Məhkəmə qərarları › İş №e-2-1(112)-1578/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1578/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1578/2025 22.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və texnikiverilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2023-cü il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Gəncə prospekti, 111 saylı evin 22 saylı mənzilinə iddiaçının adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 212 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) "xxxx" Mənzil Tikinti Kooperativi göstərilmişdir. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2019-cu il tarixli çıxarışında "xxxx" Mənzil-Tikinti Kooperativi "xxxx" Mənzil Tikinti Kooperativinin hüquqi varisi olduğu göstərilmişdir. Qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasında yerləşən mənzilə dair "xxxx" MTK tərəfindən təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6cı maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərlə müraciət ediləcəyi təqdirdə ərizəyə qanunamüvafiq qaydada baxılacaqdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, n 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Gəncə prospekti, 111 saylı evin 22 saylı mənzilinə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla buna dair çıxarışın və plan-ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 2942-ci məhəllə, 4/1 giriş, 6 mərtəbə, 22 saylı mənzilə iddiaçının adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Şərur MTK) ilə 10 avqust 2007-ci il tarixdə 189 nömrəli kooperativ mənzil tikintisi haqqında müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri, Gəncə prospekti, 111 saylı evin 22 saylı mənzilini almışdır. Göstərilən mənzil sahəsinə görə ödənilməli məbləğ iddiaçı tərəfindən tam olaraq ödənilmiş və bu barədə müvafiq maliyyə arayışı verilmişdir. Cavabdeh İdarənin çıxarış verilməsində imtinası əsassızdır. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli etirazında imtina məktubunda göstərilən dəlillərə istinad edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmiş, bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 212 saylı, xx.xx.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi (sifarişçisi) "xxxx" Mənzil Tikinti Kooperativi göstərilmişdir. Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2019-cu il tarixli çıxarışında "xxxx" Mənzil-Tikinti Kooperativi "xxxx" Mənzil Tikinti Kooperativinin hüquqi varisi olduğu göstərilmişdir. İddiaçının təqdim etdiyi sözügedən mənzilə dair "xxxx" MTK tərəfindən verilmiş müqavilə və maliyyə arayışı əsasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması nəzərdə tutulmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia yaşayış sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan: - "xxxx" MMC (icraçı) ilə İddiaçı Ağəli oğlu (sifarişçi) arasında bağlanmış kooperativ mənzil tikintisi haqqında xx.xx.2007-ci il tarixli, 189 saylı müqavilədən görünür ki, icraçı X.Məmmədov küçəsi, 2942-ci məhəllə ünvanında inşa ediləcək binanın 4/1 giriş, 6 mərtəbə, 22 saylı mənzilini sifarişçiyə təhvil verməyi, sifarişçi isə həmin mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini ödəməyi öhdələrinə götürmüşlər. . Həmin müqavilənin 2.4-cü bəndinə əsasən mənzilin dəyəri başa gəlmə qiyməti ilə 59000 ABŞ dolları təşkil edir. - "xxxx" MTK-nın maliyyə arayışından görünür ki, ünvan 3 ünvanında inşa edilən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 4/1 giriş, 6 mərtəbəsində, ümumi sahəsi 98.4 kv.m, yaşayış sahəsi 51.36 kv.m olan 3 otaqlı, 22 saylı mənzilin pay dəyəri payçı İddiaçı Ağəli oğlu tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. - 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşasi daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına xx.xx.2019-cu il tarixli, 212 nömrəli icazədən görünür ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ünvan 3 ünvanında inşa edilmiş 1 ədəd 2 girişli, zirzəmili, kürsülü, 1-ci mərtəbəsi 2 səviyyəli 16 mərtəbəli (Bina 2) və 4 ədəd 2 girişli, zirzəmili, kürsülü, 1-ci mərtəbəsi 2 səviyyəli 16 mərtəbəli (Bina 3, 4, 5, 6) çoxmərtəbəli yaşayış binalarının istismarına icazə verilmiş, sənəddə tikinti obyektinin sahibi (sifarişçisi) kimi "xxxx" MTK göstərilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2007-ci il tarixdə "xxxx" Mənzil-Tikinti Kooperativinə (**********) çevrilmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativinin ümumi yığıncağının xx.xx.2018-ci il tarixli qərarı ilə "xxxx" MTK ləğv edilərək "xxxx" Mənzil-Tikinti Kooperativinə (VÖEN **********) qoşulmuş, xx.xx.2019-cu il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. "xxxx" Mənzil-Tikinti Kooperativi (VÖEN **********) ləğv edilmiş "xxxx" MənzilTikinti Kooperativinin (**********) hüquqi varisidir. - 01.08.2024-cü il tarixli müayinə aktından görünür ki, ünvan 3 ünvanında yerləşən 22 saylı mənzilin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 98.4, faktiki sahəsi 93.3 kv.metrdir. İddiaçı hazırda həmin mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınıb çıxarış və texniki pasport verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8.0.9 və 8.0.9.2-ci maddələrinə əsasən isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Məhkəmə qeyd edir ki, xx.xx.2007-ci il tarixli 189 nömrəli müqavilədə tərəflərin necə adlandırmasından asılı olmayaraq həmin müqavilə öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Belə ki, əgər şəxs yeni inşa olunan çoxmənzilli yaşayış binasında mənzil yaxud qeyri-yaşayış sahəsi əldə etmək istəyirsə və bu arzusunu reallaşdırarkən hər hansı səbəbdən MTK ilə MMC-ni fərqləndirə bilmirsə, onun niyyəti kooperativ üzvü kimi hərəkət edərək, yaşayış (qeyri-yaşayış) sahəsinə olan ehtiyacının ödənilməsi üçün öz vəsaiti hesabına müvafiq binanın tikilməsində iştirak etməkdirsə, bu halda onların bu niyyətinə üstünlük veriməli və yeni inşa edilən çoxmənzilli MMC binalarında yerləşən mənzillərə MTK yaşayış evlərində yerləşən mənzillər kimi yanaşılmalıdır (mövcud məhkəmə təcrübəsi də bu istiqamətdə formalaşmışdır). İşin yuxarıda sadalanan hallarına əsasən aydın olur ki, mübahisəli mənzilin tikintisinin sifarişi üzrə xx.xx.2007-ci il tarixdə "xxxx" MTK ilə iddiaçı arasında müqavilə bağlanmış, mənzilin dəyəri iddiaçı tərəfindən ödənilmiş və bu barədə maliyyə arayışı verilmişdir. Binanın tikintisi tam şəkildə başa çatdırılmışdır. Bu da iddiaçının kooperativ üzvü kimi hərəkət etdiyinə, yaşayış sahəsinə olan ehtiyacının ödənilməsi üçün öz vəsaiti hesabına binanın tikilməsində iştirak etdiyini göstərir. Buna görə də hazırkı iş üzrə "xxxx" MTK ilə iddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilə iddiaçının həmin mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində qəbul edilməli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsinin oxşar münasibətləri tənzimləyən norma kimi hazırkı iddiaya tətbiq edilməlidir. Cavabdehin istinad etdiyi istismara icazə sənədində tikinti obyektinin sahibinin (sifarişçisi) "xxxx" Mənzil Tikinti Kooperativi göstərilməsi, "xxxx" Mənzil-Tikinti Kooperativinin "xxxx" Mənzil Tikinti Kooperativinin hüquqi varisi olması səbəbindən, mənzilə dair "xxxx" MTK tərəfindən təsdiq edilmiş hüquqmüəyyənedici sənədlərin təqdim edilməsinin zəruri olmasına gəldikdə, məhkəmə qeyd edir ki, cavabdehin də qeyd etdiyi kimi işdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2007-ci il tarixdə "xxxx" Mənzil-Tikinti Kooperativinə (**********) çevrilmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativinin ümumi yığıncağının xx.xx.2018-ci il tarixli qərarı ilə "xxxx" MTK ləğv edilərək "xxxx" Mənzil-Tikinti Kooperativinə (VÖEN **********) qoşulmuş, xx.xx.2019-cu il tarixdə kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. "xxxx" Mənzil-Tikinti Kooperativi (VÖEN **********) ləğv edilmiş "xxxx" Mənzil Tikinti Kooperativinin (**********) hüquqi varisidir. "xxxx" MTK-nın ləğv olunması onun tərəfindən bağlanmış müqavilələrin hüquqi qüvvəsinə təsir etmir. İşdə iddiaçının təqdim etdiyi müqavilənin ləğv edilməsi və ya etibarsız sayılması barədə hər hansı bir sübut yoxdur. Həmçinin məhkəmə tərəfindən məsələ ilə bağlı "xxxx" Mənzil-Tikinti Kooperativinə müvafiq sorğu ünvanlanmış, lakin MTK sorğuya cavabı təqdim etməyərək, məsələyə dair hər hansı bir münasibət bildirməkdən imtina etmişdir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi podrat müqaviləsinin qüvvədə olması və iddiaçının mənzilə dair pay haqqını tam ödəməsi səbəbindən cavabdehin bu dəlili əsaslı qəbul edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək qeyd edilən əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz olmuşdur, buna görə də iddia tələbi təmin olunmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. İddiaçı ünvan 5 ünvanında yerləşən 22 saylı mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə ona reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar