Məhkəmə qərarları › İş №e-2-1(112)-16557/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-16557/2025

21.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-16557/2025 21.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın icra edilməsi və s. tələbinə dair iddia tələbinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)- 333/2023 saylı qərarının dərhal icrasının təmin edilməsi; İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillərə təyin olunan müvafiq pensiya (İİ qrup) və Azərbaycan Respublikası Prezidentinin təqaüdü (İİ qrup) üzrə bütün ödənişlərin, həm cari dövr, həm də indiyədək ödənilməmiş borcların tam şəkildə ödənilməsi; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnaməsinin 2.1.5-ci bəndinə, “Əlillik” (TSERAS) altsistemi və “e-sosial” portalının əsasnaməsinə, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-1518/2023 saylı qərarı ilə qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-333/2023 saylı qərarına əsasən, “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”ndə ona aid olan təhrif olunmuş məlumatların korrektə olunaraq həqiqəti əks etdirməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək aşağıdakıları tələb etmişdir: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-333/2023 saylı qərarı ilə onun pensiya və sosial müavinətlər üzrə hüquqları bərpa olunub. Lakin bu qərar bu günədək icra edilməmişdir. Buna görə də Nazirlikdən xahiş etmişdir: 1. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının dərhal icrasını təmin etsin; 2. Onun — müharibə əlili (İİ qrup) kimi — həm aylıq pensiya və müavinətləri, həm də bu günədək ödənilməmiş bütün borclar tam həcmdə ödənilsin. Lakin Nazirliyin 11 sentyabr 2025-ci il tarixli cavab məktubunda bu tələblər əsassız olaraq rədd edilmişdir. Nazirlik öz mövqeyini ikinci cavabdeh olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (TSERA) “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”nə daxil etdiyi təhrif olunmuş məlumatlara əsaslandırmışdır. Bu hərəkətlərlə aşağıdakı qanun pozuntularına yol verilmişdir: Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsi; “İnzibati icraat haqqında” Qanunun müvafiq müddəaları. İİ. İkinci cavabdehin hərəkətləri TSERA, onun Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-333/2023 saylı qanuni qüvvəyə minmiş qərar əsasında verdiyi ərizəyə cavab verməmiş, “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”ndə mövcud olan təhrif olunmuş məlumatların düzəldilməsini təmin etməmişdir. Bu isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin elektron informasiya sistemlərində məlumatların təhrif olunması ilə bağlı müddəalarının pozulmasına dəlalət edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Cavabdeh iş üzrə yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən (xx.xx.1959-cu il təvəllüdlü; FİN: xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – Agentlik) qarşı “üçüncü dərəcə əlilliyin təyin edilməsi ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsində iddia qaldırılmışdır. Bakı İnzibati Məhkəməsinin (hakim P.A.Hüseynov) 6 oktyabr 2021-ci il tarixli, 2-1(112)-1316/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərarından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2-1(103)-532/2022 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, 2-1(112)- 1316/2021 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 4 iyul 2022-ci il tarixli, 2-1(102)- 1091/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2-1(103)-333/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq iddia təmin edilmiş, iddiaçıya üçüncü dərəcə əlilliyin təyin edilməsi ilə bağlı Agentliyin hərəkətləri qanunsuz hesab edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “iddiaçının sağlamlıq vəziyyəti xx.xx.2016-cı ildə qiymətləndirilmiş, ona 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, lakin təyin edilmiş əlilliyin müddəti bitməmiş (xx.xx.2019cu və xx.xx.2020-ci ildə) iddiaçıya heç bir məlumat vermədən, iştirakını təmin etmədən cavabdeh onun əlilliyinin dərəcəsinin, müddətinin və səbəbinin dəyişdirilməsi nəticəsinə gəlmişdir”. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 05 iyul 2023cü il tarixli 2-1(102)-1518/2023 nömrəli qərarı ilə Agentliyin kassasiya şikayəti təmin edilməmişdir. Qeyd edilən məhkəmə qərarlarının icrası məqsədi ilə Hüquq şöbəsi tərəfindən 3-17-4/3-1-19642/2023 nömrəli, xx.xx.2023-cü il tarixli “Xidməti məruzə” hazırlanmış və “İddiaçı xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə (yəni xx.xx.2021-ci tarixədək olan müddətə) təyin edilmiş ikinci dərəcəli əlilliyin bərpa edilməsi üçün aidiyyəti struktur bölməyə göstəriş verilməyi” xahiş edilmişdir. Həmçinin İddiaçı “əlilliyin müddətsiz hesab edilməsi” tələbinə dair iddia qaldırmış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü il tarixli, 2-1(103)-1152/2023 nömrəli qərardadı ilə iddia mümkünsüz sayılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2- 1(102)- 1370/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmişdir. Daha sonra İddiaçı Agentliyə qarşı “məhkəmə qərarının icra edilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin e-2- 1(112)-12472/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qeyd edilən Qərardad Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 1025/2025 saylı, xx.xx.2025-ci il tarixli Qərardadı ilə qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(102)-1406/2025 nömrəli Qərardadı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmişdir. Göründüyü kimi Agentlik tərəfindən İddiaçıla bağlı məhkəmə qərarları tam icra edilmişdir. İddianı mümkünsüz hesab olunması xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçıya məhkəmə tərəfindən hüquqi yardım edilmiş və qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəməyə təqdim etdiyi iddia tələbi əsasında işə baxılmasını və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış, lakin üzürlü səbəbləri bildirmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 6 oktyabr 2021-ci il tarixli, 2-1(112)-1316/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci qrup, müddətsiz, əmək qabiliyyətinə yararsız əlil kimi xx.xx.2016-cı ildən dövlət qeydiyyatına alınması barədə tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2- 1(103)-333/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 6 oktyabr 2021-ci il tarixli, 2-1(112)-1316/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq iddia təmin edilmiş, iddiaçıya üçüncü dərəcə əlilliyin təyin edilməsi ilə bağlı cavabdehin hərəkətləri qanunsuz hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-1518/2023 nömrəli Qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2-1(103)-333/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2- 1(103)-333/2023 nömrəli qərarı qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. Hazırda verilən iddia ərizəsinin məzmunundan və iddiaçının izahatlarından müəyyən edilir ki, iddiaçı hazırkı iddiasında Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2-1(103)-333/2023 nömrəli qərarının icrası ilə bağlı qərar qəbul edilməsini xahiş edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2-1(103)-333/2023 nömrəli qərarının icrası ilə bağlı hüquqi marağına çatmaq üçün iddiaçı düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Belə ki, məhkəmə qərarının icrasına həmin qərar üzrə məcburi icra tədbirləri nəticəsində, həmin işin icrası qaydasında baxıla bilər və ayrıca iddia şəklində ərizənin verilməsi mümkünsüzdür. Həmçinin, qeyd edilməlidir ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aşağıdakı tələblərin təmin edilməsini xahiş etmişdir: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 21(103)-333/2023 nömrəli qərarının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən icra olunması: 1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hər iki: 1) xx.xx.2019cü il tarixli 3-cü dərəcəli Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlillik təyinatı; 2) xx.xx.2020-ci il tarixli 3-cü dərəcəli ümumi müddətsiz əlillik təyinatının Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2-1(103)- 333/2023 nömrəli qərarına əsasən qanunsuz əlverişsiz inzibati aktlar kimi inzibati icraat qaydasında ləğv olunması; 2. Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanunu - maddə 67.3 uyğun olaraq xx.xx.2019-cü il tarixli və xx.xx.2020-ci il tarixli 3-cü dərəcəli qanunsuz əlverişsiz əlillik təyinatlarının qüvvəyə mindikləri andan İddiaçı pozulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ (iki) dərəcəli müddətsiz əlillik təyinatı o tarixlərdə qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2.-cü bəndinə əsasən 08 noyabr 2016-cı il tarixindən bərpa olunması; 3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 2- 1(103)-333/2023 nömrəli qərarına əsasən xx.xx.2021-il tarixli apellyasiya şikayətinin tələbi olan İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar İİ (iki) dərəcəli müddətsiz əlilliyinin təyinatı (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2.-cü bəndi) 08 noyabr 2016-cı il tarixindən inzibati aktla təsdiqlənməsi. Bakı İnzibati Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli e-2-1(112)-12472/2024 nömrəli qərardadı ilə iddiaçının yuxarıda qeyd edilən iddiası mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1025/2025 saylı, 28 yanvar 2025-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli e-2-1(112)-12472/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(102)-1406/2025 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2025-ci il tarixli, 2-1(103)-1025/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, istər əvvəlki istərsə də indiki məhkəmə mübahisəsinin predmeti qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-cü il tarixli, 21(103)-333/2023 nömrəli qərarının icrası ilə bağlı olduğundan və həmin iddia mümkün sayılmadığından, hazırkı iddiada hər hansı yeni əsaslara istinad edilmədiyindən və iddia tələbi dəqiqləşdirilmədiyindən ona hazırda baxılması mümkün deyildir. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar