Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1629/2025 21.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: "xxxx" ASC) “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏSİ Bakı İnzibati Məhkəməsi, hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” (üçüncü şəxs: "xxxx" ASC) tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Ləhiş bağ massivində yerləşən 0,25 ha sahəsi olan 2102/1920 saylı bağ sahəsi ilkin olaraq 10 noyabr 1967-ci il tarixli müqaviləyə əsasən 10 noyabr 1973-cü il tarixədək Leyla Aslan qızının icarəsinə verilmişdir. Daha sonra həmin bağ sahəsinə dair müddəti 10 noyabr 1973-cü il tarixdən 10 noyabr 1983-cü il tarixədək olmaqla Leyla Aslan qızı ilə yeni icarə müqaviləsi bağlanılmış, müqavilədə ailə üzvü kimi qızı Reyhan Əlibaba qızı və nəvəsi İddiaçı göstərilmişdir. Leyla Aslan qızı 07 mart 1982-ci il tarixdə vəfat etmişdir. İddiaçı Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2102/1920 saylı bağ sahəsinə dair 15313 №-li icarə müqaviləsinin dəyişdirilməsi və onunla həmin bağ sahəsinə dair icarə müqaviləsinin bağlanmış hesab edilməsi iddia ərizəsi ilə müraciət etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1803/2009 nömrəli 07 avqust 2009-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivindəki 2102/1920 saylı bağ sahəsinin icarəçisi hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5577/2011 nömrəli 27 dekabr 2011-ci il tarixli qətnaməsi ilə maraqlı şəxs Əzimzadə Çinar Əliəkbər qızının apellyasiya şikayəti təmin edilməyərək, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 avqust 2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1509/2012 nömrəli 24 may 2012-ci il tarixli qərarına əsasən Əzimzadə Çinar Əliəkbər qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 27 dekabr 2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət etmiş, lakin cavabdeh xx.xx.2024-cü il tarixli məktubu ilə müraciətin təmin olunmasından imtina etmiş, buna səbəb kimi göstərilən torpaq sahəsinin digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və məhkəmə qərarları ilə İdarənin üzərinə icra ediləcək hər hansı öhdəlik qoyulmadığını göstərmişdir. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları massivində yerləşən 2102/1920 saylı torpaq sahəsinə dair verilmiş daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi və həmin torpaq sahəsinə mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmaqla iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, ƏMDX DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunan torpaq sahəsinin digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması bildirilmiş və hüquqların dövlət qeydiyyata alınmasından imtina edilmişdir. Qeyd olunan torpaq sahəsi 1982-ci ildən icarəsindədir. Həmin torpaq sahəsinin icarəçisi olması qüvvədə olan məhkəmə aktları ilə də öz təsdiqini tapmışdır. Hazırki iş üzrə həmin məhkəmə mübahisəsində də cavabdeh olmuşdur. Buna baxmayaraq, mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən başqa şəxsin adına rəsmiləşdirilmişdir. Göründüyü kimi, torpaq sahəsinə dair hüquqları barədə məlumatlı olduğu halda cavabdeh tərəfindən digər şəxsin adına çıxarış verilmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət eədərk, göstərmişdir ki, cavabdeh məhkəməyə tədim etdiyi etirazında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 2102-1920 saylı torpaq sahəsinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə bağlı İdarəyə müraciət daxil olmadığını göstərir. Eyni zamanda, həmin etirazda elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsinin bir hissəsindən (yolboyu) D89 mm-lik qaz xətti keçdiyi bildirilir. Etirazdan belə aydın olur ki, iddiaçının adına olan mübahisəli torpaq sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Sadəcə olaraq cavadeh sənədləşmələrdə yol verdiyi səhvlərini pərdələmək imkanında deyil. Bu səbəbdən də məhkəməyə guya torpaq sahəsinin bir hissəsindən qaz xətti keçdiyinə dair düzgün olmayan məlumat verir. Çünki, cavabdehin mütəxəssislərinin hazırki iş üzrə məhkəmə sorğusu üzrə keçirdikləri əmlaka baxış nəticəsində mübahisəli torpaq sahəsinin üçüncü şəxs X2 aid olmadığı müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X3 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında, xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" İB adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının nümayəndəsinin (vəkili) “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları massivində yerləşən “2102/1920” saylı torpaq sahəsinə mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmaqla İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə olunması”na dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş, X1 üçüncü şəxs kimi prosessual statusu ləğv edilmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, “...İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 2102/192” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və **********42 xaricolma nömrəli məktubla cavab verilmişdir. Lakin Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 2102- 1920 saylı torpaq sahəsinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə bağlı İdarəyə müraciəti daxil olmamışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İddia tələbinin digər hissəsinə dair bildirilir ki, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsinin bir hissəsindən (yolboyu) D89 mm-lik qaz xətti keçir. Tərəflərin iştirakı və izahatları: İddiaçının vəkili və nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə və xx.xx.2024-cü il tarixli ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdilər. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; ... 8.0.7. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslarından biri 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokol. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları massivində yerləşən 2102/1920 saylı bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla adına müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. İddiaçı sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh “göstərilən torpaq sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və əlavə olunmuş məhkəmə qərarları ilə İdarənin üzərinə icra ediləcək hər hansı öhdəlik qoyulmamışdır” səbəbi ilə onun müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə cavabdehin “göstərilən torpaq sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” dəlilinə münasibətdə qeyd edir ki, bu məsələnin araşdırılması ilə bağlı cavabdehə sorğu göndərilmiş, məhkəmə sorğusuna əsasən təqdim edilən sənədlərdən - seriya MA ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2103/1922 saylı bağ sahəsi üzərində X1 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Daha sonra isə iddiaçının iddia etdiyi 2102/1920 saylı torpaq sahəsi ilə cavabdehin göstərdiyi 2103/1922 saylı bağ sahəsinin eyni torpaq sahəsi olub-olmaması, eyni torpaq sahəsidirsə bunun necə baş verməsi, o cümlədən həmin torpaq sahəsi üzərində sonradan digər şəxsin (şəxslərin) hüququqlarının qeydiyyata alınıb-alınmamasının aydınlaşdırılması ilə bağlı cavabdehə sorğu göndərilmiş və sorğuya xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, “...Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 0.25 hektar torpaq sahəsi olan 2103/1922 saylı bağ sahəsi **********45 reyestr nömrəsi ilə keçmiş Bağlar Təsərrüfatı İdarəsinin xx.xx.1981-ci il tarixli 17691 nömrəli icarə müqaviləsi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixdə 13263 nömrə ilə uçota alınmış A № 133145 seriya nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında xx.xx.2009-cu il tarixdə X1 adına ilkin qeydiyyata alınmışdır. Daha sonra Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1920/2009 nömrəli 01 dekabr 2009-cu il tarixli qətnaməsi ilə 2103/1922 saylı bağ sahəsinin A № 133145 seriya nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilməsi və faktiki vəziyyətə uyğun plan və ölçülərin tərtib edilməsi və həmin bağ sahəsi ilə bağlı hüquqların dövlət qeydiyyatında müvafiq dəyişikliyin edilməsi qət edilmişdir. Belə ki, həmin qətnamə əsasında Ləhiş bağ sahəsi, 0.25 hektardan ibarət 2103/1922 saylı bağ sahəsinə dair xx.xx.2010-cu il tarixdə 20484 nömrə ilə uçota alınmış A № 268130 seriya nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir və xx.xx.2010-cu il tarixdə **********48 reyestr nömrəsi ilə X1 adına qeydiyyata alınmış və alğı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir.” Daha sonra isə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 2102/1920 saylı torpaq sahəsinə dair sonuncu müayinə keçirilən zaman (müayinə aktı) müəyyən edilmiş torpaq sahəsinin koordinatları nəzərə alınmaqla qonşuluğunda yerləşən torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi, həmin torpaq sahələrinin qeydiyyata alınıbalınmaması, o cümlədən torpaq sahələrinin müqayisəli ortofoto (bağ nömrələri qeyd edilməklə) görüntüsunun, müayinə aktının, qeyd edilən məlumatların və onları təsdiq edən sənədlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsi ilə bağlı məhkəmə tərəfindən sorğu verilmişdir. Həmin sorğuya cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli məktubla bildirilmişdir ki, “...Vahid elektron kadastr baza məlumatlarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2102/1920 saylı torpaq sahəsinə dair sonuncu müayinə keçirilən zaman (müayinə aktı) müəyyən edilmiş iddia edilən torpaq sahəsinin koordinatlarına əsasən **********45 reyestr nömrəli torpaq sahəsi üst-üstə düşür. Qeyd edilən **********45 reyestr nömrə ilə arxiv sənədlərinə əsasən keçmiş Bağlar Təsərrüfatı İdarəsinin xx.xx.1981-ci il tarixli 17691 nömrəli icarə müqaviləsi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixdə 13263 nömrə ilə uçota alınmış A № 133145 seriya nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında Ləhiş bağ massivində yerləşən 2103/1922 saylı bağ sahəsi (0.25 hektar) xx.xx.2009-cu il tarixdə X1 adına ilkin qeydiyyata alınmış və seriya MH № ******* çıxarışla rəsmiləşdirilmişdir. Daha sonra Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1920/2009 nömrəli 01 dekabr 2009-cu il tarixli qətnaməsi ilə 2103/1922 saylı bağ sahəsinin A № 133145 seriya nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilməsi və faktiki vəziyyətə uyğun plan və ölçülərin tərtib edilməsi və həmin bağ sahəsi ilə bağlı hüquqların dövlət qeydiyyatında müvafiq dəyişikliyin edilməsi qət edilmişdir. Belə ki, qeyd edilən qətnamə əsasında Ləhiş bağ sahəsi, 0.25 hektardan ibarət 2103/1922 saylı bağ sahəsinə dair xx.xx.2010-cu il tarixdə 20484 nömrə ilə uçota alınmış A № 268130 seriya nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Həmin sənədlər əsasında X1 adına **********48 reyestr nömrəli 2103/1922 saylı bağ sahəsinə dair xx.xx.2010-cu il tarixli seriya MH № ******* çıxarış verilmişdir, həmin bağ sahəsi alğı-satqı müqaviləsi əsasında isə özgəninkiləşdirilmişdir. Sorğunun icrası ilə əlaqədar olaraq Ləhiş bağ massivində yerləşən 2102/1920 saylı bağ sahəsinə dair keçirilmiş müayinə aktının və ona əlavə edilmiş koordinat cədvəlinin, X1 adına ilkin qeydiyyata alınmış 2103/1922 saylı bağ sahəsinə dair sənədlərin təsdiq edilmiş surəti, eləcə də ortofoto məhkəməyə təqdim edilir.” Təqdim edilmiş ortofoto görüntüsündən müəyyən olunur ki, iddiaçının iddia etdiyi 2102/1920 saylı bağ sahəsi ilə cavabdehin həmin bağ sahəsi ilə üst-üstə düşməsini iddia etdiyi və daşınmaz əmlakın dövlət reyestrində **********48 reyestr nömrə ilə qeydiyyata alınmış 2103/1922 saylı bağ sahəsi hər hansı hissədə üst-üstə düşmür. Hətta, mübahisəli iki torpaq sahəsinin arasında digər torpaq sahəsinin mövcud olması da müəyyən edilir. Həmçinin, nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən birbaşa olmasa da, qeyd edilən torpaq sahələrinin üst-üstə düşməməsi dolayı yolla olsa da sonradan təsdiq edilmişdir. Belə ki, cavabdeh iddiaçıya ilkin olaraq imtinasında “göstərilən torpaq sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” əsası ilə imtina etsədə, sonradan iddiaya qarşı xx.xx.2024-cü il tarixdə vermiş olduğu etirazda bu dəlilə ümumiyyətlə toxunmamış, bu dəfə başqa bir əsas “elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsinin bir hissəsindən (yolboyu) D89 mm-lik qaz xətti keçməsinə əsaslanmışdır. Beləliklə, cavabdehin “göstərilən torpaq sahəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” dəlili cavabdehin özünün təqdim etdiyi sənədlərlə (ortofoto görüntüsü və s.) təkzib olunduğundan, cavabdehin həmin dəlili əsassızdır və imtina üçün əsas ola bilməz. Cavabdeh iddiaya dair yazılı etirazında bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən şərti göstərilən torpaq sahəsinin bir hissəsindən (yolboyu) D89 mm-lik qaz xətti keçir. Məhkəmə cavabdehin həmin dəlili ilə bağlı bildirir ki, torpaq sahəsinin yaxınlığından D89 mm-lik qaz xəttinin keçməsi torpağa mülkiyyət hüququnun qeydiyyata alınmasını məhdudlaşdırmır, cavabdehin bu dəlili də əsassızdır. İlk əvvəl qeyd edilən hal ilə bağlı cavabdeh tərəfindən sübut təqdim edilməmişdir. Halbuki, İPM-in 14-cü maddəsinin tələbi baxımından cavabdeh etirazın əsasını təşkil edən sübutları məhkəməyə təqdim etməli idi. Bundan başqa, Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinin də tələbindən göründüyü kimi, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Oxşar məsələ ilə bağlı (mühafizə zonası) Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-445/2021 saylı, xx.xx.2024-cü il tarixli 2- 1(102)-869/2024, xx.xx.2024-cü il tarixli 2-1(102)-832/2024 saylı qərarlarında mövqe eyni olmuşdur. Bundan başqa, məhkəmə sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilən sənədlərdən görünür ki, eyni ərazidə və eyni istiqamətdə yerləşən torpaq sahəsi (2103/1922 saylı bağ sahəsi) üzərində xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. Göründüyü kimi, cavabdeh iddiaçı ilə eyni faktiki və hüquqi əsaslara söykənən oxşar işdə mülkiyyət hüququna dair çıxarış vermiş, nəticədə iddiaçıya münasibətdə bərabərlik və etimad prinsiplərinin tələblərini pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 25-ci maddəsinin V hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə isə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınmasına xidmət edir. Konstitusiyada və qanunlarda təsbit olunmuş bərabərlik hüququ həm də onu tələb edir ki, hər kəs dövlət xidmətləri qarşısında bərabərlik hüququna malikdir. Bu hüquq müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə eyni faktiki və hüquqi hallara malik işlər üzrə inzibati orqanlar tərəfindən fərqli qərarların çıxarılmasını qadağan edir. İnzibati orqanlar öz səlahiyyətlərini icra edərkən vətəndaşlar qarşısında bərabər yanaşma və etimadın qorunması prinsiplərini təmin etməli, mövcud inzibati praktikaya uyğun hərəkət etməlidir. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İnzibati orqanlar özlərinin praktikalarında hamıya münasibətdə bərabər yanaşmanı və ardıcıl münasibəti təmin edəcək qaydada davranmalıdırlar. Hər hansı dövlət xidməti müxtəlif səbəblərdən qanunsuz olaraq göstərilmişdirsə, inzibati orqanlar ilk növbədə həmin qanunsuzluğun aradan qaldırmasına yönəlmiş hərəkətlər etməli, eləcə də məsələyə münasibətdə özlərinin sonrakı praktikalarını dəyişdirdiklərini göstərməklə bu halı aşkar nümayiş etdirməlidirlər. Bu qaydada hərəkət etməyərək əvvəlki təcrübəyə uyğun davranmaqda davam etdikdə, inzibati orqanlar eyni hallara əsaslanan sonrakı müraciətləri həll edərkən bərabərlik və etimadın qorunması hüququnun tələblərini nəzərə almalıdır. Qeyd edilənlərə əsasən cavabdehin formal əsaslara söykənərək iddiaçının müraciətini təmin etməkdən imtina etməsi əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır. Buraya dövlət qeydiyyatı barədə müraciət olunan hüququn bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı olmaması, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmununun qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxsin müraciət etməsi, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktının qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunması, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxsin həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmaması, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmaması göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan hallardan hər hansı biri müəyyən edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 2102/1920 saylı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bununla bağlı müvafiq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. X5
Məhkəmə qərarları › İş №e-2-1(112)-1629/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1629/2025
21.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver