Məhkəmə qərarları › İş №e-2-1(112)-1579/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1579/2024

22.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1579/2024 22.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və X6 “mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 22 may 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Səbail Rayon İcra Hakimiyyətinin başçısının 721 №-li, 18 may 1998-ci il tarixli sərəncamının surətinə əsasən X7 razılıq ərizəsini, İddiaçı torpağa tələbatını nəzərə alaraq Səbail Rayon İcra Hakimiyyəti başçısının 3531 saylı 27 oktyabr 1994-cü il tarixli sərəncamı ilə X8 fərdi evin tikintisi üçün ayrılmış 600 (altı yüz) kv.m torpaq sahəsi İddiaçı adına sənədləşdirilməsi barədə sərəncam verilmişdir. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etsə də, müraciətinə cavab verilməmişdir. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanındakı 600 kv.m torpaq sahəsinə çıxarış verilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 3531 saylı 27 oktyabr 1997-ci il tarixli sərəncamında dəyişiklik edilməsi barədə 18 may 1998-ci il tarixli Səbail rayon İcra hakimiyyəti başçısının 721 saylı sərəncamı ilə, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 3531 saylı 27 oktyabr 1997-ci il tarixli sərəncamı ilə fərdi evin tikintisi üçün ayrılmış X8 600 kv.m torpaq sahəsi İddiaçı Sail oğlunun adına sənədləşdirilməsi qərara alınmışdır. Həmin tarixdən torpaq sahəsi istifadələrindədir. 17 may 2023-cü il tarixdə cavabdehə həmin torpaq sahəsinə çıxarış verilməsi ilə əlaqədar rəsmi müraciət olunmuşdur. 05 iyun 2023-cü il tarixdə cavabdehə çıxarışı verməkdən imtina edilmişdir. Həmçinin torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Səbail r-nu, Badamdar qəsəbəsi 2 yaşayış massivində onun tərəfindən tikilmiş fərdi yaşayış evinə Badamdar qəsəbəsi 2-ci yaşayış massivi, ev № 229 saylı poçt ünvanı verilmişdir. Artıq 30 ilə yaxındır ki, həmin fərdi evdə yaşamaqla bütün kommunal xərcləri ödəyir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İdarədə mövcud arxiv məlumatlarına əsasən iddiaçı tərəfindən təqdim edilən Səbail rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilən xx.xx.1998-ci il tarixli, 721 nömrəli sərəncamında qeyd olunan 3531 saylı, xx.xx.1994-cü il tarixli sərəncam əsasında X7 adına (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-11239H saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmiş və özgəninkiləşdirilmişdir. Qeyd olunanlarla yanaşı, göstərilən torpaq sahəsinin yerləşmə cizgisi ilə faktiki vəziyyəti arasında uyğunsuzluq və konfiqurasiya fərqləri mövcuddur. Eyni zamanda göstərilən sahə neft kəmərinin mühafizə zolağında yerləşir. Üçüncü şəxs ARDNŞ iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia etdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İB-nin daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşir. Həmçinin həmin torpaq sahəsi ilə ləğv olunmuş 2608 saylı neft-qaz quyusunun 58 metrlik və 1906-cı ildən istismara verilən Neft Kəmərləri İdarəsinin istismarında plan Bibi-Heybət-Yasamal Dş300 magistral neft kəmərinin 2 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. İddia ərizəsindən də göründüyü kimi iddia edilən torpaq sahəsində iddiaçı tərəfindən fərdi yaşayış evi tikilmişdir. Göründüyü kimi, iddia edilən torpaq sahəsi və üzərində olan tikili neft kəmərinin mühafizə zonasının və təhlükəsizlik zonasının daxilindədir. Həmin torpaq sahəsi, üzərində olan tikili magistral kəmər üçün, həmçinin ətrafdakılar üçün, eləcə də həmin torpaq sahəsindən və tikilidən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır. Tərəflərin iştirakı və izahatları: Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı, üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, Səbail Rayon İcra Hakimiyyətinin başçısının 3531 №-li, 27 oktyabr 1994-cü il tarixli Sərəncamına əsasən Badamdar qəsəbəsində 2-ci massivdə 600 kv.m fərdi ev tikmək üçün X8 ayrılmışdır. Səbail Rayon İcra Hakimiyyəti başçısının 3531 saylı 27 oktyabr 1994-cü il tarixli sərəncamı ilə fərdi evin tikintisi üçün ayrılmış X8 600 (altı yüz) kv.m torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi barədə Səbail Rayon İcra Hakimiyyətinin başçısı 721 №-li, 18 may 1998-ci il tarixli sərəncam vermişdir. Həmin qərar əsasında X8 Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2003-cü il tarixli Torpağın mülkiyyətə verilməsinə dair JN-11239H KOD 00400016 nömrəli şəhadətnamə verilmişdir. xx.xx.2004-cü il tarixli, AN-İ seriyalı, ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X10 və X14 (satıcı) Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən verilmiş 4126 nömrəli, xx.xx.2004-cü il tarixli və 4197 nömrəli, xx.xx.2004-cü il tarixli arayışa əsasən Badamdar qəsəbəsində yerləşən 0,06 ha və 0,06 ha torpaq sahəsini X1. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışına əsasən mübahisəli mənzil xüsusi mülkiyyət hüququ üzrə X5 məxsusdur. İddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməmişdir. Cavabdeh imtina əsası kimi ona istinad edir ki, İdarədə mövcud arxiv məlumatlarına əsasən iddiaçı tərəfindən təqdim edilən Səbail rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilən xx.xx.1998-ci il tarixli, 721 nömrəli sərəncamında qeyd olunan 3531 saylı, xx.xx.1994-cü il tarixli sərəncam əsasında X7 adına (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN-11239H saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmiş və özgəninkiləşdirilmişdir. Qeyd olunanlarla yanaşı, göstərilən torpaq sahəsinin yerləşmə cizgisi ilə faktiki vəziyyəti arasında uyğunsuzluq və konfiqurasiya fərqləri mövcuddur. Eyni zamanda göstərilən sahə neft kəmərinin mühafizə zolağında yerləşir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.8-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı, xx.xx.2015-ci il tarixli Fərmanının 2.5-ci bəndinə əsasən yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış torpaq sahəsinə hüququn qeydə alınması üçün əsasdır. İddiaçının təqdim etdiyi icra hakimiyyətinin sərəncamı hüquqmüəyyənedici sənəddir. Lakin məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasar daxili olmaqla sahəsi 880,0 kv.metr təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi və köməkçi tikili mövcuddur. Vahid elektron baza məlumatlarına əsasən qeyd olunan X4 mülkiyyətində olan **********94 reyestr nömrəli sahə iddia olunan sahədən 430 metr kənarda tamamilə fərqli sahədir. Həmçinin təqdim edilmiş cizgilərdə heç bir dəqiq istinad, istinad məsafəsi, perimatrik ölçülər qeyd edilmədiyindən sahələrin mövqeyini müəyyənləşdirmək və eyni sahə olub-olmamasını dəqiqləşdirmək mümkün deyildir. Bundan əlavə sahə Azərbaycan Respublikası Dövlət Şirkətinin ərazisi olmaqla bütövlükdə neft kəmərinin mühafizəsində yerləşir. İddiaçının hüquqi marağı, çatmaq istədiyi məqsəd, əslində ona Səbail Rayon İcra Hakimiyyətinin başçısının 721 №-li, 18 may 1998-ci il tarixli sərəncamla verilmiş torpaq sahəsi üzərində hüquqlarını həyata keçirməkdir. Həmin Sərəncamla vaxti ilə X8, xx.xx.1994-cü il tarixli, 3531 № li Sərəncamla ayrılmış torpaq sahəsi, idiaçının adına sənədləşdirilişdir. xx.xx.1994-cü il tarixli, 3531 № li X2 ayrılmış 600 kv metr torpaq sahəsi JN-1129H nömrəli Şəhadətnamə ilə qeydə alınaraq mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Lakin xx.xx.2004-cü il tarixli, AN-İ seriyalı, ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən X11 və X14 (satıcı) (etibarnamə əsasında) Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən verilmiş 4126 nömrəli, xx.xx.2004-cü il tarixli və 4197 nömrəli, xx.xx.2004-cü il tarixli arayışa əsasən Badamdar qəsəbəsində yerləşən 0,06 ha və 0,06 ha torpaq sahəsiX5 satılmış və 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X5 məxsusdur. Məhkəmə tərəfindən iddiaçı iddi aetdiyi 0,06 ha torpaq sahəsinin, eyni zamanda X5 məxsus olan torpaq sahəsinin və vaxtı ilə X8 ayrılmış 600 kv metr torpaq sahəsinin ortofoto görfünütüsü sorğu edilmişdir. Təqdim edilmiş ortofoto görüntüsündən müəyyən edilir ki, iddiaçı X8 ayrılmış 600 kv metr torpaq sahəsinə deyil, tamam başqa bir sahədə yerləşən torpaq sahəsinə iddia edir. X8 ayrılmış 600 kv metr torpaq sahəsi isə hazırda X4 adına dövlət reyestrində qeydə alınmışdır. Belə olan halda iddiaçı Səbail Rayon İcra Hakimiyyətinin başçısının 721 №-li, 18 may 1998-ci il tarixli sərəncami ilə ayrılmış və hazırda üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətinə verilməsinə dair qeydləri mübahisələndirə bilər. İddiaçının hazırda iddia etdiyi torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin başçısının 721 №-li, 18 may 1998-ci il tarixli sərəncami ilə ona ayrılmış torpaq sahəsi deyil. İddiaçı faktiki olaraq sahiblik və istifadəsində olan iddia etdiyi torpaq sahəsinin isə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı qanunvericilikdə göstərilən hər hansı hüquqmüəyyənedici sənədlərə malik deyil. Torpaq sahəsinə faktiki sahiblik isə, mülkiyyət hüququnun qeydə alınması üçün əsas deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə ... Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının sahibliyində olduğunu iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd təqdim edilmədiyindən, cavabdehin imtinası əsaslı və qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə uyğundur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar