Məhkəmə qərarları › İş №e-2-1(112)-1643/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1643/2024

30.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1643/2024 30.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə qarşı “mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəllə, ev 10 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci girişində, 1-ci mərtəbəsində, 3 otaqlı 130 kv.m sahəsi olan 81 saylı mənzilə İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 25 may 2007-ci ildə ŞAKİR MTK tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəllə, ev 10 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci girişində, 1-ci mərtəbəsində, 3 otaqlı 130 kvm sahəsi olan 81 saylı mənzili almışdır. Bununla bağlı maliyyə arayışını və Şakir MTK-nin üzvlərinin ümumi iclasının qərarını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (hətta ASAN Xidmətdə fəaliyyyət göstərən filiallarına) təqdim etsə də, onlar sənədi qəbul etməkdən imtina etmişlər. Əsas onu gətirmişlər ki, həmin binanın istismara icazə sənədi olmalıdır. Hazırkı iddia ərizəsinə 6 ədəd həmin binada yaşayan qonşuların çıxarışlarını əlavə edir. Həmin çıxarışlardan görünür ki, eyni binada yaşadığı qonşular çıxarış alıb, hüquqları dövlət qeydiyyatına alındığı halda iddiaçının hüquqları dövlət qeydiyyatına alınmır. Həmin binada yalnız çıxarış alanlara aid hissədə binanın istismarına icazə verilir, digər hissədə yox. Halbuki, iddiaçının da mənzili eyni binanın tərkib hissəsi olduğu üçün ona da çıxarış verilməli idi. Bununla bağlı iddiaçı cavabdehə müraciət etsə də, ona 08 iyun 2023-cü il tarixdə çatan, cavabdehin 01 iyun 2023-cü il tarixli, 3-21-3-02/2-Ə-0902/04-8/2023 saylı məktubu ilə iddiaçının mülkiyyət hüququ o əsasla qeydiyyata alınmamışdır ki, iddiaçı binanın istismara icazə verilməsi sənədini təqdim etməmişdir. Halbuki, həmin sənəd birincisi iddiaçıda yoxdur, ikincisi həmin sənədi iddiaçı deyil, MTK və ya istismara icazə verən qurum təqdim etməlidir, üçüncüsü eyni binada olan qonşularına çıxarış verildiyi halda ona nə üçün çıxarış verilməməsini cavabdeh izah etməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə elektron kabinet vasitəsilə daxil olmuş etirazında qeyd etmişdir ki, iddiaçı müvafiq iddia tələbi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməmişdir. İddiaçının "xxxx" Mənzil Tikinti Kommersiya tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəllə, ev 10 ünvanında inşa edilmiş yaşayış binasındakı mənzil sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından və Azərbaycan Respublikasının Birinci vitseprezidentinin Katibliyindən İqtisadiyyat Nazirliyinə, həmçinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə birbaşa daxil olmuş müraciətlərinə (daxilolma qeydiyyatları: 3-21/1- Ə- 3275-8/2023, xx.xx.2023-cü il; 3-21/1-Ə-3275/2-8/2023, xx.xx.2023-cü il və 3-21/1-Ə- 3275/3-8/2023, xx.xx.2023-cü il) aidiyyəti üzrə baxılmışdır. Aparılan araşdırma zamanı qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasına dair tikintisi başa çatmış obyektin istismarına icazə sənədinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Sözügedən yaşayış binasına dair istismara icazə sənədi təqdim edildikdən sonra mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6cı maddəsinə uyğun olaraq mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və qanunvericiliklə nəzərdə tutulmuş pay haqqının tam ödənilməsini təsdiq edən sənəd (maliyyə arayışı) “ASAN xidmət” mərkəzlərinə təqdim edildiyi təqdirdə hüquqların dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacağına dair iddiaçıya **********88 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2019-cu il tarixli, 479 nömrəli Fərmanının 5-ci bəndində Bakı şəhərində, habelə “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycan Respublikasının digər inzibati ərazi vahidlərində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətləri yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi qeyd olunmuşdur. “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5.7.1-5.7.4-cü bəndlərinə əsasən mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi; daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi; fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi; torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi xidmətləri yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçirilməlidir. Qeyd olunanlardan da göründüyü kimi, müvafiq mənzil üzərində hüquqların ilkin qeydiyyatı yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçirilməli olduğundan iddiaçı “ASAN xidmət” mərkəzlərinə deyil, İdarəyə müraciət etmişdir. Bu səbəbdən də, İdarə tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya aidiyyəti üzrə müraciət etməli olması izah edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Cavabdeh etiraz məktubunda iddianın mümkün sayılmamasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İddia ərizəsinə əlavə olunmuş və iş materiallarında olan sənədlərə əsasən müəyyən edilmişdir ki, MH seriyalı ******* nömrəli, xx.xx.2006-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəllə, ev 10, mənzil 6 X4 adına qeydiyyata alınmışdır. Qeydiyyat Nərimanov Rayon Məhkəməsinin 2-1627/2005 nömrəli xx.xx.2005-ci il tarixli qətnaməsi, xx.xx.2005-ci il tarixli qərardadı və xx.xx.2006-cı il tarixli AN-İ ******* nömrəli alğı-satqı müqaviləsi əsasında aparılmışdır. MH seriyalı ******* nömrəli, xx.xx.2006-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi ev 10, mənzil 60 X1 adına qeydiyyata alınmışdır. Qeydiyyat Nərimanov Rayon Məhkəməsinin 2-1138/2006 nömrəli xx.xx.2006-cı il tarixli qətnaməsi və xx.xx.2006-cı il tarixli qərardadı əsasında aparılmışdır. MH seriyalı ******* nömrəli, xx.xx.2006-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəllə, ev 10, mənzil 32 X2 adına qeydiyyata alınmışdır. Qeydiyyat Nərimanov Rayon Məhkəməsinin 2-1076/2006 nömrəli xx.xx.2006-cı il tarixli qətnaməsi əsasında aparılmışdır. MH seriyalı ******* nömrəli, xx.xx.2006-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 10, mənzil 111 X3 adına qeydiyyata alınmışdır. Qeydiyyat Nərimanov Rayon Məhkəməsinin 2-310/2006 nömrəli xx.xx.2006-cı il tarixli qətnaməsi əsasında aparılmışdır. Yəni iddiaçının iddia tələbini əsaslandırmaq üçün istinad etdiyi inzibati orqanın təcrübəsinə və etimad hüququna münasibətdə nəzərə alınmalıdır ki, qeyd olunan çıxarışlar mülki işlər üzrə məhkəmə qətnamələri əsasında tərtib edilmiş, inzibati orqanın inzibati icraat çərçivəsində həyata keçirdiyi inzibati praktika mövcud olmamışdır. Həmçinin qeyd olunan mənzillərin hər birinə münasibətdə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən orderlərin tərtib edildiyi aşkar edilmişdir. "xxxx" MTK üzvlərinin ümumi iclasının 1 nömrəli, xx.xx.2007-ci il tarixli protokolundan çıxarışın surətindən görünür ki, həmin iclasda İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin payçısı olması təsdiq edilmişdir. "xxxx" MTK tərəfindən iddiaçıya verilmiş arayışdan görünür ki, mənzilin pay dəyəri iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı tərəfindən MTK ilə aralarında müqavilənin bağlanmasını təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. İş materiallarında olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2024-cü il tarixli, 3-35/2-2901/2024 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəllə, ev 10 ünvanında yerləşən tikinti obyektinə dair məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunur ki, ünvan 1 ünvanının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. İddiaçı tərəfindən mənzilə dair ona münasibətdə tərtib edilmiş hər hansı order məhkəməyə təqdim edilməmiş, məhkəmə araşdırması ilə aşkar olunmamışdır. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.6-cı maddəsinə görə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” AR Qanununun 12-ci maddəsinə (bərabərlik prinsipi) əsasən: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Qanunun 13-cü (etimad hüququnun qorunması prinsipi) maddəsinə görə: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının hüquqi marağı mübahisəli mənzil üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla adına rəsmiləşdirilməsinə nail olmaqdan ibarətdir. Lakin məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən istinad olunan bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin iş üzrə tətbiqi yolveriməzdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması nəticəsində əldə olunmuş sənədlərə əsasən, müəyyən edilmişdir ki, iddiaçı digər mənzillərə münasibətdə qeydiyyatın aparılması üçün əsas olmuş hüquqi əsaslara bərabər sənədlərə malik deyildir, bu isə digər şəxslərə münasibətdə fərqli hüquqi vəziyyətdə olan iddiaçıya münasibətdə bərabərlik və inzibatibati orqanların inzibati praktikasına fiziki şəxslərin etimadının qanunla qorunması prinsipinin tətbiqini istisna etməkdədir. Eyni zamandam məhkəmə əlavə olaraq vurğulamağı zəruri hesab edir ki, aparılan araşdırma zamanı qeyd olunan ünvanda inşa edilmiş yaşayış binasına dair tikintisi başa çatmış obyektin istismarına icazə sənədinin mövcud olmadığı da məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə araşdırması ilə mübahisəli mənzilin iddiaçının adına rəsmiləşdirilməsinə əsas verən hüquqmüəyyənedici sənədlər və hüquqi əsaslar aşkar edilməmişdir. İşin qeyd olunan faktiki hallarına qanunvericilik normalarının tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslıdır, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi 851-ci məhəllə, ev 10 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 5-ci girişində, 1-ci mərtəbəsində, 3 otaqlı 130 kv.m sahəsi olan 81 saylı mənzilə İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X8.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar