci il tarixə qədər eyni diqanozla əlillik təyinatı davam etdirilmişdir. İş materiallarında olan tibbi sənədlərə və ekspert rəyinə əsasən iddiaçıda olan xəstəliklərin (əsas diqanoz və ağırlaşmaların) hazırda da mövcud olması və həmin xətəliklərin reabilitasiya olunmaması müəyyən edilir. Lakin cavabdeh həmin sənədləri nəzərə almamasını əsaslandırmamışdır. Ona görə də, cavabdehin iddiaçının xarici görünüşünə əsaslanan formal əyani müayinədən ibarət dəlili, yəni iddiaçının tam reabilitasiya olunası barədə dəlili də əsassızıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1820/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu görünür. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya ən azından 2021-cı il tarixli göndəriş əsasında 5 il müddətinə əlillik təyin etməsinə və hal-hazırda ekspert rəyində və forma 88 arayışında qeyd olunan xəstəliyin iddiaçıda olmasına rəğmən, həmin diaqnoz əsasında 2021-ci il tarixdə təkrar əlilliyin müəyyən olunmasından imtina etmişdir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar. Belə olan halda, 2016-cı ildə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1038/2023 nömrəli, 2-1(102)-144/2023 nömrəli, və 2-1(102)- 2239/2023 nömrəli qərarlarında da eyni mövqe əks olunmuşdur). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 7.7. Spesifik şəxsiyyət pozuntuları Qeyd. Şəxsiyyət pozuntuları zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi aşağıdakılara əsaslanır: - şəxsiyyətin koqnitiv, emosional, davranış və şəxslər arası sahədə anomaliyalarının təzahür dərəcəsi; - uşaq, yeniyetmə və ya yetkin yaşlarda şəxsiyyətin anomaliyalarının başlanması; - dekompensasiya vəziyyətinin tezliyi və davametmə müddəti; - kompensasiya dövründə adaptasiya imkanları; - sosial təhlükəli davranışların ağırlığı və tezliyi (ətrafdakılara qarşı qanunazidd və ya aqresiv davranışlar və intihar cəhdləri); - intellektin inkişafı və öz davranışına tənqid dərəcəsi. Müalicəvi və reabilitasiya müdaxilələrinin effektliliyi. 7.7.1. spesifik şəxsiyyət pozuntuları – XBT kodu F60 7.7.1.1. fərdin fəaliyyətinə (özünü necə hiss etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski – orqanizmin funksiyalarının pozulma faizi 35- 60%, müddət 2 il. İş materiallarında olan cavabdehin xx.xx.2024-cü il tarixli qərarından müəyyən edilir ki, iddiaçya baxış zamanı sağ bilək və baş barmaqda səthi köhnə kəsik izləri müşahidə olunur. Həmçinin Hərbi Həkim Komissyasının qərarında qeyd edilmişdir ki, “...özünükəsmələr və özünəxəsarət yetirmələrlə müşayiət olunan mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli nevrotik vəziyyət, sol bazunun ön-yan səthində, sağ əlin birinci barmağının yan səthində saidin ön səthində dəri çapıqları, vegetativ damar distoniyası diaqnozu qoyulmuşdur. Göründüyü kimi, cavabdehin imtinada istinad etdiyi faktiki hal öz təsdiqini tapmır. İddiaçı 2007-ci il tarixdən 2021-ci ilədək müxtəlif vaxtlarda müxtəlif dövlət tibb müəssisələrində ambulator müalicələrdə olmuş, lakin iddiaçıda olan xəstəliklərin aradan qalxması, onun sağlamlığının bərpa olunması müəyyən edilməmişdir. Forma 88 arayışında qeyd edilən diaqnoz (“ŞƏXSİYYƏTİN EMOSİONAL-DAVAMSİZ TİP POZUNTUSU) iş üzrə verilmiş ekspert rəyi ilə də təsqini tapır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1.1-ci bəndində həmin diqanozun qiymətləndirilməsi zamanı (şəxsin özünə və ətrafdakılara zərər yetirmə riski) orqanizmin funksiyalarının pozulma faizi 35-60%, əlilliyin təyin edilmə müddəti 2 il göstərilmişdir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1940/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətini mümkünsüz sayaraq qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1038/2023 nömrəli, 2-1(102)-437/2024 nömrəli, 2-1(102)-73/2024 nömrəli, 2-1(102)-234/2024 nömrəli, 2-1(102)-589/2024 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin səhiyyə müəssisəsinin göndərişində qeyd edilmiş diaqnozu iş materialları ilə öz təsdiqini tapırsa və həmin diaqnoz şəxsə müvafiq əlillik dərəcəsinin təyin edilməsi üçün meyarların müvafiq bəndinə uyğundursa, cavabdeh inzibati orqan tərəfindən müvafiq əlillik dərəcəsinin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olacaq və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmayacaqdır. Cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir. Həmçinin qeyd olunmuşdur ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh, eyni zamanda, həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Odur ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər”. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İPM-in:
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının İddiaçı əlilliyin təyinindən imtina edilməsinə dair xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyalarının 35-60% pozulması ilə 2 il müddətində əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Bəhlul Cəlalov