Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-15906/2025 06.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İdidaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı “İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-976918/2025 nömrəli qərarının ləğv olunmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “AZƏRGÖKTEL" MMC barəsində cavabdeh Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2- 976918/2025 saylı kameral yoxlama qərarı ilə İddiaçınə 2024-cü il üçün 31107.43 manat mənfəət vergisi hesablanmışdır. Əsas kimi "xxxx" MMC ilə "xxxx" MMC arasında aparılmış bir sıra əməliyyatları "xxxx" MMC-nin riskli vergi ödəyicisi hesab edilməsi əsası ilə nəzərə almaq istəməməsidir. Məhkəmənin diqqətinə çatdırılır ki, "xxxx" MMC xx.xx.2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilmişdir. "xxxx" MMC ilə "xxxx" MMC arasında əməliyyatlar isə xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə həyata keçirilmişdir. Təqdim edilən elektron qaimələrdən də göründüyü kimi iddiaçı ilə həmin şirkət arasında əməkdaşlıq həmin şirkətlərin riskli vergi ödəyicisi olmasından əvvəl olmuşdur. Məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, MMC-yə tətbiq edilən əsassız məhdudiyyətlər nəticəsində MMC sahibkarlıq fəaliyyətini həyata keçirə bilməməkdə və zərərə uğramaqdadır. MMC-yə bu cür məhdudiyyətin tətbiq edilməsi birbaşa onun sahibkarlıq fəaliyyətinə müdaxilə kimi qiymətləndirilməlidir. Vergi orqanı tərəfindən ödəyiciyə **********999600 saylı, xx.xx.2025-ci il tarixli uyğunsuzluq məktubu göndərmişdir. Bu uyğunsuzluq məktubuna əsasən təqdim etdiyi bəyannamənin “Xammal və materiallar” , “Malın dəyəri”, "Hüquqi şəxslər üzrə icarə" , “Enerji xərcləri”, “Qaz xərcləri”, “Yanacaq xərcləri”, “Su və kanalizasiya xərcləri”, “Rabitə xərcləri”, “Mühafizə xərcləri”, “Reklam xərcləri”, “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər”, “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” , "Nəqliyyat xərcləri", “Digər xərclər”, "Royalti xərcləri", "Siğorta xərcləri", bəyannaməsinin 1 №-li Əlavəsində “Əsas vəsaitlər”in dövr ərzində daxil olması (Kapitallaşdırma üçün aktivlərin silgisi nəzərə alınmaqla), “Kapitallaşdırma üçün aktivlər”in dövr ərzində daxil olması məbləğlərin cəmi ilə hesabat dövrünün əvvəlinə "Ehtiyatlar"ın qalıq dəyərinin, cari il ərzində əldə edilmiş e-qaiməfakturaların (130 676.00 manat riskli e-qaimə-fakturaların məbləği istisna olmaqla), alış aktlarının, YGB məlumatlarına əsasən alınmış mal-materialların məbləğinin, bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələri 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər), 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri), 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr), 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər), 1607.1.2-ci (Fiziki şəxslər üzrə gəlirlər) sətirlərinin cəmindən “Hesabat dövrünün sonuna” ehtiyatların qalıq dəyərinin çıxılması ilə yaranan məbləğin müqayisəsi nəticəsində 15547 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edildiyi qeyd edilir. Lakin qəbul etdiyi qərarla isə İddiaçınə 2024-cü il üçün 31107.43 manat mənfəət vergisi hesablanmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2025-ci il tarixli, 3-21- 2-3/2-976918/2025 saylı kameral yoxlama qərarı ilə razılaşmayaraq həmin qərardan inzibati qaydada yuxarı orqana şikayət etmişdir. Belə ki, **********603400 qeydiyyat nömrəli, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə **********595300 qeydiyyat nömrəli, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə **********018900 qeydiyyat nömrəli şikayət məktubları göndərilmiş, lakin şikayətlər təmin olunmamışdır. Diqqətə çatdırılır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-976918/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı əsassızdır. Buna səbəb isə iddiaçının əməkdaşlıq etdiyi şirkətlərin riskli vergi ödəyicisi olması ilə bağlı olmuşdur. Belə ki, vergi orqanı tərəfindən təqdim edilmiş xəbərdarlıqlara əsasən "xxxx" MMC (VÖEN: **********) xx.xx.2024-cü il tarixli, **********82500 nömrəli qərara əsasən riskli vergi ödəyicisi hesab olunmuşdur. Lakin, iddiaçının "xxxx" MMC ilə həyata keçirilən xidmət tarixləri isə müvafiq olaraq xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2024-cü il tarixə, yəni xx.xx.2024-cü il tarixli qərardan əvvəlki dövrə təsadüf edir. Belə ki, təqdim edilən elektron qaimələrdən də göründüyü kimi iddiaçı ilə həmin şirkət arasında əməkdaşlıq həmin şirkətlərin riskli vergi ödəyicisi olmasından əvvəl olunmuş və xidmət göstərilmişdir. Tərəflər arasında müqavilə bağlanmış və müqavilə üzrə nəzərdə tutulmuş ödənişlər həyata keçirilmişdir. Həmin zaman isə həmin MMC-lər riskli vergi ödəyicisi olmamışdır. Qeyd edilənləri nəzərə alaraq hesab edirlər ki, "xxxx" MMC barəsində cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakışəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-976918/2025 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı əsassız olduğu üçün ləğv edilməlidir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı tərəfindən 2024-cü il üzrə mənfəət vergisi tədiyyəsi üzrə bəyannamə təqdim edilmişdir. Aparılmış təhlil zamanı bəyannamədə göstərilən xərclər, əsas vəsaitlərin və ehtiyatların hərəkəti, habelə alış sənədləri üzrə məlumatlar qarşılıqlı şəkildə müqayisə edilmişdir. Müqayisə zamanı riskli elektron qaimə-fakturaların məbləği istisna edilməklə, cari il ərzində əldə edilmiş elektron qaiməfakturalar, alış aktları və YGB məlumatları əsasında alınmış mal-materialların məbləği müəyyən olunmuşdur. Bu məlumatların hesabat dövrünün əvvəlinə və sonuna ehtiyatların qalıq dəyəri ilə uzlaşdırılması nəticəsində 155547,00 manat məbləğində sənədlərlə təsdiq edilməyən xərclər aşkar edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sənədlərlə təsdiq olunmayan xərclər gəlirdən çıxılan xərclər hesab edilmir. Buna görə də göstərilən məbləğ vergi tutulan mənfəətə əlavə edilmiş və 20 faiz dərəcə ilə 31109,40 manat məbləğində əlavə mənfəət vergisi hesablanmış və "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-976918/2025 saylı qərar göndərilmişdir. İddiaçı MMC xx.xx.2002-ci il tarixində dövlət qeydiyyatına alınmış və xx.xx.2002-ci il tarixdən isə ƏDV ödəyicisi olmuşdur. Onun əsas fəaliyyəti “MƏFTİL İSTEHSALİ” olmuşdur. İddiaçının 2024-cü il mənfəət vergisi üzrə təqdim etdiyi əməliyyatlarının araşdırılması zamanı "Turkaz Metal” MMC (VÖEN: **********) ilə xx.xx.2023-cü il tarixli 958127 nömrəli, xx.xx.2023cü il tarixli 277714 nömrəli, xx.xx.2023cü il tarixli 348840 nömrəli, xx.xx.2023- cü il tarixli 912783 nömrəli xx.xx.2023-cü il tarixli 216957 nömrəli və xx.xx.2024-cü il tarixli 61188 nömrəli elektron qaimələr üzrə ümumlikdə 573962,90 manat dəyərində əmtəəsiz təqdim etmə icra edilmişdir. Belə ki, həmin elektron qaimələrdən müəyyən olunur ki, satılan mal "Mis tullantı" olmuşdur. Elektron qaimələr üzrə ümumi çəkisi 40997,35 kg olan mis tullantının təqdim edilməsi görülür. İddiaçının qarşılıqlı əməliyyat apardığı "Turkaz Metal” MMC (VÖEN: **********) xx.xx.2023- cü il tarixində dövlət vergi qeydiyyatına alınmış və əsas fəaliyyət növünün "MALLARİN SAXLANMASİ VƏ ANBARLARA YİĞİLMASİ ÜZRƏ FƏALİYYƏT" olduğu müəyyən edilmişdir. xx.xx.2023cü il tarixindən isə ƏDV qeydiyyatına alınmışdır. Cəmiyyətin yeganə iqtisadi fəaliyyəti iddiaçı ilə bağlı olmuş və o, iqtisadi dövriyyələri olmasına baxmayaraq, bəyannamələr təqdim etməmiş, uyğunsuzluq məktublarına cavab verməmiş və dövlət büdcəsinə vergiləri ödəməkdən yayınmışdır. Buna görə də, barəsində xx.xx.2025-ci il tarixə olan 240665,00 manat vergi borcuna görə material toplanmış və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə baxılması üçün göndərilmişdir. "Turkaz Metal” MMC-nin iş qovluğu araşdırılan zaman əvvəlki direktorunun türk vətəndaşı Bilgi Şenerin olması və hazırkı direktorunun isə X1 olması müəyyən olunmuşdur. X1 həmçinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) ofisiantı, satıcısı olduğu müəyyən edilmişdir. Əməliyyatlar aparılan dövrlərdə "Turkaz Metal” MMC-nin işçisinin, obyektinin, texniki imkanın (yük daşınması üçün maşınlar və s.) olmaması və ya yükdaşımanı həyata keçirmək üçün yol vərəqəsi tərtib etmədiyi müəyyən olunmuşdur. "xxxx" MMC (VÖEN: **********)-nin elektron qaiməfakturalar üzrə təqdim etdiyi "Mis tullantı" adlı məhsulların araşdırılması zamanı "xxxx" MMC (VÖEN:**********) adlı cəmiyyət tərəfindən ona təqdim edildiyi müəyyən edilmişdir. "xxxx" MMC (VÖEN: **********) isə, eyni qaydada iqtisadi dövriyyələri olmasına baxmayaraq, bəyannamələr təqdim etməmiş, uyğunsuzluq məktublarına cavab verməmiş və dövlət büdcəsinə vergiləri ödəməkdən yayınmışdır. Onunda, işçisinin, obyektinin, texniki imkanın (yük daşınması üçün maşınlar və s.) olmaması və ya yükdaşımanı həyata keçirmək üçün yol vərəqəsi tərtib etmədiyi müəyyən olunmuşdur. "Turkaz Metal” MMC tərəfindən təqdim edilmiş əmtəəsiz əməliyyatların araşdırılması üçün ona, xx.xx.2024-cü il tarixli **********067700 nömrəli bildiriş göndərilsə də, onun tərəfindən münasibət bildirilməməsi səbəbindən sonuncu barəsində "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması barədə" xx.xx.2024-cü il tarixli **********825000 nömrəli qərar qəbul edilərək göndərilmişdir. Son olaraq, iş qovluğunda müəyyən olunur ki, "xxxx" MMC-nin "Obyektin qeydiyyatı barədə" vergi orqanına ərizəsinin tarixi xx.xx.2024-cü il tarixidir yəni, onunla iddiaçı arasında olan xx.xx.2024-cü il tarixli sonuncu əməliyyatdan 1 gün sonradır. Belə olan halda, 41 tona yaxın mis tullantısının realda təqdim olunmadığı barizdir. Qeyd olunan hallardan, vergi orqanının və iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən müəyyən edilir ki, əmtəəsiz əməliyyatlar "xxxx" MMC (VÖEN:**********)=>"Turkaz Metal” MMC (VÖEN: **********)=> "xxxx" MMC (VÖEN: **********) arasında zəncirvari şəkildə həyata keçirilmişdir və bu şirkətlər arasında vergilər əvəzləşdirilərək dövlət büdcəsinə ödənilməsi yayındırılmışdır. Xaricdə də, baş verən belə deloyal praktikaya ƏDV karuseli deyilir. ƏDV karuseli (başqa sözlə ƏDV fırıldağı) — əlavə dəyər vergisi mexanizmindən sui-istifadə etməklə dövlət büdcəsinə ödənilməli olan ƏDV-nin qanunsuz şəkildə mənimsənilməsi məqsədi daşıyan, adətən bir neçə hüquqi və ya fiziki şəxsin iştirakı ilə qurulan saxta əməliyyatlar zənciridir. Bu sxemdə mallar (çox vaxt real hərəkət etmədən və ya yalnız sənədlər üzərində) ardıcıl olaraq bir neçə şirkət arasında dövr etdirilir, “itkin treyder” adlanan tərəf ƏDV-ni alıcıdan yığsa da büdcəyə ödəmədən fəaliyyətini dayandırır və ləğv edir. Nəticədə dövlət faktiki ödənilməmiş ƏDV-ni geri qaytarmış və ya əvəzləşdirmiş olur ki, nəticədə dövlət əlavə maliyyə itkilərinə məruz qalır və bu da ƏDV karuselinin əsas mahiyyətini təşkil edir. İndiki halda, iddiaçının iddia ərizəsində göstərdiyi və işin halları ilə üst-üstə düşən xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2024 tarixlərində həyata keçirilən ümumilikdə təqdim etmə 573962,90 manat (ƏDV məbləği 103313,30 manat) olmuşdur. Vergi Məcəlləsinin 104-cü maddəsinə əsasən, Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən, gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Həmin Məcəllənin 109.9-cu maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və gəlirdən çıxılması qadağandır. İddiaçı hər nə qədər "xxxx" MMC barəsində məlumatının olmamasını, əməliyyat aparılan zaman sonuncunun riskli vergi ödəyicisi olmadığını və vergi orqanının ona süni manelər yaratdığını bildirsə də, aşağıdakı qanunvericilik normalarına əsasən onun hər bir əməliyyatında "xxxx" MMC barəsində məlumatlı olmalı olduğu, vergitutma məqsədləri üçün uçotun düzgün aparması vəzifəsini yerinə yetirmədiyi müəyyən olunur. Belə ki, “Əlvan və qara metal tullantılarının qəbulu, uçotu, radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilməsi Qaydaları”nın və “Əlvan və qara metal tullantılarının əldə edilmə mənbəyinə dair Tələblər”in təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 fevral 2021-ci il 39 nömrəli Qərarına əsasən, metal tullantıları dedikdə — yararsız hala düşmüş və ya istehlak xassələrini itirmiş istehsalat və məişət təyinatlı məmulatlar, onların hissələri, avadanlıqlar, mexanizmlər, konstruksiyalar, nəqliyyat vasitələri, hərbi texnika və digər əşyalardan olan, yalnız emal üçün yararlı olan əlvan və (və ya) qara metal tərkibli tullantılar, mis tullantılar başa düşülür. Həmin Qərarın 4-cü bəndində göstərilir ki, metal tullantılarını təhvil verən şəxslər metal tullantılarını qəbul edən sahibkarlıq subyektinin adına bu Qaydaların 1 nömrəli əlavəsinə uyğun tərtib edilmiş ərizə ilə müraciət edirlər. Hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər ərizə ilə birlikdə metal tullantılarına qanuni sahibliyi (mənbəyini) təsdiq edən sənədləri təqdim edirlər. Metal tullantılarının qəbulunun uçotu metal tullantılarını qəbul edən sahibkarlıq subyektlərinin təyin etdiyi məsul şəxs tərəfindən bu Qaydaların 2 nömrəli əlavəsinə uyğun tərtib edilmiş “Metal tullantılarının qəbulunun qeydiyyatı kitabı”nda (bundan sonra — qeydiyyat kitabı) aparılır. Yuxarıda qeyd olunanlar qanunvericilik tələbi olduğu halda, iddiaçı tərəfindən nə cavabdehə nə də ki, təqdim edilmiş “Mis tullantının” mənbəyi barədə məlumat təqdim edilmədən, əmtəəsiz əməliyyatlar aparmaqla, vergi məqsədləri üçün uçot aparılmadan əsassız yerə cavabdehin cəmiyyətə süni maneələr yaratması iddia olunur.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
6. Cavabdehin “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-976918/2025 nömrəli qərarına əsasən 2024-cü il mənfəət vergisi üzrə iddiaçıya 131144.76 manat məbləğində vergi borcu hesablanmışdır. - Cavabdeh tərəfindən sözügedən qərarın qəbul edilməsi ilə bağlı icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
7. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.
8. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
9. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
10. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
11. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.
11. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.
12. Hazırkı iş üzrə işin hallarından müəyyən edimişdir ki, iddiaçı tərəfindən cavabdehin xx.xx.2025-ci il tarixli qərarı qanunverciliklə müəyyən edilmiş müddətdə mübahisələndirilmişdir. Belə ki, iddiaçı sözügedən qərarı məhkəmə qaydasında xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək mübahisələndirmişdir.
13. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
14. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
15. Məhkəmə gəldiyi nəticəni aşağıdakılar ilə əsaslandırır.
16. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 3.9. Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 16.1.7. qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək; 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək 24.1. Vergi orqanları borcludur: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.1-2. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda mühasibat uçotu sahəsində dövlət nəzarətini həyata keçirməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9cu maddəsinə əsasən hesablanır. 71.2. Vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. (5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 83.9-cu maddə ləğv edilmişdir). 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: - 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; - 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. 175.1. bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.11. əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”: 1.1. Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra- Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 67.1 inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2 qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3 qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
19. İşin müəyyən edilən hallarından görünür ki, vergi orqanı tərəfindən “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-976918/2025 nömrəli qərar qəbul edilməklə viddiaçı barəsində 2024-cü il mənfəət vergisi üzrə 131144.76 manat məbləğində vergi borcu hesablanmışdır.
20. Cavabehin mövqeyinə görə "Turkaz Metal” MMC xx.xx.2024-cü il tarixində riskli vergi ödəyicisi hesab edildiyindən, həmin vergi ödəyicidən əldə edilmiş (elektron qaimə faktura (lar) əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər hesab olunduğundan, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verməmişdir.
21. Qeyd etmək lazımdır ki, sözügedən vergi ödəyicisi 2024-cü ilin mart ayında riskli vergi ödəyicisi hesab olunsa da, iddiaçının həmin vergi ödəyiciləri ilə apardığı əməliyyatlar həmin tarixdən əvvələ aid olmuş, həmin dövrdə qeyd edilən vergi ödəyicisi riskli vergi ödəyicisi olmamışlar.
22. Göründüyü kimi vergi orqanının qərarında qeyd edilmiş şirkətlərin adının riskli vergi ödəyicisi siyahısına daxil edilməsi İddiaçı ilə müqavilə üzrə aparılmış əməliyyatlarından sonrakı dövrə təsadüf edir.
23. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi– müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.3-cü bəndinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir.
25. Həmin Meyarların 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.
26. Beləliklə, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı şirkətlərin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır.
27. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir.
28. Onu da qeyd etmək lazımdır ki, vergi orqanı iddiaçının apardığı əməliyyatı əmtəəsiz əməliyyat olduğunu iddia edirsə, bu halda subutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanın üzərinə düşür.
29. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 30.Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinin malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır
31. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın əməliyyatların aparıldığı tarixlərdə həmin şirkətlərin riskli vergi ödəyicisi olması barədə hər hansı məlumatının olubolmaması iş materiallarına əsasən müəyyən olunmur. O cümlədən bununla bağlı cavabdeh tərəfindən əməliyyatların əmtəəsiz aparılmasına dair hər hansı sübut təqdim olunmamışdır.
32. Məhkəmələr inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır.
33. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.
34. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir.
35. Hazırki işin hallarından görünür ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
36. Eyni zamanda, VM-in 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.
37. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
38. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.
39. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.
40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
41. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
42. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
43. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
44. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-976918/2025 nömrəli qərarı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva