Məhkəmə qərarları › İş №e-2-1(112)-1643/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-1643/2025

27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-1643/2025 27.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, cavabdehin nümayəndələri X4 və X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlət Baş İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli **********856600 nömrəli qərarın ləğv edilməsi və iddiaçının riskli vergi ödəyicisi siyahısından çıxarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023cü il tarixli **********856600 nömrəli qərarın ləğv edilməsi və iddiaçının riskli vergi ödəyicisi siyahısından çıxarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2023-cü il tarixində vergi ödəyicisi İddiaçı MMC (VÖEN: **********) barəsində **********856600 №-li qərar qəbul edərək, İddiaçı MMC-ni riskli vegi ödəyiciləri siyahısına daxil etmişdir. Cavabdeh qərarını onunla əsaslandırmışdır ki, ƏDV sub-uçot hesabı üzrə mədaxilməxaric əməliyyatları, e-qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində hüquqi şəxsin riskli vergi ödəyicisi hesab edilməsi qərarına gəlmişdir. Qeyd edilir ki, 2023cü ilin may ayından MMC-nin fəaliyyəti qanuna müvafiq olaraq dayandırılmışdır. MMC-nin həmin dövr üçün apardığı (başqa şirkətlərlə) əməliyyatları əmtəəsiz və riskli əməliyyatlar hesab edərək VM-nin 175.11-ci maddəsinə əsaslanaraq vergi əvəzləşməsi ləğv edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin qəbul etdiyi qərar qanuna zidd olduğundan məhkəmə qaydasında ləğv edilməli və icraata xitam verilməlidir. Qeyd edilən əməlliyatlar, əməliyyat aparıldığı şirkətlərin riskli vergi ödəyicisi hesab edildiyi tarixlərdən əvvəlki tarixlərdə olduğu nəzərə alınaraq vergi əvəzləşdirilməsinə əsas verir. Cavabdeh qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı iddiaçının təqdim etdiyi e-qaimələrdə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar etmiş və həmin hallar barəsində izah verilmədən risk meyarlarının 2.1.2-ci yarımbəndinə əsasən iddiaçı hüquqi şəxsi riskli vergi ödəyicisi hesab etmişdir. İddiaçı qərarla razı olmayaraq şikayət etsə də, nəticəsi olmamışdır. Cavabdeh məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli vəsatətində bildirmişdir ki, vergi orqanı xx.xx.2023-cü il tarixli **********856600 nömrəli qərarı qəbul edərək iddiaçının elektron qutusuna göndərmiş və iddiaçı qərarı xx.xx.2023-cü il tarixdə oxumuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara baxmayaraq, iddiaçı 1 ildən artıq müddət keçdikdən sonra müraciət edərək, iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. İstənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdeh İddiaçı MMC-nin iddiasının mümkün sayılmamasını Məhkəmədən xahiş etmişdir. İddianın mümkünlüyü məsələsinin və işin hallarının müzakirəsi məqsədilə iş üzrə xx.xx.2025-ci il tarixə, xx.xx.2025-ci il tarixə, xx.xx.2025-ci il tarixə və xx.xx.2025-ci il tarixə məhkəmə iclasları təyin edilmişdir. İddiaçıya məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Bu səbəbdən də, məhkəmə tərəfindən İPM-in 13-cü maddəsinə müvafiq olaraq, yazılı qaydada xx.xx.2025-ci il tarixli iddianın mümkünlüyü ilə bağlı hüquqi yardım məktubu tərtib edilməklə iddiaçıya göndərilmiş və münasibət bildirilməsi təklif olunmuşdur. Yardım məktubu həmin tarixdə Elektron Məhkəmə İnformasiya Sistemi üzərindən iddiaçıya məxsus elektron kabinetə də yerləşdirilmişdir. İddiaçı tərəfindən məhkəmənin yardımına münasibət bildirilməmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi hazırkı məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri izahatlarında iddianın mümkün sayılmamasını xahiş etmişlər. İş materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi və onun riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi barədə xx.xx.2023cü il tarixli **********856600 nömrəli qərar qəbul edilmişdir. İddiaçı hazırkı iddia ilə sözügedən qərarı mübahisələndirməkdədir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati məhkəmə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu baxımdan, mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır (İPM- 2.2.1, 32, 35.1, 38.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərindədir. Məhkəmə araşdırması zamanı, müəyyən edilir ki, iddiaçı xx.xx.2023-cü il tarixli qərarı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etməklə mübahisələndirmiş, bununla da qanunvericiliklə sözügedən qərarın mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 30 günlük prosessual müddəti buraxmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş, iddiaçının cavabdehə elektron kabinet üzərindən üvnalnamış xx.xx.2023-cü il tarixli müraciətinə əsasən müəyyən edilmişdir ki, iddiaçı həmin müraciətilə cavabdehə bildirmişdir ki, “... tərəfimizdən xx.xx.2023-cü il tarixində Binəqədi rayonu, Baksol yolu ünvanında yerləşən, ümumi sahəsi 2000 (iki min) kv.m anbar sahəsindən 100 kv.m tutan ərazini anbar sahəsi kimi istifadəsi üçün icarəyə verən X2 (ş/v AZE №********) ilə İcarə müqaviləsi №0112 nömrəli müqavilə bağlanmışdır və həmin tarixdən də həmin anbardan da istifadə edilmişdir. Lakin mühasibimizin məsuliyyətsiz yanaşmasına görə vergi ödəyicisi kimi obyektimizin olduğu yer üzrə uçota alınması haqqında müraciət gec təqdim edilmişdir. Bu səbəbdən yazıb sizdən xahiş etmək istərdik ki, qoşmaya əlavə edilən sənədləri də nəzərə alaraq müəssisəmizi riskli vergi ödəyicisi siyahısından çıxarasınız”.Göründüyü kimi, iddiaçı faktiki olaraq öz müraciətində müəssisənin adının riskli vergi ödəyicisi siyahısından çıxarılmasını xahiş etmişdir. Bu isə onu deməyə əsas verir ki, artıq xx.xx.2023-cü il tarixli müraciəti ünvanlayan zaman iddiaçı mübahisəli qərar barədə məlumatlı olmuşdur. Həmçinin qeyd edilməlidir ki, həm cavabdehə ünvanlanmış elektron ərizə, həm də məhkəməyə ünvanlanmış elektron iddia ərizəsi eyni şəxs X3 tərəfindən elektron qaydada imzalanmışdır. İddiaçı həmin qərardan məlumatlı olduğu halda, qanunla müəyyən edilmiş 30 günlük müddəti buraxmaqla xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla bağlı iddiaçıya xx.xx.2024-cü il tarixli məktubla Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən hüquqi yardım edilmiş, ona həmin Məcəllənin 24-cü maddəsində nəzərdə tutulmuş, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuş, lakin iddiaçı buraxılmış prosessual müddətin üzürlü sayılması üçün ərizə təqdim etməmişdir. İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Məhkəməyə müddətin bərpa edilməsi ilə bağlı iddiaçının təqdim etdiyi ərizəsində qeyd olunanlardan belə qənaətə gəlir ki, İPM 24.1-ci maddəsində müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxılmamışdır. Belə ki, İPM-in 24.2-ci maddəsinə əsasən, müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Lakin iddiaçı ərizəsində müddətin buraxılmasına səbəb olmuş halları göstərməmiş, həmçinin məhkəmə iclasında prosessual müddəti hansı səbəbdən buraxmasını əsaslandıra bilməmişdir. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Qanunvericiliyin yuxarıda qeyd olunan normaları yazılı şəkildə iddiaçıya izah edilmiş və iddiaçıya məhkəmə tərəfindən zəruri hüquqi yardım göstərilmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlət Baş İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli **********856600 nömrəli qərarın ləğv edilməsi və iddiaçının riskli vergi ödəyicisi siyahısından çıxarılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. X6.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar