Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1680/2024 18.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı «şəxsiyyət vəsiqəsinin verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı «şəxsiyyət vəsiqəsinin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı 4 aprel 1958-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Azərbaycan Respublikası müstəqilliyini qazandığı vaxtdan onun vətəndaşıdır və yalnız burada yaşayıb fəaliyyət göstərmişdir. Sonuncu dəfə Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi ona 14 yanvar 2013-cü il tarixdə təqdim edilmişdir. Yeni nəsil (biometrik göstəriciləri özündə əks etdirən) şəxsiyyət vəsiqəsinin alınması üçün 2 saylı Bakı “Asan xidmət” mərkəzinə müraciət etdikdə, ona yeni şəxsiyyət vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İmtinanın əsası kimi Azərbaycan Respublikasının vətəndaşı olması ilə bərabər Rusiya Federasiyasının da vətəndaşı olduğu bildirilmişdir. Rusiya Federasiyasında həmin ölkənin vətəndaşlığını qəbul etməsi təklif olunduqda, bunun ona hər hansı bir problem yaratmayacağını düşünmüşdür. Odur ki, iddiaçı yeni nəsil şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin onun müraciətinə bu günədək cavab verilməmişdir. İddiaçı doğulduğu vaxtdan Azərbaycan Respublikasında yaşayır və burada çalışmışdır. İddiaçı Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinə Rusiya Federasiyasının vətəndaşlığından çıxmağı barədə ərizə ilə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 52-ci maddəsinə, «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Qanunun 1, 8-ci maddələrinə əsaslanaraq, İPM-in 34-cü maddəsini rəhbər tutaraq, iddiaçıya yeni nəsil (biometrik göstəriciləri özündə əks etdirən) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi (vəkili) gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Cavabdehin məhkəməyə ünvanlanmış məktubunda işə qurumun nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə etdi və bildirdi ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, Bakı şəhərində yaşayır, Rusita Federasiyasına gedən zaman ona həmin ölkənin vətəndaşlığını qəbul etmək təklif olunmuşdur. Onun qüvvədə olan şəxsiyyət vəsiqəsi də var. O, yeni nəsil şəxsiyyət vəsiqəsi almaq üçün cavabdehə müraciət etmişdir. lakin müraciətə cavab verilməmişdir. İddianın təmin edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iddiaçının nümayəndısini (vəkilini) dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 6-cı maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər aşağıdakılardır: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı; Azərbaycan Respublikası vətəndaşının pasportu. «Pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra on iş günü müddətində, Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxsin (şəxslərin) təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda isə iki iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi «Pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamədə nəzərdə tutulan sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Ümumvətəndaş pasportunun verilməsi üçün zəruri olan sənədlərin X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər vətəndaşdan tələb edilmir. Belə sənədlərin X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda ümumvətəndaş pasportu vətəndaşın ödədiyi dövlət rüsumunun məbləğinə müvafiq olaraq beş və ya bir iş günü müddətində verilir. Ümumvətəndaş pasportunun verilməsi üçün dövlət rüsumu alınır. Ümumvətəndaş pasportu 1 yaşınadək uşaqlar üçün bir illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar üçün üç illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə on illik müddətə verilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən pasport verilməsi haqqında vətəndaşın ərizəsinə (müəssisənin, idarənin, təşkilatın vəsatətinə) pasportun tipindən asılı olaraq bu Qanunun 4, 5 və ya 6-cı maddələrində nəzərdə tutulmuş müddətlərdə, əkər səfər xaricə gedən şəxsin və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa, bu faktları təsdiqləyən sənəd təqdim edildikdən ən geci 48 saat keçənədək baxılır. Vətəndaşın ölkədən getmək hüququ Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində göstərilmiş hallara əsasən müvəqqəti məhdudlaşdırıldıqda pasport verilməsi haqqında xahiş səbəbləri yazılı şəkildə ərizəçinin (vəsatət verənin) nəzərinə çatdırılmaqla rədd edilir və onların təkrar ərizəsinə (vəsatətinə) imtinanı doğuran səbəblər aradan qaldırıldıqdan sonra baxılır. Vətəndaş haqqında yalan məlumat yazılmış və ya qüvvədən düşmüş sənəd təqdim olunubsa, pasportun verilməsindən imtina edilir və həmin məsələyə yalnız yeni sənədlər təqdim edildikdən sonra baxıla bilər. Dövlət sirrinin mühafizəsi ilə əlaqədar pasportun verilməsindən imtina yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda edilir. Pasportun verilməsi haqqında ərizəyə (vəsatətə) baxılmasının süründürülməsindən və ya buna imtina edilməsindən vətəndaş inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər. Pasportu verən orqanın iş qrafiki haqqında məlumatlar, pasportun verilməsi və dəyişdirilməsi üçün tələb olunan sənədlərin siyahısı və ödənilməli olan dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanının rəsmi internet saytında və pasportu verən qurumlarının binalarının qarşısında hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilməlidir. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, şəxsiyyət vəsiqəsindən həmin dövlətlərdə də vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə onun ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər. Azərbaycan Respublikasının hər bir vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildikdən sonra bir ay müddətində şəxsiyyət vəsiqəsi almalıdır. 15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşı şəxsiyyət vəsiqəsini onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti əsasında almaq hüququna malikdir. Hər bir vətəndaş və ya vəsiqə sahibinin qanuni nümayəndəsi şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, bu Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə, onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir. Şəxsiyyət vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Həmin Qanunun 4-cü maddəsinə görə şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamədə nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciətindən ən geci 10 gün keçənədək verilir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi üçün zəruri olan sənədlərin X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər vətəndaşdan tələb edilmir. Belə sənədlərin X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. 5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir. Bu maddənin ikinci hissəsində göstərilən hallardan biri baş verdikdən sonra vətəndaş və ya onun qanuni nümayəndəsi şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün bir ay müddətində vəsiqəni verən orqana özü və ya vətəndaşın qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs vasitəsilə müraciət etməlidir. 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin ərizəsi və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında həyata keçirilir. 15 yaşı tamam olmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsində onun fotoşəkli yerləşdirilir, lakin şəxsi imzası göstərilmir. 15 yaşı tamam olmamış vətəndaşdan əl-barmaq izləri götürülmür, habelə ona verilən şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına vətəndaşın ailə vəziyyəti, boyu, gözlərinin rəngi, hərbi vəzifəsi və bu Qanunun 3-cü maddəsinin ikinci hissəsinin altıncı-səkkizinci abzaslarında göstərilən məlumatlar daxil edilmir. Fotoşəkilə dair tələblər, şəxsiyyət vəsiqəsini verən orqanın iş qrafiki haqqında məlumatlar, vəsiqənin verilməsi və dəyişdirilməsi üçün tələb olunan sənədlərin siyahısı və ödənilməli olan dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanının rəsmi internet saytında və vəsiqəni verən yerli qurumlarının binalarının qarşısında hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilməlidir. Həmin Qanunun 8-ci maddəsinə əsasən bu Qanunun tələblərinə zidd olaraq şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilməsində, onun verilməsi üçün vətəndaşdan, qanuni nümayəndəsindən, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsdən nəzərdə tutulmayan sənədlər tələb edilməsində və ya şəxsiyyət vəsiqəsinin verilməsində (dəyişdirilməsində), vəsiqənin elektron daşıyıcısındakı məlumatların dəyişdirilməsində süründürməçilik edilməsində, habelə şəxsiyyət vəsiqəsinin oğurlanmasında, qanunsuz hazırlanmasında, saxtalaşdırılmasında, satılmasında və ya ondan qanunsuz istifadə olunmasında təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati icraat qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 39.1-ci maddəsinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən iddiaçının müvafiq müraciətinə baxılmsı üzrə hərəkətsizlik edildiyindən və müraciət tarixindın 35 gündən artıq vaxt keçdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə diqqətə çəkir ki, cavabdehin iddiaçıya Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən (yeni nəsil – biometrik göstəriciləri özündə əks etdirən) sənədin verilməsindən imtina etməsi, həmin sənədin verilməsi ilə bağlı hərəkətsizliyi əsassız olmaqla yanaşı iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, məhkəmənin qənaətinə görə iddiaçının ikili vətəndaşlığı olması onun Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən (yeni nəsil – biometrik göstəriciləri özündə əks etdirən) sənədlə təmin edilməsindən imtina olunmasına əsas vermir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdehin iddiaçıya Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədin – yeni nəsil (biometrik göstəriciləri özündə əks etdirən) şəxsiyyət vəsiqəsi ilə təmin edilməsinin məhdudlaşdırılması ilə bağlı hərəkətsizliyi qanunsuz qiymənləndirilir və onun hüquqlarının pozulmasına səbəb olur. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən (yeni nəsil – biometrik göstəriciləri özündə əks etdirən) sənədin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən (yeni nəsil – biometrik göstəriciləri özündə əks etdirən) sənədin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №e-2-1(112)-1680/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1680/2024
18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver