Məhkəmə qərarları › İş №e-2-1(112)-16421/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-16421/2025

03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-16421/2025 03.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsinə qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: "xxxx" MTK-nın təsisçilərinin xx.xx.2025-ci il tarixli qərarına əsasən, İddiaçı (bundan sonra iddiaçı) "xxxx" MTK-nın qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsindən azad edilmiş, həmin vəzifəyə X3 təyin olunmuşdur. "xxxx" MTK-nın dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri kimi iddiaçının ölkədən getmək hüququ vergi öhdəliyi icra edilənədək Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1388/2023 nömrəli qətnaməsi ilə müvəqqəti məhdudlaşdırılmışdır. İddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsinə (bundan sonra cavabdeh) müraciəti ilə əlaqədar cavabdeh tərəfindən təqdim olunmuş məktubda bildirilmişdir, “..."xxxx" Mənzil Tikinti Kooperativinin (VÖEN: **********) vergilər üzrə 583308.22 manat, məcburi dövlət sosial sığorta haqları üzrə 44862,99 manat, işsizlikdən sığorta haqları üzrə 1132,89 manat, icbari tibbi sığorta haqları üzrə 2968,22 manat olmaqla, ümumilikdə 632272.32 manat borcu əsas götürülərək vergi orqanı tərəfindən hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xx.xx.2023-cü ıl tarixli ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmiş və həmin məhkəmənin xx.xx.2023- cü il tarixli e-2-2(113)- 1388/2023 nömrəli qətnaməsi ilə vergi orqanının ərizəsi təmin edilərək ölkədən getmək hüququnuz müvəqqəti olaraq məhdudlaşdırılmışdır. "xxxx" Mənzil Tikinti Kooperativinin dövlət büdcəsinə (və ya müvafiq fondlara) xx.xx.2025-ci il tarixə borcu aşağıdakı kimidir: - Vergilər üzrə 126057,17 manat borc; - Məcburi dövlət sosial sığorta haqları üzrə 58461,42 manat borc; - İşsizlikdən sığorta haqları üzrə 2342,35 manat borc; - İcbari tibbi sığorta haqları üzrə 9293,71 manat borc. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün Çağrı Mərkəzinə (195), internet səhifəsinə (www.taxes.gov.az) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.” İddiaçının tələbi, əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra iddiaçı) 08 dekabr 2018-ci il tarixdən 28 may 2025-ci il tarixədək "xxxx" Mənzil Tikinti Kooperativinin qanuni təmsilçisi (direktoru) vəzifəsində çalışmışdır. "xxxx" Mənzil Tikinti Kooperativinin 24 yanvar 2023-cü il tarixədək yaranmış vergi borcu ilə əlaqədar olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəsinə əsasən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-1388/2023 nömrəli qətnaməsi ilə iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İddiaçı, "xxxx" Mənzil Tikinti Kooperativinin X1 28 may 2025-ci il tarixli protokolu ilə "xxxx" Mənzil Tikinti Kooperativinin qanuni təmsilçilik (direktoru) vəzifəsindən azad edilmişdir. Hal-hazırda isə Kommersiya Hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışa görə "xxxx" Mənzil Tikinti Kooperativinin qanuni təmsilçisi (direktoru) X2r. İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsinə (bundan sonra cavabdeh) müraciət etmişdir. Həmin müraciətinə cavabdeh tərəfindən 29 avqust 2025-ci il tarixdə cavab verilərək bildirilmişdir ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmamışdır, yəni borc tam ödənilməmişdir. "xxxx" Mənzil Tikinti Kooperativinin öhdəliklərinə görə iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılması onun konstitusion hüquqlarını kobud şəkildə pozur. İddiaçı, "xxxx" Mənzil Tikinti Kooperativinin direktoru vəzifəsindən azad edilmiş və həmin kooperativlə hər hansı münasibətləri və qarşılıqlı öhdəlikləri qalmamışdır. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 23.1 və 23.1.15-3. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Maddə 24.1.1 və 24.1.2-1. Vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 59.1.5. Yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. Maddə 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşin faktiki hallarından görünür ki, "xxxx" MTK-nın təsisçilərinin xx.xx.2025-ci il tarixli qərarına əsasən, İddiaçı (bundan sonra iddiaçı) "xxxx" MTK-nın qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsindən azad edilmiş, həmin vəzifəyə X3 təyin olunmuşdur. "xxxx" MTK-nın dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbəri kimi iddiaçının ölkədən getmək hüququ vergi öhdəliyi icra edilənədək Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, e-2-2(113)-1388/2023 nömrəli qətnaməsi ilə müvəqqəti məhdudlaşdırılmışdır. İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsinə dair qərar qəbul edilməsi barədə cavabdehə müraciət etmiş, lakin sözügedən hüquqi şəxsin icra orqanının rəhbərinin (iddiaçının) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxmadığına, yəni borcun ödənilmədiyinə istinadən cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Mübahisəyə dair hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi sözügedən hüquqi şəxsin vergi borcuna görə onun ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin götürülməsinə nail olmaqdan ibarətdir. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. İstinad edilən həmin normanın müddəaları baxımından ölkədən getmək hüququna məhdudiyyətin tətbiqi üçün aşağıdakı dispozisiya şərtləri olmalıdır: 1) vergi ödəyicisinin dövlət büdcəsinə vaxtı ötürülməmiş vergi borcu olmalıdır; 2) həmin vergi borcu müəyyən edilmiş müddətdə yerinə yetirilməmiş olmalıdır; 3) hüquqi şəxsə münasibətdə ölkədən getmək hüququna məhdudiyyət qoyulacaq şəxs – icra orqanının rəhbəri olmalıdır. 37. Vergi Məcəlləsinin 24-cü maddəsində isə təsbit edilmişdir ki, vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Hazırkı işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh Vergi Məcəlləsinin 23-cü maddəsində göstərilən hüququndan istifadə etmiş, lakin həmin Məcəllənin 24-cü maddəsində təsbit edilmiş vəzifəsini yerinə yetirməmişdir. Halbuki, hüquqlardan istifadədən fərqli olaraq vəzifələr mütləq xarakter daşıyır. Vergi orqanının Vergi Məcəlləsinin 24-cü maddəsində nəzərdə tutulmuş və imperativ xarakter daşıyan vəzifəsini yerinə yetirməməsi iddiaçının konstitusion hüququ olan azadlıq hüququnu birbaşa pozmuşdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Həmçinin Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının ölkədən getmək hüququna qoyulan məhdudiyyətə səbəb olmuş əsaslardan birinin – iddiaçının vergi öhdəliyi olan hüquqi şəxsin icra orqanının rəhbəri olması əsasının aradan qalxmasına baxmayaraq, həmin məhdudlaşdırılmanın götürülməsi ilə bağlı hər hansı tədbir görməmiş və bununla da birbaşa iddiaçını ölkədən getmək hüququndan məhrum etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu qərarın 23-cü bəndində istinad edilən qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, faktiki olaraq vergitutma obyektindən mənfəət əldə edən şəxs vergi ödəyicisi hesab olunur və vergi öhdəliklərinin yerinə yetirilməsi hüquqi şəxsin faktiki rəhbərinin üzərinə düşür. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş və mübahisələndirilməyən hallarına görə, iddiaçı sözügedən hüquqi şəxsin icra orqanının rəhbəri olmuş, sonradan həmin vəzifədən azad edilmişdir. Bu hallar da cavabdehə məlum olmuşdur. Ona görə də, iddiaçının hazırda sözügedən hüquqi şəxsin icra orqanının rəhbəri olmadığı halda, onun həmin hüquqi şəxsin dövlət büdcəsinə olan vergi borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması yolverilməzdir. Yuxarıda qeyd edilən maddi hüquq normalarından da göründüyü kimi, vergi öhdəliyi olan hüquqi şəxs tərəfindən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etməyin üsulu kimi ölkədən getmək hüququna müvəqqəti məhdudiyyət qoyulacaq şəxs həmin hüquqi şəxsin icra orqanının rəhbəri olmalıdır. Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəmənin 2-1(112)-3040/2023 nömrəli xx.xx.2023-cü il tarixli, 2-1(112)-274/2024 nömrəli xx.xx.2024-cü il tarixli və 2- 1(112)-81/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarlarında da nümayiş etdirilmişdir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, iddia təmin edilməli, İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar