Məhkəmə qərarları › İş №e-2-1(112)-1577/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1577/2025

17.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1577/2025 17.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Milli Elmlər Akademiyası) “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin iddiaçının ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınması barədə imtinasının əsassız və qanunsuz hesab edilməsi, cavabdehin üzərinə onun həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2010-cu ildən Azərbaycan Respublikası Milli X3 Folklor şöbəsində işləyir. ünvan 2 ünvanda qeydiyyatda olsa da, faktiki olaraq ünvan 3 ünvanda yaşayır. Gənc ailədir və himayəsində iki azyaşlı uşaqları var. Uzun müddət mənzil şəraiti olmadığından kirayələrdə qalmışdır. Onun mənzillə təmin olunması barədə müraciətindən sonra AMEA-nın Rəyasət Heyətinin 14 noyabr 2018-ci il tarixli 16/7 saylı qərarı ilə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 saylı yataqxanasının 96a saylı mənzili xüsusi təyinatlı yaşayış sahəsinin 20 may 2019-cu il tarixli 39 saylı kirayə müqaviləsi əsasında ona verilmişdir. Artıq 6 ildir ki, həmin mənzildə ailə üzvlərilə birlikdə yaşayır. Mənzilin bütün kommunal xərclərini ödəyir. Bu müddət ərzində bir neçə dəfə yaşayış sahəsi üzrə pasport qeydiyyatına alınmağı barədə cavabdeh Bakı şəhəri Yasamal RPl-nə müraciət etsəm də mənim həmin mənzilə qeydiyyata alınmasından imtina edilmişdir. Sonuncu dəfə qeydiyyatla bağlı cavabdehə ərizə ilə müraciəti 09 fevral 2024-cü il tarixdə 3-13-53/2-Q-5890/11 saylı məktubla mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10431/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Milli Elmlər Akademiyası iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin iddiaçının ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmağı barədə imtinasının əsassız və qanunsuz hesab edilməsi, cavabdehin üzərinə iddiaçının həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata alınmağı vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Üçüncü şəxs iddiaya dair yazılı münasibət təqdim etmiş və bildirmişdir ki, İddiaçı ailəsi ilə birlikdə ünvan 5 ünvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının Aspirantlar yataqxanasının 97AB saylı mənzilinə Xüsusi təyinatlı yaşayış sahəsinin 27 avqust 2024-cü il tarixli 331 saylı kirayə müqaviləsi əsasında qeyd olunan müqavilənin 1.1 bəndinin tələbinə görə həmin ünvanda pasport qeydiyyatına alınmaması şərti ilə bir il müddətinə kirayəçi kimi yerləşdirilmişdir. Tərəflər: kirayə verən Azərbaycan Milli Elmlər Akademiyasının Sosial Xidmətlər şöbəsi və kirayəçi: İddiaçı aralarında bağlanılmş kirayə müqaviləsinin müddəti 27 avqust 2025-ci il tarixdə başa çatacaqdır. Digər tərəfdən isə ünvan 5 ünvanında yerləşən Azərbaycan Milli Elmlər X1 Azərbaycan Milli Elmlər Akademiyasının doktorantura və dissertanturasında təhsil almayan hər hansı bir şəxsin qeydiyyata alınması və ya həmin ünvanda qeydiyyatda qalması qanunlarımızın tələblərinə tam ziddir, yəni tamamilə qanunsuz haldır. ünvan 5 ünvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının yataqxanası Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Dövlət reyestrində Azərbaycan Milli Elmlər Akademiyasının Aspirantları üçün nəzərdə tutulmuş yataqxana binası kimi qeydiyyatdan keçmişdir. Odur ki, qanunun tələblərinə əsasən, vətəndaşların Azərbaycan Milli Elmlər X1, yəni ünvan 5 ünvanında müvəqqəti qeydiyyata (Aspirantlar Yataqxanasında daimi qeydiyyat qanunda nəzərdə tutulmamışdır) alınmaları üçün Azərbaycan Milli Elmlər Akademiyasının doktorantura və dissertanturasında təhsil almaları vacibdir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1-ci və 91.2-ci maddələrinin tələblərinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Aspirantlar yataqxanası xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aid olmaqla, yalnız AMEA-da təhsil alan şəxslər üçün nəzərdə tutulmuşdur. Mənzil Məcəlləsinin 91.3-cü maddəsinin tələblərinə görə xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci maddəsinin tələblərinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Aspirantlar yataqxanası təyinatına görə yalnız Azərbaycan Milli Elmlər Akademiyasının doktorantura və dissertanturasında təhsil alan şəxslər üçün nəzərdə tutulmuş müvəqqəti yaşayış sahələridir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 93.1-ci maddəsinin tələblərinə əsasən, Azərbaycan Milli Elmlər X1 yaşayış sahələri vətəndaşların AMEA-da təhsil aldıqları müddət ərzində yaşamaları üçün nəzərdə tutulur. Həmin məcəllənin 93.2-ci maddəsinə görə yataqxana bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 93.3-cü maddəsinə əsasən yataqxanalarda yaşayış sahələri mebel ilə və vətəndaşların orada yaşaması üçün zəruri olan digər əşyalarla təmin edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 102.1-ci maddəsinin tələblərinə əsasən, Azərbaycan Milli Elmlər X1 yaşayış sahəsinin kirayə müqavilələri təhsillərini başa vurmuş şəxslərlə avtomatik olaraq ləğv edilmiş hesab olunduğundan, ora ancaq AMEA-da təhsil alan şəxslər üçün nəzərdə tutulduğundan, üsulundan və yolundan asılı olmayaraq, digər şəxslərin yerləşdirilməsi qanunsuz olduğundan, digər vətəndaşlar yaşayış sahələrini boşaltmalıdırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 104.2-ci maddəsinin tələblərinə əsasən, Azərbaycan Milli Elmlər X1 yaşayış sahəsinin kirayə müqaviləsi təhsil aldığı müddətləri əhatə edir. Təhsilin başa çatması yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Əgər şəxs AMEA-da təhsil almırsa, onun orada məskunlaşması, qeydiyyata alınması və ya orada yaşaması üçün hər hansı bir təşkilat tərəfindən "order” və ya digər sənədin verilməsi və şəxsin həmin ünvanda qeydiyyata alınması tamamilə qanunsuzdur. Ona görə də, ünvan 5 ünvanında yerləşən AMEA-nın Aspirantlar yataqxanasında yaşayan sakinlərin həmin ünvanda daimi qeydiyyata alınmaları istənilərsə, birinci növbədə Azərbaycan Milli Elmlər Akademiyasının Aspirantlar yataqxanasının statusu və təyinatı dəyişdirilməlidir. Əks halda vətəndaşların AMEA-nın Aspirantlar yataqxanasında daimi qeydiyyata alınmaları barədəki müraciətlərinin təmin olunmaları qanunun tələblərinə tamamilə ziddir. Yuxarıda göstərilənlərə əsasən, Bakı İnzibati Məhkəməsi tərəfindən baxılacaq 2-1(112)-10431/2024 saylı inzibati iş üzrə ünvan 5 ünvanında yerləşən AMEA-nın Aspirantlar yataqxanasında Xüsusi təyinatlı yaşayış sahəsinin 27 avqust 2024-cü il tarixli 331 saylı kirayə müqaviləsi əsasında məskunlaşmış iddiaçı: İddiaçı həmin ünvanda qeydiyyata alınması qanunamüvafiq hesab olunmur və İddiaçı bu halla bağlı iddiası tamamilə əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili öz izahatında bildirmişdir ki, İddiaçı uzun illərdir ki, AMEA-da işləyir. Digər qeydiyyata düşəcək yeri yoxdur. Xəstəxana və məktəblə bağlı övladının sənəd işlərini həll edə bilmir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi öz izahatında bildirmişdir ki, iddiaçı ilə AMEA arasında bağanılmış müqavilədə qeydiyyata alınmamaq şərti göstərilmişdir. Həmin bina aspirantlar üçün nəzərdə tutulmuş yataqxanadır. İddiaçı da AMEA-nın işçisi olduğu üçün onunla kirayə müqaviləsi bağlanılmışdır. Həmin binada aspirantların qeydiyyatı üçün yer olmadığından köhnədən qeydiyyatda olan şəxslər də məhkəmə yolu ilə qeydiyyatdan çıxarılır. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Milli Elmlər X2 xx.xx.2024-cü il tarixli 8- 1-16/3-12/2024 nömrəli Arayışına əsasən İddiaçı xx.xx.2010-cu il tarixdən AMEA Folklor İnstitutunda işləyir. Hal-hazırda Müasir folklor şöbəsində elektronçu vəzifəsində çalışır. İş materiallarına əlavə edilmiş Azərbaycan Milli Elmlər Akademiyası ilə İddiaçı arasında bağlanılmış 331 nömrəli xx.xx.2024-cü il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 12 ünvanında yerləşən AMEA-ya aid yataqxananın 9-cu mərtəbəsində, sahəsi 22.40 kv.m olan 97ab saylı otaq kirayə haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün yaşayış yeri üzrə qeydiyyata alınmamaq şərtilə bir il müddətinə kirayəçinin istifadəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Milli Elmlər Akademiyası AMEA-nın yataqxanasının 06 nömrəli xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, X4 1988-ci ildən 2001-ci ilədək Azərbaycan Milli Elmlər Akademiyasının yataqxanasında müvəqqəti, 2001-ci ildən isə 97ab nömrəli otaqda daimi qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Milli Elmlər Akademiyası AMEA-nın yataqxanasının 39 nömrəli xx.xx.2024-cü il tarixli arayışında bildirilmişdir ki, İddiaçı 331 nömrəli xx.xx.2024-cü il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 12 ünvanında yerləşən AMEA-ya aid yataqxananın 9-cu mərtəbəsində, sahəsi 22.40 kv.m olan 97ab saylı otaqda yaşayır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Polis idarəsinin xx.xx.2024-cü il tarixli 3-13-53/2-Q-5890/11 nömrəli məktubunda qeyd olunur ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci Maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi və mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) təqdim etmiş vətəndaşı yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Sizin yaşadığınız ünvan 6 ünvanına qeydiyyata alınmanız üçün tələb olunan sənədləri təqdim edə bilmədiyinizdən yaşayış yeri üzrə qeydiyyata alınmanız mümkün hesab edilmədi. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü Maddəsinə əsasən, Siz, mülki qaydada məhkəməyə müraciət edə bilərsiniz. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşdurlar. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən yataqxana otağına qeydiyyata alınma ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçıların məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı tərəf məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız ““Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdur: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 5-ci maddənin 2-ci bəndində nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. İşin hallarına görə iddiaçı yaşayış yeri üzrə qeydiyyat üçün istinad edilmiş Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlərdən hər hansı birini təqdim etməmişdir. İşin faktiki hallarından müəyyən olunur ki, İddiaçı xx.xx.2010-cu il tarixdən AMEA Folklor İnstitutunda işləyir və AMEA-nın işçisi kimi faktiki olaraq ünvan 4 ünvanında yaşayır, lakin həmin ünvanda qeydiyyatda deyil. İddiaçının həmin ünvanda, yəni AMEAnın yataqxanasında yaşamasına əsas kimi Azərbaycan Milli Elmlər Akademiyası ilə İddiaçı arasında bağlanılmış 331 nömrəli xx.xx.2024-cü il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi çıxış edir. Həmin müqavilədən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 12 ünvanında yerləşən AMEA-ya aid yataqxananın 9-cu mərtəbəsində, sahəsi 22.40 kv.m olan 97ab saylı otaq kirayə haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün yaşayış yeri üzrə qeydiyyata alınmamaq şərtilə bir il müddətinə kirayəçinin istifadəsinə verilmişdir. Göründüyü kimi, iddiaçı qeydiyyata alınmaq istədiyi ünvan 8 ünvanı üçüncü şəxs AMEA-ya məxsus aspirantura səviyyəsində təhsil alan tələbələr üçün nəzərdə tutulan yataqxana binasıdır və həmin otaq iddiaçıya AMEA-nın işçisi kimi bir il müddətinə qeydiyyata alınmamaq şərtilə 331 nömrəli xx.xx.2024-cü il tarixli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında müvəqqəti yaşamaq üçün verilmişdir. Üçüncü şəxs AMEA-nın iddiaya dair yazılı etirazından, o cümlədən üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından bir mənalı şəkildə müəyyən edilir ki, iddiaçıya qeydiyyata alınmaq istədiyi yaşayış sahəsini verən balanssaxlayıcı tərəf kimi AMEA onun həmin ünvana qeydiyyata düşməsinə razılığını verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 92-ci maddəsinə əsasən xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Həmin Məcəllənin 93.1-ci maddəsinə görə yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Qanunvericiliyin yuxarıda aparılmış təhlilindən göründüyü kimi yaşayış yeri üzrə qeydiyyatın əsasını həmin yaşayış yerinə dair hüququn mövcudluğu təşkil edir. Yaşayış yerinə hüquq isə mülkiyyət, icarə və ya istifadə hüququndan ibarətdir. Hazırkı iş üzrə iddiaçı tərəf isə qeydiyyata alınmaq istədiyi yataqxana otağı ilə bağlı AMEA-nın razılıq ərizəsini təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən cavabdeh inzibati orqan düzgün olaraq iddaçı tərəfin müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur və imtina iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməməlidir . İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar