Məhkəmə qərarları › İş №e-2-1(112)-1629/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1629/2024

02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1629/2024 02.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 02 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlillik dərəcəsinin ləğv edilməsinin əsassız hesab edilməsi, əlillik dərəcəsinin bərpa olunması və əlilliyin başlanğıc tarixindən fasiləsiz hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Birinci Qarabağ müharibəsi veteranıdır. Müxtəlif təşkilatlarda və müəssisələrdə işləmişdir. Müharibədə aldığı travmalar nəticəsində səhhətində problemlər yaranmışdı. Ona görə də 2011-ci ildə xəstəliklə bağlı ll qrup əlil kimi pensiyaya çıxmışdır. İnsulindən asılı olan ağır formada şəkərli diabet xəstəsidir. Xəstəlik gözlərini, böyrəyini, oynaqlarını, ürəyini zədələyib, iki dəfə insult keçirmişdir. Hər il müayinədən keçmişdir. 2016-cı ildə müayinədən keçərək əlilliyi 5 illik ,yəni 2021-ci ilə kimi təyin olunmuşdur, diaqonoz insulindən asılı olan ağır formada şəkərli diabet qoyulmuşdur. O, müalicə almağına baxmayaraq sağalma yoxdur, əksinə şəkərin təsiri nəticəsində digər ağır xəstəliklər yaranmışdır. 2021-ci ildə növbəti yoxlamadan keçməli və on ili tamam olduğuna görə ömürlük pensiya almalı idi. Yoxlama zamanı bildirdilər ki, əlavə müalicəyə və diaqonoza ehtiyac var. Ancaq əlilliyinin ləğv edildiyi barədə məlumatı olmamışdır. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat xx.xx.2023-cü il tarixlidir. Diaqonoz E11.7 göstərməklə insulindən asılı olmayan şəkərli diabet kimi göstərilir, lakin onun müayinə sənədlərində insulindən asılılıq göstərilir və o, bugün də dövlətdən insulin iynəsi alır, onsuz yaşaya bilmir. Cavabdehin etirazı: Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: E11.7 İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip İİ.Çoxsaylı ağırlaşmalarla; Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslı klinikada əlavə bərpa müalicəsi məsləhətdir." səbəbi ilə imtina verilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı barəsində verilən xx.xx.2023-cü il tarixli, B00103901KUL nömrəli göndərişdə - Əsas diaqnoz və ağırlaşması “E11.7-insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip İİ, çox saylı ağırlaşmalarla; İ79.2-digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, hər iki aşağı ətrafın diabetik angiopatiyası” qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, DTSERA-da oftalmoloq müayinəsinin nəticəsinə əsasən (nəticə: VİS OD 0,6 korreksiya ilə 0.8; VİS OS 0,6 korreksiya ilə 0.8. Diaqnoz: Başlanğıc kataraktası.) diaqnoz əlillik əlaməti təyin etməmişdir. Həmçinin, vətəndaşa xx.xx.2023-cü il tarixində DTSERA-da EXO-KQ müayinəsi aparılmış, (nəticəsi: “Aorta sərtləşib. Çıxan aorta cüzi genişlənib (3.5 sm). Sol qulaqcıq genişlənib (4.4 sm). Septumun cüzi hipertrofiyası (1.2 sm). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub. Seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb. LVEF=59%. Aortal və Mitral qapaqlar fibrotikdir. Perikard təmizdir.) və aşağı ətraf arteriaların dopplerografiyası (Aşağı ətraf arteriaların dopleroqrafiyası: Magistral arteriyaların aterosklerozu) müayinəsi aparılmış və bu müayinə nəticələri ilə də əlillik təyinatına əsas verən heç bir ağırlaşma aşkarlanmamışdır. Təqdim etdiyi sənədlər arasında Bakı Respublika Endokrinoloji Mərkəzinin 29.11,2022-ci il tarixli **********801 nömrəli ambulator kitabçadan çıxarışında diaqnoz “Şəkərli diabet İİ tip, insulin tələbli. Çoxsaylı ağırlaşmalarla”, yanaşı xəstəlik isə “ÜİX: Sol mədəciyin arxa divarının Q gedişli miokard infarktı. XÜÇ, İ FS (NYHA) kimi qeyd edilmiş, Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Məkəzinin xx.xx.2022-ci il tarixli 10948 nömrəli tibbi rəyində diaqnoz “OU - Başlanğıc kataraktası”; Akademik M.A.Topçubaşov adına X5 xx.xx.2023-cü il tarixli tibbi rəyində diaqnoz “Şəkərli diabet İİ tip) və orada aparılmış aşağı ətraf arteriaların doppleroqrafiyası müayinəsinə əsasən “Hər iki aşağı ətraf arterialarının divarları nahamar və kalsifik olmuş, intima media qalınlıqları qeyri-bərabər artmış (1.2-1.4 mm), hər iki baldır arterialarında aterosklerotik plaklar fonunda 65-75% darlıqlar görülmüş, distal seqmentlərdə aşağı sürətli (12-15 sm/san) və monofazik axımlar qeyd edilmiş, barmaqlarda arterial qan axımı aydın izlənilməmişdir və Mirqasımov adına Respublika Klinik Xəstəxananın endokrinologiya şöbəsinin xx.xx.2022-xx.xx.2022-ci il tarixli 019984 nömrəli ambulator kitabçasına və xx.xx.2023-xx.xx.2023-cü il tarixli 025143 nömrəli ambulator kitabçasına əsasən diaqnoz “Şəkərli diabet tip İİ, ÜİX: Sol mədəciyin arxa divarının Q gedişli miokard infarktı. XÜÇ, İ FS (NYHA)” şəklində göstərilmişdir. Nəticədə, obyektiv, instrumental müayinədə və dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişlərində Azərbaycan Respublikasının həm xx.xx.2022-ci il tarixə kimi qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə həm də hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, “Hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının əlillik təyinatına əsas verən ağırlaşmalardan hər hansı birini əmələ gətirmədiyindən və əlilliyin təyininə əsas verən digər ağırlaşmalar aşkar edilmədiyindən “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsi tərəfindən verilmiş T 484/2024 saylı ekspert rəyində göstərilmişdir ki, İddiaçı məhkəmə-tibbi müayinə zamanı “Respublika Kliniki Uroloji” xəstəxanaya və “X7 adına Milli Oftalmologiya Mərkəzin”ə göndərilmiş, onda xx.xx.2024-cü il tarixli uroloji USMdə, sidiyin ümumi və biokimyəvi analizində şəkərli diabet nəticəsində uroloji orqanlarda hər-hansı ağırlaşma aşkar edilməmiş,“Milli Oftalmologiya Mərkəzi”ndə isə ona “H35.2digər proliferativ retinopatiya, H25.O-başlanğıc qocalıq kataraktası” diaqnozu qoyulmuşdur. X4 publik hüquqi şəxsi müalicə müəssisəsi olmadığından vətəndaşın konkret olaraq hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, onun adına Bakı Baş Səhiyyə İdarəsində tərtib edilmiş xx.xx.2023cü il tarixli, B00103901KUL nömrəli (Forma 88-də) göndərişində qeyd edilmiş “Əsas diaqnoz: E11.7-insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip İİ, çox saylı ağırlaşmalarla; Ağırlaşmalar: İ79.2-digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, hər iki aşağı ətrafın diabetik angiopatiyası; Yanaşı xəstəliklər: 170.2-ətraf arteriyalarının aterosklerozu, ateroskleroz, hər iki aşağı ətrafın baldır arteriyası stenozu” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, xx.xx.2023-cü il tarixində vətəndaş DTSERA-da oftalmoloqun əyani müayinəsi zamanı (nəticə: VİS OD-O,6 korreksiya ilə 0,8; VİS OS-0,6 korreksiya ilə 0,8) ona əlillik təyinatına əsas verməyən “Başlanğıc katarakta” diaqnozu qoyulmuş, həmçinin, vətəndaşa xx.xx.2023-cü il tarixində DTSERA-da EXO-KQ və aşağı ətraf arteriyaların doppleroqrafiyası müayinəsi aparılmış və bu müayinə nəticələri ilə də əlillik təyinatına əsas verən heç bir ağırlaşma aşkarlanmamışdır. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxdir. 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti: 11.2. Şəkərli diabet E10-E14 Qeyd. Şəkərli diabet səbəbindən orqanizmin funksiyalarının davamlı pozuntularının kəmiyyətcə qiymətləndirilməsi şəkərli diabetin ən geniş yayılmış endokrin patologiyası olaraq xroniki əlillik vəziyyətinə çatdıran fəsadlaşmalara gətirən xəstəlik olduğunun nəzərə alınması ilə aparılır. Şəkərli diabetin ağırlaşmalarına kamorbidliyin yüksək göstəriciləri ilə səciyyələnən diabetik mikro və makro angiopatiyalar aid edilir. 11.2.2. böyrəklərin zədələnməsi ilə şəkərli diabet-diabetik nefropatiya (ifrazetmə funksiyasının pozuntusu dərəcəsindən asılı olaraq) E10-E14 Qiymətləndirmə 11.2.2.1. diabetik nefropatiya, proteinuriya mərhələsi, XBX İİ mərhələ, XBÇ İ mərhələ (35-60 faiz, 2 il); 11.2.2.2. diabetik nefropatiya, proteinuriya mərhələsi, XBX İİİ mərhələ, XBÇ ll mərhələ (65-80 faiz, 2 il); 11.2.2.3. diabetik nefropatiya, XBX lV mərhələ, XBÇ lll mərhələ adekvat effektiv əvəzedici terapiyanın (hemodializ, peritoneal dializ, böyrək köçürülməsi) aparılması şərtilə şəkərli diabetin digər ağır və aparılan müalicənin fəsadlarının olmadığı halda (90 faiz, müddətsiz); 11.2.2.4. diabetik nefropatiya, XBÇ V mərhələ, terminal mərhələ, adekvat effektiv əvəzedici terapiyanın aparılmaması (aparılması qeyri-mümkün olduğu) və ya qeyri-effektiv olduğu halda, eyni zamanda, şəkərli diabetin və (və ya) aparılan müalicənin çoxsaylı fəsadlarının olması (100 faiz, müddətsiz); 11.2.3. gözlərin zədələnməsi ilə şəkərli diabet-diabetik retinopatiya (görmə funksiyasının pozuntusu dərəcəsindən asılı olaraq (görmə itiliyi, torlu qişasının lazer koaqulyasiyasından sonra skatomaların olması) E10-E14 Qiymətləndirmə 11.2.3.1. diabetik retinopatiya, qeyri-proliferativ və ya proliferativ önü (venoz anomaliyaların qoşulması – dəqiq görmə, əyrilik, kolibr rəqsi, çoxsaylı yumşaq və sərt eksudatlar, daha böyük retinal qansızmalar) və ya proliferativ (görmə sinirinin diskinin və (və ya) torlu qişanın digər hissələrinin neovaskulyarizasiyası, retinal, periretinal və intraviteral qansızmalar/hemoftalm, qansızma sahəsində və neovaskulyarizasiya boyu fibroz toxumanın əmələ gəlməsi) və (və ya) makulopatiyalar görmə itiliyinin 0,1-dən çox və 0,3-ə qədər olması ilə (monokulyar, yaxşı görən gözlə korreksiyadan sonra) və (və ya) periferiyadan görmə sahəsinin daralması fiksasiya nöqtəsindən radius boyu 40 dərəcəyə qədər, lakin 20 dərəcədən geniş (35-60 faiz, 2 il); 11.2.3.2. diabetik retinopatiya qeyri-proliferativ və ya preproliferativ və ya terminal (gözün ön kamerasının küncünün neovaskulyarizasiyası, ikincili rubeoz qlaukomanın əmələ gəlməsi ilə nəticələnən; torlu qişanın ayrılmasına səbəb olan traksion sindromlu vitreoretinal şvartların əmələ gəlməsi) və (və ya) makulopatiyalar görmə itiliyinin (monokulyar, yaxşı görən gözlə korreksiyadan sonra) 0,1-0,05-ə qədər olması ilə və (və ya) periferiyadan görmə sahəsinin daralması fiksasiya nöqtəsindən radius boyu < 20 dərəcəyə qədər, lakin 10 dərəcədən geniş (65-80 faiz, 2 il); 11.2.3.3. diabetik retinopatiya proliferativ və (və ya) makulopatiyalar görmə itiliyi (monokulyar, yaxşı görən gözlə korreksiyadan sonra) 0,1-0,04 aralığında, periferiyadan görmə sahəsinin daralması, fiksasiya nöqtəsindən radius boyu 10-0 dərəcə (85-100 faiz, müddətsiz); 11.2.5. diabetik periferik angiopatiya İ79.2* Qiymətləndirmə 11.2.5.1. diabetik makroangiopatiya hər iki aşağı ətrafda, XAÇ İİ mərhələ (40 faiz, 1 il); 11.2.5.2. diabetik makroangiopatiya hər iki aşağı ətrafda, XAÇ İİİ mərhələ (80 faiz, 2 il); 11.2.5.3. diabetik makroangiopatiya hər iki aşağı ətrafda, qanqrenanın əmələ gəlməsi ilə, tələb olunanda hər iki ətrafın yuxarı hissədən amputasiyası və qan dövranının bərpa edilməsinin və protezləşdirilməsinin qeyri-mümkün olması ilə, XAÇ İV mərhələ (90-100 faiz, müddətsiz); Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İşin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə - Əsas diaqnoz və ağırlaşması “E11.7insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip İİ, çox saylı ağırlaşmalarla; İ79.2-digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, hər iki aşağı ətrafın diabetik angiopatiyası” qeyd olunmuşdur. İddiaçının əlillik vəziyyətinə həmin göndəriş əsasında baxılmış və “Diaqnoz əlillik əlaməti təyin etməməsi” qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri, XBT-10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə görünür ki, xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsi və təyini üçün əhəmiyyət daşıyır. İddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə əsas diaqnoz və ağırlaşması kimi göstərilmiş insulindən asılı olmayan şəkərli diabet həmin əsasnamədə təsbit olunsa da, onların əlilliyin təyininə əsas verəcək ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri iddiaçıda müəyyən edilməmişdir. Belə ki, şəkərli diabet yuxarıda istinad edilən Əsasnamənin yuxarıda istinad edilən 12.2.2, 12.2.3 və 12.2.5-ci bəndlərində göstərilən ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri müəyyən olunduğu halda şəxs barəsində əlillik təyinatı aparıla bilər. Məhkəmə araşdırması zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün və iddiaçı barəsində verilən tibbi göndərişdə göstərilmiş əsas diaqnoz və ağırlaşmanın hazırda təsdiqini tapıb-tapmamasının müəyyən edilməsi (şəxs əyani müayinə olunmaqla) üçün iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 həvalə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsi tərəfindən verilmiş T 484/2024 saylı ekspert rəyində göstərilmişdir ki, İddiaçı məhkəmə-tibbi müayinə zamanı “Respublika Kliniki Uroloji” xəstəxanaya və “X7 adına Milli Oftalmologiya Mərkəzin”ə göndərilmiş, onda xx.xx.2024-cü il tarixli uroloji USMdə, sidiyin ümumi və biokimyəvi analizində şəkərli diabet nəticəsində uroloji orqanlarda hər-hansı ağırlaşma aşkar edilməmiş,“Milli Oftalmologiya Mərkəzi”ndə isə ona “H35.2digər proliferativ retinopatiya, H25.O-başlanğıc qocalıq kataraktası” diaqnozu qoyulmuşdur. X4 publik hüquqi şəxsi müalicə müəssisəsi olmadığından vətəndaşın konkret olaraq hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, onun adına Bakı Baş Səhiyyə İdarəsində tərtib edilmiş xx.xx.2023cü il tarixli, B00103901KUL nömrəli (Forma 88-də) göndərişində qeyd edilmiş “Əsas diaqnoz: E11.7-insulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip İİ, çox saylı ağırlaşmalarla; Ağırlaşmalar: İ79.2-digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, hər iki aşağı ətrafın diabetik angiopatiyası; Yanaşı xəstəliklər: 170.2-ətraf arteriyalarının aterosklerozu, ateroskleroz, hər iki aşağı ətrafın baldır arteriyası stenozu” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, xx.xx.2023-cü il tarixində vətəndaş DTSERA-da oftalmoloqun əyani müayinəsi zamanı (nəticə: VİS OD-O,6 korreksiya ilə 0,8; VİS OS-0,6 korreksiya ilə 0,8) ona əlillik təyinatına əsas verməyən “Başlanğıc katarakta” diaqnozu qoyulmuş, həmçinin, vətəndaşa xx.xx.2023-cü il tarixində DTSERA-da EXO-KQ və aşağı ətraf arteriyaların doppleroqrafiyası müayinəsi aparılmış və bu müayinə nəticələri ilə də əlillik təyinatına əsas verən heç bir ağırlaşma aşkarlanmamışdır. Göründüyü kimi, iddiaçının əyani müayinəsi zamanı şəkərli diabet nəticəsində uroloji orqanlarda hər-hansı ağırlaşma aşkar edilməmiş, başlanğıc qocalıq kataraktası müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıda olan şəkərli diabet hədəf orqanların funksiyalarının əlillik təyinatına əsas verən ağırlaşmalardan hər hansı birini əmələ gətirmədiyindən, başqa sözlə həmin xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”də göstərilən xəstəliklərin əhatə dairəsinə düşmədiyindən ona əlillik təyinatının aparılmasından imtina edilməsi əsaslı olmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar