Məhkəmə qərarları › İş №e-2-1(112)-16085/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-16085/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-16085/2025 02.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti və Yasamal rayon İcra şöbəsinə qarşı “icra sənədi üzrə icra işinin görülməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu,Ttəbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti və Yasamal rayon İcra şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin (hakim Fariz Əlizadə) 19 may 2025-ci il tarixli icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə görə borclu 345 saylı körpələr evi-uşaq bağçasının barəsində AR İXM-in 528.1-ci maddəsi ilə protokolun tərtib edilərək Yasamal Rayon Məhkəməsinə göndərilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 345 nömrəli körpələr evi-uşaq bağçasının xx.xx.2023-cü il tarixli 133 nömrəli əmri ilə iddiaçıyla bağlanmış əmək müqaviləsi qanunsuz və əsassız olaraq AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilmişdir. Həmin işdənçıxarma əmrinin ləğv edilməsi üçün 2023-cü ilin dekabr ayında Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin e-2(004)-919/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli Qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin 345 nömrəli körpələr evi-uşaq bağçası həmin qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş və cavabdehin apellyasiya şikayəti təmin olunmamışdır. Son olaraq üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3780/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli Qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Belə ki, həmin qətnaməyə əsasən: 1. Bakı şəhəri üzrə Təhsil İdarəsinin 345 nömrəli körpələr evi-uşaq bağçasının iddiaçıyla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 133 nömrəli əmri ləğv edilmiş; 2. Əvvəlki vəzifəsinə, yəni Bakı şəhəri üzrə Təhsil İdarəsinin 345 nömrəli körpələr evi-uşaq bağçasında “aşbaz” vəzifəsinə bərpa edilməyi qərar alınmış; 3. Bakı şəhəri üzrə Təhsil İdarəsinin 345 nömrəli körpələr evi uşaq bağçası tərəfindən məcburi işburaxma müddəti üçün xx.xx.2023-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı hesablanaraq ona ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin 345 nömrəli körpələr evi-uşaq bağçasının üzərinə qoyulmuş; 4. Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsinin 345 nömrəli körpələr evi-uşaq bağçasından mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manat pul vəsaitinin onun xeyrinə tutulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3780/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli Qətnaməsindən kasssiya şikayəti verilmədiyi üçün qətnamə 23 dekabr 2024-cü il tarixindən qanuni qüvvəyə minmişdir. Bundan sonra Yasamal Rayon Məhkəməsi (hakim Fariz Əlizadə) 19 may 2025-ci il tarixdə icra vərəqəsi tərtib edərək Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. Hadisələrin sonrakı axarı aşağıdakı kimi davam etmişdir: Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsində onun əvvəlki vəzifəsinə - yəni, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 345 nömrəli körpələr evi-uşaq bağçasında “aşbaz” vəzifəsinə bərpa edilməyi qərara alınmışdır. Lakin borclu (cavabdeh) 345 nömrəli körpələr evi-uşaq bağçasından ona əvvəlki vəzifəsinə deyil, "xxxx" MMC-də aşpaz vəzifəsinə bərpa edilmək təklif edilmişdir. Səbəb kimi körpələr evi-uşaq bağçalarında bütün aşpaz ştatlarının ləğv edildiyi və artıq bağçalarda belə ştat vahidinin olmaması əsas gətirilmişdir. Borclu (cavabdeh) 345 nömrəli körpələr evi-uşaq bağçası tərəfindən Yasamal Rayon Məhkəməsinə ünvanlanmış 18 iyun 2025-ci il tarixli məktubda da ona 345 nömrəli körpələr evi-uşaq bağçasında deyil, "xxxx" MMC-də aşpaz vəzifəsinin təklif edildiyi qeyd edilmişdir. Sual olunur ki, işdən çıxarılan zaman borclu (cavabdeh) 345 nömrəli körpələr evi-uşaq bağçasının işçisi idisə, indi nəyə görə ona hansısa başqa bir MMC-də iş təklif edilir? Axı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qətnaməsində onun əvvəlki vəzifə bərpa edilməyi qərara alınmamışdır. Həmin Qətnamədə onun hansısa bir "xxxx" MMC-də işə bərpa edilməyi nəzərdə tutulmayıb. Əlavə olaraq, hazırda qüvvədə olan AR Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli, 61 №-li qərarı ilə təsdiq edilmiş “Körpələr evi-uşaq bağçalarının nümunəvi ştatları” Cədvəlində (2 №-li əlavə) 12 qruplu bağçalarda 2 aşpaz və 1 baş aşpaz vəzifəsinin olması nəzərdə tutulmuşdur. Borclu (cavabdeh) 345 nömrəli körpələr evi-uşaq bağçası 12 qruplu bağçalara aiddir və Qərara əsasən orada 2 aşpaz və 1 baş aşpaz vəzifəsinin olmalıdır. Həmin Qərarın 3-cü bəndinə əsasən, bu qərarla təsdiq edilən nümunəvi ştatlar iş şəraitinə və həcminə görə uşaq bağçası və körpələr evi-uşaq bağçasında bütövlüklə tətbiq oluna bilmədikdə nümunəvi ştatdan kənara çıxılması məsələsi hər bir ayrı-ayrı halda əmək haqqı fondu dairəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin razılığı ilə tabeliyində müvafiq məktəbəqədər təhsil müəssisəsi olan nazirlik və baş idarələr tərəfindən həll edilir. AR Nazirlər Kabinetinin 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 1.7-ci bəndinə əsasən, məktəbəqədər təhsil müəssisəsi dövlət qeydiyyatına alındığı vaxtdan hüquqi şəxs statusu əldə edir. Həmin Qərara əsasən, məktəbəqədər təhsil müəssisəsi müstəqil balansa, üzərində adı yazılmış möhürə, ştampa, blanka malikdir. Bu müəssisələrin banklarda hesablaşma hesabı və digər hesabları ola bilər. Məktəbəqədər təhsil müəssisəsinin hüquqi ünvanı onun öz nizamnaməsində göstərilir. AR Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Beləliklə, cavabdeh (borclu) 345 nömrəli körpələr evi-uşaq müstəqil hüquqi şəxs olduğundan müəssisədə ştat ixtisarının keçirilməsinin zəruriliyi barədə əsaslandırılmış qərar qəbul edilməli idi. Həmçinin, ştat ixtisarı həyata keçirilən zaman AR Maliyyə Nazirliyinin razılığı alınmalı idi. Lakin, hazırda ştat ixtisarı ilə bağlı belə bir əsaslandırılmış əmrin verilmədiyi açıqca göz qabağındadır. Eləcə də AR Maliyyət Nazirliyindən razılığın alındığı sübut edən heç bir sənəd də mövcud deyil. Bütün bunlar isə əgər həqiqətən də həyata keçirilibsə - ştat ixtisarının qanunvericiliyin tələblərinin pozulması yolu ilə həyata keçirildiyini sübuta yetirir. Bununla yanaşı, AR Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə əsasən, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Yuxarıda qeyd edilən maddələrə əsasən, əvvəla onun tutduğu ştat vahidi ləğv edilibsə - bununla bağlı müvafiq əmrlər təqdim edilməli və ştat vahidinin ləğv edildiyi sübuta yetirilməlidir. Bundan başqa əgər onun işə bərpa edilməyi üçün müvafiq ştat vahidi yoxdursa, razılığı alınmaqla başqa vəzifəyə bərpa edilməyi borclu (cavabdeh) müəssisə tərəfindən təmin edilməlidir. Lakin cavabdeh (borclu) bu tədbirlərin də heç birini həyata keçirməmişdir. İddiaçıya başqa vəzifəyə təyin edilməyi üçün heç bir iş təklif edilməmiş və razılığı ilə başqa vəzifəyə təyin edilməmişdir. Cavabdeh (borclu) tərəfindən Yasamal Rayon Məhkəməsinə ünvanlanmış 18 iyun 2025-ci il tarixli məktubda qeyd edilir ki, guya "xxxx" MMC-də işlə təmin olunmağı barədə təklifdən imtina etməklə hərəkətsizlik nümayiş etdirərək qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasına mane olur. Cavabdeh (borclu) sanki, belə bir görüntü yaratmaq istəyir ki, sanki o qanunvericilik çərçivəsində öz üzərinə qoyulmuş bütün öhdəlikləri lazımınca icra edir, ancaq iddiaçı onun bu hərəkətlərini həyata keçirməyə maneçilik törədir. Əslində isə borclu (cavabdeh) AR Əmək Məcəlləsinin tələblərindən ümumiyyətlə xəbərsizdir və qanunsuz ştat ixtisarına qanuni don geyindirməyə cəhd edərək onu əvvəlki vəzifəsinə bərpa etməkdən yayınmaq istəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216.2-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməni Azərbaycan Respublikası adından çıxarır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 301-ci maddəsinin 1-ci hissəsinə əsasən, fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. Lakin, Qətnamənin qanuni qüvvəyə minməsindən 7 aya yaxın müddətin keçməsinə baxmayaraq qətnamə bu günədək icra edilməmişdir və ona məlum olmayan səbəblərdən borclu (cavabdeh) qərarın icrasını yubadır. Belə görünür ki, cavabdeh (borclu) təşkilatın vəzifəli şəxsləri “dərhal” sözünün hərfi mənası düzgün dərk edə bilmirlər və bu səbəbdən də 7 aya yaxın vaxt keçməsinə baxmayaraq məhkəmənin qətnaməsini icra etmirlər. Hazırda, Azərbaycan dövləti adından çıxarılmış qətnamə - Azərbaycan dövlətinin orqanı - Bakı şəhəri üzrə Təhsil İdarəsinin 345 nömrəli körpələr evi – uşaq bağçası tərəfindən icra edilmir. Yasamal Rayon İcra Şöbəsinin böyük icra məmuru X1 tərəfindən xx.xx.2025-ci il tarixdə icra icraatının başlanılması barədə Qərar qəbul edilmiş və icra edilməsi üçün borcluya göndərilmişdir. Lakin, borclu icra vərəqəsinə, icra məmurunun qərarına və ümumilikdə Azərbaycan Respublikası adından çıxarılmış qətnaməyə hörmətsizlik nümayiş etdirərək qətnamənin icrasını həyata keçirmir. Nəticə etibarı ilə hazırda, Azərbaycan dövləti adından çıxarılmış qətnamə - Azərbaycan dövlətinin orqanı - Bakı şəhəri üzrə Təhsil İdarəsinin 345 nömrəli körpələr evi – uşaq bağçası tərəfindən heç bir üzrlü səbəb olmadan icra edilmir. Buna baxmayaraq, bu günədək borlu 345 nömrəli körpələr evi – uşaq bağçası barəsində heç bir tədbir görülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” AR Qanununun 84.1-ci maddəsinə əsasən, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, o cümlədən qərarlarının icra olunmamasına görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. AR İXM-in 43-cü maddəsinə əsasən, İXM-in 528-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı”nın 58-ci bəndinə əsasən, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi adından – ədliyyə naziri, onun müavinləri, Nazirliyin Aparatının İcra xidmətinin rəisi, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, onun müavini, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Aparatının İcra şöbəsinin rəisi, yerli icra qurumlarının rəisləri, onların müavinləri və icra məmurları tərəfindən tərtib edilir. Borclu 345 saylı körpələr evi-uşaq bağçasının məhkəmə qərarını icra etmədiyinə görə inzibati məsuliyyətə cəlb edilməsi üçün dəfələrlə cavabdeh Yasamal Rayon İcra Şöbəsinə və AR Ədliyyə Nazirliyinin İcra Xidmətinə müraciət etməyimə baxmayaraq, cavabdeh tərəfindən borclu 345 saylı körpələr evi-uşaq bağçasının inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı heç bir heç bir protokol tərtib edilərək məhkəməyə göndərilməmişdir. Bu səbəbdən də hesab edir ki, Yasamal Rayon Məhkəməsinin (hakim Fariz Əlizadə) 19 may 2025-ci il tarixli icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə görə borclu 345 saylı körpələr evi-uşaq bağçasının barəsində AR İXM-in 528.1-ci maddəsinə uyğun olaraq protokolun tərtib edilərək Yasamal Rayon Məhkəməsinə göndərilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasına dair qərar çıxarılmalıdır.

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərərflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. Məhkəmənin mövqeyi

4. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

6. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

7. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

8. İddia tələbi Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-919/2024 saylı, xx.xx.2025-ci il tarixli icra sənədindəki tələbin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə görə borclu 345 saylı körpələr evi-uşaq bağçasının barəsində AR İXM-in 528.1-ci maddəsi ilə protokolun tərtib edilərək Yasamal Rayon Məhkəməsinə göndərilməsi ilə bağlıdır.

9. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının məqsədi icra qurumunun icra icraatı çərçivəsindəki hərəkətləri (hərəkətsizliyi) ilə bağlı olduğu halda, bunu inzibati məhkəmə icraatı qaydasında deyil, icra vərəqəsini vermiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsində aidiyyəti icra qurumunun hərəkətlərindən qanuniliyinin yoxlanılması ilə bağlı qanuni qüvvəsini almış məhkəmə aktının icrasının davamı olaraq şikayət verməklə mübahisələndirə bilər.

10. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında'' Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən: ...məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir.

11. Adı çəkilən qərarında Konstitusiya Məhkəməsi Plenumu bu nəticəyə gəlmişdir: - Qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası inzibati Prossesual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxılır.

12. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən nəticəyə gəlinmişdir: - “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. - İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.

13. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ... Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir....

14. Bundan əlavə məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar).

15. Beləliklə, yuxarıda adı çəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun hərəkətləri həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin hərəkətlərindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir.

16. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-nin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir.

17. İddiaçı faktiki olaraq icra məmurunun hərəkətlərindən şikayət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-919/2024 saylı qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə icra məmurunun hərəkətlərini mübahisələndirir. Həmin icra sənədi icra olunması üçün aidiyyəti üzrə Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Odur ki, məhkəmə hesab edir ki, icra məmurunun hərəkətlərindən şikayətə aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsi tərəfindən baxılmalıdır.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.

20. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).

21. İddiaçıya müvafiq şikayətlə səlahiyyətli məhkəməyə (Yasamal Rayon Məhkəməsinə) müraciət etmək hüququ izah olunsun.

22. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

23. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar