Məhkəmə qərarları › İş №e-2-1(112)-16097/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-16097/2025

30.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-16097/2025 30.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq: TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra struktur dəyişikliyi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Nərimanov RİH-nin 22 mart 2004-cü il tarixli 188 nömrəli sərəncamına əsasən iddiaçı Qarabağ əlili kimi yaşayış yeri üzrə mənzil növbəsinə dayanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Sabunçu rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 81 mənzilli yaşayış binası inşa olunmuşdur. Həmin yaşayış binasındakı mənzillərinin bölgüsünü həyata keçirilməsi məqsədi ilə Nazirliyin xx.xx.2012-ci il tarixli 11/7-139 nömrəli əmri ilə yaradılmış komissiyanın xx.xx.2012-ci il tarixli iclasının qərarına əsasən Bakı şəhəri, 2-ci Zabarat qəsəbəsi, R.Göyüşov küçəsi, ev 6A, 10 nömrəli mənzil iddiaçıya verilmişdir. İddiaçı həmin mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu RİH-nin xx.xx.2016-cı il tarixli, 18 nömrəli sərəncamından görünür ki, xx.xx.2004-cü il tarixdən mənzil növbəsində olan İİ qrup Qarabağ müharibəsi əlili İddiaçı növbəlik əsasında xx.xx.2016-cı il tarixdə mənzillə təmin olunduğuna görə o, mənzil növbəsindən çıxarılmışdır. 73 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı 3 nəfər ailə üzvləri (X3, X2 və X1) ilə birlikdə ünvan 1 ünvanında yaşayır. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, qeyd olunan mənzilə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, X3, X2 və X1 mənzilin iddiaçının adına özəlləşdirilməsinə etiraz etməmişdirlər. Cavabdeh tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, G.Göyüşov küçəsi, ev 6A saylı binada dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, G.Göyüşov küçəsi, ev 6, 67 saylı mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatı – Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1279/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məhkəmə qərarının icrası əsasında həyata keçirilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Normaların məzmunundan da göründüyü kimi qanunverici mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən edib. Həm də qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu mənzilə dair hüququn qeyd alınması üçün əsasdır. Lakin nəzərə alınmalıdır ki, həmin maddənin tələbindən də aydın olduğu kimi, qanunvericilikdə həmin sənədlərin 2009-cu il oktyabrın 1-dək, yəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək aid olması da müəyyən edilmişdir. İşin mübahisələndirilməyən hallarından müəyyən olunur ki, iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi mənzil faktiki olaraq onun sahiblik və istifadəsindədir və o, ailə üzvləri ilə birlikdə həmin yaşayış sahəsində daimi yaşayır. Cavabdeh etirazını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələblərinə uyğun hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi ilə əsaslandırmışdır. Lakin iş materiallarının təhlili göstərir ki, mübahisəli mənzil iddiaçıya onun qanunla müəyyən edilmiş qaydada mənzil növbəsinə qəbul edilməsi və sosial təminat hüququnun həyata keçirilməsi çərçivəsində ayrılmışdır. Belə ki, yerli icra hakimiyyəti orqanının xx.xx.2004-cü il tarixli sərəncamı ilə iddiaçı İİ qrup Qarabağ müharibəsi əlili kimi mənzil növbəsinə qəbul edilmiş, xx.xx.2016-cı il tarixdə müvafiq yaşayış sahəsi ilə təmin olunmuş və bununla əlaqədar xx.xx.2016-cı il tarixdə mənzil növbəsindən çıxarılmışdır. İşin hallarından görünür ki, iddiaçı hələ 2004-cü ildə mənzil növbəsinə dayanmış və mübahisəli mənzilin ona ayrılması məhz onun müharibə əlili statusundan irəli gələn sosial təminat hüququnun realizəsi nəticəsində baş vermişdir. Bu baxımdan, iddiaçının mübahisəli mənzil üzərində hüquqlarının əsası onun 2004-cü ildə mənzil növbəsinə götürüldüyü andan formalaşmışdır. O, xx.xx.2009-cu il tarixədək mənzil uçotunda olan şəxs kimi, həmin tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müvafiq müddəalarına əsasən dövlət mənzil fonduna aid yaşayış sahələrinin özəlləşdirilməsi hüququnu saxlamışdır. Beləliklə, iddiaçı 2009-cu il 1 oktyabr tarixinədək mənzil uçotuna götürülmüş şəxs qismində, mənzillə təmin olunacağına dair qanuni gözlənti hüququna malik olmuş və bu hüquqdan irəli gələn nəticələri obyektiv səbəblərdən yalnız 2016-cı ildə faktiki olaraq realizə edə bilmişdir. Mənzilin onun adına 2009-cu ildən sonra rəsmiləşdirilməsi faktı həmin tarixədək formalaşmış və qorunan “qazanılmış hüquq”un hüquqi qüvvəsini aradan qaldırmır. Nəzərə alınmalıdır ki, iddiaçının müvafiq dövrdə mənzillə təmin olunmaması onun iradəsindən asılı olmayan hallarla bağlı olmuşdur. Şəxsin gec mənzillə təmin edilməsi onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edə bilməz. Bununla yanaşı bildirilir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Göründüyü kimi, inzibati orqan tərəfindən, daha doğrusu inzibati orqanın məsul əməkdaşları tərəfindən yol verilən səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz. İndiki halda isə cavabdeh iddiaçının gec mənzil növbəsi ilə təmin edilməsini, şəxsin ziyanına şərh edir. Eyni zamanda, qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan, bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İşin faktiki hallarından da göründüyü kimi inzibati orqan tərəfindən iddia olunan mənzilin yerləşdiyi yaşayış binasında olan digər mənzilə dair mülkiyyət hüquqları oxşar sənəd və qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında dövlət qeydiyyatına almışdır. Məhkəmə hesab edir ki, necə ki cavabdeh oxşar sənəd əsasında başqa şəxsin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını həyata keçirirsə, bərabər münasibət iddiaçıya münasibətdə də göstərilməli, onun da hüququ dövlət qeydiyyatına alınmalıdır. Bununla yanaşı məhkəmə nəzərə alınır ki, iddiaçı ilə mənzildə faktiki yaşayan şəxslər öz iradə ifadələrinə əsasən mənzilin iddiaçının adına özəlləşdirilməsinə razılıq vermişdirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar