Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-1(112)-16076/2025 25.02.2026 BAKI İNZIBATI MƏHKƏMƏSI Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, iddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “borcun şəxsi hesab vərəqəsindən silinməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtina məktubunun qanunsuz hesab edilməsi, iddiaçının şəxsi hesab vərəqəsində hesablanmış dövlət torpaq icarəsinə görə hesablanmış icarə haqlarının silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iş üzrə əsl olmayan cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra – cavabdeh) ilə əvəz edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə O.Vəliyev küçəsinin küçəsinin kəsişdiyi ərazidə yerləşən 200 kv.metr və 3550 kv.metr torpaq sahələrinə görə ##.##.2006-cı il tarixli və ##.##.2008-ci il tarixli icarə müqavilələrinə əsasən iddiaçıya hesablanmış 51598,62 manat icarə haqqının onun şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti ilə “xxxx” xüsusi kiçik universal müəssisəsi arasında bağlanmış ##.##.2006-cı il tarixli *** nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri. Nizami rayonu Babək prospekti ilə O.Vəliyev küçəsinin kəsişdiyi ərazidə yerləşən torpaq sahəsi sonuncu tərəfindən 49 il müddətinə icarəvə götürülmüşdür. Sonradan əlavə olaraq ##.##.2008-ci il tarixdə *** nömrəli müqavilə ilə torpaq icarə müqaviləsi bağlanmışdır. İcarəyə götürülmüş torpaq sahəsi “xxxx” xüsusi kiçik universal müəssisəsi tərəfindən ##.##.2011-ci il tarixdə satın alınmış və MA seriyalı, ******* saylı, ************ reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ##.##.2011-ci il tarixli çıxarış verilərək (Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 44 A ünvanı verilməklə) və qeydiyyata alınmışdır. Bakı şəhəri Vergilər Departamenti cavabdeh “xxxx” xüsusi kiçik universal müəssisəsinə qarşı * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə qaydasında istifadə üzrə yaranmış 3813,68 manat məbləğində borcun tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. * saylı Bakı İnzibatı-İqtisadı Məhkəməsinin ## ### 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “xxxx” xüsusi kiçik universal müəssisəsindən dövlət torpaq sahəsindən istifadəyə görə icarə haqqı üzrə yaranmış 367 manat məbləğində borc və 2,88 manat dövlət rüsumunun dövlət büdcəsinə tutulması qət edilmişdir. Həmin qətnamənin əsaslandırma hissəsində qeyd olunuşdur ki, iddiaçı cavabdehdən yalnız ##.##.2011-ci il tarixinə qədər icarə haqqını tələb edə bilər. Çünki həmin tarixdən torpaq sahəsi artıq “xxxx" xüsusi kiçik universal müəssisəsinin xüsusi mülkiyyətinə keçmişdir. Həmin qətnamə hal-hazırda qüvvədədir. "xxxx" xüsusi kiçik universal müəssisəsinin adı ##.##.2017-ci il tarixdə dəyişdirilərək “xxxx" MMC olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə dair “xxxx” MMC-nin adına yeni çıxarış alınmışdır. Bütün bunlara baxmayaraq əməliyyatlar tarixçəsindən aydın olur ki, dövlət torpaq icarəsi üzrə şəxsi hesab vərəqəsində 51598,62 manat borc yaranmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ## ###### 2025-ci il tarixli, *-**-*-İ/*-Q-****-**/**** saylı imtina məktubu ilə cavab verilmişdir ki, “İnterservis" tərəfindən Bakı şəhəri, Babək prospekti, 44A ünvanında yerləşən torpaq sahəsi üzrə dövlət torpaq sahələrinin icarəsi ilə bağlı müqaviləyə xitam verilməsi və ya hesablanmış məbləğə dəyişiklik edilməsi barədə hər hansı məlumatın daxil olmadığı müəyyən edilmişdir. “İnterservis” tərəfindən qeyd olunan torpaq sahəsi üzrə müvafiq məlumat təqdim edildikdən sonra dövlət torpaq sahələrinin icarəsi üzrə şəxsi hesab vərəqəsində hesablanmış icarə haqqı məbləğinə düzəlişlərin edilməsi təmin ediləcəkdir.” Cavabdeh əsassız olaraq hesab elmişdir ki, şəxsi hesab vərəqəsində dövlət torpaq icarəsinə görə hesablanmış icarə haqlarının ləğv edilməsi mümkün deyildir. Bu isə tamamilə qanunsuz və əsassızdır. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmunu ilə oxşar izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli ##.##.2011-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 44A ünvanında yerləşən 0,38639 ha torpaq sahəsi “xxxx” Xüsusi Kiçik Universal Müəssisəsinin xüsusi mülkiyyətində olmuşdur. Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ##.##.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 44A ünvanında yerləşən 5138,6 kv.metr qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı Bakı şəhəri Vergilər Departamentinin (hal-hazırda Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamenti) cavabdeh “xxxx” Xüsusi kiçik universal müəssisəsinə qarşı “3813.68 manat borcun tutulması” tələbinə dair iş üzrə * saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin *-*(**)-***/**** saylı ##.##.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “xxxx” Xüsusi kiçik universal müəssisəsindən dövlət torpaq sahəsindən istifadəyə görə icarə haqqı üzrə yaranmış 367 manat məbləğində borc və 2,88 manat dövlət rüsumunun dövlət büdcəsinə tutulması və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin ## ##### 2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin səlahiyyətləri daxilindədir. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehə ##.##.2025-ci il tarixdə məktubla müraciət edilərək ##.##.2011-ci il tarixdən bu günədək borcun olub-olmaması barədə arayışın verilməsi xahiş olunmuşdur. İşdən görünür ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ##.##.2025-ci il tarixdə şikayət məktubu ilə müraciət edərək şəxsi hesab vərəqəsində dövlət torpaq icarəsinə görə hesablanmış icarə haqlarının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ## ###### 2025-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, “Interservis" tərəfindən Bakı şəhəri, Babək prospekti, 44A ünvanında yerləşən torpaq sahəsi üzrə dövlət torpaq sahələrinin icarəsi ilə bağlı müqaviləyə xitam verilməsi və ya hesablanmış məbləğə dəyişiklik edilməsi barədə hər hansı məlumatın daxil olmadığı müəyyən edilmişdir. Bildirilir ki, “İnterservis” tərəfindən qeyd olunan torpaq sahəsi üzrə müvafiq məlumat təqdim edildikdən sonra dövlət torpaq sahələrinin icarəsi üzrə şəxsi hesab vərəqəsində hesablanmış icarə haqqı məbləğinə düzəlişlərin edilməsi təmin ediləcəkdir. İşdən görünür ki, iddiaçı ##.##.2006-cı il tarixdə dövlət qeydiyyatına alınmış və ********** nömrəli VÖEN əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatdadır. Cavabdehin məhkəmə sorğusuna ##.##.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində dövlət torpaq sahələrinin icarəsi üzrə müvafiq hesablamalar və hesablanmış məbləğlər üzrə müvafiq düzəlişlərin aparılması Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyət "İnterservis" tərəfindən təqdim edilmiş məlumatlar əsasında aparılır. Belə ki, vergi ödəyicisi İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində torpaq sahələrinin icarəsi üzrə olan hesablamalar "İnterservis" tərəfindən təqdim edilmiş məlumat əsasında, Nizami rayonu Babək prospekti ilə O.Vəliyev küçəsinin kəsişdiyi ərazidə yerləşən 200,0 m² torpaq sahəsinin illik icarə haqqı məbləği 206,08 manat olmaqla ##.##.2006-cı il tarixli **** nömrəli və Nizami rayonu, O.Vəliyev və Babək prospektinin kəsişməsində yerləşən 3550,0 m² torpaq sahəsinin illik icarə haqqı məbləği 3292,13 manat olmaqla ##.##.2008-ci il tarixli **** nömrəli icarə müqaviləsi əsasında aparılmışdır. İllik icarə haqqı məbləği rüblər üzrə bərabər hissələrə bölünməklə, müvafiq hesablama aparılmışdır. Eyni zamanda bildirilir ki, cari tarixə şəxsi hesab vərəqəsinin məlumatlarına əsasən, vergi ödəyicisinin dövlət torpaq sahələrinin icarəsi üzrə borcu 51598,62 manat təşkil edir. Həmin məktubla iddiaçının şəxsi hesab vərəqəsindən çıxarış məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məhkəmə sorğusuna ##.##.2025ci il tarixli cavab məktubuna əsasən hüquqi şəxs ##.##.1994-cü il tarixdə "xxxx" Xüsusi Kiçik Universal Müəssisəsi adı ilə dövlət qeydiyyatına alınmış, ##.##.2017-ci il tarixdə yenidən təşkil olunaraq İddiaçı MMC-yə çevrilmişdir və İddiaçı MMC "xxxx" Xüsusi Kiçik Universal Müəssisəsinin hüquqi varisidir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində şəxsi hesab vərəqəsində göstərilmiş 51598,62 manat icarə haqqının silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür (94.0.). Daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyrirezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidən gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən özü və ya onun təyin etdiyi vergi agenti bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə vergini ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir (124.1.). İcarə haqqı və royaltidən gəlir əldə edən fiziki şəxslərdən bu Məcəllənin 124.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa və ya onun tərəfindən ödənilmişdirsə, həmin gəlirlərdən bir daha vergi tutulmur (124.2.). Məhkəmə diqqətə çatdırır ki, vergi borcunun düzgün hesablanmadığını sübut etmək öhdəliyi Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda müvafiq tərəflərin üzərinə düşür. Belə ki, vergi ödəyicisinin apardığı hesablamaların səhvliyini sübut etmək vergi orqanının, əks halda, vergi orqanının hesablamalarının əsassız olduğunu sübut etmək isə vergi ödəyicisinin vəzifəsidir. Vergi qanunvericiliyinə əsasən, rezident fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə, həmin gəlirə görə vergi öhdəliyi ödəmə mənbəyində, yəni icarəyə götürən tərəfindən 14 faiz dərəcə ilə yerinə yetirilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin ## ### 2020-ci il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 3.0.9.-cu bəndində “dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifələrindən biri kimi göstərilmişdir. İddiaçı hazırkı iddia ərizəsində şəxsi hesab vərəqəsində göstərilmiş 51598,62 manat icarə haqqının silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. İddiaçının dəlili ondan ibarətdir ki, torpaq sahəsi ##.##.2011-ci il tarixdən xüsusi mülkiyyətinə keçmişdir və həmin tarixdən sonra dövlət torpaq icarə haqqının hesablanması qanunsuzdur. Bu hal daşınmaz əmlakın çıxarışları və ##.##.2017-ci il tarixli məhkəmə qətnaməsi ilə təsdiq olunur. Cavabdehin imtinası isə o təşkil edir ki, şəxsi hesab vərəqəsində aparılan hesablamalar “İnterservis” tərəfindən təqdim edilən məlumatlar əsasında həyata keçirilir və müqaviləyə xitam verilməsi barədə məlumat daxil olmadığından borcun silinməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər (706.1). Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər (706.2). Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər (706.3). İcarə müqaviləsində ayrı şərtlər nəzərdə tutulmamışdırsa, icarəyə verilən torpağın yüklülüklərini və ondan tutulan vergiləri torpaq və vergi qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada torpaq mülkiyyətçisi ödəməlidir (709). Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir (710.1). Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir (710.2). İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir (710.3). İş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə O.Vəliyev küçəsinin küçəsinin kəsişdiyi ərazidə yerləşən torpaq sahələri 2006-cı il və 2008-ci il tarixli müqavilələrlə “xxxx” Xüsusi Kiçik Universal Müəssisəsinin icarəsinə verilmiş, sonuncu isə ##.##.2011-ci il tarixdə həmin torpaq sahəsi özəlləşdirərək xüsusi mülkiyyətinə keçirmiş və buna dair müvafiq çıxarış əldə etmişdir. Daha sonra Vergi orqanı və həmin müəssisə arasında icarə münasibətlərinə dair məhkəmə mübahisəsi olmuş və * saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin ##.##.2017-ci il tarixli qətnaməsi ilə iddia “367 manat icarə haqqı və 2,88 manat dövlət rüsumu”na dair hissədə təmin edilmiş, qalan hissədə isə rədd edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş, lakin yuxarı instansiya məhkəməsi tərəfindən qətnamədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəsini almış və icra edilmişdir. Sözügedən qətnamədə həmin iş üzrə iddiaçının cavabdehdən yalnız ##.##.2011-ci il tarixinə qədər icarə haqqını tələb edə biləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində də mübahisəli torpaq sahəsinin ##.##.2011-ci il tarixdən "xxxx" Xüsusi Kiçik Universal Müəssisəsinin mülkiyyətində olduğu qeyd edilmişdir. Əlavə olaraq, bu hal daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla da təsdiq olunur. Yəni həmin müəssisə ilə yaranmış icarə münasibətləri də xitam olunmuşdur. Qeyd edilməlidir ki, "xxxx" Xüsusi Kiçik Universal Müəssisəsi ##.##.2017-ci il tarixdə yenidən təşkil olunaraq İddiaçı MMC-yə çevrilmişdir. Yəni iddiaçı "xxxx" Xüsusi Kiçik Universal Müəssisəsinin hüquqi varisidir. Həmçinin, Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli ##.##.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 44A ünvanında yerləşən 5138.6 kv.metr qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Belə olan halda, məhkəmə hesab edir ki, torpaq sahəsi ##.##.2011-ci il tarixdən xüsusi mülkiyyətə keçdiyindən həmin tarixdən sonra dövlət torpaq icarə haqqının hesablanması üçün hüquqi əsas mövcud olmamışdır. Cavabdehin üçüncü şəxsin məlumatına istinad etməsi isə onu qanunsuz hesablamaları aradan qaldırmaq vəzifəsindən azad etmir. Buna görə də iddiaçının şəxsi hesab vərəqəsində hesablanmış borc əsassızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə O.Vəliyev küçəsinin küçəsinin kəsişdiyi ərazidə yerləşən 200 kv.metr və 3550 kv.metr torpaq sahələrinə görə ##.##.2006-cı il tarixli və ##.##.2008-ci il tarixli icarə müqavilələrinə əsasən iddiaçıya hesablanmış 51598,62 manat icarə haqqının onun şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə O.Vəliyev küçəsinin küçəsinin kəsişdiyi ərazidə yerləşən 200 kv.metr və 3550 kv.metr torpaq sahələrinə görə ##.##.2006-cı il tarixli və ##.##.2008-ci il tarixli icarə müqavilələrinə əsasən iddiaçı İddiaçı MMC-yə hesablanmış 51598,62 manat icarə haqqının onun şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-16076/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-16076/2025
25.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver