Məhkəmə qərarları › İş №e-2-1(112)-1589/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1589/2025

02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1589/2025 02.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı "tibbi sənədlərin təqdim edilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1988-ci il təvəllüdlü X2 tibbi sənədlərinin təqdim olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, oğlu X5 ruhi xəstədir. İddiaçı ona baxdığı üçün vaxtından əvvəl pensiyaya çıxmaqla bağlı səlahiyyətli dövlət orqanına müraciət ünvanlamışdır. Ona bildirmişlər ki, X2 (xx.xx.1988-ci il təvəllüdlü) tibb sənədlərinin təqdim olunması vacibdir. Bununla bağlı o, cavabdeh təşkilata müraciət etsə də, bu günədək ona məlumat verilməmişdir. Artıq qanunvericiliklə müəyyən edilmiş müddət keçdiyindən və bu müddət ərzində inzibati orqan tərəfindən ona cavab verilmədiyindən hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün hüququ yaranmış olur. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Cavabdehin yazılı etirazında göstərilmişdir ki, X3 dair hər hansı məlumat əlillik alt sistemində aşkarlanmadığından tibbi eləcə də, onun əlilliyinin olmasına dair sənədlərin təqdim edilməsi mümkün deyildir. Həmçinin bildirilmişdir ki, vətəndaşın müraciətləri cavablandırılmış və ona məsələ ilə əlaqədar Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmək tövsiyə olunmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək həmçinin bildirdi ki, X3 əlillik dərəcəsi təyin edilsə də, bununla baölı hər hansı tibbi sənəd cavabdehin arxivində mövcud deyildir. Bu səbəbdən nümayəndə iddia tələbinin mümkünsüz hesab edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Agentliyin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinə əsasən Agentlik əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası istiqamətində fəaliyyət göstərir. Qeyd olunan məsələ ilə əlaqədar Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmək tövsiyə olunmuşdur. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, E.Hacıyevin əlillik təyinatı barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində, 19 nömrəli Tibbi-sosial ekspert komissiyasının və Agentliyin arxivində heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı Komitənin Regional idarəetmə və status şöbəsinin 2007-2024-cü illəri əhatə edən elektron məlumat bazasında məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi barədə qeyd aşkar edilməmişdir. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan Bağları ünvanında faktiki məskunlaşmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 23 yanvar 2009-cu il tarixli 234874 nömrəli vəsiqədən görünür ki, X5 uşaqlıqdan birinci qrup əlildir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəmə sorğusuna 14 fevral 2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında mərhum X3 ümumi əsaslarla pensiya təyin edilməsi barədə məlumat aşkar edilməmişdir. Məlumat üçün bildirilmişdir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında mərhum X3 xx.xx.2008-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək əlilliyə görə sosial müavinət və xx.xx.2014-cü il tarixindən xx.xx.2014-cü il tarixinədək “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə İ qrup əlilliyə görə sosial müavinət alanlara” Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi barədə məlumatlar öz əksini tapmışdır. Eyni zamanda bildirilmişdir ki, sözügedən müavinət və təqaüd işləri Mərkəzi Filiala və Fondun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialına təhvil verilməmişdir. Cavabdehin məhkəmə sorğusuna 18 fevral 2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, E.Hacıyevə dair araşdırma nəticəsində ərazi üzrə xidmət göstərən 02 və 19 nömrəli Tibbi-sosial ekspert komissiyalarının və Agentliyin arxiv sənədləri arasında məlumat aşkar edilməmişdir. Qeyd edilmişdir ki, vətəndaşa dair pensiya ödənişi və müavinətin ödənilməsi, həmçinin əlillik vəziyyətinə dair müvafiq sənədlərin təqdim edilməsi ilə əlaqədar Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2025-ci il tarixli, 3- 17-4/3-1-880/2025 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-17-4/3-1-832/2025 nömrəli xidməti məktublar ünvanlanmışdır. Lakin Fondun arxivində mərhum vətəndaşın əlilliyinə dair sənədlər aşkar edilməmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində "tibbi sənədlərin təqdim edilməsi" öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina aktından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda göstərilmişdir ki, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir (1.1). Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir (1.2.). TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir (1.3.). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir (1.4.). Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir (1.7.). Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır (2.1.). Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda (3.1.). İşdən göründüyü kimi iddiaçı vəfat etmiş oğlu X3 əlillik təyin edilməsinə əsas olmuş tibbi sənədlərin cavabdeh tərəfindən ona təqdim edilməsini tələb edir. Cavabdeh isə X3 əlillik təyininə əsas olan sənədlərin hazırda arxivdə məvcud olmadığını bildirir. “İnzibati icraat haqqında” Azərbaycan respublikası Qanununda göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər (25.1.). Qanunla başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati icraatla bağlı məlumatlar başqa şəxslərə yalnız maraqlı şəxslərin razılığı əsasında verilə bilər (25.2.). İnzibati orqan müraciət daxil olduğu gündən 3 gün müddətində müvafiq məlumatları verməlidir (25.3.). İnzibati orqan məzmununda qanunla qorunan hər hansı sirr olan sənədlərdən maraqlı şəxslərin ziyanına istifadə edə bilməz (25.4.). Məzmununda qanunla qorunan hər hansı sirr olan sənədin tanış olmaq üçün təqdim edilməsindən imtina olunduğu hallarda, inzibati orqan qanunla qorunan maraqlara ziyan vurmadan, həmin sənədin məzmunu haqqında maraqlı şəxsə mümkün qədər dolğun məlumat verməyə borcludur (25.5.). Maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın həyata keçirildiyi inzibati orqanda tanış ola bilərlər (25.6.). Müstəsna hallarda maraqlı şəxslər, yazılı müraciət əsasında, inzibati icraat materialları ilə digər inzibati orqanda, habelə Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliyində tanış ola bilərlər (25.7.). Maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır (25.8.). Sənədlərin və digər materialların surətlərinin çıxarılması və poçt rabitəsi ilə göndərilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada haqq müəyyən oluna bilər (25.9.). Qeyd edilməlidir ki, X3 əlillik dərəcəsi 2009-cu ildə Əzizbəyov rayon Tibbi-Sosial Ekspert Komissiyası tərfindən təyin edilmişdir. Bundan sonra cavabdeh təşkilatın strukturunda bir sıra dəyişikliklər edilmişdir. Həmin vaxtdan xeyli müddət keçməsi və həmin qurumun arxiv sənədlərinin yerinin dəyişdiirilməsi və sair səbəblərdən arxivdə olan sənədlərdə çatışmazlıqların olması inkar edilmir. X3 əlillik dərəcəsinin təyin edilməsi cavabdehə məxsus elektron portala işlənsə də, cavabdeh hazırda həmin əlillik dərəcəsinin təyin edilməsinə əsas olmuş inzibati icraat materialının, o cümlədən X3 əlillik dərəcəsi təyin edilməsinə əsas olmuş tibbi sənədlərin hazırda onun arxivində olmadığını bildmişdir. Göründüyü kimi iddiaçının tələbi haqlı olsa da, tələbin təmin edilməsi qeyrimümkündür. Çünki, bu qəbul ediləcək məhkəmə qərarının icrasının mümkünsüzlüyü ilə nəticələnə bilər. Yəni, hazırda mövcud olmayan icraat materialının iddiaçıya təqdim edilməsi vəzifəsi cavabdehə həvalə edilə bilməz. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “tibbi sənədlərin təqdim edilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar