Məhkəmə qərarları › İş №e-2-1(112)-15939/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-15939/2025

28.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-15939/2025 28.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı XXX İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin mülkiyyət hüququ ilə ölmüş şəxsə məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, iddiaçı XXX İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin mülkiyyət hüququ ilə ölmüş şəxsə məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 28 yanvar 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər Soveti İcraiyyə Komitəsinin X1 ilə Balaqardaş Əliflam oğlu arasında xx.xx.1966-cı ildə bağlanmış 11857 saylı müqavilə əsasında Balaqardaş Əliflam oğluna Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 1111 saylı bağ torpaq sahəsi ayrılmışdır. xx.xx.1972-ci il tarixli akta və cizgiyə əsasən bağ sahəsinin yeni nömrəsi 1111/1014 olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 031094 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Balaqardaş Əliflam oğlu xx.xx.1994-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 14 saylı Notariat Ofisinin 3079 saylı, 05 avqust 2021-ci il tarixli məktubundan görünür ki, Balaqardaş Əliflam oğlundan qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsilə bağlı Bakı şəhəri 14 saylı notariat ofisinə müraciat daxil olmuşdur. Balaqardaş Əliflam oğlunun xx.xx.1994-cü il tarixdə vəfat etməsi və vərəsələrin dairəsi müəyyən edilmişdir. Azarbaycan Respublikasının Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 saylı qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci bəndinə əsasən, XXX İddiaçı miras qoyanın vərəsəsi olması barədə məlumat məktubu təqdim edilir Kürdəxanı qəsəbə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 33 saylı məktubdan görünür ki, Kürdəxanı qəsəbəsi, M.Adil küçəsi, ev 30 A ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.1994-cü ildə ölməsi göstərilən ölüm haqqında şəhadətnamədə Balaqardaş Əliflam oğlu qeyd olunmuşdur. İddiaçı, atasının ölümündən sonra bağ sahəsinin istifadəçisi olmasını bildirmiş, Kürdəxanı Bələdiyyəsində torpaq sahəsinin vergi ödəyicisi kimi qeydiyyata götürülmüş və hal-hazırda 1111/1014 saylı 0,25 ha torpaq sahəsinin vergi ödəyicisidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4983/2023 saylı 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin X2 tərəfindən verilmiş Ləhiş qəsəbəsində yerləşən 0,25 ha sahəsi olan bağın Mirzəyev Balaqardaşa icarəyə verilməsinə dair xx.xx.1966-cı il tarixli müqavilənin xx.xx.1994-cü il tarixdə vəfat etmiş Balaqardaş Əliflam oğluna məxsus olması faktı müəyyən edilmişdir. Qətnamə 09 noyabr 2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. İddiaçı həmin bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakının dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, “...idarənin mütəxəssisləri tərəfindən texniki baxış zamanı torpaq sahəsinin ümumi ərazidə yerləşməklə hasarlanma işlərinin aparılmadığı məlum olmuşdur (torpaq sahəsi istifadənizdə deyil)”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 1111/1014 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun mərhum atası Balaqardaş Əliflam oğluna məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası əsassızdır. Bağ istifadəsindədir. Bağda köhnə tikili və ağaclar var. Həmin bağ sahəsi ilə bağlı qonşu bağ sahələri hər hansı bir mübahisə yoxdur. Atası xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. Bağ sahəsi atası vəfat etdikdən sonra onun istifadəsindədir. Atasından miras qalmış bağ sahəsi ilə bağlı Bakı şəhəri 14 saylı Notariat Ofisində vərəsəlik işi açılmışdır. Vərəsəlik işi açıldıqdan sonra həmin bağ sahəsinin mərhum atasına məxsus olması ilə bağlı arayışın verilməsi üçün cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin İdarənin ona ünvanladığı xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd edilir ki, idarənin mütəxəssisləri tərəfindən bağ sahəsinə texniki baxış keçirilən zaman bağ sahəsində hasarlama və mərzçəkmə işləri aparılmadığından bağ sahəsinin dəqiq yerini təyin etmək mümkün olmamışdır. İdarənin ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edilir ki, texniki baxış keçirilən zaman torpaq sahəsinin faktiki olaraq istifadədə olmadığı məlum olmuşdur. Bundan əlavə, təqdim edilmiş xx.xx.1966-cı il tarixli müqavilənin arxiv nüsxəsində hüquq sahibi Mirzəyev Balaqardaş kimi qeyd edilsə də, digər sənədlərdə Balaqardaş Əliflam oğlu kimi qeyd edilmişdir. İdarənin ünvanladığı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilir ki, idarənin mütəxəssisləri tərəfindən bağ sahəsinə texniki baxış keçirilən zaman torpaq sahəsinin ümumi ərazidə yerləşməklə hasarlanma işlərinin aparılmadığı müəyyən edilmişdir. İdarənin ünvanladığı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilir ki, qeyd olunan məsələ ilə bağlı xx.xx.2024-cü il tarixli məktubla cavab verildiyi göstərilmişdir. Lakin hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarını pozur. Sözügedən torpaq sahəsi atasına X3 tərəfindən ayrılmışdır. Həmin vaxtdan da onların istifadəsində olmuşdur. Kürdəxanı Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubunda da atasının vəfatından sonra həmin bağ sahəsinin onun istifadəsində olması və Bələdiyyədə torpaq sahəsinin vergi ödəyicisi kimi qeydiyyata götürülməyi və hal-hazırda 1111/1014 saylı 0,25 ha torpaq sahəsinin vergi ödəyicisi olmağı qeyd edilmişdir. Müqavilədə olan hüquq sahibinin ad, soyad, ata adı ilə bağlı uyğunsuzluqla əlaqədar qeyd edilməlidir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4983/2023 saylı 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin X2 tərəfindən verilmiş Ləhiş qəsəbəsində yerləşən 0,25 ha sahəsi olan bağın Mirzəyev Balaqardaşa icarəyə verilməsinə dair xx.xx.1966-cı il tarixli müqavilənin xx.xx.1994-cü il tarixdə vəfat etmiş Balaqardaş Əliflam oğluna məxsus olması faktı müəyyən edilmişdir. Qətnamə 09 noyabr 2023-cü ildə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.0.20-ci maddəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Bəhs edilən maddələrin normalarından aydın olur ki, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Odur ki, pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur. Məhkəmənin xx.xx.2026-cı il tarixli iclasında protokol qərardadı ilə, hazırki iş üzrə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi hüquqi varislik qaydasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə ünvanlanmış 2025-ci il 01 dekabr tarixli, 3-21-3-02/2-12569/2025 saylı məktuba əsasən Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli 3-21/3-1-F-110/2025 nömrəli əmri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra –DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Həyata keçirilmiş yeni struktur dəyişikliklərinə görə ərazi idarələri artıq DƏDKR-in strukturuna daxil olan bölmə kimi fəaliyyət göstərir ki, bu halda, onların məhkəmə işlərində müstəqil tərəf kimi çıxış etmək üçün prosessual fəaliyyət qabiliyyəti yoxdur. Bu hüquq DƏDKR-nin özünə məxsusdur. Bununla yanaşı, nəzərə alınmalıdır ki, müvafiq təşkilati xarakterli tədbirlər çərçivəsində ərazi idarələrinin məsul şəxslərinə sənədlərin, o cümlədən məhkəmə işləri ilə bağlı iddia ərizələrinin, etibarnamələrin, etirazların, apellyasiya və kassasiya şikayətlərinin, vəsatətlərin və digər sənədlərin imzalanması səlahiyyətinin verilməsi barədə DƏDKR-in İdarə Heyətinin sədri tərəfindən müvafiq əmr imzalanmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, Bakı Şəhər Soveti İcraiyyə Komitəsinin X1 ilə Balaqardaş Əliflam oğlu arasında xx.xx.1966-cı ildə bağlanmış 11857 saylı müqavilə əsasında Balaqardaş Əliflam oğluna Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 1111 saylı bağ torpaq sahəsi ayrılmışdır. Sonuncu həmin bağ sahəsinə dair mülkiyyət hüququnu qeydə aldırmadan ölmüşdür. İddiaçı həmin bağ sahəsinin mərhum atasına məxsus olması barədə arayış verilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Belə ki, öhdəliyin icrası haqqında iddialarda ilk növbədə iddia tələbinin qanuni əsası müəyyən edilməli və tələbin qanuni əsasının dispozisiya şərtlərinin yerinə yetirilibyetirilməməsi yoxlanılmalıdır. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0 və 8.0.7-ci maddələri təşkil edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı həmin normada göstərilən hüquqmüəyyənedici sənəd kimi mərhum atasının adına olan müqaviləni təqdim edir. Cavabdeh həmin müqavilənin olmasını mübahisələndirmir. Sadalanan normaların məzmununa əsasən, mərhum Balaqardaş Əliflam oğlu mübahisələndirilən bağ sahəsini özəlləşdirmək hüququ olsa da, o, bu hüququnu realizə etmədən vəfat etmişdir. Məhkəmə qeyd edir ki, şəxsin vəfat etməsi onun mülkiyyət hüquqlarının xitamına səbəb olmur, əksinə qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür. İddiaçı da mərhum atasının birinci növbəli vərəsəsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.1-ci bəndinə görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: 1) İdarənin mütəxəssisləri tərəfindən texniki baxış aparılan zaman göstərilən torpaq sahəsində hasarlanma işləri aparılmamışdır. 2) xx.xx.1966-cı il tarixli müqavilənin arxiv nüsxəsində hüquq sahibi Mirzəyev Balaqardaş kimi qeyd edilsə də, digər sənədlərdə Balaqardaş Əliflam oğlu kimi qeyd edilmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi halları əsassız hesab edir. Belə ki, 1-ci halla bağlı məhkəmə qeyd edir ki, torpaq sahəsində hasarlama işlərinin aparılmaması, hüququnun qeydə alımasında imtina üçün əsas deyildir. İddiaçı torpaq sahəsini yerini bilir cavabdeh tərəfindən aparılmış inzibati icraat zamanı torpaq sahəsinin hər hansı başqa şəxsin müraciətinin olması, hər hansı başqa torpaq sahəsi ilə üst-üstə düşmə halları müəyyən edilməmişdir. Digər tərəfdən torpaq sahəsini faktiki vəziyyətə uyğun qeydə almaq cavabdeh idarənin vəzifəsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: Maddə 65. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Belə olan halda, torpaq sahəsində hasarlanma işlərinin aparılmaması barədə cavabdehin imtinası əsassızdır. Bununla yanaşı Kürdəxanı qəsəbə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 33 saylı məktuba əsasən müəyyən edilir ki, Kürdəxanı qəsəbəsi, M.Adil küçəsi, ev 30 A ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.1994-cü ildə ölməsi göstərilən ölüm haqqında şəhadətnamədə Balaqardaş Əliflam oğlu qeyd olunmuşdur. İddiaçı, atasının ölümündən sonra bağ sahəsinin istifadəçisi olmasını bildirmiş, Kürdəxanı Bələdiyyəsində torpaq sahəsinin vergi ödəyicisi kimi qeydiyyata götürülmüş və hal-hazırda 1111/1014 saylı 0,25 ha torpaq sahəsinin vergi ödəyicisidir. Göründüyü kimi, iddiaçının atasının vəfatından sonra həmin bağ sahəsinin onun istifadəsində olması təsdiq olunur. Həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilən müayinə aktında və ortofoto görüntüsündən torpaq sahəsinin yerləşməsini müəyyən etmək mümkündür. Məhkəmə cavabdehin imtinasında qeyd edilən 2-ci dəlili də əsassız hesab edir. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4983/2023 saylı 12 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin X2 tərəfindən verilmiş Ləhiş qəsəbəsində yerləşən 0,25 ha sahəsi olan bağın Mirzəyev Balaqardaşa icarəyə verilməsinə dair xx.xx.1966-cı il tarixli müqavilənin xx.xx.1994-cü il tarixdə vəfat etmiş Balaqardaş Əliflam oğluna məxsus olması faktı müəyyən edilmişdir. Qətnamə 09 noyabr 2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. Beləlilklə, iddiaçının atası Balaqardaş Əliflam oğluna məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində 0,25 hektar bağ sahəsinə dair müqavilədə göstərilən “Mirzəyev Balaqadaş” “Balaqardaş Əliflam oğlu” ilə eyni şəxs olması və Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi, 1111 bağ sahəsinə dair müqavilənin Balaqardaş Əliflam oğluna məxsus olması məhkəmə qaydasında təsdiq olunmuşdur.. Göründüyü kimi cavabdehin qeyd olunan imtinası üçün əsas mövcud deyil. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını və etirazının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq (ölmüş şəxsə məxsus olması barədə arayış almaq) hüququna malik olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağlar massivində ümumi sahəsi 0,25 ha olan 1111/1014 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun mərhum Balaqardaş Əliflam oğluna məxsus olması barədə arayışın XXX İddiaçı verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar