Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1658/2025 01.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X5) “mənzilinə dair özəlləşmənin etibarsız hesab olunması və qeydiyyat vəsiqəsinin ləğv edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 22 saylı evin 60 saylı mənzilinə dair özəlləşmənin etibarsız hesab olunması və ona əsasən verilmiş xx.xx.2003-cü il tarixli 158879 saylı qeydiyyat vəsiqəsinin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə iş üzrə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 22 saylı evin 60 saylı mənzili Xətai rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 12/4.1 nömrəli qərarına əsasən onların ailə olaraq istifadəsinə verilmiş və həmin tarixdən də atası X5, anası X2, qardaşı X3 və o, köçüb həmin mənzildə yaşamışdır. Anası xx.xx.2000-ci il tarixdə rəhmətə getmiş və həmin vaxtdan atası ilə o ikisi həmin mənzildə yaşamışdırlar. 18 yaşından işləyib atasına baxmışdır, eyni zamanda mənzilin bu günə qədər təmir və yaxşılaşdırılmasında daim iştirak etmişdir. Mənzilə dair kommunal xidmət haqları da tərəfindən ödənilmişdir. Ailəsinin böyüyü, ağsaqqalı atası olduğu və eyni zamanda qeyd etdiyi qərarla mənzil ailə tərkibində onlar olmaqla onun adına yazıldığı üçün kommunal müqavilələr onun adına olmuşdur. O, bu günə kimi ailəsi ilə birlikdə mübahisəli mənzildən mübahisəsiz şəkildə istifadə etdiyi üçün mənzilin dövlət qeydiyyatı barədə heç düşünməmişdir. Həm də hər zaman atası (cavabdeh) tərəfindən bildirilmişdir ki, “evin bütün problemləri, (eyni zamanda özünün problemləri) sənlik olduğu üçün sənə vəsiyyət etmişəm”. Lakin, atası tərəfindən ona bu ilin aprel ayında mübahisəli mənzilə dair istifadə hüququnun itirilməsi barədə iddia qaldırılmış və həmin iddia üzrə məhkəmə bildirişini aldıqdan sonra məlum olmuşdur ki, mənzil özəlləşdirilmişdir. Aparılan araşdırma nəticəsində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu əldə olunmuşdur. Əldə olunmuş bu sübuta əsasən məlum olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 22, 60 nömrəli mənzil (mübahisəli mənzil) Xətai rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 161 nömrəli sərəncamından çıxarışa Xətai rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 12/4.1 nömrəli qərarına, xx.xx.1976-cı il tarixli, 152916 nömrəli orderə, xx.xx.2003cü il tarixli 107 nömrəli və xx.xx.2003-cü il tarixli 28 nömrəli qeydiyyatdan çıxmaq haqqında arayışlara əsasən X4 adına xx.xx.2003-cü il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Göründüyü kimi, yeganə yaşayış yeri olan mübahisəli mənzil özəlləşdirilmiş və bu barədə onun razılığı alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Mübahisəli mənzil onun 10 yaşından dövlət tərəfindən o da nəzərə alınmaqla cavabdehə yuxarıda qeyd etdiyi qərarla verilən yaşayış evidir. Yəni dövlətin ona yaşamaq üçün verdiyi mənzildir. Hazırda isə məlum olur ki, bu mənzil razılığı olmadan qanunsuz şəkildə özəlləşdirilərək mülkiyyətə verilmişdir. Bununla bağlı tərəfindən Xətai rayon Məhkəməsində hazırkı predmetlə iddia qaldırılmış və həmin iddia e2(011)-5006/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadla icraata götürülmüş, 1 saylı Bakı Ərazi İdarəsinə sorğu edilərək müvafiq sənədlər istənilmişdir. Göndərilən sənədlərin işarəsində iddiaçının adından yazılmış bir ərizə mövcud olsa da, ərizə notarial təsdiqli olmamış və iddiaçı tanış olarkən bildirmişdir ki, bu onun xətti və imzası deyil. Məhkəmə tərəfindən aidiyyəti üzrə ekspertiza təyin olunmuş, lakin, ərizə kserosurət olduğundan və aydın oxunmadığından rəy verilməsi mümkün olmamışdır. Bundan sonra məhkəmə e-2(011)-201/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadla icraata xitam vermiş və iddiaçıya Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur. Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 22 saylı evin 60 saylı mənzilinə dair özəlləşdirmə (ilkin dövlət qeydiyyatı) etibarsız hesab olunaraq müvafiq qeydiyyat ləğv olunmalıdır.
4. Cavabdeh iddia tələbinə etirazda qeyd etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 22, 60 nömrəli mənzil üzərində mülkiyyət hüququ Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 161 nömrəli sərəncamından çıxarışa, Xətai Rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 12/4.1 nömrəli qərarına, xx.xx.1976-cı il tarixli, 152916 nömrəli orderə əsasən X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda müvafiq mənzilə dair Bakı Şəhər Xətai rayon Məhkəməsinin e-2(011)-5006/2023 saylı, xx.xx.2023-cü il tarixli bildirişi ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 21.2-ci maddəsinə əsasən müvafiq qeyd aparılmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, № 5 qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir.
5. Xətai rayon İcra Başçısının xx.xx.1992-ci il tarixli 161 nömrəli sərəncamına əsasən A.A. Qurbanov ilə Neapol küçəsi, 22 saylı evin 60 saylı mənzilə dair mənzil kirayə müqaviləsi bağlanılması barədə sərəncam verilmişdir.
6. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş texniki pasporta əsasən, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 22 saylı evin 60 saylı mənzilin ümumi sahəsi 67,98 kv.m, yaşayış sahəsi 38.68 kv.m, köməkçi sahəsi 29,3 kv.m olmaqla 3 otaqdan ibarətdir.
7. Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinin 87 saylı MKİSin tərəfindən verilmiş 14 may 2003-cü il tarixli 76 nömrəli 2 nömrəli arayışında qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 22 saylı evin 60 saylı mənzilində X5 və İddiaçı qeydiyyatdadır.
8. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə ünvanlanan İddiaçı tərəfindən ərizədə “mənzilimizi atam – X4 adına özəlləşdirilməsinə etiraz etmirəm” qeyd edilmişdir.
9. Ədliyyə Naziriliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəmənin qərardadına əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 4/40 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş işin 69(”a”)-cu vərəqində Mənzilin atası X4 adına özəlləşdirilməsinə etiraz etməməsi barədə İddiaçı adından olan xx.xx.2003-cü il tarixli razılıq ərizəsində “İddiaçı” əlyazmalarından əvvəl yerləşən imza - İddiaçı tərəfindən icra olunmuşdur.
10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Məhkəmə işə onların nümayəndələrin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
12. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
13. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
15. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.
16. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
17. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
18. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
19. Odur ki, iddia mümkündür.
III. Məhkəmənin mövqeyi
20. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 22, 60 nömrəli mənzil üzərində mülkiyyət hüququ Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 161 nömrəli sərəncamından çıxarışa, Xətai Rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 12/4.1 nömrəli qərarına, xx.xx.1976-cı il tarixli, 152916 nömrəli orderə əsasən X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı razılığı əsasında mənzilə mülkiyyət hüququ əldə edərək, xx.xx.2003-cü il tarixdə 158879 saylı qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı hazırda cavabdehə müraciət edərək, razılıq ərizəsinin onun tərəfindən imzalanmadığından qeydiyyat vəsiqəsinin ləğv edilməsini xahiş etmişdir.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
22. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
23. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi.
25. Normaların məzmunundan da göründüyü kimi qanunverici mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən edib. Həm də qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu mənzilə dair hüququn qeyd alınması üçün əsasdır.
26. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 6. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər; Maddə 8. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam.
27. Məhkəmə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarının əsas gətirilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd olunmuşdur ki, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir.
28. Konstitusiya Məhkəməsinin Plenumunun nümayiş etdirdiyi mövqeyi ona deməyə əsas verir ki, əgər kirayə müqaviləsinin bağlanılması barədə sərəncamda və ya kirayə müqaviləsinin özündə kirayəçi ilə yanaşı, həmçinin kirayəçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin adları göstərilmişdirsə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinin tələbləri baxımından kirayəçinin özü və ya kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri (razılıq ərizələri əsasında) mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatını tələb etmək hüququna malikdirlər. Başqa sözlə, əgər kirayəçinin və kirayə müqaviləsində qeyd olunan digər şəxslərin razılıqları olarsa, bu zaman kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvü mənzil üzərində mülkiyyət hüquqlarını tələb edə bilər.
29. İddiaçı iddia ərizəsində dəlil olaraq qeyd etmişdir ki, yeganə yaşayış yeri olan mübahisəli mənzilə dair atasının hüquqları qeydiyyata alınmış və bu barədə onun razılığı alınmamışdır.
30. Məhkəmə sorğusu nəticəsində mübahisəli mənzilə dair çıxarışın verilməsinə əsas olan sənədlərin surətləri, eləcə də iddiaçının razılıq ərizəsinin əsli məhkəməyə təqdim edilmişdir.
31. Məhkəmə iddiaçının irəli sürdüyü dəlili araşdırmaq məqsədi ilə iş üzrə məhkəməxətşünaslıq ekspertizasını təyin etmişdir.
32. Bununla bağlı olaraq Ədliyyə Naziriliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/40 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, işin 69(”a”)-cu vərəqində Mənzilin atası X4 adına özəlləşdirilməsinə etiraz etməməsi barədə İddiaçı adından olan xx.xx.2003-cü il tarixli razılıq ərizəsində “İddiaçı” əlyazmalarından əvvəl yerləşən imza- İddiaçı tərəfindən icra olunmuşdur.
33. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 22, 60 nömrəli mənzil üzərində mülkiyyət hüququ X4 adına daşınmaz əmlakın dövlət reyestrində qanuni əsaslarla qeydiyyata alınmışdır. Təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizası nəticəsində verilən ekspert rəyində də bir daha öz təsdiqini tapmışdır ki, iddiaçı sözügedən mənzili atası X4 adına qeydiyyata alınmasına razılığı şəxsən vermişdir.
34. Bu səbəbdən də məhkəmə cavabdehin iddiaçıya aid tələblərin təmin edilməsindən imtinasını əsaslı hesab edir.
35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
36. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddia əsassız olduğundan rədd edilməlidir.
37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 138 (yüz otuz səkkiz) manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu: 142595; Büdcə səviyyəsinin kodu 3; SAP (XİİS) hesabı: Adı: X1; kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********; hesab: AZ34CTRE********************) köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva