Məhkəmə qərarları › İş №e-2-1(112)-1699/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-1699/2023

24.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1699/2023 24.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Xüsusi Şərtlərlə Təyinat X5nın nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat X5na qarşı “güzəştli şərtlərlə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Xüsusi Şərtlərlə Təyinat X5na qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2009-cu il tarixdən hazırkı vaxtadək "xxxx" MMC-nin uçuş dəstəsinin İL-76 hava gəmisi üzrə uçuş istehsalat qrupunun İL-76 tipli hava gəmisinin bortoperatoru vəzifəsində işləyir. Uçuş saatlarının sayı xx.xx.2022-ci il tarixə 5.628 saat 24 dəqiqə təşkil edir. Onun ümumi əmək fəaliyyəti xx.xx.2001-ci ildən başlayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarının 21.3-cü maddəsinə əsasən hava gəmilərinin bort operatorları güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər. Buna əsasən iddiaçı güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin DSMF-nun Xüsusi Şərtlərlə Təyinat X5 xx.xx.2022-ci il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən və ona güzəştli şərtlərlə pensiya təyin etməkdən imtina etmiş, bunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 231 nömrəli qərarı ilə təsdiqlənmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nda bortoperator vəzifəsinin nəzərdə tutulmaması ilə əsaslandırmışdır. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 231 saylı Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətlərində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”na istinad edərək bildirir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən aşağıdakı şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər: hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri). Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarının “Mülki aviasiya” adlanan 23.1-ci maddəsinə əsasən hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bortoperator güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən peşələrin, vəzifələrin siyasına daxil edilmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qrar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək aşağıdakıları bildirmişdir: İddiaçı iddia ərizəsinin əsasları kimi xx.xx.2007-ci il tarixindən ümumi əmək fəaliyyətinə başladığını, xx.xx.2009-cu il tarixindən hazırki vaxtadək isə "xxxx" MMC-nin uçuş dəstəsinin İL-76 hava gəmisi üzrə uçuş istehsalat qrupunun İL-776 tipli hava gəmisinin bortoperatoru vəzifəsində çalışdığını qeyd edir. Həmçinin bildirir ki, uçuş saatlarının sayı xx.xx.2022-ci il tarixə 5.628 saat 24 dəqiqə təşkil edir. İddiaçı daha əvvəl ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh quruma müraciət etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubla İddiaçı 10 dekabr 2001-ci il tarixdə tərtib olunmuş əmək kitabçasına və əlavə olunmuş sənədlərə əsasən onun xx.xx.2009-cu il tarixindən bugünədək adıçəkilən müəssisənin Uçuş dəstəsində işlədiyi bortoperator vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli qərarı ilə təsdiqlənmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydaları”nda nəzərdə tutulmadığı bildirilmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sıöorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Hazırda kişilər üçün pensiya yaş həddi 65 yaş müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” AR Qanunun 29 iyun 2022-ci il tarixli dəyişikliyə qədər 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İstinad olunan Qanunun məzmunundan göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər vardır. 1.Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmalı; 2.Kişilər 60 yaşına, qadınlar 55 yaşına çatmalı; 3.Kişilərin azı 25 il sığorta stajı olmaqla, bu müddətin azı 12 il 6 ayı həmin işlərdə, qadınların azı 20 il sığorta stajı olmaqla, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmalı; 4.Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. “Əmək pensiyaları haqqında” AR Qanunun 9.3-ci maddəsinə əsasən Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda bu Qanunun 7-ci maddəsinə uyğun yaş həddi 15 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı xx.xx.1979-cu il tarixində doğulmuşdur və hazırda 43 yaşı vardır. Yuxarıda qeyd olunmuş normanın tələbindən görünür ki, yaş həddi 15 il azaldılmalıdır. Buna görə də iddiaçıya münasibətdə yaş həddi 50 olacaqdır. Belə ki, iddiaçının müraciət etdiyi tarixdə kişilər üçün pensiya yaşı 65 yaş müəyyən olunmuş və bu da 15 il azalaraq 50 yaşla məhdudlaşmışdır. Həmçinin, həmin Qanunun 22.3-cü maddəsinə əsasən mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il 231 №li qərarı ilə təsdiq edilmiş "Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydalan"nm 3.2-ci bəndinə əsasən avia-kimyəvi işlərdə, aerofotoçəkilişlərdə, keşikçəkmə, atmosferi zondla tədqiqetmə zamanı və digər xüsusi xarakterli iş növlərində vertolyotların sıravi ekipaj üzvləri, təyyarələrin sıravi ekipaj üzvləri, habelə komanda-uçuş, inspektor, təlimatçı heyətlərinin üzvləri və uçuş heyətində digər mütəxəssislər üçün ümumi sığorta stajı - uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 10-a, alınan nəticə isə 12 aya bölünür. İş materiallarına əlavə olunmuş Silk Way Aviaşirkəti” MMC-nin iddiaçıya dair 13 may 2022-ci il tarixli 75-22/HR/SWA nömrəli arayışında qeyd olunmuş xx.xx.2009-cu il tarixinədən hal-hazıradək adıçəkilən müəssisənin uçuş dəstəsində işlədiyi bortoperator vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il 231 №li qərarı ilə təsdiq edilmiş "Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaların"nda nəzərdə tutulmamışdır. Hazırki işin hallarından müəyyən olunur ki, iddiaçının işlədiyi vəzifə (bortoperator) Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il 231 №li qərarı ilə təsdiq edilmiş "Mülki aviasiya ucus və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qavdaları"nda güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin sırasında göstərilməmişdir. İş materiallarına əlavə olunmuş iddiaçının güzəştli iş stajını təsdiq edən arayışda 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarın 21.3-cü maddəsinə istinad olunmuşdur. Ancaq qanunvericiliyə nəzər saldıqda aydın olur ki, müvafiq icra hakimiyyəti orqanının qərarı Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə şamil edilir. Yəni iddiaçıya münasibətdə qanunun 9.3-cü maddəsi tətbiq olunmalıdır ki, qanunun həmin hissəsinə də yuxarıda sadalanmış müvafiq icra həmiyyəti orqanının qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il 231 №li qərar) tətbiq olunur. Bu səbəbdən ddiaçı qanunverciliyin tələblərinə cavab vermədiyi üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin olunması mümkün deyildir. Yuxanda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan islərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də, iddiaçının çalışdığı vəzifənin güzəştli is stajı verən vəzifələrin siyahısında nəzərdə tutulmadığı ücün ona güzəştli şərtlərlə yasa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə sonuncu- 22 dekabr 2022-ci il tarixli ərizəsində İddiaçı xx.xx.2021-ci il tarixdən (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququnun yarandığı vaxtdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması ilə bağlı öhdəliyin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X5na həvalə olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin təqdim etdiyi arayışa əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ 2021-ci ilin noyabr ayının 1-də deyil 26 oktyabr 2021-ci il tarixdə yaranır. Belə ki, uçuş işində 5.400 (beş min dörd yüz) uçuş saatı qanunvericiliyə əsasən 25 il sığorta stajına bərabər hesab olunur. İddiaçı 5.400 saat 24 dəqiqə olmaqla uçuş saatı xx.xx.2021-ci il tarixdə tamam olur. xx.xx.2022-ci il tarixə iddiaçının uçuş saatları artıq 5628 saat 24 dəqiqə təşkil edib. Bununla əlaqədar həmin hissədə iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh AR ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat X5nın xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı müraciətinə baxılmış və etirazdakı əsaslara uyğun imtina verilmişdir. -2 saylı “ASAN Xidmət” Mərkəzi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. -xx.xx.2001-ci ildən doldurulmağa başlanmış ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı iş stajı aşağıdakı kimi müəyyən edilmişdir: -xx.xx.2001-xx.xx.2003-cü ilə qədər Yasamal rayon Məhkəməsində kuryer; -xx.xx.2003-xx.xx.2004-cü ilə qədər "xxxx" MMM-də direktor; -xx.xx.2009-dan hal-hazıra qədər "xxxx" MMC avia şirkətində uçuş dəstəsinə İL 76 tipli hava gəmisinin bort operatoru. -iddiaçının müraciəti üzrə aparılmış inzibati icraat materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı xx.xx.2009-cu ildən hazıradək "xxxx" Aviaşirkətində yükdaşıma növlü İL-76 HG-nin bortoperatoru işləyir. Arayış əmək və uçuş kitabçaları əsasında, Azərbaycan Respublikası uçuş heyətinin təqaüdə çıxması barədə qanuna uyğun olaraq tərtib olunub, vəzifəli şəxslərin imzaları və möhürləri ilə təsdiq olunmuşdur. İddiaçı ucuş işində xidməti illərinə görə xx.xx.2022-ci il tarixinədək 5628 saat 24 dəqiqə olmaqla (beş min aitı yüz iyirmi səkkiz saat iyirmi dörd dəqiqə) sığorta stajı, 26 il təyin olunmuşdur. Arayış "xxxx" MMC-nin direktoru, Həmkarlar Komitəsinin sədri və İnsan Resursları idarəsinin Əmək mübahisələrinin İdarəetmə şöbəsinin rəisi tərfindən imza və möhürlə təsdiq edilmişdir. İddiaçının işlədiyi bortoperator vəzifəsinin əmək funksiyaları və onların uçuş heyətinə aid olub-olmaması barədə məlumatların təqdim edilməsi barədə "xxxx" MMC-yə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, xx.xx.1985-ci ildə qüvvəyə minmiş İL-76 T (TD) X8 Təlimatının ikinci nəşrinin 1.1-ci bəndinin – “Təyyarə haqqında qısa məlumat”, ikinci yarımbəndinin redaksiyasına uyğun olaraq İL-76 T (TD) Hava Gəmisinin ekipajı 7 (yeddi) nəfərdən ibarətdir: hava gəmisinin komandiri; ikinci pilotu, naviqatoru, bortmühəndisi, bortradisti, böyük bortoperatoru, bortoperatoru. "xxxx" Aviaşirkəti İL-76 T (TD) X8 Təlimatının yuxarıda göstərilən nüsxəsi, Hava Gəmisinin konstruktor bürosu olan X3 Açıq Səhmdar Cəmiyyətinin istinad nüsxəsi ilə xx/xx/2022-ci il tarixində uzlaşdırılaraq təsdiq edilmişdir. Məktuba həmçinin "xxxx" Aviaşirkətinin İL-76T (TD) X8 təlimatının uzlaşdırma vərəqəsi və İL-76T (TD) X8 təlimatı əlavə edilmişdir. -Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış 12 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı həqiqətən "xxxx" MMC-də bortoperatoru vəzifəsində uçuş heyəti qismində fəaliyyət göstərir. -"xxxx" MMC-nin Uçuş heyətinin vəzifələrində uşuş saatları barəsində iddiaçıya verilmiş arayışdan görünür ki, İL-76 HG-nin bortoperatoru İddiaçı uçuş işində xidməti illərinə görə xx.xx.2021-ci il tarixədək 5400 saat, 24 dəqiqə olmaqla (beş min dörd yüz saat iyirmi dörd dəqiqə) sığorta stajı 25 il təyin olunub. İddiaçının xx.xx.2021-ci il tarixə qədər toplanmış pensiya kapitalının məbləği barədə məlumat verilməsi və həmin dövr üçün minimum əmək pensiyasının təyin edilməsi üçün zəruri olan pensiya kapitalı haqqında məlumat verilməsi ilə bağlı məhkəmənin sorğusuna cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 1043,46 manat, həmin tarixdən xx.xx.2021-ci il tarixinədək olan dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 117666,61 manat olmaqla cəmi pensiya kapitalı 118710,07 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq, İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 1 il 1 ay 26 iş gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 1043,46 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında xx.xx.2021-ci il tarixinədək 117666,61 manat pensiya kapitalı qeydə alınmışdır. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən verilmiş 04 aprel 2023-cü il tarixli məhkəmənin sorğusuna cavab məktubunda bildirilmişdir ki, “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.14-cü yarımbəndinə əsasən, hava gəmisinin ekipajı - uçuş vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslərdən ibarət heyətdir. Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 6 saylı Əlavəsinə əsasən, ekipaj heyətinin üzvü uçuş vaxtı hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin istismarçısı tərəfindən təyin olunan şəxsdir. Ekipaj üzvü uçuş heyəti və kabinə heyəti üzvlərindən ibarətdir. Müvafiq Əlavəyə əsasən uçuş heyəti üzvü uçuş xidməti müddətində hava gəmisinin idarə edilməsi ilə bağlı üzərinə vəzifələr qoyulmuş sertifikatı olan şəxsdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 24 fevral tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X1”na əsasən hava gəmisinin bort operatoru hava gəmisinin ekipajı qismində bir sıra funksiyaları yerinə yetirir. Sorğuda əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyusı hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda hava gəmilərinin bort operatoru, böyük bort operatoru, təlimatçı-bort operatoru nəzərdə tutulmuşdur. Həmin siyahıda nəzərdə tutulmuş şəxslər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən müəyyən edilmiş qaydada pensiya təminatı hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətirdə işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”da mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması mexanizmi tənzimlənərkən uçuş və uçuş-sınaq heyətində işləyən şəxslərin siyahısında bort operatorları müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən bildirilmişdir ki, beynəlxalq və milli qanunvericilik normalarına əsasən, hava gəmisinin bort operatoru uçuş heyəti kimi təsnifləşdirilmir. Beləliklə işin faktiki hallarından görünür ki, iddiaçı mülki aviasiya uçuş heyətində işlədiyi bortoperator vəzifəsi ilə əlaqədar hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən ona “Əmək pensiyaları haqqında” Qanunun 9.3-cü maddəsinə uyğun güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş edir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 231 nömrəli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nda tələb olunan 25 il ümumi sığorta stajı tamamlanmışdır və işlədiyi bortoperator vəzifəsi uçuş heyətinə daxildir. Lakin iddiaçının bu məqsədlə cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir. Cavabdeh imtinasını qeyd olunan Qaydalarda bortoperator vəzifəsinin nəzərdə tutulmaması ilə əsaslandırmışdır. İddiaçı cavabdehin imtinası ilə razılaşmır və hazırkı ilə iddia ilə bu imtinanı mübahisələndirir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və cavabdehin imtinası qanunauyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -9.1.-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.3-cü maddəsinə əsasən, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda bu Qanunun 7-ci maddəsinə uyğun yaş həddi 15 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -xx.xx.2022-ci il tarixə qədər qüvvədə olmuş həmin Qanunun 9.3-cü maddəsinə əsasən mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaşa görə əmək pensiyası hüququ vardır. -22.3-cü maddəsinə əsasən, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 231 nömrəli, xx.xx.2006-cı il tarixli qərarı ilə mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydaları təsdiq edilmişdir. Adıçəkilən Qaydaların: -1-ci bəndinə əsasən, bu Qaydalar "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanına əsasən hazırlanmışdır və mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması mexanizmini müəyyən edir. -2.1-ci bəndinə əsasən, hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri) "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən aşağıdakı şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər. -3-cü bəndinə əsasən, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3-cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: -3.1. təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür. Hazırkı tələb üzrə iddiaçı ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini tələb etdiyindən “Əmək pensiyaları haqqında” Qanunun həmin dövrdə qüvvədə olan 9.3-cü maddəsinin tələbləri tətbiq edilməlidir. Həmin maddənin redaksiyasında isə 2 şərt nəzərdə tutulurdu: mülki aviasiya uçuş və uçuşsınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il stajı və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İstinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 231 nömrəli, xx.xx.2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nda mülki-aviasiya uçuş heyətində çalışanlar üçün ümumi sığorta stajının hesablanmasını onların uçuş saatlarına əsasən müəyyən edilmişdir. İddiaçının hazırkı tələblə iş yeri tərəfindən təqdim edilmiş arayışdan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixə iddiaçı 5400 saat 24 dəqiqə uçuş saatına malikdir. Belə olan halda göstərilən tarixə iddiaçının 25 il stajı tamamlanır (5400 uçuş saatı : 18 :12= 25 il) Həmçinin iş materiallarından məlum olmuşdur ki, iddiaçının qeyd olunan tarixə 117666,61 manat pensiya kapitalı toplanmışdır və cavabdeh iddiaçının pensiya kapitalı ilə bağlı şərtin ödənilməməsini mübahisələndirməmişdir. Məhkəmə cavabdehin iddiaçının işlədiyi bortoperator vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2006-cı il tarixli 231 nömrəli qərarı ilə təsdiqlənmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydaları”nda nəzərdə tutulmadığı barədə dəlilinə münasibətdə aşağıdakıları bildirir. “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.14-cü maddəsinə əsasən hava gəmisinin ekipajı - uçuş vaxtı hava gəmisinin idarə edilməsi və xidmət göstərilməsi üzrə hava gəmisinin bortunda müəyyən vəzifələri yerinə yetirmək üçün hava gəmisinin müvafiq sahibi və ya istismarçısı tərəfindən təyin olunan şəxslərdən ibarət heyətdir. Göründüyü kimi, qanunverici hava gəmisinin ekipajının təyin edilməsində hava gəmisinin müvafiq sahibi və ya istismarçısına sərbəstlik vermişdir. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.16-cı bəndinə əsasən şəxsin mülki aviasiya uçuş və uçuşsınaq heyətində işlədiyi müddət – bu Qaydanın 4.2-ci bəndinə uyğun olaraq, işəgötürənin forması bu Qaydaya 7 nömrəli Əlavə ilə müəyyən olunan arayışın təqdim edilməsi tələb olunur. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş arayışdan müəyyən olunur ki, iddiaçının işlədiyi bortoperatoru vəzifəsi İL-76 T (TD) Hava Gəmisinin 7 (yeddi) nəfərdən ibarət ekipaj üzvlərinə daxildir. Başqa sözlə, hava gəmisinin müvafiq sahibi (yaxud istismarçısı) tərəfindən bortoperator vəzifəsinin hava gəmisinin ekipajına daxil edilməsi təsdiq olunur. Həmçinin yuxarıda sadalanan iş materiallarında olan sübutlardan müəyyən olunur ki, iddiaçının işlədiyi bort operator vəzifəsinin xüsusiyyətləri onun gördüyü işin xarakteristikası və yerinə yetirməli olduğu funksiyalar həmin vəzifənin uçuş heyəti üzvlərinə aid olmasını birmənalı şəkildə təsbit edir. Belə ki, istər İl 76 tipli yük X8 istismar təlimatı, istərsə də işəgötürən "xxxx" avia şirlkəti MMC tərəfinən təsdiq edilmiş uçuş istismarı təlimatına əsasən həmin vəzifə konkret olaraq uçuş heyəti üzvlərindən biri kimi qeyd olunmuşdur. Məhkəmə əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların 2.1-ci bəndində bort operator vəzifəsi konkret olaraq qeyd edilməsə də, həmin bənddə digər uçuş mütəxəssisləri söz birləşməsi göstərilmişdir. Bununla da norma yaradan orqan həmin sahədə hüquqi tənzimləməni həyata keçirərkən uçuş heyət üzvlərini məhdud çərçivəyə salmamış və uçuş heyyət üzvlərinə xas olan funksiya və vəzifələri yerinə yetirə bilən və yaxud yerinə yetirə biləcək vəzifələri digər uçuş mütəxəssisləri adı altında qeyd etmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mülki aviasiya sahəsi özünəməxsus spesifikliyi ilə seçildiyindən həmin sahədə mövcud olan vəzifələri hansının uçuş heyət üzvlərinə aid olub-olmaması məsələsini dəqiq şəkildə fiziki şəxslərin işlədikləri işəgötürən müəssisə müəyyən edə bilər. Göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaətə gəlir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunla nəzərdə tutulmuş şərtlər ödənildiyindən cavabdehin imtinası qanunauyğun sayıla bilməz. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsəsən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X5na həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar