Məhkəmə qərarları › İş №e-2-1(112)-1681/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1681/2024

02.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1681/2024 02.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının nümayəndəsi X8, Cavabdehin nümayəndəsi X12, Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X6 və X13) “hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı Bakı şəhəri, ünvan 3 üzərində təqdim edilən lazımi sənədlərin əsasında hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbini irəli sürərək iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasınınİqtisadiyyət Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsi Bakı şəhəri, ünvan 3 üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2023-cü il tarixində müraciəti inzibati orqanın hərəkətsizlik əlaməti olan məktubu ilə cavablandırmışdır. Belə ki, cavabdeh 22 iyun 2023-cü il tarixli cavab məktubunda tələb etdiyi sənədlər (üzvlərin iclasının protokolundan çıxarış, üzvlərin siyahısından çıxarış, sahənin yerləşmə planı) Nümayəndə tərəfindən 08 iyun 2023-cü il tarixində ona təqdim edilib, lakin cavabdeh sənədlərin qəbulundan 184 saylı sahənin sahibi İddiaçı Rusiya vətəndaşı olduğundan qəbul etməyib. Cavabdeh 184 saylı sahə üzrə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.4-cü maddəsinə uyğun sahənin bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilməsi barədə iddiaçının etibarnamə ilə nümayəndəsindən yazılı şəkildə öhdəlik tələb etmək əvəzinə sadə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması işini uzun, sonu görünməz olan istiqamətə yönəldib. Hazirkı ərizə ilə iddiaçının etibarnamə ilə nümayəndəsi məhkəmə qarşısında Ərizəni imzalayan şəxs haqqında məlumat: Bakı şəhəri, ünvan 3 üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tarixindən 1 (bir) il müddətində sahənin özgəninkiləşdirilməsinə öhdəlik götürür. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə inzibati məhkəmə icraatı üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi həmin publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X6 və X13 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi “Şinçi” bağ massivində 1200 kv.m 184 nömrəli bağ sahəsi üzərində xüsusi mülkiyyət hüququnun 1 il müddəti ərzində məcburi qaydada özgəninkiləşdirmə şərti ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının cavabdehə həvalə edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyət Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxs İddiaçı Bakı şəhəri, ünvan 3 üzərində təqdim edilən lazımi sənədlərin əsasında hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** daxilolma nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü ill tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası zamanı aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, hüquq sahibi əcnəbidir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48.3-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilər. Bundan əlavə, iddiaçı tərəfindən İdarəyə və məhkəməyə təqdim edilən protokoldan çıxarış aydın oxunmur. 184 nömrəsi ilə eyni bağçılıq-yoldaşlıq təsərrüfatı (“Şinçi”) nəzdində digər fiziki şəxsə X4 torpaq sahəsi ayrılmış və daşınmaz əmlakın dövlət reyestrində bağ evi kimi qeydiyyata alınaraq sonradan notariat qaydasında bağlanılmış bağışlanma müqaviləsi əsasında X1 və X7 adına özgəninkiləşdirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 28110/2024 **********10 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, İddiaçı adına “Şinçi” bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində 184 saylı bağ sahəsinin ayrılmasına dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. Sorğunun icrası ilə əlaqədar olaraq surəti əlavə edilmiş ******* nömrəli çıxarışın verilməsinə əsas olmuş bağ evinin bağışlama müqaviləsinin və digər müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilir. X9 ilə X6 və X13 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli bağ evinin bağışlama müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən istifadəsində olan 0,12 ha torpaq sahəsi və üzərində olan A, D literli birmərtəbəli yeddiotaqlı yaşayış sahəsi 87,5 kv.m olan, yardımçı sahəsi 26,32 kv.m, ümumi sahəsi 113,82 kv.m olan bağ evinin istifadəsində olan 0,06 ha olan torpaq sahəsi və A liter beşotaqlı yaşayış sahəsi 61,88 kv.m olan, yardımçı sahəsi 17,7 kv.m, ümumi sahəsi 79,59 kv.m oğlu X2 və istifadəsində olan 0,06 torpaq sahəsi və D liter ikiotaqlı yaşayış sahəsi 25,62 kv.m yardımçı sahəsi 8,61 kv.m ümumi sahəsi 34,23 kv.m oğlu X10 bağışlanılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 37848/2023 **********48 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(112)-11963/2023 saylı sərəncamında və sərəncama qoşma edilən iddia ərizəsində cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs qeyd olunmuşdur. Həmçinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə 1 saylı Bakı Ərazi İdarəsi əlavə edilməmişdir. Göründüyü kimi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəf olmamışdır. Belə ki, sözügedən iddia ərizəsi üzrə 1 saylı Bakı Ərazi İdarəsi tərəf olaraq cəlb ediləcəyi təqdirdə qanunamüvafiq tədbirlər görüləcəkdir. Azərbaycan Respublikası İPM-in 9-1.1-ci maddəsinə əsasən “Elektron məhkəmə" informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə iddiaçının (ərizəçinin) seçimi əsasında inzibati məhkəmə icraatı elektron qaydada, bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıla bilər. Azərbaycan Respublikası İPM-in 9-1.3-cü maddəsinə əsasən İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayə" və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası İPM-in 9-1.9-cu maddəsinə əsasən inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda proses iştirakçılarının adlarının, onların poçt ünvanlarının, istifadələrində olan elektron poçt ünvanlarının, mobil telefon nömrələrinin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməsi işə baxan məhkəmə tərəfindən təmin edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə ünvanlanmış 3-21-3-30/2-R-0236-8/2023 **********16 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, bağ sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində (2007-ci il mayın 22- dək) müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə ünvanlanmış 3-21-3-30/2-R-0300-8/2023 **********25 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, hüquq sahibi əcnəbidir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48.3-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xanci dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilər. Bundan əlavə, tərəfinizdən təqdim edilən protokoldan çıxarış aydın oxunmur. “Daşınmaz əmlakın dövlət reyestn haqqında” Azərbaycan Respublikası Oanununun 111-ci maddəsinə əsasən hüquqlann mövcudluğunu, eldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Zirə bağ massivində yerləşən 184 saylı bağa (“Şinçi” b/y) dair torpaq sahəsinin texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, müvafiq torpaq sahəsinin faktiki sahəsi 1200,0 kv.m-dir. Göstərilən sahə hasar daxilindədir. Təqdim edilmiş sənədlərin surətindən bağın sahəsinin ölçüsünü dəqiqləşdirmək mümkün olmamışdır. Sözügedən sahənin koordinatları əlavə edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 43402/2023 **********02 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 184-210 saylı bağ evi “Şinçi” bağçılıq yoldaşlığı tərəfindən təqdim edilmiş üzvlük kitabçası (№ 200) və həmin bağçılıq cəmiyyəti idarə heyətinin xx.xx.1994-cü il tarixli protokolu əsasında 23.01,1998-cü il tarixdə X3 adına qeydiyyata alınmışdır. Daha sonra xx.xx.2013-cü il tarixdə isə 184 saylı bağ evinə dair verilmiş qeydiyyat vəsiqəsi çıxarışla əvəz edilmişdir. Bakı şəhəri 33 saylı dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli 4-Ə/01-62 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında 184 saylı bağ evi paylı mülkiyyət kimi xx.xx.2014-cü il tarixdə X1, xx.xx.2014-cü il tarixdə X7 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətlərindədir. Sorğunun icrası ilə əlaqədar olaraq müvafiq sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 184 saylı bağ evində yerləşən A tikilisi X1 (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014-cü il), D tikilisi X7 (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014-cü il) xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 184 saylı bağ evində yerləşən A tikilisi X1 (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014-cü il), D tikilisi X7 xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2014-cü il) əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 184 saylı bağ evi X3 xüsusi mülkiyyətindədir. Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 184 saylı bağ evinə dair torpaq sahəsinin **********20-11301 reyestr nömrəli xx.xx.2014-cü il tarixli planının surəti iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir (hüquq subyekti X13 və başqaları). Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 184 saylı bağ evinə dair torpaq sahəsinin **********20-11301 reyestr nömrəli xx.xx.2014-cü il tarixli planının surəti iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir (hüquq subyekti X6 və başqaları). Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 184 saylı bağ evinə dair torpaq sahəsinin **********20-11301 reyestr nömrəli xx.xx.2014-cü il tarixli planının surəti iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir (hüquq subyekti X11). Bakı şəhəri X17 İcraiyyə Komitəsinin 212 saylı xx.xx.2014-cü il tarixli sərəncamına əsasən Zirə qəsəbəsində yerləşən vətəndaş X5 məxsus 184 saylı bağ sahəsində «B» tikilisinin sökülməsindən, 1 mərtəbəli, 2 yaşayış otağı- 25,62 kv.m, köməkçi sahəsi 8,61 kv.m, meydança 25,03 kv.m tikintisindən ibarət əlavə və dəyişikliklər qeydiyyata alınmışdır. Zirə qəsəbəsində yerləşən vətəndaş X5 məxsus 184 saylı bağda olan əlavə və dəyişikliklərin həmin bağın reyestrdən çıxarışı və texniki pasportunda qeydə alınması Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən xahiş edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən təqdim edilmiş 9/A-7942ə-1159 saylı xx.xx.2012-ci il tarixli arayışa əsasən X5 məxsus olan mənzilin qeydiyyat vəsiqəsinin tapılması barədə Baki şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna məlumat daxil olmamışdır. Bakı Şin Zavodunun Həmkarlar Komitəsi “Şinçi” Bağçılıq Cəmiyyətinin İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.1988-ci il tarixli çıxarışdan görünür ki, torpaq sahələrinin püşkatma yolu ilə təyin edilməsi qərara alınmışdır. Püşkə görə İddiaçı və onun ailəsinə 1200 kv.m olan 184 nömrəli bağ təyin edilmişdir (184. İddiaçı). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 43811/2023 **********11 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən Bakı şəhəri, ünvan 3 ünvanına baxış keçirilmişdir. Məlum olmuşdur ki, müvafiq torpaq sahəsi hasar daxilindədir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi “Şinçi” bağçılıq yoldaşlıq ayrıc aktı daxilinə düşür. Sözügedən bağ 184 saylı bağın ərazisinə uyğun gəlir. Reyestr 155 saylı bağların ərazisində qeydiyyata alınmışdır (ayrıc aktı daxilindədir). “Şinçi” bağçılıq yoldaşlığın bölgü sxeminin təsdiq edilmiş surəti təqdim edilmişdir. Bakı Şin Zavodunun Həmkarlar Komitəsi “Şinçi” Bağçılıq Cəmiyyətinin üzvlərinin siyahınından görünür ki, 184-cü sırada İddiaçı adı qeyd edilmiş, adının qarşısında 184 nömrəli Sahə qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X6 izahatında iddiaçı ilə bağ sahələrinin fərqli ərazilərdə yerləşdiyini, bağlarının üst-üstə düşmədiyini, iddiaçının iddiasının təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Üçüncü şəxs X13 məhkəmə iclasında iştirak etməmişdir. II. İddianın növü və mümkünlüyü “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir: Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il qanununun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsindan: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 8.0.5. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. X21 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). X21 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var. Məhkəmə qeyd edir ki, Bakı Şin Zavodunun Həmkarlar Komitəsi “Şinçi” Bağçılıq Cəmiyyətinin İdarəsi tərəfindən təqdim edilmiş üzvlərin iclas protokolundan xx.xx.1988-ci il tarixli çıxarışdan görünür ki, torpaq sahələrinin püşkatma yolu ilə təyin edilməsi qərara alınmışdır. Püşkə görə İddiaçı və onun ailəsinə 1200 kv.m olan 184 nömrəli bağ təyin edilmişdir (184. İddiaçı). Bakı Şin Zavodunun Həmkarlar Komitəsi “Şinçi” Bağçılıq Cəmiyyətinin üzvlərinin siyahınından görünür ki, 184-cü sırada İddiaçı adı qeyd edilmiş, adının qarşısında 184 nömrəli Sahə qeyd edilmişdir. Torpaq sahəsi “Şinçi” bağçılıq yoldaşlıq ayrıc aktı daxilinə düşür. Sözügedən bağ 184 saylı bağın ərazisinə uyğun gəlir. Cavabdeh qurum tərəfindən bildirilən etirazın “184 nömrəsi ilə eyni bağçılıq-yoldaşlıq təsərrüfatı (“Şinçi”) nəzdində digər fiziki şəxsə X4 torpaq sahəsi ayrılması və daşınmaz əmlakın dövlət reyestrində bağ evi kimi qeydiyyata alınaraq sonradan notariat qaydasında bağlanılmış bağışlanma müqaviləsi əsasında X1 və X7 adına özgəninkiləşdirilməsi” barədə dəlili məhkəmə tərəfindən araşdırılaraq müəyyən edilmişdir ki, sözügedən bağ sahəsi iddiaçının bağ sahəsi ilə fərqli ərazilərdə yerləşməklə iddiaçının hüquqlarının qeydiyyatı üçüncü şəxslərin hüquqlarına toxunmur. Məhkəmə xüsusilə qeyd edir ki, cavabdeh qurum tərəfindən bildirilmişdir ki, hər iki bağ sahəsi “Şinçi” bağçılıq yoldaşlıq ayrıc aktı daxilinə düşür. İddiaçının bağı 184 saylı bağın ərazisinə uyğun gəlir. Reyestr (üçüncü şəxslərə münasibətdə) isə 155 saylı bağların ərazisində qeydiyyata alınmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən bildirilən dəlil iddiaçının hüquqlarının qeydiyyatından və çıxarışın tərtib edilməsindən imtina üçün əsas ola bilməz. Torpaq Məcəlləsinin 48-ci maddəsinin 3-cü hissəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Torpaq Məcəlləsinin 49-cu maddəsinə (Torpaq üzərində xüsusi mülkiyyət hüququ) əsasən:

1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.

2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.

3. Keçmiş torpaq mülkiyyətçilərinin (onların varislərinin) torpaq sahələri üzərində hüquqlarının restitusiyasına yol verilmir.

4. Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. İddiaçının əcnəbi olması səbəbindən onun adına mülkiyyət hüquqlarının qeydə alınmasının yolverilməzliyinə münasibətdə məhkəmə qeyd edir ki, qanunverici əcnəbinin adına torpaq sahəsinə xüsusi mülkiyyət hüquqlarının qeydiyyatını istisna etmir (bax 35-ci bənd). Həmin normaya əsasən torpaq sahəsi torpaq vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçdiksə bir il müddətində əcnəbinin mülkiyyətində qala bilər. Məhkəmə hesab edir ki, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələri əvəzsiz qaydada vətəndaşların mülkiyyətinə verilmişdir. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən (vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi) vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Beləliklə məhkəmə hesab edir ki, qeyd edilən torpaq sahəsi əvəzsiz olaraq ona verildiyindən mülkiyyət hüquqlarının qeydə alınmasına iddiaçının qanuni gözləntisi vardır. Belə ki, X18 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. Məhkəmə həmçinin nəzərə alır ki, iddiaçı iddia tələbində Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi “Şinçi” bağ massivində sahəsi 1200 kv.m olan 184 nömrəli bağ sahəsi üzərində xüsusi mülkiyyət hüququnun 1 il müddəti ərzində məcburi qaydada özgəninkiləşdirmə şərti ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini xahiş edir. Qeyd edilənlərə əsasən, məhkəmə iddiaçının əcnəbi olmasına baxmayaraq, adına qeyd edilən 184 nömrəli bağ sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının qeydiyyatının Torpaq Məcəlləsinin 49-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğun olduğunu hesab edir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydı alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir. Odur ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla iddiaçının həmin bağ sahəsinə dair hüquqlarının qeydiyyatını təmin etməlidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi “Şinçi” bağ massivində sahəsi 1200 kv.m olan 184 nömrəli bağ sahəsi üzərində xüsusi mülkiyyət hüququnun 1 il müddəti ərzində məcburi qaydada özgəninkiləşdirmə şərti ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar