Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-16394/2025 11.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, iddiaçı X1 cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 (bundan sonra – iddiaçı) Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Abşeron rayon 1 nömrəli Zeytun sovxozunun xx.xx.1997-ci il tarixli, 30 nömrəli əmri ilə iddiaçıya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 1000 kv.metr torpaq sahəsinə dair plan-cizginin hazırlanması və verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli, 3 nömrəli əmrinə, Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli, 4 nömrəli əmrinə, Azərbaycan SSR Aqrar-Sənaye Komitəsinin xx.xx.1989-cu il tarixli, 42 nömrəli əmrinə əsasən Abşeron rayon 1 nömrəli Zeytun sovxozuna 24 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Abşeron rayon 1 nömrəli Zeytun sovxozu tərəfindən sözügedən torpaq sahəsində fərdi yaşayış evi tikilməsi üçün sovxozun fəhlələrinə torpaq sahəsinin ayrılması barədə xx.xx.1997-ci il tarixli, 30 nömrəli əmr çıxarılmışdır. Abşeron rayon 1 nömrəli Zeytun sovxozu tərəfindən verilmiş bir sıra sovxozun fəhlələrinə, o cümlədən iddiaçıya fərdi yaşayış evi tikilməsi üçün 1000 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan etibarən Abşeron rayon 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 1000 kv.metr torpaq sahəsi onun istifadəsindədir. O, sözügedən torpaq sahəsinin öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin torpaq sahəsinin yerləşmə mövqeyini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) mövcud olmadığı üçün müraciətinin həllinin mümkün olmadığı bildirilmişdir. Bundan sonra isə iddiaçı hazırkı tələblə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı münasibətdə göstərilmişdir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan mümkün sayılmamalıdır. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 646-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2023-cü il tarixli Fərmanının 1.2-ci maddəsinə əsasən Torpaq Məcəlləsinin 65-ci maddəsinin 4-cü və 5-ci hissəsində (birinci halda) müvafiq icra hakimiyyəti “orqanı (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1964-cü ildə anadan olmuşdur. O, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisi, ev 9, mənzil 4 ünvanında qeydiyyatdadır. Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubu ilə Abşeron rayon 1 nömrəli Zeytun sovxozunun xx.xx.1997-ci il tarixli, 30 nömrəli əmrinin təsdiq edilmiş ksero surəti məhkəməyə təqdim edilmişdir. Abşeron rayon 1 nömrəli Zeytun sovxozunun xx.xx.1997-ci il tarixli, 30 nömrəli əmrinə əsasən iddiaçıya fərdi yaşayış evi tikmək üçün 1000 kv.metr torpaq sahəsinin ayrılması qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubla təqdim etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 1000.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində birmərtəbəli yaşayış evi mövcuddur. Sahəyə dair yerləşmə sxemi təqdim edilməyib. Faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatları əlavə olunub. Vahid kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir (Abşeron OC). Həmçinin sahə keçmiş 1 nömrəli Hövsan Zeytunçuluq sovxozunun ərazisindən Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir. Sahənin üst-üstə düşmə halı yoxdur. Sahə Dövlət mülkiyyəti torpağıdır. Göstərilən torpaq sahəsi Suraxanı rayonu, Hövsan qəsəbəsi hüdudları daxilində yerləşir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində istifadəsində olan torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İşdən görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: İşdən göründüyü kimi iddiaçıya onun istifadəsində olan torpaq sahəsi Abşeron rayon 1 nömrəli Zeytun sovxozu tərəfindən xx.xx.1997-ci ildə ayrılmışdır. Bu səbəbdən mübahisəyə həmin dövrdə qüvvədə olan qanunvericilik tətbiq edilməlidir. Yeni Torpaq Məcəlləsi qəbul edilənədək qüvvədə olmuş Azərbaycan Respublikasının xx.xx.1991-ci il tarixli Torpaq Məcəlləsində göstərilmişdir ki, Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Torpaq məsələlərinə baxmaq və onlara dair qərar hazırlamaq üçün xalq deputatları Soveti torpaq komissiyası yaradır (7). Torpaq Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə yerli icra hakimiyyəti orqanlarının vəsatətlərinə əsasən rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə aşağıdakı məqsədlər üçün verilir: 1) fərdi yaşayış evi və köməkçi tikililərin inşası, habelə şəxsi yardımçı kənd təsərrüfatı (həyətyanı sahə) üçün — həmin ərazidə daimi yaşayanlara;2) əmtəəlik kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə kəndli (fermer) və digər təsərrüfat fəaliyyəti üçün; 3) şəhər (qəsəbə) hüdudunda fərdi və kollektiv bağ təsərrüfatı və fərdi qaraj tikintisi üçün; 4) sahibkarlıq fəaliyyəti ilə əlaqədar tikintilər üçün; 5) ənənəvi xalq sənətləri ilə məşğul olmaq üçün (10). Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də göstərilmişdir ki, yerli icra hakimiyyəti orqanları müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təşkil edir (3.16.2.). “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən şəhər inzibati ərazi vahidlərində dövlət torpaq kadastrının aparılmasını təmin edir (3.16.3.). Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 195-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr tarixli 936- İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə uyğun olaraq, ərazi vahidlərinin Dövlət reyestrinin və bələdiyyələrin Dövlət reyestrinin formalaşdırılmasında, habelə ərazi vahidlərinin və bələdiyyələrin xəritələrinin hazırlanmasında iştirak edir (3.16.4.). Qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsində göstərilmişdir ki, yerquruluşu - torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir (43.1). Yerquruluşu torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibini ehtiva edir (43.3). Yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır (43.4). Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir (65.1). Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir (65.2). Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (65.5). Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (68). İşdən göründüyü kimi iddiaçının yerləşmə sxeminin verilməsini xahiş etdiyi torpaq sahəsi Abşeron rayon 1 nömrəli Zeytun sovxozunun xx.xx.1997-ci il tarixli, 30 nömrəli əmri ilə iddiaçıya ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən ona imtina cavabı verilmişdir. Cavabdeh isə məhkəməyə iddia tələbinə etirazla müraciət edərək iddia tələbinin mümkünsüz hesab edilməsini xahiş etmişdir. Cavabdehin etirazının əsasını iddia edilən fəaliyyətin cavabdehin səlahiyyətlərinə aid olmaması təşkil edir. İlk öncə qeyd edilməlidir ki, Abşeron rayon 1 nömrəli Zeytun sovxozunun xx.xx.1997ci il tarixli, 30 nömrəli əmri ilə iddiaçıya torpaq sahəsinin ayrılması məhkəmədə şübhə doğurmur. Belə ki, həmin əmrin nüsxəsi dövlət arxivində mövcuddur. Göründüyü kimi Abşeron rayon 1 nömrəli Zeytun sovxozunun xx.xx.1997-ci il tarixli, 30 nömrəli əmri ləğv edilməmişdir və qüvvədədir, yəni mübahisəli torpaq sahəsi iddiaçıya qanuni əsaslarla ayrılmışdır. Yerləşmə sxeminin tərtib edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini istisna edən bir hal isə məhkəmə tərəfindən aşkar edilməmişdir. Digər tərəfdən, cavabdeh iddia edilən fəaliyyətin cavabdehin səlahiyyətinə aid olmadığını bildirsə də, yuxarıda qeyd edilən hüquq normalarının məzmunudan görünür ki, hazırkı iş üzrə cavabdeh dövlət mülkiyyətində olmaqla onun idarəçiliyində olan və ayrı-ayrı fiziki və hüquqi şəxslərə ayrılmış torpaq sahələrinə dair yerləşmə sxeminin tərtib edilməsində məsul inzibati orqandır. İş üzrə verilmiş mütəxəssis rəyində torpaq sahəsinin faktiki olaraq hasardaxili 1000 kv.m təşkil etməsi, üzərində birmərtəbəli yaşayış evinin mövcud olması, həmçinin sahənin keçmiş 1 nömrəli Hövsan Zeytunçuluq sovxozunun ərazisinə aid olması, sahənin üst-üstə düşmə halının olmaması, Suraxanı rayonu, Hövsan qəsəbəsi hüdudları daxilində yerləşməsi və dövlət mülkiyyəti torpağı olması qeyd edilmişdir. Göründüyü kimi həmin sahə iddiaçının istifadəsindədir və sahə ilə bağlı mübahisə və üst-üstə düşmə halı mövcud deyildir. Eyni zamanda qeyd edilməlidir ki, iş üzrə verilmiş mütəxəssis rəyində həmin torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsində olan ərazidə yerləşdiyi qeyd edilsə də, bu tələbin təmin edilməsindən imtina üçün əsas deyildir. Belə ki, hazırkı iddiada iddiaçı ona ayrılmış torpaq sahəsinin yerləşmə sxeminin verilməsini xahiş edir. Yəni, iddiaçı yerləşmə sxemi əldə etdikdən sonra həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün müraciət edərsə, bu halda qeyd olunan məsələ ətraflı araşdırma tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi əsaslı olduğundan, təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Abşeron rayon 1 nömrəli Zeytun sovxozunun xx.xx.1997-ci il tarixli, 30 nömrəli əmri ilə iddiaçı X2 ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 1000 kv.metr torpaq sahəsinə dair plan-cizginin (yerləşmə sxeminin) hazırlanması və verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2-1(112)-16394/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-16394/2025
11.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver