Məhkəmə qərarları › İş №e-2-1(112)-1582/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1582/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1582/2024 21.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üçün hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üçün hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 21 avqust 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Əzizbəyov rayon X2 İcraiyyə Komitəsinin 27 oktyabr 1988-ci il tarixli 15/586 qərarına əsasən İddiaçı Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 10/11 №-li 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinə dair Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti tərəfindən yerləşmə sxemi hazırlanmşdır. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2024-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “...tərəfinizdən təqdim edilmiş keçmiş Əzizbəyov rayon (indiki Xəzər) X1 15/586 saylı, xx.xx.1988-ci il tarixli Qərarına əsasən İddiaçı Mərdəkan qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılması nəzərdə tutulsa da, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin əksər hissəsi Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun ərazisində, digər hissəsi isə Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşir. Bundan başqa təqdim olunmuş layihə ilə faktiki vəziyyət arasında fərdi yaşayış evinin ölçülərində fərq mövcuddur. Belə ki, layihəyə əsasən fərdi yaşayış evi 2 mərtəbəli, 5 yaşayış otağından ibarət göstərilsə də, faktiki 2 mərtəbəli, zirzəmili və 5 yaşayış otağından ibarətdir”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ona verilmiş 10/11 №-li 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ona verilmiş 10/11 №-li 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üçün hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, Əzizbəyov rayon X2 İcraiyyə Komitəsinin 27 oktyabr 1988-ci il tarixli 15/586 №-li qərarına əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ona 10/11 № li 0,06 ha torpaq sahəsi verilmişdir. O, həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi inşa etmişdir. Həmin ev və torpaq sahəsi üçün daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması məqsədi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2023-cü il tarixli **********75 nömrəli məktubla ona hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilmişdir. İmtinanın əsası olaraq qeyd edilən məktubda bir çox əsaslar göstərilmişdir ki, həmin əsasların da heç biri qanuni deyil. Hesab edir ki, cavabdeh bu hərəkətləri ilə mənim hüquqlarımı pozur. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubları ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına əsasən Əzizbəyov rayon X2 İcraiyyə Komitəsinin 27 oktyabr 1988-ci il tarixli 15/586 qərarı ilə iddiaçıya Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 10/11 №-li 600 kv.metr torpaq sahəsi ayrılmış, torpaq sahəsinə dair Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti tərəfindən yerləşmə sxemi hazırlanmşdır. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin əksər hissəsinin Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun ərazisində, digər hissəsinin isə Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşdiyini, təqdim olunmuş layihə ilə faktiki vəziyyət arasında fərdi yaşayış evinin ölçülərində fərq mövcud olduğunu (layihəyə əsasən fərdi yaşayış evi 2 mərtəbəli, 5 yaşayış otağından ibarət göstərilsə də, faktiki 2 mərtəbəli, zirzəmili və 5 yaşayış otağından ibarətdir) bildirərək iddiaçının müraciətini təmin etməkdən imtina etmiş, nəticədə hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, torpaq sahəsinə münasibətdə iddia tələbinin qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0., 8.0.1-ci maddələri təşkil edir. Həmin normalara görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı hüquqmüəyyənedici sənəd kimi Əzizbəyov rayon X2 İcraiyyə Komitəsinin 27 oktyabr 1988-ci il tarixli 15/586 qərarına istinad edir ki, həmin sənəd daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsasdır. Məhkəmə cavabdehin imtinası ilə bağlı qeyd edir ki, yuxarıda qeyd edilən qərar ləğv edilməmiş, dəyişdirilməmiş, etibarsız hesab edilməmiş, geri çağırılmamış və heç bir şəxs və orqan tərəfindən mübahisələndirilməyərək qanuni qüvvəsini saxlayır. Həmçinin Xəzər rayon İcra Hakimiyyəti torpaq sahəsinin yerləşməsinə dair sxem tərtib edərək iddiaçıya vermişdir. Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyəti başçısının İ müavini məhkəmə sorğusuna cavab məktubunda bildirmişdir ki, iddiaçıya Mərdəkan qəsəbəsində fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsi ilə bağl Xəzər rayon XDS İK-nin 15/586 saylı, xx.xx.1988-ci il tarixli qərarı qüvvədədir, bunula əlaqədar həmin sahəyə verilmiş yerləşmə sxemi həqiqəqə uyğundur və 10/11 saylı torpaq sahəsi RİH-nin inzibati ərazisinin hüdudları daxilində yerləşir. Torpaq sahəsinin əksər hissəsinin Buzovna Tərəvəzçilik-Südçülük sovxozunun ərazisində, digər hissəsinin Qala qəsəbəsi ərazisində yerləşməsi iddiaçının təqsirindən baş verən hal deyildir. İnzibati orqan olan Əzizbəyov rayon X2 İcraiyyə Komitəsi dövlət mülkiyyətində olan torpaq sahəsini ayırmağa səlahiyyətli olmuş və qeyd edildiyi kimi həmin qərar hüququn qeydə alınması üçün əsasdır. Hazırda isə sovxozlar ləğv edilmişdir. Belə olan halda iddiaçı həmin qərara əsasən torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını tələb etmək üçün gözlənti mülkiyyət hüququna malikdir. Cavabdeh İdarə iddiaçıdan Sovxozların tabeliyində olan torpaq sahələrinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər tələb edir. Lakin nəzərə almaq lazımdır ki, iddiaçıya torpaq sahəsi sovzoz tərəfindən deyil, kimi Əzizbəyov rayon X2 İcraiyyə Komitəsinin qərarı əsasında ayrılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin imtinasında qeyd etdiyi hal iddiaçının təqsiri ucbatından baş verən hal olmamaqla onun etimad hüququ qorunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 67.5-ci maddəsinə görə, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Məhkəmə torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması hissədə də, iddia tələbini əsaslı hesab edir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.-cı maddəsinə əsasən aşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur; ... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: ... 8.0.9.2.1. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. Cavabdeh fərdi yaşayış evinə dair imtina məktubunda bildirir ki, təqdim olunmuş layihə ilə faktiki vəziyyət arasında fərdi yaşayış evinin ölçülərində fərq mövcuddur. Belə ki, layihəyə əsasən fərdi yaşayış evi 2 mərtəbəli, 5 yaşayış otağından ibarət göstərilsə də, faktiki 2 mərtəbəli, zirzəmili və 5 yaşayış otağından ibarətdir”. İddiaçının nümayəndəsi verdiyi izahatında həmin layihədə həmin uyğunsuzluğun aradan qaldırıldığını bildirmişdir. Bundan başqa məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 iyul 2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evi ilə yerləşdiyi torpaq sahəsinin sərhəd hasarı arasında müvafiq ara məsafələrinin mövcud olduğunu nəzərə alaraq həmin fərdi yaşayış evinin Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin müvafiq bəndlərinin tələblərinə uyğun inşa edildiyi müəyyən olunur. Mübahisə predmeti olan fərdi yaşayış evinin faktiki texniki göstəricilərinin (yaşayış mərtəbələri və zirzəmi) mülki iş materiallarında olan, həmin evə dair "xxxx" MMC tərəfindən tərtib edilmiş layihə sənədlərində qeyd olunan texniki göstəricilər ilə eynilik təşkil etdiyi müəyyən olunur. Görüdnüyü kimi, iddiaçının məhkəməyə təqdim etdiyi yeni layihədə uyğunsuzluq aradan qaldırılmış və ekspert rəyi ilə də həmin hal təstiqini tapmışdır. Həmçinin ekspert rəyi ilə, fərdi yaşayış evinin Şəhərsalma və Tikinti Məcəlləsinin 69cu maddəsinin müvafiq bəndlərinin tələblərinə uyğun inşa edildiyi müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, imtinada qeyd edilən hal torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi üçün əsas deyildir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında qeyd olunmuşdur ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün İddiaçı verilmiş 10/11 №-li 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar