Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1700/2024 10.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək güzəştli şərtlərlə pensiya almaq hüququnun yarandığı vaxtdan bütün pensiyanın bir dəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. İddiaçının ərizəsinə əsasən iddia tələbi “xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, 26 may 2023-cü il tarixli məktubla cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi filialina müraciət edərək 34 ildən çox sığorta stajına malik oldduğunu və həmin stajın 15 ilini əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə çalışdığını bildirərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etsə də cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. DSMF-nin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi filiali fikrini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007–ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərlimaddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar peşəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən, cavabdeh ümumi iş stajını 25 ildən az (20 il 5ay 29 gün (xx.xx.1979-xx.xx.1980-cı il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər və 2007-2022-ci illər üzrə 7 il 9 ay)), güzəştli iş stajının isə olmadığını qeyd etmişdir. Cavabdeh aşağıdakı dövrləri iş stajına daxil etməmişdir: xx.xx.1980-xx.xx.1982-ci il (iki il 13 gün); xx.xx.1995-xx.xx.1995-ci il (08 ay 03 gün); xx.xx.1996- xx.xx.1997-ci il (bir il bir ay 23 gün);xx.xx.2013-cü ildən hazırkı vaxtadək işləyir (10il üç ay). Beləliklə cavabdeh iddiaçının 2 il 13 gün + 08 ay 03 gün + 01 il 01 ay 23 gün + 10 il 03 ay ümumilikdə 14 il 01ay 9 gün stajını nəzərə almamışdır. İddiaçının iş stajı 34 il 07 ay 08 gün təşkil edir. Güzəştli stajı: xx.xx.1983-xx.xx.1985-ci il (02 il 07 ay 07 gün); xx.xx.1980-xx.xx.1982-ci il (iki il 13 gün) xx.xx.2013-cü ildən hazırkı vaxtadək işləyir (10 il üç ay). Bundan başqa cavabdeh qeyd edir ki, fərdi hesabınız sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21335,42 manat təşkil edir. Daha sonra qeyd edir ki, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 1/010 nömrəli arayışında xx.xx.2007-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində, həmçinin “Üfüq” İstehsalat Birliyi “Radioquraşdırma” zavodunun xx.xx.2023-cü il tarixli 02/143 nömrəli arayışında xx.xx.2013-cü il tarixindən bu günədək rəngsaz peşəsində işlədiyiniz qeyd edilmişdir. Lakin sözügedən arayışlarda rəngsaz peşəsində əmək fəaliyyəti ilə məşğul olduğunuz zaman tətbiq etdiyiniz maddələr, onların təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Bu səbəbdən də sizin güzəştli iş stajınızı müəyyən etmək mümkün deyil. Eyni zamanda ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlar araşdırılarkən 12-ci səhifəsinin 21-ci qeydindəki məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçanızın həmin qeydində sonradan düzəlişlərin olduğu aşkar görünür. Buna görə də xx.xx.1996-xx.xx.1997-ci il tarixləri arasındakı dövrü iş stajınıza daxil etmək mümkün deyil. Həmçinin sözügedən əmək kitabçanızda xx.xx.1995xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində “Pərvanə” firmasında işlədiyiniz qeyd olunub. Adıçəkilən müəssisədə işlədiyiniz dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi” proqram təminatında araşdırma aparılaraq həmin müəsisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərəkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” sizin iş stajına daxiletmək mümkün deyil. Beləliklə cavabdeh bilərəkdən onun iş stajını şübhə altına almaqla “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası” hüququndan iddiaçını məhrum etmişdir.
4. Cavabdeh iddia tələbinə dair etirazında qeyd etmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, ümumi iş stajı 25 ildən az (20 il 5 ay 29 gün (xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər və 2007-2022-ci illər üzrə 7 il 9 ay)), güzəştli iş stajı isə mövcud deyil. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 21335,42 manat təşkil edir. "xxxx" ASC-nin iddiaçıya dair xx.xx.2023-cü il tarixli 1/010 nömrəli arayışında xx.xx.2007-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində, həmçinin “Üfüq” İstehsalat Birliyi “Radioquraşdırmaq” zavodunun xx.xx.2023-cü il tarixli 02/143 nömrəli arayışında onun xx.xx.2013-cu il tarixdən bugünədək rəngsaz peşəsində işlədiyi qeyd edilmişdir. Lakin sözügedən arayışlarda iddiaçının rəngsaz peşəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələr, onların təhlükəlilik sinifi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajını müəyyən etmək mümkün deyil. Eyni zamanda iddiaçıya məxsus xx.xx.1979-cu il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlar araşdırılarkən 12 səhifənin 21-ci qeydindəki məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçasının həmin qeydində sonradan düzəlişlərin olduğu aşkar görünür. Buna görə də xx.xx.1996-xx.xx.1997-ci il tarixləri arasındakı dövrü iddiaçının iş stajına daxil edilməmişdir. Həmçinin sözügedən əmək kitabçasında iddiaçının xx.xx.1995-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində “Pərvanə” firmasında işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)" proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün ("Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) həmin dövrü iddiaçının iş stajına daxil etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Həmçinin “Əmək pensiyaları haqqında" qanunda birdəfəlik olaraq ödəniş nəzərdə tutulmamışdır. Belə ki, Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunun 37.7-ci maddəsinə əsasən isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Buna görə də qeyd olunanları nəzərə alaraq cavabdeh hesab edir ki, İddiaçı “güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia tələbi təmin edilməməlidir.
5. "xxxx" ASC-nin şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair 1/010 nömrəli xx.xx.2023-cü il tarixli arayışında qeyd olunur ki, İddiaçı, həqiqətən, xx.xx.2007-ci il tarixli D195/K saylı əmri ilə Bakı Mayesiz Transformatorlar Zavodunun Təmir-tikinti sahəsinə rəngsaz peşəsinə qəbul edilib. xx.xx.2008-ci il tarixli D77/K saylı əmrə əsasən ARƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə görə (öz xahişi ilə) işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının ümümu peşə bölməsinin 35-ci yarım bəndlərində (təhlükəsizliyi 3-cü siniflərdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar) öz əksini tapmışdır. Yuxarda qeyd olunanlara əsasən rəngsazlıqla məşğul olan istehsalatda çalışan şəxslərə yaşa görə güzəştlərlə pensiya hüququ verən peşədə işlədiyi üçün güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdir.
6. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasi Müdafiə Sənayesi Nazirliyi “X2” MMC "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli məktubu ilə İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi barədə arayışla məhkəməyə təqdim edilmişdir. "xxxx" X1 “Radioquraşdırma” İdarəetmə şöbəsi tərəfindən verilən arayışa əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə - Təmir tikinti sahəsində rəngsaz işləmişdir. İşlədiyi vəzifə üzrə sığorta (əmək) stajı 03 ay 11 gündür. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri – bütün iş günü ərzində boyaq materialı kimi fl-03, bl-02, ak-070 markalı qruntlardan xb-16, xb-124, qf-1426 markalı boyalardan istifadə etmişdir. Aseton, ksilol, toluol, etill spirti, butilasetal, benzol, solvent, nayt-spirt (neftdaş – c4 – 155/200) xromatlardan ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndinə uyğundur. “Üfüq” İstehsalat Birliyi “Radioquraşdırma” zavodu tərəfindən verilən arayışa əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə - Təmir tikinti sahəsində rəngsaz işləmişdir. İşlədiyi vəzifə üzrə sığorta (əmək) stajı 11 il 01 ay 05 gündür. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri – bütün iş günü ərzində boyaq materialı kimi fl-03, bl-02, ak-070 markalı qruntlardan xb-16, xb-124, qf-1426 markalı boyalardan istifadə etmişdir. Aseton, ksilol, toluol, etill spirti, butilasetal, benzol, solvent, nayt-spirt (neftdaş – c4 – 155/200) xromatlardan ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndinə uyğundur.
7. Dövlət Arxivinin Bakı filialının xx.xx.2022-ci il tarixli arayışına əsasən Filialda saxlanılan Bakı Komvol Kombinatının natamam arxiv sənədlərinin əmr kitablarında 1961-ci il təvəllüdlü vət. İddiaçı xx.xx.1983-cü il tarixli, 31/ok saylı əmrlə xx.xx.1983-cü il tarixdən “мокрый” sexə 3-cü dərəcəli boyaqçı vəzifəsinə işə qəbul olunması və xx.xx.1985-ci il tarixli, 127-ok saylı əmrlə xx.xx.1985-ci il tarixdən getməsi ilə əlaqədar öz xahişi ilə işdən azad olunması,1983,1984 və 1985-ci illərə dair əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. Mövcud dövrlər üçün tərtib olunmuş arxiv arayışı əmək haqqı cədvəli təqdim olunur.
8. İZ ******* nömrəli hərbi biletin surətinə əsasən, iddiaçı xx.xx.1980-xx.xx.1982-ci il tarixlərdə hərbi xidmətdə olmuşdur.
9. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi.
10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir
II. İddianın növü və mümkünlüyü
11. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
12. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
13. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
14. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
16. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
17. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.
18. İddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli məktubla imtina edilmişdir.
19. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qulluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.
20. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
21. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
22. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
23. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 73.1-ci maddəsi tətbiq oluna bilər.
24. İddia mümkündür. III. Məhkəmənin mövqeyi
25. İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür, xx.xx.1980-xx.xx.1982-ci il tarixlərdə hərbi xidmətdə olmuş, əmək fəaliyyətinə xx.xx.1979-cu il tarixdə başlamışdır.
26. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilmiş (xx.xx.1980-xx.xx.1982, xx.xx.1995-xx.xx.1995 və xx.xx.1996xx.xx.1997), hərbi xidmətdə olduğu dövr ümumi iş stajına əlavə edilməmişdir. Belə ki, İZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1980-xx.xx.1982-ci il tarixlərdə Azərbaycan SSR silahlı qüvvələrində döyüşmüşdür.
27. Bununla bağlı məhkəmə qeyd edir ki, həm qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “b” bəndi, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydaları barədə” Əsasnamənin 6-cı bəndi ilə müəyyən edilmişdir ki, hərbi xidmət, Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq (yalnız qüvvədən düşmüş qanunda), milli təhlükəsizlik, daxili işlər, Dövlət Sərhəd Xidməti və Prezidenti mühafizə orqanlarında xidmət dövrü müddəti sosial sığorta stajına daxil edilməlidir.
28. İddiaçının mübahisələndirilən (xx.xx.1995-xx.xx.1995) iş stajına münasibətdə məhkəmə qeyd edir: - İT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, “Pərvanə” LTD firmasında xx.xx.1995-ci il tarixdə satıcı vəzifəsində işə götürülmüş xx.xx.1995-ci il tarixli əmrlə), xx.xx.1995-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir.
29. İddiaçının həmin dövr ərzində işləməsi cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdehin həmin illəri sığorta stajını daxil etməməsinə əsas iddiaçının 1995-ci illər üzrə məcburi dövlət sosial sığorta haqların ödəməsi ilə əlaqədar hər hansı sübutun təqdim edilməməsi və işəgötürən müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmamasıdır. Məhkəmə cavabdehin həmin dəlillərini əsassız hesab edir.
30. Məhkəmə hesab edir ki, 2006-cı ilə qədər iddiaçının işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Belə ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 1-ci maddəsinə (Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi) əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndinə əsasən, Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
32. Odur ki, iddiaçının xx.xx.1995-xx.xx.1995-ci illərdə işlədiyi vaxta məcburi dövlət sosial sığorta haqlarının hesablanması qanunauyğun olmamışdır.
33. İddiaçının mübahisələndirilən (xx.xx.1996-xx.xx.1997) iş stajına münasibətdə məhkəmə qeyd edir: - Əmək kitabçasından görünür ki, Bakı Texniki Təmir Zavodunda xx.xx.1996-cı il tarixində işə qəbul olunmuş, xx.xx.1997-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir.
34. Cavabdeh tərəfindən isə iddiaçının xx.xx.1996-xx.xx.1997-ci illərdə işlədiyi dövr – kitabçasının 21-ci qeydindəki məlumatların (xx.xx.1996-cı il tarixli qeydin) həqiqiliyinə əsaslı şübhələr yarandığı, həmin qeydində sonradan düzəlişlər olunduğundan iş stajına daxil edilməmişdir.
35. Məhkəmə cavabehin həmin dəlilini əsassız hesab edərək qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
36. Eyni zamanda xüsusilə qeyd olunmalıdır ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
37. İddiaçının Bakı Texniki Təmir Zavodunda xx.xx.1996-cı ildə işə qəbul olunması barədə əmək kitabçasında aparılmış qeydin həqiqiliyini təkzib edəcək əsaslı sübutlar mövcud olmuş olsaydı və cavabdeh həmin dövrü onun iş stajına daxil etməsə də, məhkəmə hesab edir ki, iddiaçının ümümi iş stajı 25 ildən çox olmuşdur.
38. Cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajı da mübahisələndirilərək güzəştli iş stajının mövcud olmadığı əsas gətirilmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən cavabdehin həmin dəlilini əsassız hesab edir:
39. İnzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.
40. İddiaçının xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək Bakı Komvol Kombinatının sexində, xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilədək "xxxx" ASC-nin təmir-tikinti sahəsində, xx.xx.2013cü ildən xx.xx.2022-ci ilədək Üfüq” İstehsalat Birliyi “Radioquraşdırma” zavodunda təmirtikinti sahəsində işlədiyi müxtəlif dərəcəli boyaqçı və rəngsaz vəzifələri - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısın”da 23200000 şifrəli “XXXİİİ. Ümumi peşələr” bölməsində 23200000—13450 şifrə ilə göstərilmiş “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” peşəsinə, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarının “35. Ümumi peşələr” bölməsində “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” vəzifəsinə uyğun gəlməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdir.
41. Beləliklə, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə qanunvericiliklə tələb olunan 12 il 6 ay müddətindən çox müddətdə işləməsi İT-İ ******* nömrəli əmək kitabçası, işəgötürən müəssisələrin - "xxxx" ASC və Üfüq” İstehsalat Birliyi “Radioquraşdırmaq” zavodunun arayışları ilə təsdiqlənir.
42. Nəticə etibarı ilə iddiaçının xx.xx.1980-xx.xx.1982-ci illərdə hərbi xidmət dövrü, xx.xx.1979-xx.xx.1980, xx.xx.1982-xx.xx.1983, xx.xx.1983-xx.xx.1985, xx.xx.1985xx.xx.1990, xx.xx.1990-xx.xx.1991, xx.xx.1991-xx.xx.1995, xx.xx.1996-xx.xx.1997, xx.xx.2007-xx.xx.2008 və xx.xx.2013-xx.xx.2022-ci il tarixlərdə işlədiyi müddət nəzərə alındığı təqdirdə, ən azı 25 il ümumi stajı mövcuddur.
43. İddiaçı xx.xx.1961-cü il təvəllüdlüdür və xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir.
44. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
45. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir.
46. Qanunun 7-ci maddəsində isə qeyd olunur ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
47. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: i) tələb olunan yaş; ii) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj.
48. İddiaçının azı 25 il iş stajına malik olduğu sübut olunduğundan cavabdeh fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən imtina etməklə haqlı olmamışdır.
49. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
50. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
51. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
52. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva