Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-1700/2025 04.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya hüququnun yarandığı, xx.xx.2004-cu ildən xx.xx.2005-ci ilədək və xx.xx.2006-ci il tarixdən xx.xx.2007ci ilədək işlədiyi dövrlərin ümumi iş stajına əlavə edilməklə 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixindən əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci ildə doğulmuşdur. O, müxtəlif vəzifələrdə çalışaraq 25 ildən çox ümumi sosial sığorta stajı və 19 il 05 ay 06 gün güzəştli iş stajını tamamlayaraq yaşa görə güzəştli şərtlərlə pensiya hüququnu qazanmışdır. Hesab edir ki, qanunvericiliyin tələb etdiyi güzəştli iş stajı mövcud olduğundan ona görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Bununla bağlı tərəfindən ərizə ilə cavabdeh orqana müraciət olunmuş, lakin cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubu ilə cavab vermişdir. Sözügedən imtina məktubundan qeyd edilmişdir ki, onun ümumi iş stajının 25 ildən az (24 il 2 ay 19 gün) (xx.xx.1980-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, 03.0.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. O, Azərbaycan Dövlət X6nin üzən heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.1985-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək matros, kapitanın 3-cü köməkçisi vəzifələrində işləmişdir. Göstərilən işlər üzrə onun güzəştli iş stajı 19 il, 5 ay, 6 gün təşkil etmişdir. Beləliklə, onun ümumilikdə 12,6-dən çox xüsusi şərtlərlə pensiya stajı toplandığından ona güzəştli şərtlətlə əmək pensiyası təyin edilməlidir. İddiaçının 60 yaşına çatması (xx.xx.2022) və onun güzəştli iş stajının 12 il 6 aydan çox olması işin mübahisəsiz hallarına aiddir. Belə ki, onun 60 yaşı tamam olana kimi 12 il 6 aydan çox artıq güzəştli iş stajının olması onun əmək kitabçası, hərbi bileti ilə təsdiq olunur və iddiaçının qanunla tələb olunan güzəştli iş stajını tam olaraq toplaması cavabdeh tərəfindən mübahisələndirilmir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya ümumi iş stajının 25 ildən az olması səbəbi ilə yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasından imtina olunmuş və buna əsas kimi əmək kitabçasında qeyd olunan iş dövrlərinin 24 il 2 ay 19 gün təşkil etməsi və pensiya kapitalında kifayət qədər məbləğin olmaması qeyd edilmişdir. Cavabdeh inzibati orqanın imtina məktubu ilə razılaşmayaraq, qeyd etməyi zəruri hesab edir ki, o, M/V K.NİCOLAS adlı gəmidə xx.xx.2004-cu ildən xx.xx.2005-ci ilədək CHF.OFFİCER (İ Zabit) AUDLEY OVERSEAS İNC-yə aid /MT “APACHE” adlı gəmidə isə İ Zabit kvalifikasiyası ilə xx.xx.2006-ci il tarixdən xx.xx.2007-ci il tarixinə qədər işləmişdir. Qeyd olunanlara əsasən, iddiaçının M/V K.NİCOLAS adlı gəmidə xx.xx.2004-cu ildən xx.xx.2005-ci ilədək CHF.OFFİCER (İ Zabit), AUDLEY OVERSEAS İNC-yə aid M/T “APACHE” adlı gəmidə isə İ Zabit kvalifikasiyası ilə xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixinə qədər işlədiyi dövr onun ümumi sosial sığorta stajına əlavə edilərək, ona yaşa görə güzətli şərtlərlə pensiya təyin edilməlidir. Onun işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında da nəzərdə tutulmuşdur. Beləliklə, hesab edir ki, iddiaçının xx.xx.2022-ci il tarixədək, qanunla müəyyən olunmuş 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq, güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda ona xx.xx.2022-ci il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, № 3-17-1/2-281122/2024 saylı iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazları): Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, № 3-17-1/2-281122/2024 saylı iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, iş materiallarına əsasən xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Sözügedən müraciətə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmış və cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçıya müraciətinin müsbət həlli mümkün olmadığı bildirilmişdir. Daha sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının Mərkəzi filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, ümumi iş stajının müddəti 25 ildən az, 24 il 2 ay 19 gün təşkil edir: xx.xx.1980-xx.xx.1983-cü il; xx.xx.1983-xx.xx.1984-cü il; xx.xx.1984-xx.xx.1985-ci il; xx.xx.1985-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24402,69 manat təşkil etməkdədir. Əlavə olaraq iddiaçı iddia ərizəsində xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək və xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək MA/ K.NİCOLAS adlı gəmidə işlədiyini qeyd etmişdir. Bununla bağlı iki vacib məqamı məhkəmənin nəzərinə çatdırırıq: 1. İddiaçının əmək kitabçasında sonuncu qeyd xx.xx.2004-cü il tarixli işdən azad edilmə barədə qeyddir; 2. X2 Alt Sisteminin sığortaolunanlar haqqında məlumat bazası olan “Sığorta” alt sistemində iddiaçının məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, onlara nisbətdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlarının qeyd olunmadığı aşkar edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən normaların məzmunundan da aydındır ki, əmək pensiyası onun təyin olunduğu tarixdən əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə ödənilir. İddiaçının xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək və xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək müvafiq icra hakimiyyəti orqanına ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının olmaması səbəbindən, həmin dövrlərin iddiaçının ümumi iş stajına daxil edilərək hər hansı kompensasiyanın ödənilməsi qanunvericiliyin tələblərinə zidd hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarında qeyd olunduğu kimi, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Beləliklə, iddiaçının ümumi iş stajının müddəti tələb olunan 25 ildən az və eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının məbləği qanunvericiliklə nəzərdə tutulan məbləğdən az olduğundən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi qanunvericiliyin tələblərinə uyqun olduğu tərəfimizdən sübuta yetirilmiş hesab edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlmədiyindən və nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılıb qərar çıxarılmasını xahiş etdiyindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş edi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1962-ci il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. Faktiki hallar və sübutlar: İddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1962-ci il tarixdə Cəlilabad rayonu, Pokrovka kəndində doğulmuş İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır. H3 seriyalı ******* №li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1980-cı ildən xx.xx.1983-cü ilədək həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus xx.xx.1983-cü il tarixdə doldurulmuş AT-İİİ seriyalı ******* №-li əmək kitabçasında (notarial qaydada tərcümə - təsdiq olunmuş surəti) qeyd olunmuş məlumatlardan müəyyən olunur ki o, aşağıda qeyd olunan müəssisələrdə işləmişdir; Petropavlovsk-Kamçatka balıq sənayesində (iş stajı: 01 il, 01 ay, 10 gün) xx.xx.1983-cü il tarixdə “Çukotka” istehsalat bazasına emalçı-motros vəzifəsinə qəbul olunmuşdur; xx.xx.1983-cü il tarixdə “Naxçıvan” istehsalat bazasına motorçu işinə göndərilmişdir; xx.xx.1983-cü il tarixdə “Quba” BMRT emalçı-motros vəzifəsinə göndərilmişdir; xx.xx.1984-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir; “KESS” trestinin ESS Baş Mərkəzinin Əli-bayramlı Montaj İdarəsinin 8 saylı mexaniki kolonnasında (iş stajı: 07 ay, 02 gün) xx.xx.1984-cü il tarixdə 5 saylı montaj sahəsinə 4-cü dərəcəli sazlayıcı-çilingər vəzifəsinə qəbul olunmuşdur; xx.xx.1985-ci il tarixdə 5 dərəcəli sazlayıcı-çilingər dərəcəsi verilmişdir; xx.xx.1985-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir; X6ndə (iş stajı: 19 il, 05 ay, 07 gün) xx.xx.1985-ci il tarixdə nəqliyyat donanmasının üzgüçü heyətinin tərkibinə motros köməkçisi vəzifəsinə qəbul olunmuşdur; xx.xx.1985-ci il tarixdə nəqliyyat donanması gəmilərində motros vəzifəsinə qəbul olunmuşdur; xx.xx.2001-ci il tarixdə nəqliyyat donanması gəmilərində kapitan köməkçisi vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2004-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. “Azərbaycan X6” QSC X3 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 13-3-1/3-9- 661 №-li arayışında qeyd olunmuşdur ki, İddiaçı Azərbaycan Dövlət X6nin üzən heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.1985-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək matros, kapitanın 3-cü köməkçisi vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr və çalişdığı gəmilər üzən heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O, gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidmətiyardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı gəmiçilikdə üzən heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 19 il 05 ay 06 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli,12 №-li qərarı ilə təstiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” 21.2 bəndinin (dəniz və çay donanması) “b” (üzən heyət) yarımbəndinə (dəniz donanmasının gəmi heyəti) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 154 №-li Qərarına əsasən X6 Azərbaycan Dövlət X6 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 №-li və xx.xx.2014-cü il tarixli 213 №-li sərəncamlarına əsasən Azərbaycan Dövlət X6nin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X5 yenidən təşkili yolu ilə “Azərbaycan X6” Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-17- 1/2-G-130195/2024 №li imtina məktubunda qeyd olunmuşdur ki, “... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlara əsasən, sizin ümumi iş stajınız 25 ildən az (24 il 2 ay 19 gün (xx.xx.1980-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24402,69 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.” Məhkəmənin müvafiq sorğularına əsasən: Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2- 322163/2024 №-li cavab məktubunda göstərilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun 60 yaşının tamamlandığı xx.xx.2022-ci il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı həmin tarixə əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya sığorta kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq xx.xx.2022-ci il tarixə ona münasibətdə 48960,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı 19691,79 manat təşkil edirdi. TƏTBİQ EDİLƏN HÜQUQ. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Əsas anlayışlar 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 13 may 2022-ci il tarixədək olan qüvvədə redaksiyada: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 13 may 2022-ci il tarixdən qüvvədə redaksiyada: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; .... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasının: ... Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə; Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir (bənd 1). İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır (bənd 3). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydaları: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; 4.1.4. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr – 1991-ci il yanvarın 1-nə olan dövr üzrə əmək kitabçasına, əmək kitabçasının mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda işəgötürəndə və ya dövlət arxivində saxlanılan məlumatların müvafiq olaraq işəgötürən və ya dövlət arxivi tərəfindən təsdiq edilmiş surətləri də əlavə edilməklə Fondun və işəgötürənin və ya dövlət arxivinin nümayəndələrinin iştirakı ilə tərtib olunan akta əsasən, 1991-ci il yanvarın 1-dən sonrakı dövr üzrə isə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təsdiq edən sənədlərə əsasən.
MƏHKƏMƏNİN MÖVQEYİ
“Əmək Pensiyaları haqqında” Qanunun yuxarıda qeyd olunan tələblərinə görə (13 may 2022-ci il tarixdək qüvvədə olan redaksiyada) əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını dörd xüsusatla şərtləndirir: 1) İddiaçının 60 yaşına çatması; 2) İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; 3) İddiaçının azı 12 il 06 ay güzəştli iş stajının mövcud olması; 4) Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsidir; Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1962-ci il tarixdə doğulması və xx.xx.2022ci il tarixində, yəni 60 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Məhkəmə iddiaçının ümumi və güzəştli iş stajına nə qədər təşkil edilməsi ilə bağlı araşdırma aparmazdan əvvəl, ilkin olaraq iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalının nə qədər təşkil etməsinə münasibət bildirməyi zəruri hesab edir. Bu məsələnin həlli “Əmək pensiyaları haqqında” Qanunun və onun əsasında qəbul olunmuş normativ hüquqi aktların müddəaları əsasında həyata keçirilir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 06 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanın 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. İddiaçının fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı əsasında yaşa görə əmək pensiya hüququnun yaranıb-yaranmamasını müəyyən etmək zərurətinin yarandığını bildirir və bu hissədə qiymətləndirməni aşağıda göstərilən qanunvericiliyin və normativ hüquqi aktların tələbləri əsasında həyata keçirir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinə əsasənBu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Həmin Qanunun 6-1-ci maddəsinin 24 dekabr 2021-ci il tarixədək olan redaksiyasında deyilirdi ki, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 06 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanın 2.11-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur. İddiaçinin ümumiyyətlə işlədiyi dövrdə topladığı pensiya kapitalının müəyyən edilməsi üçün isə məhkəmə, aşağıda göstərilən qanunvericiliyin müddəalarına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun: - 1.0.10-cu maddəsinə əsasən, müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlər məbləği pensiya kapitalıdır. - 10.4-cü maddəsinə əsasən, yaşa görə əmək pensiyasının məbləği P=SH+YH düstürü ilə müəyyən edilir ki, burada P- pensiya kapitalı, SH-yaşa görə əmək pensiyasının sığorta hissəsi,YH –yaşa görə əmək pensiyasının yığım hissəsidir. - 27.1-ci maddəsinə görə, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qanunun qeyd olunan 27.1-ci maddəsinin tələbindən göründüyü kimi, 1 iyul 2017-ci il tarixdə bu Qanuna edilən dəyişiklikdən sonra, fərdi hesabında pensiya kapitalı kimi aşağıdakılar qeyd alınır 1) 2006-cı ilə qədər ümumi stajın hər ili üçün 306 manatdan hesablanaraq şəxsin fərdi hesabında nəzərə alınır. 2) xx.xx.2006-xx.xx.2017-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı 80 faiz artırılmaqla fərdi hesabda qeydə alınır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 15-ci Misalına görə, Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək 27 il 6 ay ümumi iş stajı olan sığortaolunanın fərdi hesabının sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı aşağıdakı qaydada hesablanır: (27 il tam iş stajı x 306 manat) + (306 manat : 12 ay x 6 ay) =8415,0 manat. 4.2.3-ci yarımbəndinə görə, 1 iyul 2017-ci il tarixdən etibarən Qanuna edilmiş dəyişikliklərə əsasən, Qanunun 29.1-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2006-2016-cı illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilir; 16-cı Misalına əsasən, 15-ci misaldakı sığortaolunanın xx.xx.2006-cı il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 8415,0 manat pensiya kapitalının xx.xx.2017ci il tarixə indeksləşdirilmiş məbləği 18250,4 manat təşkil edir ki, bu da aşağıdakı qaydada müəyyənləşdirilir.
İndeksləşdirmə nəzərə İstehlak qiymətləri İllər alınmaqla ilin əvvəlinə pensiya indeksinin illik səviyyəsi kapitalı 2006 8,3 8415,0 2007 16,7 9113,4 2008 20,8 10635,4 2009 1,5 12847,6 2010 5,7 13040,3 2011 7,9 13783,6 2012 1,1 14872,5 2013 2,4 15036,1 2014 1,4 15396,9 2015 4,0 15612,5 2016 12,4 16237,0 2017 18250,4 Şərh olunan qanunvericiliyin müddəalarından məlum olur ki, “pensiya kapitalı” anlayışı və onun hesablanması qaydaları pensiya qanunvericiliyində geniş olaraq təsvir olunmuşdur. Ümumiyyətlə pensiya kapitalı - elə bir vəsait toplusudur, həmin vəsait hesabına vətəndaşların əmək pensiyası məbləği formalaşır. Pensiya kapitalının müəyyən edilməsinin fundamental əsası fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərdən irəli gəlir. Nəzərə alınmalıdır ki, qanunvericilik xx.xx.2006-cı il tarixədək vətəndaşın qazanmış olduğu pensiya kapitalının müəyyən edilməsini fərqləndirmişdir ki, bu zaman pensiya kapitalı həmin dövrə aid olan ümumi iş stajı, pensiya kapitalının ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq illər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləşdirilməsi nəzərə alınmaqla hesablanır. Burada vətəndaşın xx.xx.2006-cı il tarixədək qazanmış olduğu ümumi iş stajının və Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş istehlak qiymətləri indeksinin illik səviyyələrinin düzgün nəzərə alınması mühüm rol oynayır. Əvvəla Məhkəmə qeyd edir ki, iddiaçının 60 yaşının tamamlandığı xx.xx.2022-ci il tarixinə ona münasibətdə 48960,00 manat pensiya kapitalı hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı 19691,79 manat təşkil edirdi. Beləliklə, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyası məbləğinin minimum normasını ödəmir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 48960,00 manat təşkil etməli olduğu halda, onun qeydə alınmış pensiya kapitalı 29.268,21 manat fərq ilə 19691,79 manat təşkil etmişdir. Bu hal isə birmənalı ona əsas verir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən şərtlərdən biri ödənilməmişdir. Göründüyü kimi, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığını iddia etsə də, onun 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hüququnun mövcudluğu iş materialları ilə təsdiq olunmur. Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, hazırki mərhələdə iddiaçının ümumi və güzəştli iş stajına münasibət bildirməyi zəruri hesab etmir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 13 may 2022-ci il tarixədək olan qüvvədə redaksiyasına əsasən vətəndaşa 60 yaşdan güzəştli şərtlərlə yaş görə əmək pensiyasının təyin olunması üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin azı 25 il ümumi iş stajının və həmin stajın 12 il 06 ay müddətinin güzəştli iş stajının mövcud olması ilə yanaşı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsi ilə şərtləndirilmişdirilmişdir. Göründüyü kimi hər üç şərtin, eyni vaxtda mövcudluğu iddia tələbində göstərilən formada pensiya təyini üçün hesab edilir və qeyd olunan şərtlərdən hər-hansı birinin mövcud olmaması 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbinin təmin edilməsini istisna edir. Belə olduqda, məhkəmə hesab edir ki, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 13 may 2022-ci il tarixədək olan qüvvədə redaksiyasına əsasən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün əsas şərt kimi təsbit olunmuş minimum pensiya təyinatına imkan verən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı şərt ödənilmədiyindən iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin olunması üçün hüququ mövcud olmur. Yekunda məhkəmə onu qeyd edir ki, iddiaçı tərəfindən ümumi və güzəştli iş stajının ödənilib-ödənilməməsi məhkəmənin gəldiyi nəticəyə təsir etmədiyi üçün həmin şərtlərlə üzrə məhkəmə araşdılması aparılmamasını zəruri hesab edir. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cаvаbdеh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev