Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-16024/2024 23.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və "İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi" publik hüquqi şəxsə qarşı "ziyanın ödənilməsi" iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və "İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi" publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin qanunla üzərlərinə qoyulan istehlakçı hüquqlarının müdafiəsi vəzifələrinin icrasına məcbur edilməsi və Bakcell-in vurduğu 100 (yüz) manat maddi, 5000 (beş min) manat mənəvi ziyanın ödənilməsi, cavabdehlərin hər birindən 5 (beş) min manat, toplam 10 (on) min manat tutulub ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakcell MMC şəbəkə cinayəti ilə məşğuldur, onun və ailəsinin istifadəsində olan işləməyən, ikitərəfli bağlı 4 nömrəni eyni gündə inhisarçı mövqeyindən sui-istifadə edərək zorakı xidmətə qoşub, balansındakı bütün nömrələri silib. Nömrələrdən bağlı olduğundan istifadə etmədiyindən bu şəbəkə cinayətindən Bakcell tətbiqini quraşdırandan sonra məlumatlı olmuşdur. 3-cü aydır şikayət edir, Bakcell özbaşınalığını sürdürür, istehlakçı hüquqlarını pozur, müvafiq dövlət qurumları isə heç bir tədbir görmür. Ən yaxşı halda zərərvuran xidmət qurumunun saxta cavablarını təkrarlamaqla kifayətlənir. Bakcellin nömrələrini özündən xəbərsiz göstərilməyən zorakı xidmət adına balansının silinməsindən "Azad İstehlakçılar" İctimai Birliyinə şikayəti xx.xx.2024-cü ildə Antiinhisar və İstehlak Bazarına DX-ya göndərilib, lakin indiyədək heç bir cavab yoxdur. Eyni zamanda özü dəfələrlə bütün dövlət qurumlarına, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə, Rəqəmsal İnkişaf və Nəqliyyət Nazirliyinə, yanındakı İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə şikayətlər etmişdir. Antiinhisar və İstehlak Bazarına Nəzarət DX yenə susub, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) isə xx.xx.2024 tarixli məktubla Bakcellin saxta cavabını təkrar etməklə, məhkəməyə müraciət etmək hüququnu izah etməklə üzərinə qoyulan vəzifəni "yerinə yetirdiyini" bildirib. Bu cavab Konstitusiyaya, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" , "Vətəndaşların müraciətləri haqqında" qanunlara ziddir. Belə cavabla istehlakçı hüquqları qorunmur, əksinə, istehlakçı hüququnun pozuntusu getdikcə daha da kəskinləşir. Belə özbaşınalığln nəticəsidir ki, Bakcell MMC saxta reklamla, zorakı "xidmətlə", şəbəkə cinayəti ilə istehlakçı hüquqlarını pozmaqda davam edir. Cavabdeh İKTA-nın cavabının qanunazidd olmasını sübut edən faktlar aşağıdakılardır: İKTA şikayətimi saxtalaşdırıb, Bakcellin şəbəkə cinayətindən şikayət edir, İKTA yazır ki, "yeni tarif paketləri barədə" müraciətinə baxılıb. xx.xx.2024-cü il tarixli cavab xx.xx.2024 tarixli, xx.xx.2024 tarixli Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinə şikayətinə, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024 tarixli müraciətlərinə cavab kimi verilib. Bu isə, ən birincisi, “Vətəndaşların müraciətləri haqqında" qanunun kobud pozuntusunu ortaya qoyur. İKTA müraciətinə xx.xx.2024 tarixli cavabının 2-ci abzasında yazır ki, ********** nömrəsi xx.xx.2024-cü ildə "tərəfimdən" yenidən əldə edilmiş, xx.xx.2024-cü ildə ləğv olunan 13,29 manat balansa bərpa edilib. 4-cü abzasda isə yazıb ki, bu ********** nömrəsi adına rəsmiləşdirilmədiyindən etibarnamə təqdim edildiyi təqdirdə baxıla bilər. Bakcell cinayətkar dələduzluq edir, bəs İKTA-ya nə gəlib? İKTA bilmir ki, telefon rabitə vasitəsidir və ümumi istifadədədir? Bəyəm Bakcell və İKTA zəng edən nömrənin kimin adına olmasını yoxlayır, etibarnaməsiz danışıqları bloklayır? Absurd deyil? Rabitə xidməti üçün xidmət haqqının kimin ödəməsinin nə anlamı var? Xidmət qurumuna xidmət haqqı lazımdır, yoxsa haqqı ödəyənin kimliyi? ********** nömrəsindən bir gündə xx.xx.2024-cü ildə 19.99 və 9.99 manat , ********** nömrəsindən həmin gündə- xx.xx.2024cü ildə 16.99 manat tutulmasını Bakcellin şəbəkə dələduzluğunu cavabdeh İKTA "texniki qüsur" kimi qələmə verib. Bir gündə bütün balans sıfırlanıb, toplam 50 manat silinib, bu "texniki qüsur"dur? Cavabdeh İKTA qanunvericiliyə uyğun olaraq istehlakçı, abonent hüququnun pozulmasına görə cərimə sanksiyası və s. tədbirlər görmək yerinə, məhkəmədə hüququmu müdafiə etmək yerinə, istehlakçı hüququnun kobud pozuntusunu "texniki qüsur" kimi qəbul edir. Halbuki bu "texniki qüsur"lar yenə də davam edir, Bakcell bərpa etdiyi vəsaiti növbəti ayda yenidən silir. Məhkəmələrə də qeyri-prosessual təzyiq edib, iddiama baxılmasına qoymur. Müvafiq inzibati icra hakimiyyəti orqanları isə qanuna zidd hərəkətlərlə, yaxud hərəkətsizliklə hüququnun bərpasını təmin etməkdən imtina edir. İnzibati icra hakimiyyəti orqanları olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və İnformasiya Kommunikasiya Texnologiyalar Agentliyinin istehlakçı hüququmun qorunması üçün qanuna zidd hərəkətindən, yaxud hərəkətsizliyindən inzibati məhkəmə qaydaslnda müdafiə olunmaq hüququm qanunla, Konstitusiya ilə təsbit olunub. "İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi" publik hüquqi şəxs tərəfindən İddiaçı ünvanlanmış 3-27-107/2-B-293/2-30/2024/3384 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, abunəçisi olduğu "xxxx" MMC tərəfindən tətbiq olunan yeni tarif paketləri barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli müraciətlərə baxılmışdır. Müraciət üzrə "xxxx" MMC-yə sorğu göndərilmiş və müraciətlərin araşdırılmasının nəticəsinə dair Agentliyə cavab olaraq bildirilmişdir ki, müraciətdə qeyd edilən (***)******* kombinasiyalı mobil nömrə 25 sentyabr tarixində tərəfindən yenidən əldə edilmiş və ləğv olunan 13.29 manat 01 oktyabr 2024-cü il tarixində nömrədə bərpa edilmişdir. Qeyd edilən digər (055) ******* kombinasiyalı mobil nömrəyə dair bildirilir ki, nömrənin hesabından 31 iyul 2024-cü il tarixində minimal sərfiyyat məbləğindən az istifadə edildiyi üçün tutulmalı olan 1.99 AZN məbləğin yerinə texniki qüsur nəticəsində tutulmuş 19.99 AZN və 9.99 AZN operator tərəfindən 03 sentyabr 2024cü il tarixində sözügedən nömrənin balansına bərpa edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, texniki qüsur nəticəsində 31 avqust 2024-cü il tarixində həmin nömrənin balansından tutulmuş 2.99 AZN məbləğində vəsait 01 sentyabr 2024-cü il tarixində nömrənin balansına bərpa edilmişdir. Müraciətdə qeyd edilən (055) ******* kombinasiyalı mobil nömrə ilə əlaqədar bildirilir ki, sözügedən nömrənin hesabından 31 iyul 2024-cü il tarixində texniki qüsur nəticəsində tutulmuş 16.99 AZN vəsait 06 oktyabr 2024-cü il tarixində nömrənin balansına bərpa edilmişdir. Müraciətdə qeyd olunan (055) ******* və (055) ******* kombinasiyalı mobil nömrələr adınıza rəsmiləşdirilməmişdir. Həmin nömrələr adına rəsmiləşdirilmişin şəxs və ya onun verdiyi etibarnamə əsasında səlahiyyətli nümayəndəsi müraciət etdiyi təqdirdə operator tərəfindən ətraflı məlumat verilə bilər. Abunəçisi olduğu operatorun mövqeyi ilə razılaşmadığı təqdirdə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən məhkəməyə müraciət edə bilər. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır... 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1ci maddəsinə əsasən müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir. Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə müraciətin surəti üç iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 04 qərarından: -14. Təbii inhisar subyektləri dövlət və ictimai maraqları təmin etməyə yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi ilə əlaqədar həm onların fəaliyyətinin dövlət tənzimlənməsini həyata keçirən orqanlarla (rəqabət orqanı, Tarif (qiymət) Şurası və digər tənzimləyici qurumlar), həm də təsərrüfat subyektləri və istehlakçılarla münasibətlərə daxil olurlar. Buna görə, məhkəmələr ilk növbədə, təbii inhisar subyektlərinin iştirakçısı olduğu mübahisələrin qeyd edilən iki kateqoriya münasibətlərdən məhz hansının çərçivəsində yarandığını aydınlaşdırmalıdırlar. ... -Təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduqları münasibətlər (təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması və s.) isə konkret subyektlərə təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla son nəticədə mülki-hüquqi xarakter daşıyır. Həmin münasibətlər xüsusi hüquq rejiminə tabe edildiyinə görə, bununla bağlı yaranmış mübahisələr inzibati hüquq sahəsində yaranmış münasibətlər kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. -Təbii inhisar subyektlərinə qarşı və ya onlar tərəfindən qaldırılmış deliktdən əmələ gələn, yaxud əşya hüquqlarının müdafiəsinə yönəlmiş və digər iddiaların məhkəmə aidiyyəti müəyyən edilərkən isə həmin münasibətlərdə təbii inhisar subyektinin qanunvericiliyə müvafiq olaraq publik səlahiyyətin icrası qaydasında, yoxsa mülki dövriyyənin bərabər hüquqlu iştirakçısı kimi iştirak edib-etmədiyinə qiymət verilməlidir. Təbii inhisar subyektinin qanunvericiliklə verilmiş ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin (məsələn, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət ehtiyacları üçün torpaqların geri alınması ilə bağlı alan orqan kimi müəyyən olunduqda) icrasından doğan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş ümumi (publik) hüquq sahəsinə aid səlahiyyətlərin həyata keçirilməsi vəziyyəti mövcud olmadıqda, əksinə, mülki dövriyyənin iştirakçısı kimi gündəlik təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən yaranan mübahisələrdən söz edildikdə (vurulmuş zərərin əvəzinin ödənilməsi, ərazinin boşaldılması və s.) isə işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının cavabdehə ünvanladığı, hazırkı iddia tələbinin əsasını təşkil edən müraciəti cavabdeh tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə cavablandırılmışdır. Bu hal iddiaçının özü tərəfindən iddia ərizəsinə əlavə etdiyi işin materialları ilə öz təsdiqini tapır. Məhkəmə müəyyən edir ki, cavabdehlər inzibati orqan olsa belə, ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud cavabdehin hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən deyil, iddiaçı ilə Bakcell MMC arasında mülki münasibətlərindən irəli gəlir. Belə ki, cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və "İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi" publik hüquqi şəxsin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki tələblə məhkəmə müdafiəsi hüququ qanunvericiliklə müəyyən edilməmişdir. Belə ki, iddia tələbi cavabdeh inzibati orqanın üzərinə onun vətəndaş müraciəti əsasında vəzifələrinə aid edilməyən öhdəliyin qoyulması ilə bağlıdır. Həmçinin iddiaçının hazırki tələblə iddia qaldırmaq üçün subyektiv hüququ (hüquqi marağı) müəyyən edilmir. Belə olan halda, məhkəmənin qənaətinə görə hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilən olmadığından iddia mümkün sayılmamalıdır. İddiaçıya Bakcell MMC-yə qarşı hüquq və azadlıqlarını pozulduğunu hesab etdiyi hallarla bağlı vurulmuş maddi və (və ya) mənəvi zərərin ödənilməsi tələbi ilə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. Odur ki, iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aysev Almazova