Məhkəmə qərarları › İş №e-2-1(112)-1569/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1569/2025

16.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1569/2025 16.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X15 İdris oğlunun sədrliyi, X11 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Vətəndaşların adlarına bağ sahələrinin bütünlüklə və ya bir hissəsinin sənədləşdirilməsi, bağ–tikinti kooperativlərinin tərkibində ayrılması barədə” xx.xx.1997-ci il tarixli, 235 nömrəli Sərəncamı ilə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında, 50 nömrəli BTK nəzdində yerləşən, faktiki sahəsi 0.1066 ha olan bağ sahəsinə dair mülkiyyət hüququnun iddiaçının mərhum həyat yoldaşı X4 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Vətəndaşların adlarına bağ sahələrinin bütünlüklə və ya bir hissəsinin sənədləşdirilməsi, bağ-tikinti kooperativlərinin tərkibində ayrılması barədə” xx.xx.1997-ci il tarixli, 235 nömrəli Sərəncamı ilə ayrılmış, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında yerləşən, 50 nömrəli ВТК nəzdində yerləşən ümumi sahəsi 1200 kv. m olan bağ sahəsinə dair (faktiki ölçülərə uyğun olmaqla) mülkiyyət hüququnun İddiaçı mərhum həyat yoldaşı X4 məxsus olması barədə Arayışın (Forma-37) verilməsi və iddiaçının həmin torpaq sahəsinin faktiki ölçülərinə uyğun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarını təsdiq edən reyestrdən Çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı mərhum həyat yoldaşı X3 adına Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət, Fərdi və Bağ Evlərinin Tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin 18 mart 1997-ci il tarixli, 235 nömrəli qərarına əsasən Maştağa bağlar sahəsindəki 50 nömrəli ВТК nəzdində ümumi sahəsi 0.12 hektar torpaq sahəsi olan 353 “B” nömrəli bağ ayrılmışdır. Bağ sahəsinin ayrılmasına dair Order verildiyi tarixdən də X8 öz ailə üzvləri ilə birlikdə həmin bağda yaşamış və fərdi yaşayış evi də tikmişdir. X8 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Vərəsəlik işi ilə əlaqədar, İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuş və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 50 nömrəli BTK-nın nəzdində 353 “B" ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın verilməsi xahiş olunmuşdur. Ərizəyə 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinin 06 sentyabr 2019-cu il tarixli, 1740 nömrəli məktubu, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1997-ci ilə dair sərəncamlar kitablarından “Vətəndaşların adlarına bağ sahələrinin bütünlüklə və ya bir hissəsinin sənədləşdirilməsi, bağ-tikinti kooperativlərinin tərkibində ayrılması barədə” xx.xx.1997-ci il tarixli, 235 nömrəli Sərəncamdan çıxarışa dair Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2019-cu il tarixli, Q-389-112 nömrəli Arxiv arayışı və xx.xx.1997-ci il tarixli, 16 nömrəli Order də əlavə olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********45 nömrəli "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” Bildirişi ilə “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın verilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi isə, təqdim edilmiş Orderdə bağ nömrəsində düzəliş edilməsi, eyni bağ nömrəsi eyni X1 nəzdində olan fiziki şəxsin adına verilmiş Orderdə təkrarlanması, həmçinin torpaq sahəsi sənədlə 1200.0 kv.m göstərilsə də, faktiki olaraq 1065.0 kv.m təşkil etməsi göstərilmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili tərəfindən cavabdeh inzibati orqana 25 dekabr 2023-cü il tarixli, 1156 nömrəli vəkil sorğusu ilə müraciət edilmiş və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş 18 mart 1997-ci il tarixli, 235 nömrəli Qərara əsasən verilmiş 16 nömrəli Order “kirill” əlifbası ilə tərtib edilmişdir və 16 nömrəli Orderə əsasən ünvan kimi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 50 nömrəli BTK-nın nəzdində 353 “V” ünvanında yerləşən 0.12 ha torpaq sahəsi göstərilmişdir. Lakin, İddiaçı təqdim edilmiş Arxiv arayışında ünvan yanlışlıqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 50 nömrəli BTK-nın nəzdində 353 “B” ünvanında yerləşən 0.12 ha torpaq sahəsi göstərildiyinə görə, 1 saylı Bakı Ərazi İdarəsinə də ərizə ilə müraciət olunarkən yanlış ünvan göstərilmişdir. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 50 nömrəli BTK-nın nəzdində 353 “V” ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə dair 50 nömrəli X2 tərəfindən hər hansı fiziki və ya hüquqi şəxsə Order verilibverilməməsi, həmin Order əsasında başqa şəxsə cavabdeh inzibati orqan tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın verilib-verilməməsi barədə məlumat verilməsi, verildiyi təqdirdə isə təsdiqedici sənədlərin surətlərinin təqdim edilməsi xahiş edilmişdir. Lakin, göstərilən vəkil sorğusu cavabdeh inzibati orqan tərəfindən cavablandırılmamışdır. Bundan başqa, iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə 25 dekabr 2023-cü il tarixli, 1157 nömrəli vəkil sorğusu ilə müraciət edilmiş və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş 18 mart 1997-ci il tarixli, 235 nömrəli qərara əsasən verilmiş 16 nömrəli Orderin “kirill” əlifbası ilə tərtib edildiyi və 16 nömrəli Orderə əsasən ünvan kimi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 50 nömrəli BTK-nın nəzdində 353 “V” ünvanında yerləşən 0.12 ha torpaq sahəsi göstərilmişdir. Göstərilənləri nəzərə alaraq, xx.xx.2016-cı ildə X3 adına açılmış vərəsəlik işi ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş 18 mart 1997-ci il tarixli, 235 nömrəli Qərara əsasən verilmiş 16 nömrəli Orderin düzgün ünvanı (353 “V”) göstərilməklə, Sərəncamdan çıxarışın təqdim edilməsi xahiş edilmişdir. Göstərilən vəkil sorğusuna Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Aparatının 19 yanvar 2024-cü il tarixli, 3-52/2-335/2024 nömrəli məktubu ilə cavab verilmiş və Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, Q-389-112 nömrəli Arxiv arayışında göstərilən bağın nömrəsinin Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 235 №-li Sərəncamında 353b kimi yazıldığı bildirilmişdir. Eyni zamanda iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili tərəfindən 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinə 25 dekabr 2023cü il tarixli, 1158 nömrəli vəkil sorğusu ilə müraciət edilmiş və məktubda miras qoyanın adına olan daşınmaz əmlakın ünvanı notariat ofisi tərəfindən yanlış göstərildiyinə görə, mirası qəbul edən İddiaçı adına Çıxarış verilmədiyi bildirilmişdir. Belə ki, miras qoyan X4 məxsus daşınmaz əmlaka dair Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş 18 mart 1997-ci il tarixli, 235 nömrəli Qərara əsasən verilmiş 16 nömrəli Orderə əsasən ünvan kimi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 50 nömrəli BTK-nın nəzdində 353 “V" ünvanında yerləşən 0.12 ha torpaq sahəsi göstərilmişdir. Göstərilənləri nəzərə alaraq, xx.xx.2016-cı ildə X3 adına açılmış vərəsəlik işi ilə əlaqədar mirası qəbul edən İddiaçı adına Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 50 nömrəli BTK-nın nəzdində 353 “V” ünvanında yerləşən 0.12 ha torpaq sahəsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə yenidən müraciət olunması, müraciət məktubunun surətinin isə rəsmi qaydada təqdim edilməsi xahiş edilmişdir. Göstərilən vəkil sorğusuna cavab olaraq, xx.xx.2023-cü il tarixdə İddiaçı və vəkili Vəkil 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin notariusu Sidqi Həbibbəyli tərəfindən dəvət edilmiş və 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən tərtib olunmuş 28 dekabr 2023-cü il tarixli, 3962 nömrəli məktub cavabdeh inzibati orqana təqdim edilməsi üçün iddiaçıya verilmişdir. Məktubda "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinin tələbinə uyğun olaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 50 nömrəli BTK-nın nəzdində 353 “V” ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması barədə arayışı vərəsəsi İddiaçı vasitəsilə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə göndərilməsi xahiş olunmuşdur. Göstərilən məktubla iddiaçı və onun vəkili 4 saylı Bakı “ASAN xidmət” mərkəzində cavabdeh inzibati orqana məxsus xidmət pəncərəsinə yaxınlaşmış, sənədlər təhlil olunduqdan sonra göstərilən torpaq sahəsi ilə bağlı cavabdeh inzibati orqanın xx.xx.2019-cu il tarixli, **********45 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” Bildirişi ilə “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın verilməsindən imtina edildiyi bildirilərək, düzəliş olunmuş (353 V) ünvan ilə bağlı Bakı şəhər İcra Hakimiyyətindən yeni sərəncamdan çıxarış alınaraq, yaxınlaşmalı olduqları bildirilmişdir. Eyni zamanda, 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinin 28 dekabr 2023-cü il tarixli, 3963 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, xx.xx.2016-cı ildə vəfat etmiş X3 adına olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 50 nömrəli BTK-nın nəzdində 353 “V" ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinə dair AR ƏMDK DƏDK və RPHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış sorğunun nüsxəsi məlumat üçün iddiaçının vəkilinə ünvanlanmışdır. Bundan sonra, iddiaçının vəkili düzəliş olunmuş ünvanla bağlı sərəncamdan çıxarışın alınması üçün bilavasitə Bakı şəhər İcra Hakimiyyətim yaxınlaşmış və xx.xx.1997-ci il tarixli, 235 nömrəli Sərəncamın əsli ilə tanış olmuşdur. Sərəncamda həqiqətən də ünvan kimi Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 50 nömrəli BTK-nın nəzdində 353 “B” ünvanı göstərildiyi müəyyən olunmuşdur. Cavabdeh inzibati orqanın imtina məktubunda eyni bağ nömrəsinə dair başqa şəxsin də adına Sərəncam olduğu və ona Çıxarış verildiyi bildirilmiş, cavab olaraq isə həmin dövrdə texniki səhv ucbatından ünvanın yanlış göstərilmiş ola biləcəyi ehtimalı bildirilmişdir və bu dəfə iddiaçının vəkilinə 03 may 2024-cü il tarixli, 3- 52/2-Q. 135.112/2024 nömrəli Sərəncamdan çıxarış təqdim olunmuşdur. Bu Çıxarışda hər hansı ünvan göstərilmədən, sadəcə Maştağa ВТК 50 ünvanı qeyd edilmişdir. Bütün aparılan araşdırmalardan sonra, iddiaçı tərəfindən təkrarən cavabdeh inzibati orqana 17 aprel 2024-cü il tarixli ərizə ilə müraciət olunmuş və İddiaçı mərhum həyat yoldaşı X8ndan miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında yerləşən 353 “B” nömrəli bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınması və miras qoyanın vərəsəsi İddiaçı adına çıxarış verilməsi üçün köməklik göstərilməsi xahiş edilmişdir. Lakin, göstərilən məktub cavabdeh inzibati orqan tərəfindən 35 gün müddətində cavablandırılmadığı üçün hazırda iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisəli daşınmaz əmlaka dair ilkin hüquqmüəyyənedici sənəd Bakı şəhər İcra Hakimiyyəti başçısının 18 mart 1997-ci il tarixli, 235 nömrəli qərarına əsasən Maştağa bağlar sahəsindəki 50 nömrəli ВТК nəzdində ümumi sahəsi 0.12 hektar torpaq sahəsi olan 353 “B” nömrəli bağ ayrılmasına dair iddiaçının mərhum həyat yoldaşının adına verilmiş 16 nömrəli Order olmuşdur. Göstərilən bağ sahəsində həmin vaxtdan iddiaçı öz ailəsi ilə birlikdə yaşamış, fərdi yaşayış evi tikmişdir. Həmin torpaq sahəsinə dair üçüncü şəxslərin heç bir iddiası və ya tələbi mövcud deyildir. Cavabdehin əvvəlki imtina məktubunda göstərilən “təqdim edilmiş Orderdə bağ nömrəsində düzəliş edilməsi, eyni bağ nömrəsi eyni X1 nəzdində olan fiziki şəxsin adına verilmiş Orderdə təkrarlanması” iddiaçının günahı deyildir və vaxtilə dövlət qurumlarının buraxdığı texniki səhvə görə iddiaçının mülkiyyət hüquqları məhdudlaşdırıla bilməz. Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Vətəndaşların adlarına bağ sahələrinin bütünlüklə və ya bir hissəsinin sənədləşdirilməsi, bağ-tikinti kooperativlərinin tərkibində ayrılması barədə” xx.xx.1997-ci il tarixli, 235 nömrəli Sərəncamında göstərilən bağ sahələrinin bir çoxuna cavabdeh inzibati orqan tərəfindən çıxarışlar verilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmışdır. Bundan başqa, cavabdeh inzibati orqan bağ sahəsinin ünvanının başqa fiziki şəxsə məxsus orderdə təkrarlanmasını bildirsə də, bunu təsdiq edən sənədləri iddiaçıya təqdim etməmişdir. Cavabdehin əvvəlki imtina məktubunda torpaq sahəsinin faktiki ölçüsünün 1200 kv.m yox, 1065 kv.m olması ilə bağlı isə iddiaçı torpaq sahəsinin faktiki ölçülərinə uyğun Çıxarış verilməsinə etiraz etmir. Orderdə torpaq sahəsinin ölçüsü daha böyük göstərilib, həmin torpaq sahəsinə dair daha az ölçüdə Çıxarışın verilməsinə razılıq iddiaçının hüququdur və bununla başqa şəxslərin hüquq və mənafelərinə toxunmur. Həmçinin Bakı şəhər İcra Hakimiyyəti başçısının “Vətəndaşların adlarına bağ sahələrinin bütünlüklə və ya bir hissəsinin sənədləşdirilməsi, bağ-tikinti kooperativlərinin tərkibində ayrılması barədə” xx.xx.1997-ci il tarixli, 235 nömrəli Sərəncamında göstərilən bağ sahələrinin bir çoxunun Çıxarışları mövcuddur. Cavabdeh xx.xx.2024-cü il tarixli, **********51 saylı imtinasında bildirmişdir ki, təqdim olunan Orderin tərtibatında uyğunsuzluq mövcuddur. Belə ki, Orderin tərtibində kiril qrafikalı əlifbadan istifadə olunsa da, möhür latın qrafikalıdır. Həmçinin İdarənin arxivində mövcud olan və təqdim olunan Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-cı il tarixli, 235 nömrəli Sərəncam siyahısında mərhum X4 50 №-li Bağ Tikinti Kooperativi nəzdidə “353 b” saylı bağ sahəsinin ayrıldığı qeyd olunsa da, Orderdə bağ sahəsinin nömrəsi “353 v” kimi qeyd olunmuşdur. 50 №-li Bağ Tikinti Kooperativi nəzdində “353 b” saylı bağ sahəsi digər fiziki şəxsin adına verilən Orderdə təkrarlanır. Qeyd olunanlarla yanaşı, təqdim olunan Order surətdir və Orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Məlumat üçün bildirilir ki, təqdim olunan sənədlər surətdir. Cavabdeh xx.xx.2024-cü il tarixli etirazında bildirmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “353 b” saylı torpaq sahəsi üzərində hüquqların mərhum X4 məxsus olması barədə arayışın verilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət etmiş xx.xx.2024-cü il tarixli, **********51 saylı cavab məktubu ünvanlanmışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim olunan Orderin tərtibatında uyğunsuzluq mövcuddur. Belə ki, Orderin tərtibində kiril qrafikalı əlifbadan istifadə olunsa da, möhur latın qrafikalıdır. Həmçinin İdarənin arxivində mövcud olan və təqdim olunan Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1997-cı il tarixli, 235 nömrəli Sərəncam siyahısında mərhum X4 50 №-li Bağ Tikinti Kooperativi nəzdidə “353 b” saylı bağ sahəsinin ayrıldığı qeyd olunsa da, Orderdə bağ sahəsinin nömrəsi “353 v” kimi qeyd olunmuşdur. Həmçinin 50 №-li Bağ Tikinti Kooperativi nəzdində “353 b” saylı bağ sahəsi X6 adına verilən Orderdə təkrarlanır. Qeyd olunanlarla yanaşı, təqdim olunan Order surətdir və orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. İdarənin mütəxəssislər tərəfindən ünvana keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 0.1066 ha-dır. Elektron kadastr baza məlumatlarına əsasən hasarlanma sxematik xəritəyə uyğun aparılmadığından və bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmadığından bağ sahəsinin yerləşməsinin düzgünlüyünü müəyyən etmək mümkün olmadı. Etirazda qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması xahiş edilmişdir. Məhkəmənin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “Bakı şəhər İcra Hakimiyyəti başçısının “Vətəndaşların adlarına bağ sahələrinin bütünlüklə və ya bir hissəsinin sənədləşdirilməsi, bağ–tikinti kooperativlərinin tərkibində ayrılması barədə” xx.xx.1997-ci il tarixli, 235 nömrəli Sərəncamı ilə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında, 50 nömrəli BTK nəzdində yerləşən, faktiki sahəsi 0.1066 ha olan bağ sahəsinə dair mülkiyyət hüququnun iddiaçının mərhum həyat yoldaşı X4 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul olunmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və cavabdehin nümayəndəsi bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. 413648 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X7 arasında 08 sentyabr 1984-cü il tarixində nikah bağlanmışdır. AZ-İ 789772 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 28 iyun 2016-cı il tarixində sağ ciyərinin xərçəngi səbəbindən ölmüşdür. Bakı şəhər İcra Hakimiyyətini xx.xx.2024-cü il tarixli, 3-52/2-335/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, Q-389-112 nömrəli arxiv arayışında göstərilən bağın nömrəsi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 235 nömrəli Sərəncamında 353b kimi yazılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Aparatının əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin 16 nömrəli Orderinin surətindən görünür ki, X5 18 mart 1997-ci il tarixli, 235 nömrəli qərara əsasən Maştağa bağlar sahəsində 50 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 353 B nömrəli bağ sahəsi ayrılmışdır. Bakı şəhər İcra Hakimiyyətinin məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli, 3-52/2- 2718/2024 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 235 nömrəli Sərəncamı böyük həcmlidir. Bakı şəhər İcra Hakimiyyətinin “Vətəndaşların adlarına bağ sahələrinin bütünlüklə və ya bir hissəsinin sənədləşdirilməsi, bağ-tikinti kooperativlərinin tərkibinə ayrılması barədə” xx.xx.1997-ci il tarixli, 235 nömrəli Sərəncamına əsasən X4 Maştağa BTK 50 bağ sahəsi ayrılmışdır. Sərəncama əsas olmuş sənədlər əlavə edilməmişdir. Cavabdehin məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 0,1066 ha-dır. Bağ sahəsinin nömrəsi sxematik xəritədə əks olunmadığından bağ sahəsinin yerləşməsinin düzgünlüyünü müəyyən etmək mümkün olmadı. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla göstərilən sahə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. Göstərilən hissədə hasarlanma sxematik xəritəyə uyğun aparılmamışdır. Bağ sahəsinin dəqiq yerləşməsini müəyyənləşdirmək mümkün olmadı. Həmin hissədə sxematik xəritə boşluq və 353 saylı bağın indeksi qeyd olunub (hərf aydın oxunmur). Qonşu özəl bağ nömrəsi 353D saylı bağdır (şimal qonşusudur). Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-18810/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən 50 saylı BTK-nın nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 1200 kv.m torpaq sahəsi olan 353b saylı bağ sahəsinin hər hansısa digər torpaq sahəsi ilə üst-üstə düşməsi barədə məlumat aşkar edilməmişdir. Həmçinin bildiririk ki, göstərilən bağ sahəsinin şimalında **********78 reyestr nömrəli, 353d saylı bağ sahəsi qeydiyyatdan keçirilmişdir. Həmin məktuba əlavə edilmiş sənədlərin surətindən görünür ki: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlə reyestrindən ******* nömrəli, MH seriyalı çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 353 D saylı 0,12 ha bağ sahəsi X9 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2009-cu ildə qeydiyyata alınmışdır. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Torpaq islahatları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Maddə 25. Bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;8.0.7-ci maddəsinə görə 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun: 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 22.2-ci maddəsinə görə müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə cavabdehin imtina əsasına münasibətdə bildirir ki, iddia predmetini təşkil edən bağ sahəsi iddiaçının mərhum əri X4 ayrılmışdır. Bu fakt, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən göndərilmiş məhkəmə sorğusuna cavab məktubunda Bakı şəhər İcra Hakimiyyəti başçısının “Vətəndaşların adlarına bağ sahələrinin bütünlüklə və ya bir hissəsinin sənədləşdirilməsi, bağ–tikinti kooperativlərinin tərkibində ayrılması barədə” xx.xx.1997-ci il tarixli, 235 nömrəli Sərəncamı ilə təsdiq olunur. Sərəncamda mərhumun adının əks olunması, bağ sahəsinin ona ayrıldığını təsdiq edən mühüm hüquqi dəlil kimi çıxış edir. Cavabdehin imtinasının digər Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-cı il tarixli, 235 nömrəli Sərəncam siyahısında mərhum X4 50 №-li Bağ Tikinti Kooperativi nəzdidə “353 v” saylı bağ sahəsinin ayrıldığı hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyəti Aparatının əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin 16 nömrəli Orderinin surətindən görünür ki, X5 18 mart 1997-ci il tarixli, 235 nömrəli qərara əsasən Maştağa bağlar sahəsində 50 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 353 B nömrəli bağ sahəsi ayrıldığı bildirilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 3-52/2-335/2024 nömrəli məktubu ilə sabit olunmuşdur ki, Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, Q-389-112 nömrəli arxiv arayışında göstərilən bağın nömrəsi Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 235 nömrəli sərəncamında 353b kimi yazıldı qeyd olunsa da, orderdə bağ sahəsinin nömrəsi “353 v” kimi qeyd olunmuşdur. Bununla yanaşı, cavabdeh imtinasında istinad etdiyi torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki yerləşməsi arasında uyğunsuzluğun mövcud olması sübuta yetirilməməkdədir. Məhkəmə diqqətə çatdırır ki, cavabdeh məhkəməyə ünvanlandığl məktubda bildirmişdir ki, 50 saylı BTK-nın nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 1200 kv.m torpaq sahəsi olan 353b saylı bağ sahəsinin hər hansısa digər torpaq sahəsi ilə üst-üstə düşməsi barədə məlumat aşkar edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinasını əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, iddia təmin edilməli, cavabdehin üzərinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında, 50 nömrəli BTK nəzdində yerləşən, faktiki sahəsi 0.1066 ha olan bağa mülkiyyət hüququnun mərhum X4 məxsus olması haqqında arayışın verilməsi vəzifəsi qoyulmalıdır. Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı iddiası təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti başçısının “Vətəndaşların adlarına bağ sahələrinin bütünlüklə və ya bir hissəsinin sənədləşdirilməsi, bağ–tikinti kooperativlərinin tərkibində ayrılması barədə” xx.xx.1997-ci il tarixli, 235 nömrəli Sərəncamı ilə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ünvanında, 50 nömrəli BTK nəzdində yerləşən, faktiki sahəsi 0.1066 ha olan bağ sahəsinə dair mülkiyyət hüququnun iddiaçının mərhum həyat yoldaşı X4 məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X17

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar