Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-15683/2025 06.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı gömrük orqanı işçisi kimi güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndələri və vəkilləri Vəkil1 və Vəkil2, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı gömrük orqanı işçisi kimi güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Publik Hüquqi Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xidmət illəri nəzərə alınaraq və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş məlumat vərəqinə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddaçı (nümayəndəsi və vəkili vasitəsilə) xx.xx.2025-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, İddiaçı xx.xx.2025-ci il tarixdən etibarən gömrük orqanı işçisi kimi güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1999–2002-ci illərdə Bakı Dövlət Universitetində ali hüquq təhsili almışdır. xx.xx.2002-xx.xx.2020-ci illərdə prokurorluq orqanlarında (17 il 11 ay 15 gün), xx.xx.2020-xx.xx.2023-cü illərdə Dövlət Təhlükəsizliyi Xidmətində (2 il 2 ay 27 gün), xx.xx.2023-xx.xx.2025-ci illərdə (2 il 4 ay 22 gün) isə Dövlət Gömrük Komitəsində xüsusi rütbəli şəxs olaraq xidmət keçmişdir (cəmi 22 il 7 ay 5 gün) və xx.xx.1999-cu il tarixli, 768-İQ nömrəli Qanunla təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120-ci bəndinin 3-cü hissəsinə əsasən pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə qulluq keçməsinə xitam verilmişdir. Pensiya təyinatı üçün barəsində məlumat vərəqəsi Cavabdeh inzibati orqana göndərilsə də, xx.xx.2025-ci il tarixli “xidmət illəri tam deyil” qeydi ilə pensiya təyinatından imtina edilmişdir. Hesab edir ki, imtina əsassızdır. Belə ki, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 58-ci bəndinə əsasən dövlət qulluğunda və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə işləyən və ya əvvəllər işləmiş şəxslər gömrük orqanlarına xidmətə qəbul edildikdə, onların qulluq (xidmət) illəri gömrük orqanlarında xidmət illərinə daxil edilir. Bundan başqa, xx.xx.2024-cü il tarixə kimi qüvvədə olmuş “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə, o cümlədən fövqəladə hallar orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. İddiaçı həmin qanun qüvvədə olan dövrdə prokurorluq orqanlarında çalışaraq Dövlət Təhlukəsizlik Xidmətinə keçirilmişdir. Həmçinin, qüvvədə olan “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 18.9-cu maddəsi də analoji müddəanı nəzərdə tutur. Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın (bundan sonra – “4 nömrəli Qərar”) xx.xx.2025-ci il tarixədək qüvvədə olan redaksiyasının 2-ci bəndinə əsasən digər hüquq mühafizə və fövqəladə hallar orqanlarının sıravi və rəis heyəti vəzifələrində, həmçinin məhkəmə hakimiyyəti orqanlarında işləmiş, bu orqanlardan işdən çıxdıqdan sonra gömrük orqanlarında xidmətini davam etdirən vəzifəli şəxslərin həmin orqanlarda işlədikləri müddət gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə daxil edilir. Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.3-cü bəndinə əsasən xüsusi rütbəli şəxslərin xidmət müddətinin (qulluq illərinin) hesablanması onların xidmət (qulluq) etdiyi orqanlara aid hissədə “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarına (bundan sonra – “631 nömrəli Qərar”) və Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”na (bundan sonra – “4 nömrəli Qərar”) uyğun həyata keçirilir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh olan Mərkəzi Filial tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024cü il tarixli iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, 4 nömrəli Qərar gömrük orqanlarında pensiya təyin edilməsi üçün hansı xidmət illərinin nəzərə alınmalı olmasını deyil, orta aylıq əmək haqqına hesablanan fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün nəzərə alınan xidmət illərini tənzim edir. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarındakı hüquqi mövqeyinə uyğun olaraq hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə güzəştli şərtlərlə pensiya hüququnun müəyyən edilməsi üçün xidmət illəri 631 nömrəli Qərarla hesablanır. Həmin qərarda isə xidmət illərinin hesablanması zamanı şəxslərin prokurorluq işçisi kimi qulluq ilərinin nəzərə alınmasına dair hər hansı müddəa mövcud deyil. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndələri və vəkilləri məhkəmə iclasında verdikləri izahatlarında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi isə məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan iddiaçının əmək kitabçasına əsasən iddiaçı xx.xx.2002xx.xx.2020-ci illərdə prokurorluq orqanlarında, xx.xx.2020-xx.xx.2023-cü illərdə Dövlət Təhlükəsizlik Xidmətində, xx.xx.2023-xx.xx.2025-ci illərdə isə Dövlət Gömrük Komitəsində xüsusi rütbəli şəxs olaraq xidmət keçmişdir. Göründüyü kimi, iddiaçı xidmətdən buraxılanadək 22 il 7 ay 5 gün təqvim ili üzrə stajı olmuşdur. Həmin stajın 17 il 11 ay 15 günü prokurorluq orqanlarında qulluğa aiddir. Pensiya təyinatı üçün iddiaçı barəsində məlumat vərəqi elektron sistem üzərindən cavabdeh inzibati orqana xx.xx.2025-ci il tarixdə ötürülmüş, lakin xx.xx.2025-ci il tarixli “xidmət illəri tam deyil” qeyd ilə əmək pensiyası təyinatından imtina etmişdir. Cavabdeh inzibati orqan tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-17-1/2-Ə- 212072/2025 nömrəli məktubunda qeyd olunmuşdur ki, 4 nömrəli Qərar gömrük orqanlarında pensiya təyin edilməsi üçün hansı xidmət illərinin nəzərə alınmalı olmasını deyil, orta aylıq əmək haqqına hesablanan fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün nəzərə alınan xidmət illərini tənzim edir. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarındakı hüquqi mövqeyinə uyğun olaraq hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə güzəştli şərtlərlə pensiya hüququnun müəyyən edilməsi üçün xidmət illəri, bir qayda olaraq, 631 nömrəli Qərarla hesablanır. İddiaçının təqdim xidmət illəri 20 ildən az təşkil etdiyindən onun barəsində tərtib edilmiş məlumat vərəqəsi geri qaytarılmışdır. Tətbiq edilən hüquq. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 1.0.3-cü maddə hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. 1.0.4-cü maddə xüsusi rütbəli şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentin 22 dekabr 2006-cı il 499 nömrəli Fərmanı 2.4-cü bənd Qanunun 1.0.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. 3.3-cü maddə Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. xx.xx.2024-cü il tarixdən qüvvəyə minmiş “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə 22 dekabr 2023-cü il tarixli 1074-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu 5.2-ci maddə Bu Qanun qüvvəyə mindiyi tarixədək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular 25 təqvim ili hərbi xidmət müddətini tamamlayanadək hərbi xidmətdən buraxıldıqda, onlara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 2024-cü il yanvarın 1-dək qüvvədə olan normaları (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17-ci maddəsi istisna olmaqla) tətbiq edilir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş redaksiyası 9.5.1-ci maddə Hərbi qulluqçu kimi 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddə Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” 4.3-cü bənd Xüsusi rütbəli şəxslərin xidmət müddətinin (qulluq illərinin) hesablanması onların xidmət (qulluq) etdiyi orqanlara aid hissədə 631 nömrəli Qərara və 4 nömrəli Qərara uyğun həyata keçirilir. 4 nömrəli Qərarın xx.xx.2025-ci il tarixədək qüvvədə olan redaksiyası 2-ci bənd Digər hüquq mühafizə və fövqəladə hallar orqanlarının sıravi və rəis heyəti vəzifələrində, həmçinin məhkəmə hakimiyyəti orqanlarında işləmiş, bu orqanlardan işdən çıxdıqdan sonra gömrük orqanlarında xidmətini davam etdirən vəzifəli şəxslərin həmin orqanlarda işlədikləri müddət gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə daxil edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanun: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İPM: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə işin materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından göründüyü kimi mübahisə 4 nömrəli Qərar əsasında prokurorluq orqanlarında qulluq illərinin gömrük orqanlarında pensiya təyin edilməsi zamanı xidmət vaxtına nəzərə alınması ilə bağlıdır. Cavabdehin mövqeyinə əsasən 4 nömrəli Qərar gömrük orqanlarında pensiya təyin edilməsi üçün hansı xidmət illərinin nəzərə alınmalı olmasını deyil, orta aylıq əmək haqqına hesablanan fasiləsiz xidmət illərinə görə əlavələrin ödənilməsi üçün nəzərə alınan xidmət illərini tənzim edir. Halbuki, Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.3-cü bəndinə əsasən xüsusi rütbəli şəxslərin xidmət müddətinin (qulluq illərinin) hesablanması onların xidmət (qulluq) etdiyi orqanlara aid hissədə (i) 631 nömrəli Qərara və (ii) 4 nömrəli Qərara uyğun həyata keçirilir. Təsadüfi deyildir ki, Konstitusiya Məhkəməsi Plenumunu “Dövlət qulluğu haqqında” Qanunun 22.7-1-ci maddəsinin hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin və dövlət qulluqçularının pensiyası ilə əlaqədar xidmət müddətinin (qulluq illərinin) hesablanması qaydasına münasibətdə şərh edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin müraciətinə dair” xx.xx.2026-cı il tarixli qərardadında eyni hüquqi mövqe sərgiləşmişdir. Bu o deməkdir ki, pensiya təyin edilməsi zamanı xüsusi rütbəli şəxslərin xidmət müddətinin hesablanması təkcə 631 nömrəli Qərara uyğun olaraq deyil, həm də 4 nömrəli Qərara uyğun olaraq həyata keçirilir və 4 nömrəli Qərarın 2-ci bəndinə əsasən digər hüquq mühafizə orqanlarının rəis heyəti vəzifələrində və məhkəmə hakimiyyəti orqanlarında işləmiş, bu orqanlardan işdən çıxdıqdan sonra gömrük orqanlarında xidmətini davam etdirən vəzifəli şəxslərin həmin orqanlarda işlədikləri müddət gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə daxil edilir. Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-14/2023 nömrəli qərarı ilə formalaşmış məhkəmə təcrübəsinə əsasən 4 nömrəli qərara əsasən gömrük orqanlarında xidmət illəri dövlət qulluğu stajına daxil edilir və bunun üzərindən pensiya hüququ təmin edilməlidir. Bu səbəbdən İddiaçının məhkəmə hakimiyyəti orqanı hesab edilən prokurorluq və digər hüquq mühafizə orqanı hesab edilən dövlət təhlükəsizlik orqanlarında işlədiyi müddət pensiya təyinatı zamanı gömrük orqanlarında fasiləsiz xidmət illərinə daxil edilməli və ona gömrük orqanı işçisi kimi güzəştli şərtlərlə pensiya təyin edilməlidir. Bununla yanaşı, qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən 98 nömrəli Qərardakı qayda (daxili işlər orqanlarında xidmət zamanı fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün güzəştli xidmət illərinin nəzərə alınması) onu nəzərdə tutur ki, güzəştli xidmət illərinin daxili işlər orqanlarında fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün nəzərə alınması qaydası pensiya təyin edilərkən əsas götürülə bilməz. Güzəştli xidmət illərinin bir daha fasiləsiz xidmət illərinin tərkibində hesablanması müvafiq güzəştin pensiya təyinatı zamanı ikinci dəfə təkrarlanması ilə nəticələnər. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi, güzəştli xidmət illəri daxili işlər orqanı əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün nəzərə alınsa da, həmin güzəştli xidmət illəri pensiya təyinatı zamanı ikinci dəfə təkrarlanmamalıdır. Lakin daxili işlər orqanı əməkdaşlarının xidmət illərinə daxil edilən fasiləsiz xidmət illərinin, o cümlədən güzəştli xidmət illərinin pensiya təyinatı zamanı nəzərə alınması istisna edilmir. Həmin hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun R.Cəfərovun iddiasına dair mülki iş üzrə Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2011-ci il tarixli qərarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair xx.xx.2012-ci il tarixli qərarındakı hüquqi mövqe ilə uzlaşır. Belə ki, həmin qərara görə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2024-cü il tarixədək qüvvədə olmuş 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq-mühafizə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Hakim işləmiş şəxs prokurorluq orqanlarına qulluğa keçdikdə və onun məhkəmə orqanlarında xidmət illəri prokurorluqda xidmət illərinə daxil edildikdə, həmin şəxsin prokurorluğun qulluqçusu kimi güzəştli pensiya hüququ yarana bilər. Həmin hüquqi mövqedən belə aydın olur ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.5-ci maddəsində nəzərdə tutulan qayda, yəni prokurorluq orqanından digər orqana keçən işçinin xidmət illərinin nəzərə alınması qaydası güzəştli şərtlərlə pensiya təyin edilməsinə də aiddir. Qeyd edilməlidir ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.5-ci maddəsi xx.xx.2024-cü il tarixdə ləğv edilsə də, eyni norma (prokurorluq orqanlarındakı qulluq illərinin dövlət qulluğu və ya dövlət qulluğunun xüsusi növündəki qulluq (xidmət) illərinə daxil edilməsi) 18.9-cü maddədə təsbit edilmişdir. Prokurorluq orqanlarında qulluq keçən və ya əvvəllər qulluq keçmiş şəxslər dövlət qulluğuna və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növünə qulluğa (xidmətə) qəbul edilərkən, onların prokurorluq orqanlarındakı qulluq illəri həmin orqanlarda qulluq (xidmət) illərinə daxil edilir. Konstitusiya Məhkəməsi Plenumunu xx.xx.2026-cı il tarixli qərardadında qeyd etmişdir ki, hərbi qulluqçu kimi pensiya təyinatı zamanı dövlət qulluğu stajı birə-bir hərbi xidmət müddətinə daxil edilməsi zamanı dövlət qulluğu ilə qulluğun xüsusi növündə xidmətin ağır şərtlərinə görə müəyyən edilmiş fərq aradan qalxmış olur, bu isə davamlı olaraq daha ağır şərtlərdə xidmətə görə nəzərdə tutulmuş “əlahiddə status”u zəiflədə, həmçinin dövlət qulluqçuları üçün erkən pensiya hüququnun qazanılması üçün sui-istifadə halının yaranmasına gətirib çıxara bilər. Digər tərəfdən, dövlət qulluqçusu qulluğun xüsusi növünə qəbul edildikdə, pensiya məqsədləri üçün dövlət qulluğunun qulluq stajının qulluğun xüsusi növündə qulluq illərinin hesablanması zamanı ümumiyyətlə nəzərə alınmaması ədalət prinsipinin pozulmasına səbəb ola bilər. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsi Plenumu tərəfindən pensiya təyin edilməsi məqsədilə dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydalarının müəyyən əmsallar əsasında (müxtəlif orqanlarda xidmətin xüsusiyyətləri nəzərə alınmaqla) təkmilləşdirilməsini Nazirlər Kabinetinə tövsiyə edilmişdir. Həmin qərardadda qeyd edilmişdir ki, belə təkmilləşdirilmə həyata keçirilərkən pensiya təyin edilməsi üçün dövlət qulluğu stajı və dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin, o cümlədən hərbi xidmət müddətlərinin müəyyən əmsallar əsasında qarşılıqlı tanınmasının (müxtəlif orqanlarda xidmətin xüsusiyyətləri nəzərə alınmaqla) mümkünlüyü məsələsi nəzərdən keçirilə bilər. Həmçinin, qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərardadının çıxarılmasına əsas olan işin hallarına əsasən şəxs əvvəlcə dövlət qulluğu vəzifəsində işləmiş, sonra dövlət qulluğunun xüsusi növü sayılan Dövlət Gömrük Komitəsində xidmət keçmiş, ona Dövlət Gömrük Komitəsi xüsusi rütbəli şəxsi kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumu qərardadında hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi pensiya təyinatı zamanı dövlət qulluğu stajının birə-bir hərbi xidmət müddətinə daxil edilməsini dövlət qulluqçuları üçün pensiya hüququndan suiistifadəyə gətirib çıxara bilən hal kimi qiymətləndirmişdir. Lakin Konstitusiya Məhkəməsi Plenumu qərardadda hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi pensiya təyinatı zamanı dövlət qulluğunun xüsusi növündə qulluq illərinin hərbi xidmət illərinə, yaxud dövlət qulluğunun bir xüsusi növündə qulluq illərinin digər xüsusi növdə qulluq illərinə staj olaraq birə-bir daxil edilməsini dövlət qulluğunun xüsusi növündə qulluq keçən şəxslərin pensiya hüququndan sui-istifadəsinə gətirib çıxara bilən hal kimi qiymətləndirməmişdir. Bu səbəbdən dövlət qulluğunun xüsusi növündə qulluğun hərbi xidmət kimi daha ağır şərtlərə xidmət olması və həmin xidmətin özünün “əlahiddə status”a malik olması, onların ümumi dövlət qulluğundan fərqli olaraq daha əlverişli şərtlərlə pensiya hüququna layiq olması nəticəsinə gəlmək olur. Hazırki işin hallarına əsasən də iddiaçı əvvəlcə dövlət qulluğunun xüsusi növü hesab edilən prokurorluq orqanlarında (17 il 11 ay 15 gün) xüsusi rütbəli şəxs olaraq qulluq keçmiş, sonra hərbi xidmət hesab edilən Dövlət Təhlükəsizliyi Xidmətində (2 il 2 ay 27 gün) həqiqi hərbi xidmətdə olmuş, daha sonra isə dövlət qulluğunun digər xüsusi növü sayılan Dövlət Gömrük Komitəsində xüsusi rütbəli şəxs olaraq xidmət keçmişdir. Bu baxımdan Konstitusiya Məhkəməsi Plenumunun qərardadındakı hüquqi mövqelər onun hüquqi vəziyyətinə aid ola bilməz və onun dövlət qulluğunun xüsusi növündə qulluğu (prokurorluqda qulluq) və hərbi xidməti dövlət qulluğunun digər xüsusi növündə (gömrük orqanlarında) qulluğun “əlahiddə status”u zəiflədən, həmçinin xüsusi rütbəli şəxs (gömrük işçisi) kimi erkən pensiya hüququ qazanması halı kimi qiymətləndirilə bilməz. Odur ki, İddiaçının prokurorluq orqanlarında qulluq illəri gömrük orqanında xidmət illərinə güzəştli şərtlərlə pensiya təyin edilməsi zamanı nəzərə alınmalı və ona gömrük orqanı işçisi kimi güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Odur ki, aparılmış qiymətləndirmənin nəticəsi olaraq iddia təmin olunmalıdır. NƏTİCƏ HİSSƏSİ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2025-ci il tarixdən etibarən gömrük orqanı işçisi kimi güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №e-2-1(112)-15683/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-15683/2025
06.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver