Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-16684/2025 19.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Xətai Rayon Polis İdarəsinə (üçüncü şəxslər X6 və digərləri) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2009-cu il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 60 ünvanında yerləşən 21 saylı mənzil İddiaçı (bundan sonra iddiaçı) xüsusi mülkiyyətindədir. İddiaçı X6, X10 və X9 qeydiyyatdan çıxarılması barədə ərizə ilə Bakı şəhər Xətai Rayon Polis İdarəsinə (bundan sonra– Cavabdeh) müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1.Yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən, 2. Başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq dövlət orqanının məlumatına əsasən, 3. Öldükdə və ya məhkəmə qətnaməsi əsasında ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, 4. Yaşayış sahəsindən istifadə hüququna xitam verildikdəməhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qanunda göstərilən sənədlərdən hər-hansı birini təqdim etdiyi halda qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1, X7 və X9 iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 60 nömrəli evin 21 saylı mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X6, X10 və X14 (bundan sonra üçüncü şəxslə) üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayon, Babək prospekti, 60 nömrəli evin 21 saylı mənzili 2009-cu ildən iddiaçının mülkiyyətindədir. Üçüncü şəxs X5 iddiaçının qızıdır. O, iddiaçıdan xahiş etmişdir ki, ona azyaşlı uşaqları ilə birlikdə mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 60 nömrəli evin 21 saylı mənzilinə müvəqqəti qeydiyyata düşmələrinə icazə versin. X1 və onun yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X9 2018-ci ildə iddiaçıya məxsus adı çəkilən mənzilə pasport qeydiyyatına düşmələrinə razılıq vermiş, lakin onlar bu mənzilə köçməmiş, iddiaçı ilə birlikdə yaşamamış, birgə təsərrüfat aparmamış və mənzildə onlara məxsus hər hansı bir əmlak belə yoxdur. Üçüncü şəxs X1 və onun yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X9 iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 60 nömrəli evin 21 saylı mənzilindən pasport qediyyatından çıxarılmaları üçün Xətai Rayon Polis İdarəsinə yazılı müraciət etmiş, lakin sonuncu 05.03. 2024-cü ildə bundan imtina etmişdir. Məsələ ilə bağlı Bakı İnzibati Məhkəməsində Xətai Rayon Polis İdarəsinə qarşı adı çəkilən şəxslərin ona məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 60 saylı evin 21 saylı mənzilindən pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-1(112)-7806/2024 nömrəli Qərarı ilə iddia rədd edilmişdir. İddianın rədd edilməsi üçün əsas üçüncü şəxsin və onun yetkinlik yaşına çatmayan azyaşlı uşaqlarının iddiaçıya məxsus adı çəkilən mənzildən istifadə hüquqlarının hal-hazırda mövcud olub-olmamasının müəyyən edilməsinin inzibati məhkəmənin səlahiyyətinə aid olmaması olmuşdur. Məsələ ilə bağlı Xətai Rayon Məhkəməsində üçüncü şəxsin iddiaçıya məxsus adı çəkilən mənzildən istifadə hüququna xitam verilməsi barədə iddiası Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)- 510/2025 nömrəli Qətnaməsi ilə təmin olunmuş, üçüncü şəxs X1 və onun yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X9 ona məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 60 nömrəli evin 21-ci mənzilindən istifadə hüquqlarına xitam verilmişdir. Qətnamədən üçüncü şəxs apellyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-2454/2025 nömrəli Qətnaməsi ilə şikayət qismən təmin olunmuş, Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-510/2025 nömrəli Qətnaməsi ləğv olunmuş, iddiaçının X3 və onun yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2009-cu il təvəllüdlü X11 qarşı mənzildən istifadə hüququnun itirilməsinə dair iddiam rədd edilimişdir. Əsas ondan ibarət olmuşdur ki, onların iddiçıya məxsus mənzildə faktiki yaşamalarını təsdiq edən və həmin mənzildə istifadə hüququnun olmasını təsdiq edilməsinə dair mötəbər sübutlar təqdim edilmədiyindən, onların həmin mənzildən istifadə hüquqları mövcud olmadığından iddia əsassız hesab edilmiş, çünki mövcud olmayan hüquqlara xitam verilə bilməzdi. Apellyasiya məhkəməsinin gəldiyi nəticədən belə qənaətə gəlmək olur ki, məsələnin həlli inzibatı məhkəməyə aiddir. Bundan sonra X4, X7 və X9 Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 60 nömrəli evin 21 saylı mənzilindən pasport qeydiyyatından çıxarılmaları üçün yenidən cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2025-ci il tarixli, 3-13-55/2-33172-R nömrəli məktubla yenidən bundan imtina etmişdir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan xx.xx.2009-cu il tarixli bağışlama müqaviləsindən görünür ki, X12, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu ildə tarixdə verilmiş 11/18905 arayışa və xx.xx.2002-ci ildə verilmiş 1234 reyestr kitabı, 185393 səhifə, 30/ 23562 qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 60 nömrəli binada yerləşən 30,14 kv.m y/s, 48,14 kv.m üm/s olan iki otaqlı 21 nömrəli mənzili tam xalası- İddiaçı bağışlamışdır. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, üçüncü şəxslər Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 60 nömrəli binada yerləşən 21 saylı mənzildə qeydiyyatdadırlar. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-51183/2025 nömrəli məktubundan görünür ki, X1, X7 və X9 Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanı üzərində mülkiyyət, istifadə hüququnun qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. 29 saylı MKİS-nin sorğuya cavab məktubundan görünür ki, X6, X10 və X14 21 saylı mənzildə qeydiyyatdadırlar, lakin yaşamırlar. İddiaçı hazırda mülkiyyətində olan mənzildə yaşamayan və hüquqlarının olmadığını iddia etdiyi üçüncü şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, aydındır ki, istifadə hüququna xitam verilmə barədə qətnamə, şəxs həmin yaşayış sahəsində yaşamırsa, onun yaşayış sahəsindən çıxarılmasına dair qətnamə mövcud olmayacaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.” Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. Üçüncü şəxslərin istifadə hüququ ilə bağlı məhkəmə qeyd edir ki, işdə olan Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-510/2025 nömrəli qətnaməsindən görünür ki, X6, X10 və X9 Bakı şəhəri, Xətai rayonu, ünvan 1-dən istifadə hüquqlarına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)- 2454/2025 nömrəli qətnaməsindən görünür ki, cavabdeh X6 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli, 2(011)- 510/2025 saylı qətnaməsi ləğv edilmiş və İddiaçı cavabdehlər X6, X10 və X11 qarşı "mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Məhkəmə qətnaməsində göstərmişdir ki, “...Kollegiyanın iclasında tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, cavabdeh X17 Federasiyasında anadan omaqla 2005-ci il tarixdə də orada ailə qurmuş, bir müddətdən sonra ailəsi ilə Lənkəran şəhərinə köçmüş, 1 il orada yaşadıqdan sonra iddiaçıya məxsus Babək prospektindəki 23 saylı mənzilə köçmüş, ora qeydiyyata düşməklə 2018-ci ilə qədər orada yaşamışlar. Həmin mənzil 2018-ci ildə satıldıqdan sonra iddiaçıya məxsus digər, yəni, H.Aslanov qəsəbəsində (X.Məmmədov küçəsi, 43C ünvanında) yerləşən evə köçmüşlər. Lakin bu dəfə həmin evə deyil, iddiaçıya məxsus başqa, yəni, hazırki mübahisəli 21 saylı mənzilə qeydiyyata düşmüş, lakin orada yaşamamışlar. 2023-cü ilə kimi H.Aslanov qəsəbəsində (X.Məmmədov küçəsi, 43C ünvanında) yerləşən evdə yaşamış, nikahları pozulduqdan sonra Lalə həmin evi tərk edərək digər şəxslə ailə həyatı qurmuşdur. Beləliklə işin bu halları cavabdehlərin 21 saylı mənzildə faktiki yaşayıb-yaşamamaları hissəsi istisna olmaqla işin mübahisəsiz halıdır. İşin mübahisəli halı ilə bağlı kollegiya qeyd edir ki, cavabdehlərin 21 saylı mənzildə faktiki yaşamalarını təsdiq edən və həmin mənzilə istifadə hüququnun olmasını təsdiq edilməsinə dair mötəbər sübutlar təqdim edilməmişdir. Göründüyü kimi cavabdehlərin iddiaçıya məxsus mənzildən istifadə etməsinin hüquqi əsası, o cümlədən onların mənzildən istifadəni zəruri edən yaşayış sahəsinə olan ehtiyacları müəyyən olunmadığından və həmin mənzildə mülkiyyətçi ilə birlikdə yaşamadıqlarından, Amin Şükürov və Humay Şükürova isə atalarının yanında qalmalqa həmin mənzildə yaşamadıqlarından cavabdehlərin həmin mənzilə dair istifadə hüquqlarının olmaması müəyyən edilmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin Bakı şəhəri Xətai rayonu Babək prospekti ev 60, mənzil 21-dən istifadə hüquqları mövcud olmadığından, iddia tələbi əsassız olmuşdur, çünki mövcud olmayan hüquqlara xitam verilə bilməz.” Beləliklə, hazırkı məhkəmə qərarında sadalanan sübutlara əsasən müəyyən olunur ki, üçüncü şəxslər iddiaçının qızı və nəvələri olmaqla onun razılığı ilə mübahisəli ünvana qeydiyyata alınmışlar. Həmin şəxslərin hazırda mübahisəli yaşayış sahəsində yaşamaması, habelə qüvvədə olan Mülki Məcəllə və Mənzil Məcəlləsinə əsasən mənzilə hər hansı bir hüququnun olmaması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Deməli, öz razılığı ilə mülkiyyətində olan mənzilə qeydiyyata alınmış şəxslərin mülkiyyətçi olan iddiaçı tərəfindən 21 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün tələb olunan bütün şərtlər hazırkı işdə mövcuddur. Məhkəmə onu da qeyd edir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin olunsun. Üçüncü şəxslər xx.xx.1987-ci il təvəllüdlü X1, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X9 Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 60 nömrəli evin 21 saylı mənzili üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhər Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Səlma Qənbərova