Məhkəmə qərarları › İş №e-2-1(112)-17043/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-17043/2025

03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-17043/2025 03.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 3 dekabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 27 mart 1991-ci il 3\318 №-li Qərarından çıxarışa əsasən Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №-li qərarlarına müvafiq olaraq qüvvədə olan bağ-tikinti kooperativlərinin tərkibində vətəndaşların istifadələrinə aşağıdakı bağ sahələri ayrılmışdır... 2.3.132. X3 - Ləhiş ərazisindəki 216 nömrəli BTK. Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 216 №-li Kooperativin 132 №-li Orderinə əsasən Bakı şəhər İcraiyyə Komitəsinin 27 mart 1991-ci il tarixli 3/318 №-li qərarı ilə X3 Ləhiş bağlar sahəsində 216 №-li BTK nəzdində 0,12 hektar sahəsi olan 6160a №-li bağ ayrılmışdır. X5 xx.xx.2009-cu ildə ölmüşdür. ünvan ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum X2 adına açılmış vərəsəlik işi üzrə İddiaçı ondan qalmış bağ sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə~almaq üçün müraciət etmişdir. Miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi məqsədi ilə Bakı şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli 3/318 nömrəli qərarı ilə Ləhiş bağlar sahəsində 216 nömrəli ВТК nəzdində X3 ayrılmış bağ sahəsinə dair mərhumun adına daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququnu təsdiq edən çıxarış verilməsi xahiş edilmişdir. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “6160A” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd etmişdir ki, elektron kadastr məlumatlarına əsasən ümumi ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmamışdır. Bundan başqa, göstərilən sahənin bir hissəsi digər fiziki şəxsin adına qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Həmçinin xx.xx.2023-cü il tarixli müraciətiniz zamanı eyni sənədlər əsasında “6161” nömrəli torpaq sahəsi kimi fərqli ərazi göstərilmişdir. Eyni zamanda, təqdim edilmiş 132 saylı order barədə idarənin arxivində məlumat aşkar edilməmişdir. Həmçinin təqdim olunmuş xx.xx.1991-ci il tarixli, 3/318 №-li sərəncamda torpaq sahəsi barədə məlumat qeyd olunmamışdır. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən sahəsi, 0,12 ha olan, 6160a nömrəli öz istifadəsində olan bağ sahəsinin mülkiyyət hüququ ilə mərhum X3 məxsus olması haqqında arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, bağ təxminən 35 ildir ki, istifadələrindədir. Qeyd edilən sənədləri əlavə etməklə, həmin torpaq sahəsinə hüquqlarının qeydiyyata almaqla, bu barədə müvafiq çıxarışın verilməsi üçün cavabdehə müraciət etmiş. Cavabdehin ona ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-z-M- 1305-8/2025, **********54 nömrəli cavab məktubunda hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Cavabdehin göstərilən hallara əsaslanmaqla imtinası əsassızdır. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məmzunludur. Həmçinin bildirilmişdir ki, göstərilən sahənin bir hissəsi (fin: 5MWERSR) X1 qeydiyyata alınmış sahə ilə üst-üstə düşür. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, Bakı Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 27 mart 1991-ci il tarixli 3\318 №-li qərarına əsasən, X3 216 №-li BTK-nın tərkibində Ləhiş massivində 0,12 ha torpaq sahəsi olan 6160 “a” saylı bağ sahəsi ayrılmışdır. Sonuncu həmin bağ sahəsinə dair mülkiyyət hüququnu qeydə aldırmadan ölmüşdür. İddiaçı həmin bağ sahəsinin mərhum atasına məxsus olması barədə arayış verilməsini xahiş edir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi, iddiaçı iddia etdiyi torpaq sahəsinə hüquqmüəyyənedici sənədə malikdir. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: 1) elektron kadastr məlumatlarına əsasən ümumi ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmamışdır; 2) göstərilən sahənin bir hissəsi (fin: 5MWERSR) X1 qeydiyyata alınmış sahə ilə üstüstə düşür; 3) xx.xx.2023-cü il tarixli müraciətiniz zamanı eyni sənədlər əsasında “6161” nömrəli torpaq sahəsi kimi fərqli ərazi göstərilmişdir; 4) təqdim edilmiş 132 saylı order barədə idarənin arxivində məlumat aşkar edilməmişdir; 5) təqdim olunmuş xx.xx.1991-ci il tarixli, 3/318 №-li sərəncamda torpaq sahəsi barədə məlumat qeyd olunmamışdır; Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi halları əsassız hesab edir. 1-ci dəlillə bağlı məhkəmə qeyd edir ki, elektron kadastr məlumatlarına əsasən, ümumi ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmamısı iddiaçının müracətini təmin etməkdən imtina üçün əsas deyildir. Məhkəmə bununla bağlı qeyd edir ki, BTK-lar yaradılarkən ilkin olaraq ayrılmış bağ sahələrinin sxematik xəritələri çəkilmiş və ilkin bağ sahələrinin nömrələri həmin xəritədə əks olunmuşdur. Lakin sonradan BTK-ya yeni üzvlərin qəbul edilməsi və yeni torpaq sahələrinin ayrılması baş verərkən sxematik xəritələr təzələnməmişdir. Bu isə iddiaçının məsuliyyət sferasına aid deyil. Həmçinin cavabdehin mütəxəssiləri tərəfindən torpaq sahəsinin müayinəsi aparılmış, torpaq sahəsinin dəqiq yerləşməsi koordinatları müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, həmin uyğunsuzluqların mövcud olması iddiaçının təqsiri üzündən baş verə bilməz. Cavabdeh inzibati orqanın əsasnaməsinə uyğun olaraq həmin orqan adıçəkilən bağ sahəsinə dair mülkiyyət hüquqlarının təsdiqi barədə reyestrdən çıxarış tərtib edərkən mövcud olan uyğunsuzluqları aradan qaldırmalıdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Beləliklə, torpaq sahəsinin yerləşməsində hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. 2-ci halla bağlı məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə icraatı zamanı iddia tələbini dəqiqləşdirərək, torpaq sahəsinin X1 qeydiyyata alınmış sahə ilə üst-üstə düşən sahəyə deyil, iddiaçı tərəfindən hasara alınmış öz istifadəsində olan hissəyə dair iddia irəli sürmüşdür. Beləliklə cavabdehin həmin dəlili aradan qalxmışdır. 3-cü hal üzrə məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2023-cü il tarixli müraciətinə əsasən, təqdim edilmiş eyni sənədlər əsasında '6161' nömrəli torpaq sahəsinin fərqli ərazi kimi göstərilməsi, iddiaçının müraciətinin təmin olunmaması üçün əsaslı səbəb sayılmır. Belə ki, bu hal yalnız o zaman hazırkı iddianın təmin edilməsindən imtina üçün əsas təşkil edərdi ki, cavabdeh İdarə iddiaçının həmin müraciətini təmin edərək bağ sahəsinə hüququnun qeydə almış olsun. 4-cü halla bağlı məhkəmə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi iddiaçı qeyd edilən normalarda sadalanmış hüquqmüəyyənedici sənəd kimi Bakı Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 27 mart 1991-ci il tarixli 3\318 №-li qərarından təsdiq edilmiş arxiv çıxarşını təqdim edir . İddiaçı orderi təqdim etməsə belə, iddiaçının təqdim etdiyi həmin qərardan təsdiq edilmiş arxıv çıxarışı torpaq sahəsi üzərində hüquqların qeydə alınması üçün hüquqmüəyyənedici sənəd hesab edilir. İddiaçının təqdim etdiyi xx.xx.2022-ci il tarixli, Milli Arxiv İdarəsi Azərbaycan Dövlət Arxivinin Bakı Filialı tərəfindən tərtib edilmiş və elektron imza ilə təsdiq edilmiş məktub, həmçinin bu məktuba əlavə edilmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 3/318 saylı qərardan təsdiq edilmiş arxiv çıxarışı, mötəbərliyi baxımından heç bir şübhə doğurmur. Bu səbəbdən, iddiaçının müvafiq hüquqmüəyyənedici sənədə malik olması, işin mübahisələndirilməyən halıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır, hansı ki, hazırkı halda iddiaçı həmin sənədi cavabdehə təqdim etmişdir. 5-ci hal üzrə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim olunmuş xx.xx.1991-ci il tarixli, 3/318 nömrəli sənəddə torpaq sahəsi barədə məlumatın qeyd olunmaması ilə bağlı məhkəmə bildirir ki, qərarda torpaq sahəsinin ölçüsü qeyd olunmasa belə, məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı, koordinatlar əks olunmuş sxem, ortofoto görüntüsü, sxematik xəritə və iddiaçının müraciəti ilə bağlı inzibati icraat matereallarının surəti təqdim edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktından görünür ki, Ləhiş bağ massivi 6160a – saylı bağ hüquqmüəyyənedici sənəd üzrə 0,12 ha, faktiki olaraq isə 0,15 ha təşkil edir. Göründüyü kimi, cavabdeh idarənin arxivində olan həmin sənədlərdə topaq sahəsinin ölçüsü, döngə nöqtələri, istinad və məsafələr konkret qeyd olunmuşdur. Bakı şəhər XDS İK-nın sözügedən qərarında torpaq sahəsinin ölçüsünün qeyd olunmaması, iddiaçının məsuliyyət sferasına aid olan hal deyildir. Beləliklə iddiaçının mülkiyyət hüququndan qeydə alınmasından imtina edilməsinə dair cavabdehin hərəkəti əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını və etirazının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq hüququna malik olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən sahəsi, 0,12 ha, 6160a nömrəli bağ sahəsinin İddiaçı istifadəsində olan hasara alınmış hissəsinin mülkiyyət hüququ ilə mərhum X3 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar