Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1679/2024 05.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair plan-ölçünün verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair plan-ölçünün verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 05 iyun 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinin sağ kənarında yerləşən 0,12 ha torpaq sahəsinin (Çıxarış: qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022) faktiki ərazilərə uyğun olaraq plan-ölçünün verilməsini xahiş etmiş, lakin cavabdeh məktubunda torpaq sahəsi yol kənarı yaşıllıq ərazidə və sürüşmə zonasında yerləşməsini və faktiki torpaq sahəsinin koordinatları ilə qeydiyyatdan keçmiş sahənin koordinatları arasında fərq olmasını əsas gətirərək, müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinin sağ kənarında yerləşən 0,12 ha torpaq sahəsinin (Çıxarış: qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022) faktiki ərazilərə uyğun olaraq plan-ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinin sağ kənarında yerləşən 0,12 ha torpaq sahəsinin alqı-satqısı ilə bağlı iddiaçı və X3 arasında bağlanmış AN-İ seriyalı, 070689 nömrəli, xx.xx.2018-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, həmin daşınmaz əmlak iddiaçıya satılmışdır. Torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması və onun adına dövlət reyestrindən çıxarışın verilməsinə imtina edilməsi ilə bağlı cavabdehin xx.xx.2018-ci il tarixli, **********36 nömrəli və 28 yanvar 2019-cu il tarixli, **********82 nömrəli məktublarını təhvil aldıqdan sonra Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4233/2021 nömrəli, 16 iyun 2021-ci il tarixli qərarı ilə iddia ərizəsi təmin edilmiş və hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyesrtindən çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Qeyd edilən məhkəmə qərarından cavabdeh apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 308/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti əsasında Azərbaycan Respublikasının Ali Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2-1(102)-113/2022 nömrəli qərar qəbul etmiş və kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-308/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin **********36 nömrəli və 28 yanvar 2019-cu il tarixli, **********82 nömrəli məktublar ilə imtina əsası kimi “torpaq sahəsinin sərhədlərinin şərti olması” çıxış etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4233/2021 nömrəli, 16 iyun 2021-ci il tarixli qərarı qanuni qüvvəyə mindikdən 5 aydan daha artıq müddət sonra mülkiyyətində olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2022-ci il) təqdim olunmuş, lakin torpaq sahəsinin planı və ölçüsü təqdim olunmamışdır. Bu səbəbdən, tərəfindən qanuni mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinin sağ kənarında yerləşən 0,12 ha torpaq sahəsiə dair planölçünün təqdim olunmasına dair cavabdehə müraciət olunmuş, lakin cavabdehin xx.xx.2023-cü il tarixli, **********91 nömrəli məktubu ilə eyni əsasla, yəni “torpaq sahəsinin yol kənarı yaşıllıq ərazidə və sürüşmə zonasında yerləşməsi, habelə faktiki torpaq sahəsinin koordinatları ilə qeydiyyatdan keçmiş sahənin koordinatları arasında fərqin olması” səbəbindən plan ölçünün verilməsindən imtina olunmuşdur. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi yol kənarı yaşıllıq ərazidə və sürüşmə zonasında yerləşir. Eyni zamanda, idarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, müvafiq torpaq sahəsi Badamdar şossesinin kənarında şam ağacları olan mürəkkəb relyefli ərazidə yerləşir və sərhədləri şərtidir. Həmçinin faktiki olaraq göstərilən torpaq sahəsinin koordinatları ilə qeydiyyatdan keçmiş sahənin koordinatları arasında fərq mövcuddur. Həmçinin, elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin 86 kv.m hissəsi X2 (fin: 14GE8D3), 177 kv.m hissəsi X1 (fin: 2BLMNFN) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş sahələrlə üst-üstə düşür. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinin sağ kənarında yerləşən 0,12 ha torpaq sahəsi ********** qeydiyyat nömrəli, xx.xx.2022 qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətindədir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4233/2021 nömrəli, 16 iyun 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinin sağ kənarında yerləşən 0,12 ha torpaq sahəsi üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyesrtindən çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-308/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4233/2021 nömrəli, 16 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2-1(102)-113/2022 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-308/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş ortofotodan görünür ki, iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə iddiaçının faktiki olaraq (********** nömrəli müraciətlə) tələb etdiyi sahə arasında fərq mövcuddur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş (1 nömrəli əlavə) “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”:
4. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənədlərin verilməsi 4.1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. 4.2. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur.
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır
Məhkəmənin mövqeyi: Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir. İş matreriallarından göründüyü kimi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinin sağ kənarında yerləşən 0,12 ha torpaq sahəsi ********** qeydiyyat nömrəli, xx.xx.2022 qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətindədir. Sözügedən qeydiyyat yuxarıda istinad edilən məhkəmə aktlarına əsasən aparılmışdır. İddiaçı hazırda ərizəsindən də göründüyü kimi, qeydiyyatdan keçmiş torpaq sahəsinin (qeydiyyatdan keçmiş torpaq sahəsinin planı və ölçüsünün verilməsindən cavabdeh imtina etməmişdir.) deyil, faktiki ərazilərə uyğun olaraq torpaq sahəsinin planı və ölçüsünü cavabdehdən tələb edir. İddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, o demək deyildir ki, faktiki olaraq digər bir sahəyə plan və ölçü tələb edə bilər. Həmçinin iddiaçının plan və ölçü verilməsini iddia etdiyi sahə 86 və 117 kv.m. hissələrdə digər qeydiyyatdan keçmiş sahələrlə üst-üstə düşür. Qaldı ki, iddiaçı qeydiyyatdan keçmiş torpaq sahəsinin hazırda göstərdiyi torpaq sahəsi olduğunu iddia edirsə bunu hazırkı iddia çərçivəsində deyil, çıxarışın verilməsinə əsas olmuş məhkəmə icraatında həll etməli və həmin qərarın icrasını mübahisələndirməlidir. Bunun üçün ayrıca iddia verilməməlidir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair plan-ölçünün verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov