Məhkəmə qərarları › İş №e-2-1(112)-16441/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-16441/2025

02.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-16441/2025 02.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırkı hüquqi varisi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A məhəllədə inşa olunmuş yüksəkmərtəbəli, çoxmənzilli yaşayış və ofis binasının 2-ci blok, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 57,47 kv.m. olan 1 otaqlı, 87 nömrəli mənzilə mövcud vəziyyətdə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və və bununla bağlı çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının “Özünəməxsus ərazidə ofis və yaşayış binasının, istehsalat və istirahət zonasının layihələndirilməsi haqqında” xx.xx.2005-ci il tarixli 267 saylı Sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektindəki, 2935 A saylı məhəllədə yerləşən avtodayanacağın tutduğu 0,2 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsinə "xxxx" MMC-yə icazə verilmişdir. Binanın MMC tərəfindən 2006-cı ildə layihələndirilmiş Eskiz Layihəsi Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsində xx.xx.2006-cı il tarixdə, 18/04-574 nömrə ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X1 Ekspertiza Baş İdarəsi tərəfindən 02 fevral 2007-ci il tarixli, 7383 nömrəli rəyinə əsasən "xxxx" MMC-yə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yaşayış binasının inşasına icazə verilmiş, həmin rəyə əsasən bina zirzəmi, kürsülü, 12 mərtəbə+texniki mərtəbədən ibarət olmalıdır. "xxxx" MMC-yə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935 A ünvanda inşa olunan yüksəkmərtəbəli, çoxmənzilli ofis və yaşayış binasına dair həmin MMC ilə "xxxx" MMC arasındaxx.xx.2005-ci il tarixli Birgə təsərrüfat fəaliyyəti haqqında müqavilə bağlanmış və bina inşa edilmişdir. "xxxx" MMCilə İddiaçı arasında çoxmənzilli yaşayış və ofis binasının 2-ci blok, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 57,47 kv.m. olan 1 otaqlı, 87 nömrəli mənzilə dair xx.xx.2022-ci il tarixli müqavilə bağlanmış, mənzilin pay dəyəri İddiaçıtərəfindən tam ödənilmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli A-058/2022 saylı Maliyyə arayışı verilmişdir. Beləliklə, həmin mənzilə iddiaçının sahiblik və istifadə hüququ yaranmış, yəni mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi əsas yaranmışdır. Belə ki, həmin mənzil hal-hazırda iddiaçının sahiblik və istifadəsindədir. Həmin bina hazırda "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) tərəfindən idarə olunur, bina bütün kommunal xətlərlə, o cümlədən işıq, qaz, su, kanalizasiya, internet ilə təchiz olunmuş və sakinlər 15 ildən artıqdır ki, həmin binada yaşayır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən 18 mart 2019-cu il tarixdə təsdiq edilmiş həmin Agentliyin nəzdində yaradılmış Təhlil Qrupunun 18 mart 2019-cu il tarixli, 974 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında "xxxx" MMC tərəfindən inşa olunmuş 2 girişli 16 mərtəbəli yaşayış binasının təyinatı dəyişdirilməmək şərti ilə binaya qazın verilməsi baxımından konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödədiyi göstərilmişdir. Həmçinin həmin rəyin “Nəticə” hissəsində qeyd edilmişdir ki, “Binanın layihə sənədlərinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X1 Ekspertiza Baş İdarəsi tərəfindən binanın mövcud vəziyyəti nəzərə alınmaqla müsbət rəyin alınması zəruri hesab edilir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin nəzdində yaradılmış Təhlil Qrupunun18 mart 2019-cu il tarixli, 974 saylı iclasında binanın yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlığı binaya qazın verilməsi baxımından istismara yararlı olması barədə qərar qəbul edilmişdir. İş üzrə cavabdeh tərəfindən həmin binada yerləşən çoxsaylı mənzillərə dair 2012-ci ildən başlayaraq digər sakinlərin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və həmin şəxslərə mülkiyyət hüququna dair çıxarışlar verilmişdir və həmin şəxslərin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məhz məhkəmə qərarları, o cümlədən inzibati məhkəmələr yaranana qədər Xətai rayon Məhkəməsinin, bundan sonra isə Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnamə və qərarları əsasında təmin edilmişdir (bu barədə məhkəmə aktlarının bir qismi məlumat üçün təqdim edilir). Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Bu prinsip həm qanunvericilik səviyyəsində, həm də inzibati fəaliyyət zamanı tətbiq edilməlidir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə yazılı etirazını təqdim edərək bildirmişdir ki, mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binasına dair istismara icazə sənədi 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməmişdir. İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman mənzildə yenidənqurma işlərinin aparıldığı və ümumi sahəsinin 55,6 kv.m olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbi müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia daşınmaz əmlaka dair mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - xx.xx.2022-ci il tarixli, A-058/2022 nömrəli müqavilədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 şəxsində bir tərəfdən (bundan sonra “İcraçı” adlanacaq) İddiaçı digər tərəfdən (bundan sonra “Payşı” adlanacaq) öz aralarında razılığa əsasən müqavilə bağlamışlar ki, “İcraçı”, "xxxx" MMC-in Gəncə pr. 2935A ünvanında inşa etdiyi mövcud olan 16 mərtəbəli ofis və yaşayış binasının 0.000 səviyyəsindən 2-ci blok, 2ci mərtəbəsindən 1 otaqlı, 87 nömrəli mənzil almaq üçün “Payçı”-ya müraciət edir və tərəflər arasında bu müqavilə bağlanır. Müqaviləyə əsasən predmetini "xxxx"MMC-in Gəncə pr.2935A ünvanında inşa etdiyi mövcud olan 16 mərtəbəli ofis və yaşayış binasında 1 otaqlı, 57.47 kv.m mənzili təşkil edir. Müqavilənin ümumi məbləği 68000 manatdır. -."xxxx"MMC-nin xx.xx.2022-ci il tarixli A-058/2022 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A məhəllədə inşa olunmuş yüksəkmərtəbəli, çoxmənzilli yaşayış və ofis binasının 2-ci blok, 0,000 səviyyəsindən başlayan 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 57,47 kv.m.olan 1 otaqlı, 87 №-li mənzilin müqavilə dəyəri 68000 manatı (altmış səkkiz min manat) tam ödəmişdir. -"xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, 46/2025 nömrəli yaşayış yeri haqqında arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935 A məhəllədə inşa olunmuş yüksəkmərtəbəli, çoxmənzilli yaşayış binasının 2-ci blok, 2-ci mərtəbə 57,47 kv.m.sahəsi olan 1 otaqlı, 87 nömrəli mənzildə, ailəsi ilə birlikdə qeydiyyatsız yaşayırlar. --Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli, ********** nömrəli müayinə aktından görünür ki, binadan kənarlaşma yoxdur. Mənzil, 14-15 mərtəbəli binanın 2-ci girişində 2-ci mərtəbəsində soldan 3-cü qapıda yerləşir. Binanın istismara qəbul aktı yoxdur. Mənzil daxilində rekonstruksiya işləri aparılmışdır. İddiaçı hazırda yuxarıda qeyd edilən sənədlərə istinad edərək, istifadəsində olan yaşayış sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. İstinad olunan normalardan müəyyən olunur ki, çoxmənzilli binalara münasibətdə ona, habelə orada yerləşən mənzilə hüququn qeydə alınması üçün:

1. torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd,;

2. tikintiyə icazə verilməsi barədə qərar;

3. tikinti layihəsi;

4. tikinti obyektinin istismarına icazənin (yaxud istismara qəbul aktı) təqdim edilməsi zəruridir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: -- maddə 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. - maddə 101.2. Tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – yanındakı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi qismində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) tərəfindən verilir. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan normalardan da müəyyən olunur ki, istismara icazə tikilən tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü təsdiq edir. Nə qədər ki, tikintisinə icazə tələb olunan hər hansı bir tikilinin istismarına icazə verilməmişdir, həmin tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyini müəyyən etmək mümkünsüzdür, buna görə də etibarlılıq və təhlükəsizlik baxımından həmin tikilidən təyinatı üzrə istifadə etmək olmaz. Hazırkı iş materiallarından görünür ki, iddiaçının hüququnun qeydə alınmasını xahiş etdiyi mənzilin yerləşdiyi çoxmənzilli binanın istismarına icazə verilməmişdir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən: - Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; - Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllənin 144-1.1ci maddəsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, istinad olunan normlaradan görünür ki, dövlət, şəxsin mülkiyyət hüququnu qeydə almaqla onun müvafiq daşınmaz əmlakdan öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüququnu tanıyır və təsdiq edir. Lakin istismarına icazə verilməmiş tikili özbaşına tikili, daha doğrusu, tikintisi başa çatmayan bina hesab edilir, yəni həmin tikili yarımçıq olmaqla, tikinti qaydalarına uyğun inşa edilməsi və istifadəyə yararlı olması müəyyən deyildir. Deməli, həmin tikilidən istifadə etmək olmaz. Belə bir halda aydındır ki, istismarına icazə verilməmiş tikiliyə, yəni tikintisi başa çatmadığından, istifadəyə yararlılığı müəyyən edilmədiyindən təyinatı üzrə istifadə edilməsinə icazə verilməmiş tikiliyə şəxsin mülkiyyət hüququ tam mənada yarana bilməz, çünki mülkiyyət hüququ 3 elementi birləşdirdiyi halda, tikilinin istismarına icazə verilməməsi üç elementdən birini - əmlakdan istifadə etmək hüququnu istisna edir. Qeyd edilməlidir ki, istismara icazəsi verilməmiş tikiliyə mülkiyyət hüququnun qeydə alınmaması birbaşa dövlətin ictimai maraqların qorunması məqsədinə xidmət edir. Bu məqsədlərə əsasən aşağıdakılar aiddir:

1. Tikinti təhlükəsizliyi və insanın həyhat və sağlamlığının qorunması -İstismara icazə, binanın tikinti norma və qaydalarına uyğun tikildiyini, daşıyıcı konstruksiyalarının təhlükəsiz olduğunu və yaşayış üçün yararlı vəziyyətdə olduğunu təsdiqləyir.

2. Şəhərsalma qaydalarının qorunması - İstismara icazəsi olmadan qeydiyyat, planlaşdırma sənədlərinə və icazəsiz tikintilərə qarşı dövlət nəzarətini zəiflədir.

3. Hüquqi müəyyənlik və mülki dövriyyənin təhlükəsizliyini təmin etmək -dövlət reyestrində yalnız hüquqi statusu tam aydın və istismara yararlı obyektlərin olması, mülki dövriyyədə (satış, ipoteka, miras) hüquqi sabitliyi təmin edir. Məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə dövlətin güddüyü ictimai maraq fərdin mülkiyyət marağına münasibətdə üstündür, hansı ki, bu üstünlük ictimai marağın, ilk növbədə şəxsin həyat və sağlamlığının qorunmasına yönəlməsindən irəli gəlir. İddia ərizəsindən görünür ki, iddiaçı tələbinin əsaslığını həmçinin bununla əsaslandırmışdır ki, qonşuluqda yerləşən yaşayış sahələrinə artıq mülkiyyət hüququ qeydə alınmışdır. Məhkəmə iddiaçının bu dəlili ilə bağlı qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Lakin bərabərlik prinsipi qanunsuz hərəkətin təkrarlanmasını tələb etmir. Yəni qanunsuzluğun mövcudluğu başqası üçün “hüquq yaratmır” (principle of no legitimate expectation from illegality). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Anaklia v. Georgia (2018) və Hamer v. Belgium (2007) işlərində bildirmişdir ki: -Bir başqasının qanunsuz üstünlük əldə etməsi, digər şəxslərin eyni qanunsuz üstünlük əldə etməsi üçün legitim gözlənti yaratmır. -Dövlət orqanı qanuni qaydanı tətbiq etməlidir, əvvəlki səhv ona məcburiyyət yaratmır. Bundan əlavə, hazırkı mübahisə üzrə dövlətin güddüyü ictimai maraq fərdin mülkiyyət marağına münasibətdə üstündür, hansı ki, bu üstünlük ictimai marağın, ilk növbədə şəxsin həyat və sağlamlığının qorunmasına yönəlməsindən irəli gəlir. Beləliklə, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, nə qədər ki, mübahisəli yaşayış sahəsinin yerləşdiyi çoxmənzilli binanın istismarına icazə verilməmişdir, iddiaçının hazırkı məzmunda tələbi təmin edilə bilməz. O da qeyd edilməlidir ki, oxşar yanaşma anoloji işlər üzrə kassasiya instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarlarda da əks etdirilmişdir (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-(102)-483/2025 saylı, xx.xx.2025ci il tarixli qərarı) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9 və ya 8.0.10-cu maddəsində müəyyən edilən tələblərə uyğun olan sənədləri cavabdehə və ya məhkəməyə təqdim etməmişdir. Məhkəmə Qanunun bu normasının imperativ tələb olduğunu, şəxsin hüququnun qeydə alınması üçün həmin normada nəzərdə bütün sənədlərin eyni anda təqdim edilməsinin mütləq şərt olduğunu, işin hazırkı halında təqdim edilməsi zəruri olan bütün sənədlərin təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulması kimi qiymətlənirilə, iddiaçının tələbi əsaslı sayıla və təmin oluna bilməz. Məhkəmə onu da qeyd edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra aşkar edilən və iddiaçının mübahisəli əmlaka hüquqlarını təsdiq edən yeni sübutlara (istismara icazə sənədi alınmasına) əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Çünki həmin Qanunun 35.1ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar