Məhkəmə qərarları › İş №e-2-1(112)-1608/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1608/2025

13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1608/2025 13.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclasının katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia tələbi ilə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli **********057100 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-yə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********167100 nömrəli Qərara əsasən 2023-cü ilin iyul ayına ƏDV üzrə 156,584.03 manat vergi məbləği hesablanmışdır. Aşağıda qeyd olunanlara əsasən cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********167100 nömrəli qərarı qanunsuz və əsassız hesab edir. İddiaçı İngiltərənin “X2” LLC Beynəlxalq Şirkətinin Rusiya Federasiyasında yerləşən istehsal zavodundan məhsul almaq üçün şirkətin MDB məkanı üzrə satış partnyoru və distributoru olan “Dolo Group” LLC (Gürcüstan) şirkəti ilə “Distributor xidmətinin göstərilməsi haqqında” Müqavilə bağlamış və həmin müqaviləyə əsasən “X2” LLC Beynəlxalq Şirkətinin Rusiya Federasiyasında yerləşən istehsal zavodundan aldığı mallar görə “Dolo Group” LLC (Gürcüstan) şirkətinə distributor xidməti üzrə 2022-ci il ərzində ödənişlər etmişdir. Cavabdeh vergi orqanı isə öz növbəsində həmin ödənişləri əsas götürərək, 2023-cü ilin iyul ayı üzrə kameral vergi yoxlaması həyata keçirmiş və 2022-ci ildə “Dolo Group” LLC-yə həyata keçirilmiş ödənişlərə görə iddiaçıya 156,584.03 manat ƏDV məbləği hesablamışdır. Belə ki, vergi orqanı hesab etmişdir ki, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən qeyri-rezidentə, yəni “Dolo Group” LLC-yə edilmiş ödənişlər məsləhət xidməti üzrə ödəniş olduğundan ƏDV-nin məqsədləri üçün vergitutma obyektidir. Halbuki, 2022-ci il ərzində “Dolo Group” LLC-yə həyata keçirilmiş ödənişlər distributor xidməti ilə bağlı olmuşdur ki, həmin ödənişlər VM-nin 168.1.5-ci maddəsinin təsiri altına düşmür. Başqa sözlə desək, “Dolo Group” LLC tərəfindən xidmətlər ölkə hüdudlarından kənarda göstərildiyindən, ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilmir. Hazırkı işdə vergi orqanı kameral vergi yoxlamasını 2023-cü ilin iyul ayı üzrə həyata keçirmişdir. Bu isə o deməkdir ki, kameral vergi yoxlaması 2023-cü ilin iyul ayında baş vermiş əməliyyatlar üzrə həyata keçirilməli idi. Lakin iş materiallarından göründüyü kimi, vergi orqanı 2023-cü ilin iyul ayı üzrə həyata keçirdiyi kameral vergi yoxlaması zamanı 2022-ci ildə baş vermiş əməliyyatları əsas götürmüşdür. Halbuki, 2022-ci ilin müvafiq aylarında baş vermiş əməliyyatlara görə kameral vergi yoxlaması həmin hesabat dövrləri (ayları) üzrə vergi bəyannaməsi təqdim edildikdən sonra 30 iş günü ərzində həyata keçirilə bilərdi. Göstərilənlərə əsasən hesab edirik ki, iddiaçıya ƏDV üzrə vergi məbləğlərinin hesablanması ilə bağlı qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********167100 nömrəli qərar qanunsuz olduğundan ləğv edilməlidir.

3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, uçot-baza məlumatlarına əsasən Cəmiyyətin xx.xx.2020-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına, xx.xx.2020-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyata alındığı, ərizəsinə əsasən əsas fəaliyyət növünün "ixtisaslaşdırılmamış topdansatış”ndan ibarət olduğu və ünvan 1 ünvanında yerləşən “Anbar” adlı aktiv təsərrüfat subyektinin (obyektinin) vergi orqanında xx.xx.2021-ci il tarixdən qeydiyyatda olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi gəlirlərindən verginin tutulması Vergi Məcəlləsinin 125-ci maddəsi ilə, Azərbaycan mənbəyindən gəlirin əhatə dairəsi isə Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə tənzimlənir. Qeyri-rezident tərəfindən bağlanılmış müqavilə üzrə göstərilən distributor xidmətlərinə görə Cəmiyyət tərəfindən ödənilən vəsaitlər qeyrirezidentin Azərbaycan mənbəyindən gəlirləri hesab edilmədiyindən, həmin ödəmələr üzrə ödəmə mənbəyində vergi tutulmur. Bununla yanaşı, qeyri-rezident distributor tərəfindən müqavilə üzrə göstərilən xidmətlər Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında ƏDV-yə cəlb edilir. Beləliklə, aparılmış araşdırmaya əsasən İddiaçı MMC tərəfindən 2022-ci il ərzində "DOLO GROUP” LLC-yə distributor xidmətlərinin göstərilməsinə görə ödənilmiş 869911,25 manat məbləğin ƏDV bəyannamələrində dövriyyəyə cəlb edilməməsi kənarlaşmaya səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar, distributor xidmətlərinin göstərilməsinə görə ödənilmiş 869911,25 manat məbləğin ƏDV bəyannamələrində dövriyyəyə cəlb edilməməsi nəticəsində yaranmış kənarlaşma barədə xx.xx.2024-cü il tarixli **********444700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktublarında qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim olunmadığından 2023-cü ilin iyul ayı üzrə ƏDV bəyannaməsində 869911,25 manat kənarlaşmaya əsasən 156584,03 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********167100 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, 2022-ci il ərzində “Dolo Group” LLC-yə həyata keçirilmiş ödənişlər distributor xidməti ilə bağlı olmuşdur ki, həmin ödənişlər VM-nin 168.1.5-ci maddəsinin təsiri altına düşmür. “Distributor xidmətlərin göstərilməsi haqqında" müqavilənin 1.2-ci bəndində distributor xidmətləri və digər bu kimi xidmətlərin göstərilməsi dedikdə, üçüncü tərəflə danışıqların aparılması, sənədlərin tərcümə edilməsi, əməliyyat üçün zəruri kontragentlərin axtarışı, tərəflər arasında müqavilənin bağlanmasının təşkili, texniki həllərin verilməsi, layihə (dizayn həlləri), məsləhət və texniki dəstək və sair xidmətlərin göstərilməsi nəzərdə tutulduğu qeyd edilmişdir. Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam xidmətlərinin, həmçinin məlumatların işlənilməsi üzrə xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi zamanı ƏDV işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer üzrə cəlb olunur. Qeyd olunanları nəzərə alaraq qeyri-rezident tərəfindən müqavilədə qeyd edilmiş xidmətlər Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin tələblərinə uyğun olaraq ƏDV-yə cəlb edilməlidir. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. İddiaçı MMC (VÖEN **********) iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. xx.xx.2021-ci il tarixli DG-SRN/2021 nömrəli müqaviləyə əsasən, distributor qismində çıxış edən “Dolo group” LLC və “Satış partnyoru” “Tərəfdaş” qismində çıxış edən İddiaçı MMC arasında distributor xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanılmışdır.

5. “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, tərəfinizdən 2022-ci il ərzində “DOLO GROUP” LLC-yə distributor xidmətlərinin göstərilməsinə görə ödənilmiş 869911,25 manat məbləğin ƏDV bəyannamələrində dövriyyəyə cəlb edilməməsi kənarlaşmaya səbəb olmuşdur. Yuxarıda qeyd olunanlarla əlaqədar, müvafiq dövr üzrə dəqiqləşdirilmiş ƏDV bəyannamələrinin və ya izahat məktubunun (təsdiqedici sənədlər əlavə edilməklə) vergi orqanına təqdim edilməsi Sizdən tələb olunur.

6. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli № **********167100 nömrəli qərarına əsasən, vergi orqanı tərəfindən iddiaçıya bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən əlavə dəyər vergisi hesablanmış, hesablanmış vergi və ya sığorta haqqı 156.584,03 manat təşkil etmişdir.

7. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

8. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə onun təmin olunmasını xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

9. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

10. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisələndirilən qərar inzibati aktdır.

11. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.

13. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır, iddia mümkündür.

İİİ. Məhkəmənin mövqeyi

14. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli **********167100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar mübahisələndirilir. Həmin Qərarda qeyd olunur: Bəyannamə və hesabat növü: ƏDV; Bəyannamə və hesabat dövrü: iyul 2023 Qərar onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin müddəalarına əsasən iddiaçıya ƏDV bəyyannaməsi təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən Əlavə dəyər vergisi hesablanmışdır.

15. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, vergi ödəyicisinin 2023-cü ilin iyul ayında hər hansı vergi tutulan əməliyyatı olmamışdır.

16. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:

12. Vergilərin müəyyən edilməsinin əsas şərtləri 12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir.

17. Məhkəmə qeyd edir ki, qeyd edilən hüquq normalarına əsasən vergitutma elementlərindən biri də vergi dövrüdür. Kameral qaydada ƏDV məbləği hesablanan zaman təqvim ayında baş vermiş əməliyyatlar nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 178-ci maddəsinə müvafiq olaraq ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Vergi orqanı 2023-cü ilin iyul ayı üçün kameral qaydada ƏDV hesabladığı zaman hesabat dövründə, yəni 2023-cü ilin iyul ayında baş vermiş əməliyyatları əsas götürməlidir.

18. ƏDV üçün vergitutma obyekti malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergitutulan idxaldır (maddə 159.1). Vergi tutulan əməliyyatın vaxtı isə təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır ki, bu da Vergi Məcəlləsinin 166.1-ci maddəsi ilə tənzimlənir. Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV məbləği isə Vergi Məcəlləsinin 174.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən Vergi Məcəlləsinin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərq vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDVni təşkil edir. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur (maddə 169.1). ƏDV-nin məqsədləri üçün qeydiyyata alınan hər hansı şəxs bu maddənin məqsədləri üçün vergi agenti sayılır (maddə 169.2). Bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır (maddə 169.3).Vergi tutulan əməliyyatın vaxtının düzgün müəyyən edilməməsi yəni, 2023-cü ilin iyul ayında qeyrirezident şəxsə ödəniş aparılmaması və bir necə təqvim ayında baş vermiş əməliyyatları cəmləyərək bir təqvim ayında vergi məbləğinin hesablanması yuxarıda qeyd olunan maddi hüquq normalarına ziddir.

19. Məhkəmə hesablamanın mahiyyətinə gəldikdə isə qeyd edir ki, cavabdeh etirazında qeyd etmişdir ki, qeyri-rezident distributor tərəfindən müqavilə üzrə göstərilən xidmətlər Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında ƏDV-yə cəlb edilir. Beləliklə, aparılmış araşdırmaya əsasən İddiaçı MMC tərəfindən 2022-ci il ərzində "DOLO GROUP” LLC-yə distributor xidmətlərinin göstərilməsinə görə ödənilmiş 869911,25 manat məbləğin ƏDV bəyannamələrində dövriyyəyə cəlb edilməməsi kənarlaşmaya səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar uyğunsuzluq məktubu göndərilmiş, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktublarında qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim olunmadığından 2023-cü ilin iyul ayı üzrə ƏDV bəyannaməsində 869911,25 manat kənarlaşmaya əsasən 156584,03 manat əlavə vergi məbləği hesablanmışdır.

20. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 159.2. Bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir. 168.1. Bu fəsilin məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer aşağıdakılar sayılır: 168.1.5. işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer. Bu maddənin müddəaları aşağıdakı xidmətlərə tətbiq edilir: patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi, o cümlədən istifadəyə verilməsi; məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam xidmətlərinin, həmçinin məlumatların işlənilməsi üzrə xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi; işçi qüvvəsinin təchiz edilməsi üzrə xidmətlərin göstərilməsi (işçilər bu xidmətlərin alıcısının fəaliyyət göstərdiyi yerdə işlədikləri halda); daşınan əmlakın icarəyə verilməsi (nəqliyyat müəssisələrinin nəqliyyat vasitələri istisna olmaqla); müqavilənin əsas iştirakçısı adından bu maddədə göstərilən xidmətlərin yerinə yetirilməsi üçün hüquqi və ya fiziki şəxsi cəlb edən agentin xidmət göstərməsi; telekommunikasiya xidmətlərinin göstərilməsi (siqnalların, sənədlərin, şəkillərin və ya səsin, yaxud istənilən xarakterli informasiyanın teleqraf, radio, optik və ya digər elektromaqnit sistem vasitəsilə alınması, yayılması, ötürülməsi, o cümlədən bu cür ötürmə, alma və ya yayım hüquqlarının təqdim edilməsi və ya alınması); radio və televiziya yayımı, poçt rabitəsi xidmətlərinin göstərilməsi; kompüter, internet və digər elektron şəbəkələr, elektron poçt və digər oxşar vasitələrlə xidmətlərin göstərilməsi, yaxud bu cür şəbəkələrdən və ya xidmətlərdən istifadə hüququnun verilməsi; elektron ticarətin satıcıları (təchizatçıları) tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi, habelə elektron qaydada təşkil olunan lotereyaların, (o cümlədən virtual lotereyaların), idman mərc oyunlarının, digər yarışların və müsabiqələrin keçirilməsi. 168.1.6. işi yerinə yetirən və ya xidmət göstərən şəxsin fəaliyyəti həyata keçirdiyi yer. 21.Xüsusi ilə qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 10-cu maddəsi baxımından qeyrirezident şəxslər vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçısı olmadığı üçün həmin Məcəllənin 168-ci maddəsi qeyri-rezident şəxsin gördüyü işin və göstərdiyi xidmətin yerini müəyyən etmir.

22. Beləliklə vergi orqanı tərəfindən qərar qəbul edilərkən, vergi ödəyicisinin müqavilə üzrə tərəfdaşı qismində çıxış edənlə olan münasibətləri nəzərə alınamışdır. Belə ki, xx.xx.2021ci il tarixli DG-SRN/2021 nömrəli müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki, “Tərəfdaş”a distributor xidmətləri göstərməyi və bunun yekunu olaraq malları kəmiyyət, çeşid və distributor qiymətlərinə uyğun olaraq onun mülkiyyətinə verməsini təşkil etməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndində qeyd edilmişdir ki, distributor xidmətlərin və digər bu kimi xidmətlərin göstərilməsi dedikdə: üçüncü tərəflə danışıqların aparılması, sənədlərin tərcüməsi, əməliyyat üçün zəruri kontragentlərin axtarışı, tərəflər arasında müqavilənin bağlanılmasının təşkili (zəruri hallarda) texniki həllərin verilməsi, layihə (dizayn həlləri), layihələrə məsləhət və texniki dəstək, istehsalçı zavodlardan malların çatdırılmasının təşkili... Həmin müqavilənin 4.2-ci bəndində qeyd edilmişdir ki, “Distributor” istehsalçı zavodlardan “Tərəfdaş”a göndərilən mallarla təqdim edilməsini təşkil edir.

23. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən onunla qeyri-rezident arasında öhdəliklərin yerinə yetirilməsi haqqında akt, qeyri-rezidentə ödəmələr və bank hesabından çıxarışlar bir daha təsdiq edir ki, 2022-ci il ərzində “Dolo Group” LLC-yə həyata keçirilmiş ödənişlər distributor xidməti ilə bağlı olmuşdur ki, həmin ödənişlər VM-nin 168.1.5-ci maddəsinin təsiri altına düşmür, “Dolo Group” LLC tərəfindən xidmətlər ölkə hüdudlarından kənarda göstərildiyindən, ƏDV-nin məqsədləri üçün vergitutma obyekti hesab edilmir.

24. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin normaları işin faktiki hallarına düzgün tətbiq edilməmiş, bununla da işin faktiki və hüquqi hallarına düzgün qiymət verilməmişdir, beləliklə, iddia tələbi əsaslı və qanunauyğun olduğu üçün təmin edilməli, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********167100 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı ləğv edilməlidir.

25. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

26. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

27. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********167100 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar